Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2650/2022 10.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – İddiaçılar) ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onların Bakı şəhəri, Sabunçu Rayonu, Zabrat-2, Aşıq Ələsgər küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş etmişlər.
2. Cavabdeh 03.09.2021-ci il tarixdə 073-32010M saylı məktubla yaşayış sahəsinə köçməyə əsas verən sənədlərdən hər hansı biri təqdim edilmədiyindən ərizəni təmin etməkdən imtina etmiş, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. Bundan sonra İddiaçılar 22.09.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. II. Tərəflərin əsaslandırması
4. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 mülkiyyətindədir. Həmin yaşayış evində 2020-ci il tarixdən bəri ailə üzvləri (İddiaçı2) ilə birlikdə yaşayır. İddiaçılar daha əvvəl qeydiyyatda olduqları ünvan 3 ünvanından Sabunçu Rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında qeydiyyatdan çıxarılmışlar. Həmin qətnamə onlara çatdırılmadığından qətnaməni hazırki iddia ərizəsinə əlavə etmək mümkün olmamışdır. İddiaçılar hazırda heç bir ünvanda qeydiyyatda deyillər. ünvan 5 ünvanına onların qeydiyyata alınması üçün Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər. Sabunçu Rayon Polis İdarəsi 03.09.2021-ci il tarixli, 073-32010M nömrəli imtina məktubu ilə onları həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin onların faktiki istifadə və mülkiyyətində olmasını təsdiq edən kifayət qədər sübut vardır. Belə ki, Zabrat Bələdiyyəsi tərəfindən təqdim olunmuş İddiaçı1 vergi ödəyicisi kimi uçota alınması haqqında Şəhadətnamədə iddiaçının adına olan yaşayış evinin sahəsi, ünvanı, koordinatları, habelə həmin evin xəritədəki yeri və digər məlumatlar qeyd olunmuşdur. Həmçinin hazırda yaşadıqları yaşayış evinə dair kommunal xətlər (qaz, işıq) iddiaçının adınadır. Bu faktı təsdiq edən qaz və elektrik enerjisinin alqı-satqısı müqavilələrinin surətləri iddia ərizəsinə əlavə olunmuşdur. İddiaçı sözügedən yaşayış evi barədə bələdiyyə vergilərini, həmçinin qaz, işıq, su kimi kommunal ödənişləri vaxtı-vaxtında ödəyir. Hazırda heç bir ünvanda qeydiyyatda olmamaq onlar üçün bir sıra problemlər yaradır.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
7. Cavabdeh 23.11.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. III. Tərəflərin mövqeyi
8. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
9. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
10. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş etsələr də, qeydə alınmalarını tələb etdikləri həmin evə dair mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi, həmçinin onlara yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
12. İddiaçılar iş materiallarına yalnız Zabrat Bələdiyyəsi tərəfindən təqdim olunmuş “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” 3194 qeydiyyat nömrəli şəhadətnamənin surətini, enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında 240943 nömrəli, 03.11.2020-ci il tarixli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin surətini, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında AKX- 0253874/11-2020 №-li, 03.11.2020-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin surətini təqdim etmişdir ki, həmin sənədlər Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərə aid edilə bilməz.
13. Çünki istinad olunan sənədlər iddiaçıların istifadə etdiyi təbii sərvətlərin dəyərinin ödənilməsi ilə bağlıdır və onların qeydiyyata alınmasını tələb etdikləri yaşayış sahəsinə dair hüquqlarının mövcud olmasını təsdiq etmir.
14. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıların qeydiyyata alınmalarını tələb etdikləri evin ünvanı belə mövcud deyil, onlar Bakı şəhəri, Sabunçu Rayonu, Zabrat-2, Aşıq Ələsgər küçəsinə qeydiyyata alınmalarını xahiş edirlər. Halbuki şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması onun yaşadığı yaşayış sahəsi üzrə qeydiyyatı ifadə edir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Salahova