Məhkəmə qərarları › İş №2-1(112)-265/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-265/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-265/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X10 “torpaq sahəsinin planı və ölçüsü sənədinin, çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) “Torpaq sahəsinin planı və ölçüsü sənədinin, çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində faktiki istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə üçüncü şəxs X10 arasında bağlanmış 06 aprel 2007-ci il tarixli, 7832 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Sabunçu rayonunun Nardaran ərazisində 0,20 hektar torpaq sahəsi olan 443 №-li bağ sahəsi X7 istifadəsinə verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 443 saylı bağ sahəsi üzərində üçüncü şəxs X7 (bundan sonra – üçüncü şəxs) xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən torpaq sahəsinə dair AA№ 606585 № li torpaq sahəsinin plan və ölçü sənədi işlənmişdir. İddiaçı üçüncü şəxsin hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin onun inşa etdiyi fərdi yaşayış evinin ərazisi olması əsası ilə cavabdehə müraciət edərək, cavabdeh tərəfindən verilmiş AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli Çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 adına cavabdeh tərəfindən verilmiş AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, hal-hazırda faktiki istifadəsində olan 0.23 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. 2018-ci ildə tikinti işləri başa çatdırılan zaman vətəndaş X10 onun sahibliyində olan sahəyə iddia edərək boşaldılmasını tələb etmişdir. Sistematik müdaxilələri nəticəsində işlərin başa çatdırılması mümkün olmadığı üçün X10 tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda həmin mübahisə üzrə mülki iş Bakı Apellyasiya Məhkəməsində baxışdadır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1564 saylı ekspert rəyinə əsasən onun sahibliyində olan Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi sxematik xəritədə 444 və 444A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X3 və Birliyi ilə X10 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X7 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. X7 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən X3 və Birliyi ilə X10 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 0.20 ha ərazisi olan 443 saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında 444 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/35 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X3 və Birliyi ilə X10 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X7 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin yerində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr planı əsasında 444 saylı bağ sahəsi qeydiyyatdan keçmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli torpaq sahəsi 444 və 444A saylı bağların yerinə uyğundur. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən mübahisəli 0.23 ha torpaq sahəsi ilə X3 və Birliyi ilə X10 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X7 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi olan Nardaran qəsəbəsində yerləşən 443 saylı bağ sahəsinin sərhədləri üst-üstə düşmür. X7 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi mübahisəli 0.23 ha torpaq sahəsinin cənub qonşuluğunda yerləşməlidir. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, onun sahiblik və istifadəsində olan 0.23 ha torpaq sahəsi keçmiş 444 və 444A saylı bağların yerinə uyğundur, X3 və Birliyi ilə X10 arasında bağlanmış 7832 saylı xx.xx.2007-ci il tarixli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən X7 istifadəsinə verilmiş 0.20 ha torpaq sahəsi onun cənub qonşuluğunda yerləşməlidir. Beləliklə, ekspertlərin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərin rəylərindən birmənalı müəyyən olunur ki, onun sahibliyində olan torpaq sahəsi X8 verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin məhkəmə gedişində məlum olmuşdur ki, onun sahibliyində və istifadəsində olan torpaq sahəsi 443 saylı bağ sahəsi kimi göstərilərək X7 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Sözügedən ərazi boş torpaq sahəsi kimi göstərilir, halbuki həmin yerdə 2 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Belə olan halda onun və cavabdeh arasında mübahisənin məhkəmə baxışı predmeti olduqda çoxsaylı ekspert və hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə xx.xx.2021ci il tarixli məktubla təqdim olunan mövqeyə zidd olaraq X7 adına mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun həmin gün tələsik rəsmiləşdirilməsi onun hüquqlarının pozulması ilə yanaşı cavabdehə məhkəmədə aşkar üstünlük verir.. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmaması xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, bu səbəbdən İddiaçı iddia edilən torpaq sahəsinə dair subyektiv hüquqa malik deyil. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 443 saylı bağ sahəsi Bağlar Təsərüfatı İdarəsi ilə bağlanılmış xx.xx.2007-ci il tarixli, 7832 nömrəli müqavilə əsasında xx.xx.2021-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Üçüncü şəxs iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddiasında çoxsaylı qanun və qərarları sadalayaraq onlara əsaslanmağa çalışsa da, bunlarla əlaqədar məhkəməyə hələ heç bir sənəd təqdim etməmişdir. İddia ərizəsində qöstərilən, məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi qanunsuz və qərəzlidir. Çünki ekspertiza, məhkəmə işinin içərisində mövcud olan xx.xx.2021 tarixli çıxarış və texniki pasport əsasında yox, artıq hüquqi qiymətini itirmiş 2007-ci il tarixli 7832 saylı bağın istifadə müqaviləsi əsasında, onun iştirakı olmadan aparılmışdır. Hazırda Bakı Apellasiya Məhkəməsində İddiaçı ona qarşı “maneələrin aradan qaldırılması” qondarma tələbi üzrə iş aparılır. Həmin iş üzrə İddiaçı iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən rədd edilmiş və sonrakı baxışlarda Ali Məhkəmədən yenidən Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda İddiaçı həmin iş üzrə apellyasiya məhkəməsi tərəfindən keçirilən ekspertizada iştirak etməkdən müxtəlif yollarla boyun qaçırır. Ekspertləri və onun ərazisinə buraxmır, onu zəbt etməkdə davam edir. Özünün qaldırdığı işin gedişatına maneələr törədir və paralel olaraq yeni bir qondarma iddia ilə inzibati məhkəməyə müraciət edir. Nardaran bağ massivində yerləşən və 2018-ci ildən İddiaçı tərəfindən zəbt olunmuş 443 nömrəli bağ sahəsi 1967-ci ildən onların ailəsinə məxsusdur. Əvvəllər atası Tofiq Muradovun, 2007-ci ildən isə onunla bağlar təsərrüfatı idarəsi arasında bağlanmış müqaviləyə əsasən tərəflərindən istifadə olunmuşdur. Son illər bir qədər baxımsız qalmışdır. xx/xx/2021 tarixindən isə cavabdeh tərəfindən verilmiş çıxarış və texniki pasporta əsasən onun tam rnülkiyyətinə keçmişdir. İddiaçı iddiası qanunsusdur. Çünki onun heç bir qanuni mənafelərini əks etdirmir. Belə ki, cavabdeh onun bağ sahəsinə, müvafiq sənədlər əsasında çıxarış verməklə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin ona heç bir dəxli yoxdur. Çünki özünün göstərdiyi kimi bağ sahəsinə dair heç bir nə qanuni, nə də qanunsuz sənədinin olmamasına baxmayaraq, sübut elməyə çalışır ki, onun zəbt etdiyi bağ sahəsinin ona heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, İddiaçı iddiasına gəldikdə, onun belə bir iddia verməyə heç bır subyektiv hüququ da yoxdur. Məhkəməyə heç bir mülkiyyət sənəd-sübutu təqdim olunmamışdır. Bağ ərazisinin zəbt olunması isə ona bu hüququ vermir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh və üçüncü şəxs iddia tələbinə etirazlarında iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədə malik olmadığından hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə faktiki sahiblik etməklə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmçinin iddiaçının mülki mühakimə icraatında üçüncü şəxs qarşı maneələrin aradan qaldırılmasına dair iddiası da var. İşin bu halları, yəni iddiaçının həmin torpaq sahəsinə fərdi yaşayış evinin olmasını üçüncü şəxsdə mübahisələndirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir Hazırkı halda iddiaçının subyektiv hüququ, yəni üçüncü şəxsin adına olan hüquqmüəyyənedici və texniki sənədləri mübahisələndirmək hüququ faktiki olaraq sahibliyində olan daşınmaz əmlaka (bağ evinə) sahiblik hüququna dair qanundan irəli gəlir. Belə ki, işin hallarına əsasən iddiaçının faktiki sahibliyində olan bağ evinin yerləşdiyi torpaq sahəsinə dair sənədlərin mötəbərliliyi mübahisələndirmək hüququ varıdr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. ... Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İddiaçının subyeltiv hüququ həmçinin Mülki Məcəllənin 141.1, 141.2 və 141.3-cü maddələrinin tələblərindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Sadalan normalardan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı sahibliyin müdafəsi ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141 . Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydaları:

1. Dövlət reyestrinin aparılmasının anlayışı Dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. ...

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

43. Dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklərin və düzəlişlərin daxil edilməsi 43.1. Dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. 43.2. Dəyişikliyin və ya düzəlişin aid olduğu məlumatın əks etdirildiyi vərəqdə "Xüsusi qeydlər" qrafasına dəyişikliyin və ya düzəlişin edilməsi barədə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulur. Ştampda dəyişikliyin və ya düzəlişin edilmə tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilir və imzası qoyulur. Bu qayda yeni dəyişiklik və ya düzəliş edilməsi hallarına da şamil olunur.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi İşin faktiki hallarına əsasən iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardara bağ massivində faktiki istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Üçüncü şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 443 saylı bağ sahəsi üzərində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İdddiaçı iddia edir ki, üçüncü şəxsin hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin onun inşa etdiyi bağ evinin ərazisidir və üçüncü şəxsin sənədləri qanunvericliyin tələblərinə zidd verilmişdir. İddiaçı bu əsasla üçüncü şəxs L.Muradovanın adına olan AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli Çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi tələbini irəli sürür. Cavabdeh və üçüncü şəxs “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli Çıxarışın qanunvericiliyə uyğun tərtib edildiyini və iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi olmadığını bildirərək iddiaya etiraz edirlər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdırr. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdm edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 443 və 444 saylı bağ sahələrinin naturada, koordinatları və sərhədləri plan və ölçüdə göstərilən koordinatlara uyğun gəlir. 443 saylı bağ sahəsi sənəd üzrə 0,20 ha olsa da, faktiki olaraq 0,23 ha təşkil edir. 444 saylı bağ sahəsi sənəd üzrə və faktiki olaraq 0.16441 ha təşkil edir. İddiaçının istifadəsində olan (iddia etdiyi) bağ sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 444 saylı bağ sahəsinin yerinə uyğun gəlir. Lakin 444 saylı bağ sahəsi iddia edilən bağ sahəsinin yerinə uyğun sahədə dövlət reyestrində qeydiyyata alınıb (özəlləşib). X9 adına qeydiyyatdan keçmiş 443 saylı bağ sahəsi, 444 və 446a saylı bağ sahələri ilə həmsərhəddir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 443 və 444 saylı bağ sahələrinin mövcud qeydiyyata alınma vəziyyətindən fərqlidir (444 saylı bağ 443 saylı bağın yerinə uyğun gələn yerdə qeydiyyatdan keçib və ya əksinə). Göründüyü kimi, üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alındığı 443 saylı bağ sahəsi bağların sxematik xəritəsinə əsasən bağların yerləşməsindən fərqli vəziyyətə (444 saylı bağ 443 saylı bağın yerinə uyğun gələn yerdə qeydiyyatdan keçib və ya əksinə) qeydə alınmışdır. Cavabeh tərəfindən təqdim edilmiş bağların sxematik xəritəsinə visual olaraq baxılarkən də, üçüncü şəxsin mülkiyyət hüqququnun qeydə alındığı torpaq sahəsinin sxematik xəritəyə əsasən bağların yerləşməsinə uyğun olmadığı, başqa bağın yerində qeydə alındığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, üçüncü şəxs Lalə Muradovaya verilmiş AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Üçüncü şəxs, hüquqmüəyyənedici sənədə sahib olsa da, həmin sənəd əsasında torpağın yerləşməsinə uyğun şəkildə hüquqları qeydə alına bilər. Lakin cavabdeh tərəfindən təqdim edilən rəydən görünür ki, üçüncü şəxs adına qeydə alınmış bağ sahəsi, bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olmayan yerdə, başqa bağın ərazisində qeydə alınmışdır. Məhkəmə cavabdehin etiraz ərizəsində qeyd etdiyi reyestrin həqiqliyi və tamamlığı prezumpsiyası ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Normadan göründüyü kimi, reyestrin həqiqliyi və tamamlığı prezumpsiyası o halda qüvvədə olur ki, həmin qeydin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin. Həmçinin həmin norma əqd əsasında özgəninkiləşdirilən halda əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla reyestrin həqiqi olmasını tənzimləyir. Hazırkı halda isə, üçüncü şəxs həmin daşınmaz əmlakı hər hansı şəxsdən alqı-satqı əsasında almamış, bağ sahəsi ilkin olaraq üçüncü şəxsin adına qeydə alınmışdır. Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Sadalan normalardan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər, həmçinin daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, üçüncü şəxs X4 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X11 kitabında aparılmış xx.xx.2013-cü il tarixli 35305 nömrəli A №466757 seriyalı qeydiyyat qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. X7 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AAN 606585 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə əsas olmuş qeyd ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar