Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2649/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.metr torpaq sahəsindən İddiaçı ayrılmış 80 kv.metr torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sistemini təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.metr torpaq sahəsində vətəndaş X4, X1 və İddiaçı torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən ona Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.metr torpaq sahəsindən ayrılmış 80 kv.metr torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınmasına hüquqi təsdiq edən çıxarışın verilməsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün cavabdehə yazılı şəkildə poçt vasitəsilə müraciət etmişdir. Müraciətinə həmin orqanın 21 oktyabr 2020-cu il tarixli, **********48 saylı məktubu ilə yazılı şəkildə imtina edilmişdir ki, guya “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir, həmçinin elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsidir. Hesab edir ki, cavabdeh orqan tərəfindən imtinasının əsaslandırdığı hallar əsassız və qanunsuzdur, qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edildiyi halda müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın mübahisəli hərəkətsizliyi, bu barədə qəbul eldiyi qərar (inzibati akt) qanunsuz və əsassızdır. Cavabdeh həmin torpaq sahəsini onun istifadə hüququna keçirməkdən imtina edərkən yuxarıda qeyd edilən hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.metr torpaq sahəsindən ona ayrılmış 80 kv.metr torpaq sahəsi üzərində istifadə hüquqlarının qeydiyyata alınaraq, çıxarış və plan-ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********48 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində kimi təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndinə əsasən B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.metr torpaq sahəsində X5, X2 və İddiaçı ticarət obyektinin tikintisinə icazə verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21.10.2020-ci il tarixli, **********48 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 25 və 35 saylı binaların arasında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 28.08.2020-ci il tarixli ********** nömrəli ərizəsinə baxılmış və müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariyagigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndinə əsasən B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.metr torpaq sahəsində ona ticarət obyektinin tikintisinə icazə verildiyi əsası ilə həmin sahədə yerləşən 80 kv.metr torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınmasını tələb edir. Lakin iddiaçının istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində iddiaçıya 80 kv.metr torpaq sahəsinin ayrılmasın öz əksini tapmamışdır. Qeyd olunan sərəncam əsasında iddiaçıya ticarət obyektinin tikintisinə icazə verilmişdir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququnun qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar adlanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. Həmin normada əks olunan əsaslardan isə hər hansı biri ilə bağlı müvafiq sənədlər iddiaçı tərəfindən nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin Məcəllənin 50-ci maddəsinin 6-cı bəndinə əsasən torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı torpaq sahəsində istifadə hüququnun qeydə alınmasını tələb etsə də, lakin torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müvafiq müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən qanunvericiliyin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1451/2020 saylı, 29.07.2020-ci il tarixli (hakim Rahib Nəbizadə) qərarındakı hüquqi mövqeyindən də istifadə etmişdir. Beləliklə məhkəmə hesab edir ki, torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun qeydə alınması üçün əsaslar mövcud olmadığından cavabdeh tərəfindən imtina edilməsi əsaslı olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2649/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2649/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver