Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-265/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən D-96/11 saylı 0,12 hektar torpaq sahəsindən alqı- satqı yolu ilə aldığı 0.04 ha torpaq sahəsinin onun adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizələri nəzərə alınaraq protokol qaydasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, iddia olunan bağ sahəsinin nömrəsinin B-96/11 kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı alqı-satqı yolu ilə aldığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən D-96/11 saylı 0,12 hektar torpaq sahəsinidən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, sonuncu tərəfindən imtina cavabı almışdır. Cavabdeh imtina məktubunda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətinə verilməsinə dair JN-25095D nömrəli şəhadətnaməsində qeyd olunan torpaq sahəsinin yerləşməsi ilə faktiki yerləşməsi arasında ciddi uyğunsuzluğun mövcud olduğu, torpaq sahəsinin faktiki olaraq digər fiziki şəxslərə verilmiş şəhadətnamədə qeyd olunan koordinatlara uyğun gəldiyi, odur ki, qonsu torpaq sahələrinin mülkiyyətçiləri ilə faktiki vəziyyətə uyğun notariat qaydasında təqdiq edilmiş bölgü sxeminin tətbiq edilməsinin məqsədəmüvafiq olduğu qeyd olunmuşdur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən D-96/11 saylı 0,12 hektar torpaq sahəsindən alqı-satqıyolu ilə aldığı 0,04 ha torpaq sahəsini onun adına qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********21 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 25095D nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin yerləşməsi ilə faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, torpaq sahəsi faktiki olaraq digər fiziki şəxslərə verilmiş JN-25093D və JN-25094D nömrəli şəhadətnamələrdə qeyd olunan koordinatlara uyğun gəlir. Odur ki, qonşu sahələrin mülkiyyətçiləri ilə faktiki vəziyyətə uyğun notariat qaydasında təsdiq edilmiş bölgü sxemi tərtib edilməsi məqsədəuyğundur. Məlumat üçün bildirilir ki, torpaq sahəsinin 15 metr məsafəsindən 35,0 kv elektrik xətti keçir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -39 nömrəli dövlət notariat kontorunda bağlanmış 29 sentyabr 2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-239111D Kod 00301016, qeydiyyat kitabında 20789 nömrə ilə qeyd edilmiş 22 avqust 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ona məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən B-96/11 saylı, 0,12 hektar torpaq sahəsindən 0,04 hektar torpaq sahəsini İddiaçı satmışdır. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 06 oktyabr 2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-25095D, KOD-00301060 saylı şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 4 Ə2/-233 saylı alqı-satqı müqaviləsi ilə satılmış Buzovna qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət olmaqla tərtib edilmiş və 21652 nömrə ilə kitabda qeydə alınmışdır. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi mişar daş hasar daxilindədir, bir tərəf yol, iki tərəf qonşudur, sahədə 1 mərtəbəli yaşayış evi və həyət tikilisi var, 400,0 kv.metr torpaq sahəsindən şərq tərəfdən 15 metr məsafədən 35,0 kv elektrik xətti keçir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı X3 ilə aralarında notarial qaydada təsdiq edilmiş 29 sentyabr 2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 25095D, KOD-00301060 saylı şəhadətnaməyə istinad edərək ünvan ünvanda yerləşən 0,04 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması barədə çıxarışın verilməsini istəyir. İddiaçının bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.2-ci bəndinə görə (03 avqust 2022-ci il tarixə qədər olan redaksiya), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış “qeydiyyat orqanları”, 4.3-cü maddəsinin birinci cümləsinə (birinci halda) və ikinci cümləsinə əsasən göstərilən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparmış, 8.0.4-cü maddəsinə əsasən istinad edilən qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər vermiş “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat İnkişaf Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Hazırkı iş üzrə iddiaçının iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.3-cü və 8.0.5-ci maddəsində göstərilən sənədlərə uyğun gəlir. Belə ki, iddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən B-96/11 saylı torpaq sahəsinin 0,04 ha hissəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqaviləni, həmin müqavilə əsasında Dövlət Torpaq və Xəritəçəkmə tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair şəhadətnaməni və mülkiyyətinə verilmiş sahənin yerləşdiyi yerin sxemini cavabdeh qeydiyyat orqanına təqdim etmişdir. Cavabdeh tərəfindən də işin bu halı mübahisələndirilməmiş, sözügedən müqavilə və şəhadətnamənin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd olunan hüquqmüəyyənedici sənədləri mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyata alınmasından imtina edilməsi üçün əsaslı hesab etməyərək qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçıya verilmiş “Torpağın mülkiyyətə veriılməsinə dair” JN- 25095D, KOD-00301016 saylı şəhadətnamədə torpaq sahəsinin plan-ölçüsü göstərilmişdir. Hansı ki, həmin plan-ölçüdə iddiaçının istifadəsində olan sahə ilə qonşu torpaq sahələri, yəni 25094D nömrəli şəhadətnaməyə əsasən X1 və 25093D saylı şəhadətnaməyə əsasən X2 məxsus torpaq sahələri ilə sərhədlərini müəyyən etməyə imkan verən koordinatlar, gediş-gəliş yerləri, həmçinin oxlar üzrə məsafəsi qeyd olunmuşdur. O da nəzərə alınmalıdır ki, uyğunsuzluq varsa belə, bu iddiaçının məsuliyyət sferasına aid deyil və bu uyğunsuzluğun aradan qaldırılması müvafiq şərtlər daxilində cavabdeh inzibati orqanın səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. İddiaçının istifadəsində olan torpaq sahəsinin yaxınlığından 35,0 kv-lıq elektrik xəttinin keçməsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən B-96/11 saylı, 0,04 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən B-96/11 saylı, 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-265/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-265/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver