Məhkəmə qərarları › İş №2-1(112)-2655/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2655/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2655/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, X6, X4 cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək orderdə adları qeyd edilmiş X6, X7 da iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona 3 otaqlı mənzil orrder əsasında verilmişdir. Əvvəlcə həmin mənzildə məcburi köçkün məskunlaşması səbəbindən istifadə edə bilməmiş, həmin şəxslər yeni yaşayış sahələri ilə təmin edildikdən sonra isə həmin mənzilin qəzalı vəziyyətdə olması səbəbindən söküntüsü həyata keçirilmişdir. Lakin, cavabdeh tərəfindən qanuna müvafiq kompensasiya məbləğinin ödənilməsi söküntü baş versə də bu günədək təmin edilməmişdir. İddiaçı hesab edir ki, ona 80000 manat məbləğində 3 otaqlı mənzilinə görə kompensasiya ödənilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdehin məktubundan görünür ki, FHN- tərəfindən adıçəkilən mənzilin yerləşdiyi bina qəzalı elan edilmiş, bina istismara yararsız olduğundan tam sökülmüşdür. Orderdən görünür ki, adıçəkilən 3 otaqlı 50,04 kv.m ölçüdə mənzil iddiaçıya ayrılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda və aidiyyəti digər sənədlərdə mənzilin hər kv.m-nin qiyməti 1200-1400 manat təşkil etdiyi qeyd edilmişdir. X2 həmin binanın söküntüsü ilə əlaqədar başqa mənzilə dair Bakı İnzibati Məhkəməsinin icraatında olmuş iş üzrə vermiş olduğu rəydə qeyd edilmişdir ki, 1 kv.m görə bazar dəyəri 430 manat təşkil edir. Məhkəməyə ünvanlanmış digər bir Ticarət və Sənaye Palatasının rəyində köməkçi sahə üçün 460 man, əsas yaşayış sahəsi üçün 460 manat hər kv.m-nə görə dəyər müəyyən edilmişdir. X1 hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş rəyində qeyd edilmişdir ki, həmin binada yerləşən mənzil üzrə hər 1 kv.m dəyər 1550 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin rəyində qeyd edilmişdir ki, həmin binada yerləşən mənzil üzrə hər 1 kv.m dəyər 1500 manat təşkil edir. Məhkəmə qərardadı ilə əldə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin rəyində qeyd edilmişdir ki, 2022-ci il üçün 1 kv.m görə mövcud bazar dəyəri 460 manatdır, ümumi mənzilə görə dəyər isə 23000 manat məbləğində müəyyən edilir. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq kompensasiya növündə hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh isə həmin halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçılara order əsasında ayrılmış 50.04 kv.m ölçüdə 3 otaqlı yaşayış sahəsinə əmlakından həmin binanın cavabdeh tərəfindən sökülməsi nəticəsində məhrum olmuşdur ki, həmin əmlakdan məhrum olmuşdursa və məhrumiyyət publik sferada hərəkət edən inzibati orqanın hərəkətləri ilə bağlı olmuşdursa buna uyğun ödənişlər də həyata keçirilməlidir. Əks halda konstitision hüquq kimi mülkiyyət hüququnun pozuntusu öz təsdiqini tapar. Bu zaman nəzərə alınmalıdır ki, order ləğv edilməmiş, qüvvədə olmuşdur. Orderdən də göründüyü kimi əmlakın ölçüsü məhz 50,04 kv.m olmuşdur ki, ödəniş də məhz həmin kv.m nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzilə görə ödənilməli olan məbləğ iddiaçıların iddia ərizəsində, eləcə də iddiaçı tərəfindən təqdim edilən rəylər əsasında yox, məhz mötəbərliyi şübhə doğurmayan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi əsasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ekspert qiymətləndirilməsi baxımından inzibati orqanın tabeliyində olan və AR CM-nin aidiyyəti maddəsi baxımından cinayət məsuliyyətinə dair xəbərdarlıq olunan və məhkəmə qərardadı əsaısnda təyin edilmiş Mərkəzin ekspertləri tərəfindən verilən rəy işin faktiki hallarına uyğun olmaqla real bazar dəyərinin müəyyən edilməsi üçün mötəbər sübutdur və həmin mötəbərliyin digər mötəbərliyi təsdiq edilməyən rəylərlə şübhə altına alınması üçün əsas mövcud deyil. Belə ki, adıçəkilən rəylərdən də göründüyü kimi dəyərlə bağlı gəldiyi nəticənin əsasında duran hallar Mərkəzin rəyindən fərqli olaraq tam əsaslandırılmamışdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Mərkəzin vermiş olduğu rəydə dəyəri ilə oxşar olan iş materiallarında mövcud olmuş rəydə qiymət baxımından uyğunluq təşkil etsə də, hər bir halda Mərkəz tərəfindən verilmiş rəylə müəyyən edilmiş halların əvəz edilməsi nəticəsi yaratmır. Qeyd olunanlar baxımından da, məhkəmə hesab edir ki, 50,04 kv.m ölçüdə olan mənzilə görə ödənilməli olan kompensasiya 80000 manat məbləğində yox, 2022-ci il üçün Mərkəz tərəfindən hər kv.m görə 460 manat müəyyən edilməklə ümumilikdə 23000 manat məbləğin ödənilməsi cavabdehə həvalə edilməlidir. Belə ki, mənzilin orderdə nəzərdə tutulmuş ölçüsü 50 kv.m civarındadır ki, 2022-ci il üçün hər kv.m görə 460 manat məbləğ müəyyən edilməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, ödəniş də məhz 23000 manat məbləğində müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy müqavilində ödənilməmiş 100 manat məbləğində ekspertiza xərci mövcuddur ki, məhkəmə hesab edir ki, tələbin qismən təmin edilməsi nəzərə alınmaqla xərclər də həmin nisbətdə tərəflərə aid edilməli və ödənilməlidir. İddia tələbindən göründüyü kimi tələb 80000 manat məbləğin ödənilməsi ilə bağlı olmuş, məhkəmə isə iddianı qismən təmin edərək 80000 manat məbləğində yox, ödənişin 23000 manat olması barədə nəticəyə gəlmişdir. Göründüyü kimi tələbə münasibət təmin 29 faiz təşkil edir. Odur ki, ekspertiza xərcinin 29 faizi, yəni 29 manat cavabdehdən, digər 71 manat olan hissə isə iddiaçılardan müştərək qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı, X6, X5 23000 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində prosessual xərcin 29 manat olan hissəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə, digər 71 manat olan hissəsi iddiaçılar İddiaçı, X6, X5 ödənilməsi öhdəliyi həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar