Məhkəmə qərarları › İş №2-1(112)-2653/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2653/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2653/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinə qarşı “pensiya məbləğinin düzgün təyin olunması və kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aylıq pensiyasının 375 manat məbləğində təyin edilməsi, 1992-ci il sentyabrın 1-dən indiyə kimi pensiyasının ödənilməmiş hissəsinin (375 - 200) x 324 ay = 56.650 (əlli altı min altı yüz əlli) manatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qarşısında aylıq pensiyasının məbləğinin 400 manat müəyyənləşdirilməsi və ödənilməmiş pensiyasının yarısının 20000 (iyirmi min) manatın kompensasiya şəklində ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 406 sovet rublu olan onun orta aylıq əmək haqqı 170 sovet rublu olan Respublika üzrə orta aylıq əmək haqqından 2,4 dəfə çox olduğundan ona 1991-ci ilin may ayından 2-ci qrup əmək əlilliyinə görə Respublika üzrə maksimum səviyyədə 120 sovet rublu məbləğində əmək pensiyası təyin olunmuşdur. Sovet rublu rus rublu deyil, ayr-ayrı dövlətlərin pullarıdır, valyuta məzənnnələri müxtəlifdir. 1 sovet rublu 1 ABŞ dollarına, eyni zamanda 1,7 yeni Azərbaycan manatına bərabər olmuşdur. 2010-cu ilə qədər bütün pensiyalar orta aylıq əmək haqqına görə hesablanmışdır. İnflasiyaya görə artımları nəzərə almadan belə 1993cü ilin yanvarından 2010-cu ilin yanvar ayına kimi aylıq əmək pensiaysının məbləği 204 manat olmalı idi. Respublika üzrə bütün pensiyaların azaldılması barədə qanun olmamışdır. 01 yanvar 1993-cü ildən onun hüququ kobud şəkildə pozulmuş, pensiyasını Respublika üzrə minimim əmək pensiyasına bərabər etmişlər, 2009-cu ilədək 74, 2010-cu ilə qədər isə 84 manat minimum əmək pensiyası ödənilmişdir. 01 yanvar 1993-cü ildən 2010-cu ilin yanvarın 1-nə qədər olan müddət üçün onun pensiyasının ödənilməmiş hissəsi 26.400 manat kompensasiya şəklində ödənilməlidir. 01 yanvar 2010-cu ildən indidək də onun hüququ pozulmuşdur. Əmək pensiyaları haqqında qanunun əmək illərinin əlillik dövrünün sığorta stajı sayılması 21.2.6-cı maddəsi pozulmuşdur. Qanunla onun 48 il sığorta stajı var. Əlillik dövrünün hər ili üçün aylıq pensiyasının məbləği 2,4 manat artmalı idi. O, dövlət müəssisəsində əlil olduğundan və müəssisə günahkar sayıldığından əlillik dövrü dövlət tərəfindən sığorta ödənişi ödənilmiş hesab olunmaqla sığorta stajı sayılır. Onun pensiyası 1 yanvar 2010-cu ildən 17 il staja görə hesablanaraq 136 manat olmuş və həmin vaxtdan indiyədək inflasiyaya görə artımlarla 259 manata çatdırılmışdır. Onun 31 il ödənilməmiş sığorta stajına görə 74,4 manat və bu məbləğin, yəni 74,4 manatın cəmi inflasiyaya görə artımları 67 manat pensiyasına əlavə olunmalıdır. 136 manatın 2010-cu ildən indiyədək inflasiyaya görə artımları cəmi 123 manat etdiyindən, 74,4 manatın inflsiyaya görə artımları cəmi 67 manat edər, 259+74,4+67=400 manat edir. Bu gün onun pensiyasının məbləği 48 il sığorta stajına görə hesablanaraq 400 manat olmalıdır, yaşa görə pensiyaya keçməyə lüzum yoxdur. 1 yanvar 2010-cu ildən indiyədək onun pensiyasının ödənilməmiş hissəsi də kompensasiya şəklində ödənilməlidir. O, 01 yanvar 1993-cü ildən indiyədək onun pensiyasının ödənilməmiş hissəsinin yarısının 20000 (iyirmi min) manatın kompensasiya şəklində ödənilməsini istəyir. Onun aylıq pensiyasının məbləği 400 manat müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən cavabdeh qarşısında aylıq pensiyasının məbləğinin 400 manat müəyyənləşdirilməsi və ödənilməmiş pensiyasının yarısının 20000 (iyirmi min) manatın kompensasiya şəklində ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 24, 25 və 29-cu maddələrinə əsasən əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: əmək zədəsi və ya peşə xəstəliyi; ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. İddiaçı 06.05.1991-ci il tarixdə əmək zədəsi üzrə ikinci qrup əlillik təyin edilmiş və həmin tarixdən müraciəti əsasında əlilliyə görə pensiya təyinatı aparılmışıdr. Müvafiq pensiya sənədlərində pensiyanın təyini, illər üzrə indeksləşmə faizinə uyğun olaraq hesablanması və hər dəfə iddiaçının müraciətinə əsasən yenidən hesablanma ilə bağlı müvafiq tədbirlərin görülməsi öz əksini tapmışdır. Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət də daxil edilir. 01.01.2006-ci il tarixə qədər qüvvədə olmuş Qanunun bu normasına müvafiq olaraq iddiaçının 1992-ci il tarixdən 2006ci il tarixə kimi əlillik dövrü ümumi iş stajına daxil edilmiş və pensiyanın sığorta hissəsində nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət staja daxil edilir. Vətəndaş əlilliyə görə pensiyadan yaşa görə pensiyaya keçmək istəsəydi və stajı 25 ildən az olsaydı ümumi iş stajının 25 ilə çatdırılması və minumum pensiya məbləğinin təyin edilməsinin mümkünlüyü nəzərə alınaraq həmin maddəyə istinad oluna bilərdi. İddiaçı əlilliyə görə pensiya aldığı müddətdə həmin maddəyə istinad edərək əlillik dövrünün sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması tələbi tamamilə əsassızdır. 2006-ci ildən sonra pensiyanın məbləğində dəyişiklik staj yox kapitala əsasən yarana bilər. İddiaçının tələbi üzrə aşağıdakıları qısa formada qeyd etmək zəruridir: 1. Hazırda əlilliyə görə pensiya alır, müraciətlərdə əlilliyə görə pensiyanın yenidən hesablanması ilə bağlı olub, bu müddəa ona tətbiq edilə bilməz. 2. Əgər yaşa görə pensiyaya keçmək istəyirsə bu tələb üzrə müraciəti olmalıdır. Məbləğin nə qədər olacağı müvafiq qaydada müəyyən edilir. 3. Yaşa görə pensiyaya keçmək və ya yaşa görə pensiyaya keçdiyi halda pensiya məbləğinin təyini ilə bağlı müvafiq struktur quruma müraciət etməlidir. İddiaçının belə bir müraciəti mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunuun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 12.05.1991-ci ildə ikinci qrup əlilliyə görə (peşə xəstəliyi) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi, iddia ərizəsində iddia tələbi konkret və aydın göstərilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə təklif edilməsinə baxmayaraq, konkret və aydın iddia tələbi məhkəməyə təqdim edilməmiş, aydın olmayan iddia tələbi dəqiqləşdirilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim olunsa da, qeyd olunan nöqsan aradan qaldırılmamışdır. Həmçinin iddiaçı aylıq pensiyasının məbləğinin 400 manat müəyyənləşdirilməsini və ödənilməmiş pensiyaya görə 20000 (iyirmi min) manat kompensasiyanın ödənilməsini tələb edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. Cavabdehin nümayəndəsinin izahatından da görünür ki, iddiaçının cavabdeh orqana belə bir müraciəti olmamışdır. Məhkəmə tərəfindən iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1-ci bənd). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2-ci bənd). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar