Məhkəmə qərarları › İş №2-1(112)-265/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-265/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-265/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil (Şahbuz rayonunda qeydiyyatdadır, ixtisası: hüquqşünas, vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 52.484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı artıq ödənilmiş 52 484.60 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyatı üzrə cavabdehlər üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fəaliyyətə başladığı tarixdən (06.05.2015) dayandırıldığı tarixədək (07.03.2019) iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənişlər edilmişdir. Bu ödənişlər nəticəsində hazırda 52,484.60 manat məbləğində artıq ödəmə yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən artıq ödəmənin hesabına qaytarılmasını xahiş etmiş və 18.06.2019cu il tarixdə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını və ona əlavələri təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 48 saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na 1 nömrəli Əlavə ilə təsdiq edilmişdir. 1 nömrəli Əlavə ilə təsdiq edilmiş ərizədə müraciət edən tərəfindən göstərilməli olan məlumatlar qeyd edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən ərizədə təqdim edilən vergi orqanının adı, vergi ödəyicisinin tam adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla), ərizəni tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, imza, tarix və möhür öz əksini tapmalıdır. Hazırkı iş üzrə iddiaçı tərəfindən ərizədə artıq ödəmənin təsnifat kodu, yaranma səbəbi, ödənilmə tarixi düzgün qeyd olunmamışdır. İddiaçıya ünvanlanmış **********282700 saylı cavab məktubunda ərizənin doldurulması zamanı onun tərəfindən hansı səhvlərə yol verildiyiaydın şəkildə bildirilmişdir. Qeyd olunanlar məhkəmələrin hesab etdiyindən fərqli olaraq formal xətalar deyil, məhz rəy verilməsinə əsas olan məlumatlar olmuşdur. İddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə vergi orqanına müraciət edilmədiyindən rəy verilməsi və ya rəy verilməsindən imtina etməsi mümkün olmamışdır. Vergi ödəyicisinin 07.03.2019cu il tarixdən fəaliyyətini dayandırılmasına baxmayaraq, 2019-cu ilin yanvar-iyul ayları üzrə VHF-larına əsasən, 31.485,83 manat (ƏDV məbləği 5656,8) dəyərində mal almış və buna baxmayaraq, ƏDV qeydiyyatına durduğu 01.01.2019-cu il tarixdən yanvar-mart ayları üzrə bəyannamələri göstəricisiz təqdim edilmiş, aprel-iyul ayları üzrə isə bəyannamələr təqdim edilməmişdir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3211/2019 saylı, 10.09.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2686/2019 saylı, 4 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 3211/2019 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 645/2020 saylı, 3 mart 2020-ci il tarixli qərardadı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2686/2019 nömrəli, 4 dekabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının apelyasiya şikayətini qismən təmin edib Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)- 5019/2020 nömrəli qərardadının ləğv edilməsi və inzibati işin təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə 9 mart 2021-ci il tarixdə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1553/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 966/2021 saylı, 9 mart 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 02.04.2022-ci il tarixli ərizə ilə müraciət edərək, iddia tələbinin “iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 52.484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üzərinə qoyulması və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair cavabdehin etirazının məzmununa uyğun məzmunda izahat edərək iddia tələbinin təmin edilməməsi barədə xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçı Şəxsi hesab vərəqəsinə əsasən o, “ixtisaslaşdırılmamış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********2 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”ndən görünür ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın qüvvəyə minmə tarixi: 01.01.2019-ci il, qeydiyyata alınma tarixi: 11.01.2019-ci il. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə 18.06.2019-cu il tarixli ərizəsindən görünür ki, həmin ərizədə Artıq ödəmənin adı: 0800-Sadələşdirilmiş vergi, Tədiyyə kodu: 114329, Artıq ödəmənin ödənilmə tarixi: 20150923, Artıq ödəmənin yaranma səbəbi: Dövlət büdcəsinə olunan artıq ödənişlər, Artıq ödəmənin məbləği (manatla): 52484.6, Artıq ödəmənin cəmi: 52484.6 kimi göstərilmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı ünvanladığı məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Vergi Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. 18.06.2019-cu il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə 52.484,6 manat vəsaitin geri qaytarılması barədə ərizədə artıq ödəmənin yaranma səbəbinin və ödənilmə tarixinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi halda artıq ödəmənin qaytarılması məsələsinə qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar hüquq münasibətlərindən irəli gələn mübahisəyə dair 2-1(102)-1668/2020 saylı iş üzrə qəbul olunmuş 05.08.2020-ci il tarixli qərarına əsasən, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 3-cü şəxs qismində Maliyyə Nazirliyi cəlb edilməklə Cəmiyyət tərəfindən artıq ödənilmiş 449,748,17 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsinı dair birinci instansiya məhkəməsinin 18.12.2019-cu il tarixli, 2-1(82)- 3454/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2020-ci il tarixli, 2-1(103)-759/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının 18.06.2019-cu il tarixədək vergilər üzrə dövlət büdcəsinə 52484.6 manat artıq ödəmə məbləği yaranmışdır, iddiaçı tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə yazılı müraciət edilmiş, lakin iddiaçının dövlət büdcəsinə artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin etirazda qeyd olunan əsaslarla vəsaitin qaytarılmasından imtina etməsi işin hallarına və qanunvericilyin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 65.9-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Tərəflərin arasında yaranmış mübahisə ilə bağlı məsələ Vergi Məcəlləsinin 87-ci maddəsi ilə, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.8-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Beləliklə, iddiaçının 18.06.2019-cu il tarixədək vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələr olduğu halda, həmin məbləğlərin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir. Halbuki, iddiaçının müraciət etdiyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 52484.6 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 6.1ci bəndinə görə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2.-ci bəndinə əsasən, vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 52.484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin tərəfindən İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 52.484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin tərəfindən İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar