Məhkəmə qərarları › İş №2-1(112)-2657/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2657/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2657/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, tərcüməçi X4, iddiaçı X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma və şəxsiyyət vəsiqəsi ilə təmin edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanına qeydiyyata alınmasının və ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18.08.1968-ci ildə Bakı şəhərində doğulmuşdur. Həmin vaxtdan indiyədək ünvan 1 ünvanında yaşayır. 29.07.2021-ci il tarixdə ərizə ilə Xətai RPİ-nə müraciət edib, yaşadığı ünvana qeydiyyata alınmağını xahiş etmişdir. Xətai RPİ 04.08.2021-ci il tarixdə cavab vermişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd təqdim edildikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilə bilmədikdə isə məhkəməyə müraciət oluna bilər. 09.08.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsinə müraciət edib, Azərbaycan Respublikasında qeydiyyatda olduğu ünvan barədə məlumat verilməsini xahiş etmişdir. Bu müraciətinə cavab olaraq 20.08.2021-ci il tarixli arayş verilmişdir ki, qeydiyyatla bağlı məlumat yoxdur. Daha sonra 02.09.2021-ci il tarixdə ərizə ilə Xətai RPİnə müraciət edib, Xətai rayonunda qeydiyyatda olduğu müddət barəsində məlumat verilməsini xahiş etmişdir. Xətai RPİ bu müraciətə 14.09.2021-ci il tarixdə cavab vermişdir ki, o ünvan 1 ünvanına 21.09.1984-cü il tarixdə verilən köhnə sovet nümunəli SSRİ pasportu ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, sonuncu məhkəməyə məktubla müraciət edərək işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* №-li, 15.03.2021-ci il tarixli şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarının surətindən görünür ki, 18 avqust 1968-ci il təvəllüdlü İddiaçı Yuryevnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 101-27452M-3221 №-li, 14.09.2021-ci il tarixli məktubdan görünür ki, o ünvan 1 ünvanına 21.09.1984-cü il tarixdə köhnə sovet nümunəli SSRİ pasportu ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11.10.2021-ci il tarixli, **********91 №-li məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, 11 saylı fərdi evin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 01.11.2021-ci il tarixli, **********33 №li məktubdan görünür ki, Xidmətin mütəxəssisləri tərəfindən araşdırma nəticəsində məlum olmuşdur ki, yeni qaydalara uyğun olaraq fərdi yaşayış evinə ünvan 5 ünvanı təyin edilmişdir. Fərdi yaşayış evinin köhnə ünvanının verilməsinə əsas olmuş sənədlər barədə məlumat Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində mövcud deyildir. - Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının X5 Ərazi Dairəsi üzrə Nümayəndiliyinin 04 №-li, 12.01.2022-ci il tarixli məktubundan görünür ki, Xətai rayonu, 5ci Əhmədli küçəsi, ev 11 ünvanında yaşayan vətəndaş İddiaçı 18.08.1968-ci ildə anadan olmuş, 03.10.1968-ci ildən anası X1 himayəsində qeydiyyata alınmış, 04.10.1984-cü ildə həmin ünvana ilkin pasport qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası DİN-nin BPQM-nin MAPS üzrə məlumat şöbəsinin 20.08.2021-ci il tarixli arayışından görünür ki, 18.08.1968-ci il təvəllüdlü İddiaçı qeydiyyat ünvanı barədə məlumat yoxdur. - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 101-22218-1221 №-li, 17.07.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.04.2003-cü il tarixli 55 ”S”saylı sərəncamı ilə təsdiq edilmiş qaydada Xətai rayon polis idarəsinin QMB-nə Vət.İddiaçı Yuryevnanın Xətai RPl-nin inzibati binasına (Sadıqcan k-si 52) qeydiyyata alınması barədə barədə daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Yuryevna həqiqətən Xətai rayonu ərazisində yaşadığını təsdiq edən müvafiq sənəd təqdim etməmişdir. Bu səbəbdən İddiaçı Yuryevnanın Xətai RPl-nin inzibati binasına qeydiyyata alınması məqsədə müvafiq hesab edilmir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04.08.2021-ci il tarixli, 101-23392M- 3221 №-li məktubdan görünür ki, ünvan 1 ünvanına qeydiyyata alınmasına dair ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 18.08.1968-ci ildə ünvan 7 ünvanında yaşamış və hal-hazırda da yaşayır. Qeyd olunan yaşayış yeri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da İddiaçı həmin ünvan üzrə 03.10.1968-ci ildən qeydiyyata alınaraq 21.09.1984-cü il tarixdə köhnə sovet nümunəli SSRİ pasportu ilə təmin edilmişdir. İddiaçı bir sıra hüquqi sənədlərini itirdiyindən Bakı İnzibati Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2-1(112)-2118/2020 nömrəli qərarı ilə İddiaçı 18 avqust 1968-ci ildə Bakı şəhərində doğulması barədə ona şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. Müvafiq səlahiyyətli orqanın qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçının yaşayış yeri üzrə qeydiyyata alınaraq ona şəxsiyyət vəsiqəsinin verilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 8-ci maddəsinin tələblərinə görə müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. - 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Hazırki işin hallarından göründüyü kimi İddiaçı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan əsasların siyahısında müəyyən edilmiş sənədlərə malik olmasa da ünvan 1 ünvan üzrə 03.10.1968-ci ildə həmin dövrdə səlahiyyətli olan orqan tərəfindən qeydiyyata alınaraq 21.09.1984-cü il tarixdə köhnə sovet nümunəli SSRİ pasportu ilə təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin ünvan üzrə təkrarən qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməklə İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması və ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması və ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar