Məhkəmə qərarları › İş №2-1(112)-265/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-265/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-265/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik meyarının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və əlillik meyarının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 09 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə Bakı 27 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, həmin tarixdən tibbi nəzarətə götürülmüşdür. İddiaçının əlillik vəziyyətinə Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0098003AAB6W saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K65-K67 - Periton xəstəlikləri => K66 - Peritonun digər zədələnmələri => K66.0 - Periton bitişmələri; Diaqnozun mətni: K66.0 Periton bitişmələri, Bitişmə xəstəliyi. Qarın boşluğuna nüfuz edən qəlpə yaralanmasına görə aparılmış əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma K90.8 Bağırsaqda sorulmanın digər pozğunluqları, Bağırsaqlarda sorulma funksiyasının pozulması. Ağırlaşma K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə, Bitişmə mənşəli residivləşən hissəvi bağırsaq keçməməzliyi. Yanaşı xəstəliklər K26 Onikibarmaq bağırsağın xorası. Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Xroniki qastrit. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya. Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet İİ tip; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicə müddəti yetərli deyil İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması barədə imtinasının (inzibati akt) qanunsuz hesab olunması, təkrar müayinənin keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 18 yanvar 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması barədə imtinasının (inzibati aktın) qanunsuz hesab olunması, əlillik meyarının müəyyən olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə protokol qaydasında icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Əfqanıstan Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi əməliyyatı yerinə yetirən zaman ağır yaralanmışdır. Kabul, Daşkənd, Leninqrad (Sankt-Peterburq), Kirovabad (Gəncə) hərbi hospitallarında müayinə olunmuşdur. 1985-ci ildən 1990-cı ilə kimi İİ qrup əlil olmuşdur. 1990-cı ildə məlum hadisələrlə bağlı növbəti həkim komissiyasına getməmiş və əlilliyi dayandırılmışdır. Sonralar əlilliyi ilə bağlı komissiyaya müraciət etdikdə sənədləri, yəni Gəncə hərbi hospitaldan verilmiş xəstəlik tarixindən çıxarış naməlum səbəblərdən tapılmamışdır. Həmin sənəd 11 fevral 2021-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsindən tapılmışdır. Əlilliyin təyin olunması ilə bağlı qeydiyyatda olduğu 27 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Poliklinikadan müalicə və müayinə olunmağı üçün Ə.D.Məlikov adına Birləşmiş şəhər Xəstəxanasına göndəriş verilmişdir. Həmin Xəstəxanada müalicə almış və X2 verilmişdir. Ə.D.Məlikov adına Birləşmiş şəhər Xəstəxanasına verilmiş diaqnozla Gəncə Hərbi Hospitalından verilmiş diaqnoz əsas xəstəliklə üst-üstə düşür. 1984-cü ildən bitişmə xəstəliyindən əziyyət çəkir. Hər il müayinə və müalicə olunur, lakin xəstəliyi daha da ağırlaşmışdır. Sonuncu müalicənin nəticələri aşağıdakı kimidir. 27 saylı Şəhər Poliklinikası Həkim Məsləhət Komissiyası tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərilmişdir. TSEK tərəfindən əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya əsas kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. 1984-cü ildən hal-hazıra kimi müalicə və müayinə olunur, xəstəlik daha da ağırlaşmışdır. Təqdim edilən diaqnozlar bu halı təsdiq edir. Cavabdehin imtinası qanunsuzdur, onun pensiya təminatı hüququnu pozur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0098003AAB6W saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması, müalicə müddətinin yetərli olmaması əsası ilə əlillik təyin edilməsindən imtina edilmiş və ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülmüşdür. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının müraciətinə 2 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci ildə Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnozlar obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçıya “Diaqnoz əlillik təyin etməməsi” barədə qərar verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə Xİ Sinif –həzm sisteminin xəstəlikləri => K65-K67-periton xəstəlikləri => K66-peritonun digər zədələnmələri =>K66.0-periton bitişmələri. Diaqnozun mətni: K66.0 – periton bitişmələri, bitişmə xəstəliyi, qarın boşluğuna nüfuz edən qəlpə yaralanmasına görə aparılmış əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma: K90.8-bağırsaqda sorulmanın digər pozğunluqları, bağırsaqlarda sorulma funksiyasının pozulması. Ağırlaşma: K56.5- bağırsaq bitişmələri, keçməməzlik ilə, bitişmə mənşəli residivləşən hissəvi bağırsaq keçməməzliyi. Yanaşı xəstəliklər: K26-onikibarmaq bağırsağın xorası. Yanaşı xəstəliklər: K29-qastrit və duodenit, xroniki qastrit. Yanaşı xəstəliklər: F48.0 - nevrasteniya. Yanaşı xəstəliklər: B18.2virus mənşəli xroniki C hepatiti. Yanaşı xəstəliklər: E11-İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. 2,3. Vətəndaş İddiaçı müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə bərpa müalicəsinə cəlb edilə bilər. 4,5. Qərardadda göstərilən digər suallar məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıya əlilliyin verilməsindən xx.xx.2021-ci il tarixli qərarla imtina edilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmə iddia verməklə iddia müddətinə də riayət etmişdir. Belə ki, həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim edə bilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0098003AAB6W saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K65-K67- Periton xəstəlikləri =>K66-Peritonun digər zədələnmələri => K66.0 – Periton bitişmələri qeyd edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edilərkən əlavə müalicəyə ehtiiyacının olması, müalicə müddətinin yetərli olmaması səbəb göstərilmişdir. Məhkəmə cavabdehin imtinasının əsası kimi qeyd edilən bu halı əsaslı hesab etmir. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı göstərilən xəstəliklərdən 1984-cü ildən əziyyət çəkir. Bu barədə 5.02.1985-ci il tarixli xəstəlik şəhadətnaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Təqdim edilmiş həmin sənəddən müəyyən edilir ki, 1984-cü il tarixdə iddiaçıda qeyd olunan xəstəliklər hərbi əməliyat zamanı ağır yaralanma səbəbindən yaranmışdır. Digər tərəfdən iddiaçının məhkəmə iclasında təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X3, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X5 publik hüquqi şəxsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Ə.D.Məlikov adına xəstəxanada ambulator tibbi müayinələrdə olmuş, iddiaçıda 2021-ci ildə tibbi müayinə zamanı qeyd edilən xəstəliklərin davam etdiyi müəyyən edilmişdir. Bundan başqa məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibb ekspertizasının keçirilməsi qərara alınmış, iddiaçı xx.xx.2023-cü il tarixdə Birliyin ekspertizalar şöbəsində müayinədən keçirilmiş və göndərişdə qeyd olunan diaqnozların iddiaçıda olması barədə rəy verilmişdir. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2021-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında iddiaçının əyani müayinə olunması nəticəsində məhkəməyə göndərilmiş məktubda diaqnozun əlillik təyin etməməsi barədə cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

3. Həzm sistemi orqanlarının xəstəlikləri 3.4.2. bağırsaq bitişmələri, keçməzlik ilə - K56.5 periton bitişmələri - K66.0.... Məhkəmə iddiaçının əlilliyinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə qiymətləndirilməsinə münasibətdə qeyd edir ki, həmin meyarlar qüvvəyə minən tarixdən “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Ona görə də, məhkəmə prosessual qənaət prinsipi baxımından iddiaçının əlilliyin 187 nömrəli Qərarı ilə təsdiq edilmiş meyarlara əsasən qiymət verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, iddianın təmin olunması barədə məhkəmənin qərarı qüvvəyə mindiyi təqdirdə qərarın icrası hazırkı dövrdə qüvvədə olan meyarlara əsasən müəyyən ediləcəkdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar