Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2656/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı daimi yaşayış sahəsinin yaxud 160000 manat dəyərinin ödənilməsi tələbi barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı daimi yaşayış sahəsinin yaxud 160000 manat dəyərinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İİ qrup əlildir. 23 ildir ki, Xətai rayon İcra Hakimiyyətində güzəştli siyahıda mənzil növbəsindədir. 63.5 yaşı var. Xətai rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır, rəsmi və faktiki olaraq Azərbaycanda sığınacaq yeri yoxdur. Himayəsində məskunlaşdırılmış Ermənistandan qaçqın anası, oğlu, gəlini, iki nəvəsi olduğu halda, növbədə ailə tərkibi bir nəfər kimi göstərilmiş, əmək əlili olduğu halda, növbədə ümumi əlil kimi göstərilmişdir. Növbəlilik hüququ da pozulmuşdur. Ali təhsil aldıqdan sonra vətəninə qayıtmaq mümkün olmadığından, özü də, məskunlaşdırılmamış ermənistanlı qaçqındır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il tarixli Fərmanına görə o, həmin il məskunlaşdırılmalı idi. Həmin Fərmana əməl olunmayıb, ermənistanlı qaçqınlara dövlət tərəfindən mənzil verilməyib. 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 39-cu maddəsinə görə əmək əlili olduğundan ona növbədənkənar mənzil verilməli idi. Sığınacaq yeri olmadığı halda, üstəlik 1992-ci ildən bəri müavinətləri də ödənilməyib. Borc hesabına kirayədə qalmış, yaşamaq hüququndan məhrum edilmə vəziyyətdindədir. Çoxsaylı müraciətlər etsə də, nə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, nə də Fövqəladə Hallar Nazirliyi ona sığınacaq verməmişdir. Mənzil Məcəlləsinin 48.1 və 56.2-ci maddələrinə görə də mənzillə təmin olunmalı idi. Onlara verilməli təmirli və əmlakla təchiz olunmuş 4 otaqlı mənzilin 160.000 (bir yüz altmış min) manat dəyəri Komitə yaxud, Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. 1992-ci ildən bəri müavinətləri tam şəkildə ödənilməyib, borc hesabına kirayədə qalırlar. Yaşamaq hüququndan məhrumedilmə vəziyyətindədirlər. Pozulmuş mənzil hüquqları təcili bərpa olunmalıdır. Bütün lazımi sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. İddia ərizəsi əsaslı, düzgün və ədalətlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələbinin məzmununda alternativliyə yol verildiyindən, yəni iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən, eləcə də, məhkəməyə müraciət etməmişdən öncə müvafiq tələblə qanunvericiliklə müəyyən edilmiş müddətdə cavabdehlərə müraicət edilməsi barədə sübutlar iş materiallarına əlavə edilmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlıq icraatında iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərindən birinin – yaşayış sahəsinin verilməsi və ya onun dəyərinin ödənilməsi vəzifəsinin müvafiq səlahiyyətli inzibati orqana həvalə edilməsi şəklində ifadə edilməsinin məqsədəuyğunluğu izah edilmiş, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirirək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi ələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumlu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün mümkündür. Əlavə olaraq, məhkəmənin qənaəti belədir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı konkret tələbi göstərilmədiyindən, eləcə də iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, cavabdehlərə, eləcə də, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2656/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2656/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver