Məhkəmə qərarları › İş №2-1(112)-2650/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2650/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2650/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ömürlük ikinci dərəcəli əlilliyin səbəbinin peşə xəstəliyi olduğunun qeyd edilməsi” tələbinə dair inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 25 sentyabr 2019-cu il tarixdə verilmiş “Ümumi səbəbdən ömürlük ikinci dərəcəli əlillik” bildirişində əlilliyin səbəbini “Peşə xəstəliyi” olduğu təyin etməyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı RMX-da 05.05.1986-cı il tarixdə 91 saylı əmrlə 1.0 ştat vahidi rentgenoloq vəzifəsinə təyin olunmuş və 01.08.2012-ci ilə kimi həmin vəzifədə rentgenoloq vəzifəsində işləmişdir. Əmək Məcəlləsində edilmiş əlavə və dəyişikliyə əsasən büdcədən maliyyələşən müəssisələrdə çalışmanının yaş həddi 65 yaş müəyyən edilmiş, bununla əlaqədar olaraq işdə olan ehtiyac və kadr çatışmazlığını nəzərə alıb Yardımlı rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi 01.08.2012-ci il tarixdən 55 saylı əmrin 2-ci paraqrafına əsasən onunla rentgenoloq kimi bağlanmış əmək müqaviləsi 01.08.2012-ci il tarixdən 01.08.2013-cü tarixə kimi uzadılmışdır. 01.08.2013-cü il tarixli 15 saylı əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 11 dekabr 1998-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən ona 25.09.2019-cu il tarixdə ümumi xəstəlik üzrə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. O, insan orqanizminə zərərli olan rentgenoloq vəzifəsində işlədiyi üçün xəstəliyə düşmüşdür. Onu düzgün yönləndirməmişlər və ona ümumi xəstəliklə əlillik qrupu verilməklə pensiyaya çıxmışdır. Ona verilən bütün klinik diaqnozlarda əsas xəstəliyin mənşəyi peşə xəstəliyindən ağırlaşdırıcı dərəcədə əziyyət çəkdiyi qeyd edilmişdir. Klinik diaqnoz:Ağırlaşmış katarakta (H26.2), görmə sinirinin hissəvi antrofiyası, makulodistrofiya, postradiasion toksiki ensefalopatiya (G93.4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Axundov adına ETTPİ-nin peşə xəstəlikləri Klinikasının 10.10.2020-ci il tarixli xəstəlik tarixçəsindən çıxarışa əsasən əsas xəstəliyin mənşəyi peşə mənşəli olması barədə rəy verilmiş, 4 nömrəli əlavə tibbi sənəd 388/Y №-li bildiriş yazılıb YRMX-na göndərilmiş və dispenser müşahidəsində saxlanılması tövsiyə olunmuşdur. Yardımlı rayon MX-sı Məsləhət Komissiyası Tibbi Sosial Ekspert Komissiyasına peşə xəstəliyi ilə əlaqədar 088 forma göndəriş ünvanlanmış, lakin imtina verilmişdir. İmtinanın səbəbi kimi onun xəstəliyi qiymətləndirilməmiş, adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmamasını əsas götürmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 02.04.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iş üzrə cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası”-nın əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2650/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” ilə əvəz edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçının adı Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin ünvanı Bakı şəhərində yerləşdiyindən iddiaçı haqlı olaraq Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X.Abıyev adına Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xroniki peşə xəstəliyi (zəhərlənməsi) haqda Bildirişinin surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əsas diaqnozu ağırlaşmış katarakta (H26.2), görmə sinirinin hissəvi atrofiyası, makulodistrofiya, postradiasion toksiki ensefalopatiya; xəstəlik törədən zərərli istehsalat amili- rentgen şüaları; sonuncu diaqnozun qoyulma tarixi avqust 2020, diaqnoz qoyan müəssisənin adı V.V.Axundov adına ETTRİ Peşə xəstəlikləri klinikası olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Axundov adına ETTPİnin Peşə xəstəlikləri klinikasının 10/2020 saylı xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əsas xəstəliyi peşə mənşəlli olması qeyd edilmişdir. İş materialında olan Yardımlı rayon Mərkəzi Xəstəxanasının 23.09.2020-ci il tarixdə rəsmiləşdirilmiş 0266003AAKDW saylı göndərişinin surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əsas diaqnozu baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri Postradiasion toksiki ensefalopatiya. Sağ beynin yarımkürələrdə keçirilmiş işemik tormbovaskulitin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sol uzaqlaşdırıcı sinir zədəsi ilə olduğu, TSEK-ə göndərilməsi üçün əsas peşə xəstəliyi qeyd edilmişdir. İş materialında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında 0266003AAKDW saylı forma 88 göndərişi “Peşə xəstəliyi” səbəbi ilə gəldiyi, lakin şəxsin adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu (25.09.2019-cu il tarixli) müayinəyə dair məlumatın verilməsinin surətindən görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı diaqnozu beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, sağ orta beyin arteriya hövzəsində keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri. Sol tərəfli hemiparez. Androgenlərin artıqlığı, cinsiyyət orqanlarında hiperaktivlik, tez-tez narahat olması, ÜİX. Ateroskler kardioskleroz Sinus taxikardiyası. Psixotik simptomlarsız müşahidə olunan maniya, prostat vəzinin adenoması arxa qütbün və ləkənin degenerasiyası, makulodistrofiya xroniki pnevmoniya, maniakol epizod, xroniki sistit, Hər iki ayağın altında epidermik qalınlaşma, beyin damarlarının aterosklerozu. Dissirkulyator ensefalopatiya İİİ dərəcə. Yerimənin ataktik tipli pozulması. Görmə sinirinin hissəvi atrofiyası. Sidik kisəsinin papilloması. Tur cərrahi əməliyyatdan sonrakı vəziyyət (törəmə xarakteri:xoşxassəli) ağırlaşmış katarakta. OU-başlanğıc katarakta, əlillik səbəbi ümumi xəstəlik qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.1945-ci il təvəllüdlü İddiaçı 25.09.2019-cu il tarixli № xxxxxxx0006 saylı müayinəsi barədə məlumatın surətindən görünür ki, xəstəliyin səbəbi ümumi xəstəlik, əlillik dərəcəsinin ikinci qrup olması, əmək zəmanətinin yüngül oturaq işlərdə işləyə bilməsi qeyd edilmişdir. İş materialında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli № 563/1 saylı arayışınnan görünür ki, həqiqətən Şabiyev X6 RMXda 1.0 ştat vahidi 05.05.1986-cı il tarixdən rentgenoloq vəzifəsinə təyin olunmuşdur. (Əmr № 91 &5 05.05.1986). Azərbaycan Respublikasının Əmək məcəlləsində edilmiş əlavə və dəyişiklikliyə əsasən büdcədən mailiyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilmiş bununla əlaqədar olaraq işdə olan ehtiyac və kadr çatışmazlığını nəzərə alıb Yardımlı RMX-nın rəhbərliyi 01.08.2012-ci il tarixdən 55 saylı Əmrin 2-ci paraqrafına əsasən onunla rentgenoloq (Ş.D.həkimi) kimi bağlanmış əmək müqaviləsi 01.08.2012-ci il tarixdən 01.08.2013-cü il tarixədək daha bir il müddətinə kimi uzadılmışdır. 01.08.2013-cü il tarixdən 15 saylı əmrə əsasən son haq-hesabı ödənilməklə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli № 563/1 saylı arayışından görünür ki, Şabiyev X6 RMX-da 1.0 ştat vahidi 05.05.1986-cı il tarixdən rentgeoloq vəzifəsinə təyin edilmiş, 01.08.2013-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materialında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yardımlı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli № 563/2 saylı arayışınnan görünür ki, Yardımlı RMXS-nın sabik rentgenoloqu həkim Şabiyev X6 RMX-nın göndərişi və Yardımlı SES-in rəyinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Axundov adına ETTPİ-nin peşə xəstəliklərinin klinikasının 10.10.2020-ci il tarixli xəstəlik tarixçəsindən çıxarışa əsasən əsas xəstəliyin mənşəyi peşə mənşəli olması barədə rəy verilmişdir. 4 №-li əlavə tibbi sənəd № 388/Y nömrəli bildiriş yazılıb RMX-na göndərilibmiş və dispanser müşahidəsində saxlanması tövsiyə olunmuşdur. Kliniki diaqnoz: Ağırlaşmış katarakta (H26.2) görmə sinirinin hissəvi atrofiyası, makulodistrofiya, postradiasion toksiki ensefalopatiya (G93.4). Yardımlı RMX-nın Məsləhət Komissiyası Tibbi Sosial Ekspert Komissiyasının peşə ilə əlaqədar üçüncü dəfə 088 ünvanlanmışdır və imtina olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yardımlı Mərkəzi rayon Xəstəxanası tərəfindən İddiaçı ünvanlanmış 28.02.2018-ci il tarixli məktubundan görünür ki, 02.01.1964-cü il tarixdən Yardımlı rayonu Bozayran kənd feldşer-mama məntəqəsində müdir vəzifəsinə təyin edilmiş (Əmr N1,02.01.1964), N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutuna qəbul olunduğu üçün oxumağa getdiyinə görə 31,08.1966-cı il tarixdən vəzifəsindən azad edilmiş (Əmr N51,30.08.1966), 14.01,1967-ci ii tarixdə Şəhər Klinik Xəstəxanasında tibb qardaşı vəzifəsinə təyin edilmiş (Əmr N12,14.01.1967),23.10.1972-ci il tarixdən öz arzusu ilə işdən azad edilmiş (Əmr N243,23.10.1972),16.03.1973-cü il tarixdə Yardımlı rayonu Porsova kənd sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilmiş (Əmr N15,16.03.1973),01.09.1981-ci il tarixdən Yardımlı MRX-na sahə həkimi vəzifəsinə keçirilmiş (ƏmrN58,31.08.1981), 20.04.1983-cü il tarixdən Yolocaq KSX-na həkim-terapevt vəzifəsinə keçirilmiş (Əmr N18,20.04.1983),06.05.1986-cı il tarixdən Yardımlı MRX-da rentgenoloq və əvəzçilik üzrə 0.5 aklad həkim terapevt vəzifəsinə təyin edilmiş (Əmr N91,05.05.1986), 16.05.1990-cı il tarixdən terapiya şöbəsində terapevt-ordinator vəzifəsinə keçirilmiş və əvəzçilik üzrə 0.5 aklad rentgenoloq vəzifəsində saxlanılmış (Əmr N24,15.05.1990), 01.11,1992-ci il tarixdən rentgenoloq vəzifəsinə keçirilmiş və əvəzçilik üzrə 0.5 aklad terapevt vəzifəsində saxlanılmış (Əmr N64,02.11.1992) və 01.08.2013-cü il tarixdən Azərbaycan Respublikası Ə/M-nin 70-ci maddəsinin “C” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 11.12.1998-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtiərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin dövrdə tək mütəxəssis olduğu və işdə olan zəruri ehtiyacla ələqədar əmək fəaliyyətini 01.08.2013-cü ilədək terapevt işləməklə yanaşı rentgen şöbəsində davam etdirmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yardımlı Mərkəzi rayon Xəstəxanası tərəfindən verilmiş 31.01.2020-ci il tarixli № 54 saylı arayışdan görünür ki, sabiq rentgenoloq İddiaçı həqiqətəndə Yardımlı MRX-da iki ixtisas üzrə işləmişdir- Həkim terapevt və həkim rentgenoloq. 11.12.1998-ci il tarixdən 1 nömrəli siyahı üzrə yaşla bağlı güzəştli şərtlərlə əmək pensiyasına çıxdıqdan sonra da işdə olan ehtiyacyəni tək mütəxəssis və onu əvəz edən kadr olmadığı üçün 01.11.1992-ci il tarixdən həkimrentgenoloq vəzifəsinə keçirilmiş və əvəzçilik üzrə 0,5 aklad həkim terpevt vəzifəsində saxlanılmışdır. 30.12.2009-cu il tarixdə əvəzçilik üzrə həkim-terapevt vəzifəsində işləməsi dayandırılmış, 15.09.2010-cu il tarixdə “Şüa-diaqnostikası üzrə 2 aylıq kursa göndərilmiş və sonra da 01.08.2013-cü il tarixədək Yardımlı MRX-da rentgnoloq vəzifəsində işləmiş və həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə” əmək müqaviləsinə xitam verilmişdir. 06.05.1986-cı il tarixdən 01.08.2013-cü il tarixədək fasiləsiz olaraq rentgen kabinetdə həkim rentgenoloq vəzifəsində işləmişdir. İş materialında olan Yardımlı rayon Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən verilmiş 31.01.2020-ci il tarixli Sanitar gigiyenik rəydən görünür ki, İddiaçı 1986-cı ildən 27 il ərzində Yardımlı MRX-da rentgenoloq işləmiş, işlədiyi dövr ərzində RUM-20 rentgen və RUM-20 skapiya aparatları ilə işləyərək 60 min rayon əhalisinə, o cümlədən çağrışlara, oblikat qruplara xidmət göstərmişdir. Həkim rentgen şüaları ilə təmasda olmuş, işlədiyi dövrün bir hissəsini uyğunlaşdırılmış binada qeyri nisbətən şəraitdə olmuşdur. Sanitar gigiyenik tələblərə cavab verməmişdir. İş materialında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının Bozayran inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 459 nömrəli 22.10.2020-ci il tarixli arayışdan görünür ki, Bozayran kənd sakini İddiaçı ərazisində qeydiyyatda olmaqla halhazırda heç bir yerdə fəhlə və qulluqçu kimi işləmir. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 14 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı 27.10.2020-ci il tarixli № **********4 arayışdan görünür ki, Yardımlı rayonu Bozayran kəndində qeydiyyatda olan İddiaçı əmək müqaviləsi bildirişləri elektron informasiya sistemindən əldə olunan məlumatlara əsasən hal-hazırda heç bir yerdə işləmir. İş materialında olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış 23.10.2020-ci il tarixli 0266003AAKDW nömrəli Göndərişin surətindən görünür ki, xx.xx.1945-ci il tarixdə doğulmuş İddiaçı peşə xəstəliyi əsas ilə əlillik təyin edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. İş materialında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” ilə bağlı elektron sənədin surətindən görünür ki, İddiaçı peşə xəstəliyi ilə bağlı əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina səbəbləri: Göndəriş “Peşə xəstəliyi” səbəbi ilə gəlib, lakin bu şəxsin adı Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud deyildir. İş materialında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunmuş rəyin surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ömürlük ikinci dərəcəli əlilliyin səbinin peşə xəstəliyi olduğunun qeyd edilməsi” tələbinə dair 2-1(112)- 2650/2021 saylı inzibati iş məhkəmənin icraatındadır. Göstərilən işin obyektiv araşdırılması məqsədilə, zərurət yarandığından xx.xx.1945-ci il təvəllüdlü İddiaçı Peşə xəstəlikləri klinikasında qeydiyyatdan keçib-keçməməsi baradə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı 21 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu ünvanlanmış, lakin cavablandırılmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 01 sentyabr 2021-ci il tarixli 2-(112)- 2650/2O21 saylı sorğunu isə baxılması üçün 15.09.2021-ci il tarixli 02/19-4166 saylı məktubla Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə xx.xx.1945-ci il təvəllüdlü İddiaçı Peşə xəstəlikləri klinikasında qeydiyyatdan keçibkeçməməsi barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı məktubu 22.09.2021-ci il tarixdə V.Y.Axundov adına ET X1 direktoru professor Adil Allahverdiyevə ünvanlanmışdır. Xəstə, İddiaçı, ilk dəfə 01.11.2018-ci ildə institutun Peşə xəstəlikləri klinikasına müraciət etmişdir, lakin təqdim edilən sənədlərdə qeydlər peşə xəstəliklərinin təsdiqi üçün tam əsas vermədiyindən sənədlərin yenidən hazırlanması tövsiyə edilmişdir. Xəstə yenidən 31.01.2020-ci ildə klinikaya müraciət etmişdir. İddiaçı əmək kitabçasında həkim-rentgenoloq vəzifəsində çalışdığı qeyd olunmadına görə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişdir. Sorğuya 10 saylı region üzrə Dövlət Əmək lüfəttişliyi 12.03.2020-ci il tarixli **********7(26-Ş) saylı məktubla cavab bildirmişdir. Bundan sonrakı dövrdə xəstənin sənədləri yenidən araşdırılmış, pandemiya dövrü ilə əlaqədar olaraq müayinələrin stasionar aparılması və ixtisaslı mütəxəssislərdən rəylərin yenidən toplanması çətinlik törətmişdir. Məhz buna görə ambulator olaraq, xəstə tərəfindən təqdim edilən sənədlər (təqdim edilən sənədlərin dürüstlüyünün yoxlanılması onların səlahiyyətlərinə daxil deyil) və bu sahədəki müvafiq qanunvericiliyə istinad edərək rəy verilmiş və məlumatların reyestrə elektron qaydada daxil edilməsi məqsədilə isə 29 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya şöbəsi tərəflərindən ünvanlanmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı 25.09.2019-cu il tarixdə səbəbi “ümumi xəstəlik” qeyd edilməklə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı əlillik səbəbinin dəyişdirilərək “peşə xəstəliyi” qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmadığı əsası ilə iddiaçının tələbindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2650/2021 nömrəli 21.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 tərəfindən təqdim olunmuş T 175/2021 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, vətəndaş İddiaçı V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri klinikasında 17.03- 02.08.2020-ci il tarixlərdə “ağırlaşmış katarakta H26.2; görmə sinirinin hissəvi atrofiyası, makulodistrofiya, radiasion toksiki ensefalopatiya G93.8, Yanaşı: İ25 ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, sinus taxikardiyası, E28.1 androgenlərin artıqlığı, cinsiyyət orqanlarında hiperaktivlik, tez-tez narahat olma, C67.9. sidik kisəsinin dəqiqləşdirilməmiş yeni törəməsi, papilloma (cərrahi əməliyyatdan sonrakı vəziyyət, 2dd009-cu il), Z01.1. hər iki qulaqda neyrosensor tip orta dərəcəli zəif eşitmə, L85.3; F31.1. bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən B.S.Şabıyevin adına doldurulmuş 23.09.2020-ci il tarixli, 0266003AAKDW saylı göndərişlə göndərilmiş 88 saylı arayışda göstərilən diaqnoz və onun ağırlaşmaların şəxsin V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri klinikasında müayinə və müalicədə olarkən olmuş şikayətləri, aparılmış laborator funksional diaqnostik müayinələrin nəticələri əsasında qoyulmuş və həmin xəstəliklərin peşə mənşəli olması müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərə əsasən onda olan həmin xəstəliklər 02.04.2009-cu il tarixdən başlamışdır və peşə xəstəliyi olduğundan rentgenoloq vəzifəsində işlədiyi dövrdə şəraitlə bağlı yarana bilməsi də inkar olunmur. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı əlil olmasına səbəb olan xəstəlik peşə mənşəli olmuş və həmin xəstəlik onda rentgenoloq vəzifəsində işlədiyi dövrdə 02.04.2009-cu il tarixdən başlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əlilliyinin səbəbinin “ümumi xəstəlik”-dən “peşə xəstəliyi”nə dəyişdirilərək qeyd edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü İddiaçı əlilliyinin səbəbinin “ümumi xəstəlik”-dən “peşə xəstəliyi”nə dəyişdirilərək qeyd edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar