Məhkəmə qərarları › İş №2-1(112)-2653/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2653/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2653/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı Qaraçuxur Bələdiyyəsi və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Abşeron rayonu Mehdiabad bələdiyyəsinin 15 oktyabr 2012-ci il tarixli, 05 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Mehdabad qəsəbəsində yerləşən Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin 15 oktyabr 2012-ci il tarixli, 05 saylı qərarı ilə ona fərdi yaşayış evi tikintisi üçün 0,03 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün hər iki cavabdehə müraciət etmiş, lakin cavabdehlər müraciətlərinə hər hansı cavab verməmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2-1(85)- 1600/2014 saylı qərardadı ilə iddia qismən mümkün sayılmış, iddia Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə aid hissədə qeyri-mümkün hesab olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2-1(85)- 1600/2014 saylı qərarı ilə iddia təmin edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin 06 fevral 2008-ci il tarixli, 12 saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestridə qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qaraçuxur Bələdiyyəsi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-1600/2014 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1600/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-24/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2236/19 saylı qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-24/2019 saylı qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 25 fevral 2020-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı və üçüncü şəxs X1 nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi Qaraçuxur bələdiyyəsinin 12 saylı, xx.xx.2008-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına sənədləşdirilmişdir. Həmin qərarda bələdiyyənin hesabına torpaq sahəsinin dəyəri olan 1280 manat bələdiyyənin büdcəsinə ödənilməsi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən rəsmi sənəd (çıxarış) alaraq mülkiyyət hüququnun rəsmiləşdirilməsi xüsusi olaraq qeyd edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatında da həmin torpaq sahəsinin Qaraçuxur bələdiyyəsinə məxsus torpaq sahəsinə aid olması təsdiq edilmişdir. Bələdiyyə qərarının arxivdə saxlanılmaması həmin qərarın mövcud olmaması kimi qiymətləndirilə bilməz. Bu halı təsdiq və ya təkzib etmək iddiaçının yox həmin qərarı qəbul edən qurumun vəzifəsidir. Halbuki, İddiaçı adına verilmiş həmin qərarın qanuniliyi bu günə kimi Qaraçuxur bələdiyyəsi tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə hal-hazırda həmin torpaq sahəsi X1 mülkiyyətindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçının üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilməmişdir. Mübahisəli torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə Qaraçuxur bələdiyyəsinin 12 saylı, xx.xx.2008-ci il tarixli qərarı həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün əsas hesab olunmur. Bələdiyyə torpaqları yalnız alqı-satqı müqaviləsi əsasında vətəndaşların mülkiyyətinə verilə bilər. Belə bir sənədin mövcudluğu isə hazırki iş üzrə müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Qaraçuxur Bələdiyyəsinin nümayəndəsi X12 verdiyi izahatında bildirdi ki, Qaraçuxur Bələdiyyəsi tərəfindən İddiaçı adına 06 fevral 2008-ci il tarixli, 12 saylı qərar verilməmişdir. 2008-ci ildə Qaraçuxur bələdiyyəsinin verdiyi 1 nömrəli sərəncam 07 mart 2008-ci ildə verilmiş, həmin ilin 12 nömrəli sərəncamı isə 11 aprel 2008-ci il tarixdə “ünvan 1 ünvanında yaşayan vətəndaş X3 istifadə etdiyi rəsmi torpaq sahəsinə əlavə torpaq sahəsinin ayrılması haqqında” olmuşdur. İddiaçı ilə bələdiyyə arasında hər hansı torpağın alqı-satqısı barədə müqavilə bağlanılmamış, iddiaçı tərəfindən təqdim edilmiş qərarda göstərilən torpaq sahəsinin dəyərinin bələdiyyə büdcəsinə ödənilməsini təsdiq edən bir sübut yoxdur. İddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla abadlaşdırılmış, dekorativ ağaclar və kollar əkilmiş yaşıllıq ərazisidir. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin 12 saylı, xx.xx.2008-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində (ayrıc aktında göstərilən yerdə) istifadə etdiyi 400 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli, **********62 saylı cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 400 kv.metr olan torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsinə dair **********3 saylı, xx.xx.2014-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlərə baxılmış, aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 25255 saylı ekspert rəyindən görünür ki, İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 400 kv.metr torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli sərəncamı ilə Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinə ayrılmış ərazinin hüdudları daxilinə düşür, Qaraçuxur Bələdiyyəsinə məxsus torpaq sahəsinə aiddir. Məhkəmə tərəfindən 2008-ci il üzrə Qaraçuxur Bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabı, həmin qərarların əlavələri ilə birlikdə olan qovluq nəzərdən keçirilmiş, həmin sənədlərdə mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması barədə Qaraçuxur Bələdiyyəsinin 12 saylı, xx.xx.2008-ci il tarixli qərarı aşkar edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bayramov X7 Bələdiyyəsinin 12 saylı, xx.xx.2008-ci il tarixli qərarı əsasında ona Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində ayrılmış 400 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini əsas gətirərək ərizənin təmin edilməsindən imtina etmişdir. Qaraçuxur Bələdiyyəsi isə 12 saylı, xx.xx.2008-ci il tarixli qərarın mövcud olmadığını, iddiaçıya hər hansı torpaq sahəsinin ayrılmadığını, bununla bağlı iddiaçı ilə aralarında hər hansı alqı-satqı müqaviləsinin bağlanmadığını, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin dəyərinin bələdiyyə büdcəsinə ödənilmədiyini bildirmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə görə torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən bələdiyyə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxarkən torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə müraciətdə göstərilənlərə, eləcə də ərazinin yerquruluşutəsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 28 mart 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında isə qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli torpaq üzərində mülkiyyət hüququ yaranmamış, həmin torpaq sahəsinin ona ayrılması barədə təqdim etdiyi Qaraçuxur bələdiyyəsinin 12 saylı, xx.xx.2008-ci il tarixli qərarı isə 2008-ci il üzrə Qaraçuxur bələdiyyəsi tərəfindən verilən qərarların qeydiyyat kitabında və həmin qərarların əlavələri ilə birlikdə olan qovluqda aşkar edilmədiyindən həmin qərarın qanuni və əsaslı olması məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan əlavə mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsinin (aktının) bağlanmaması (bununla bağlı hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir) da həmin qərarın heç bir əsasının olmamasını təsdiq edir. “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur . «Mahmudov Rusiyaya qarşı iş üzrə» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında isə məhkəmə qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq affırmamti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar