Məhkəmə qərarları › İş №2-1(112)-2658/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2658/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2658/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) “çıxarışın veilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanında yerləşən 12a saylı mənzilə dair çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanında yerləşən 12a saylı mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1986-1987-ci illərdə Çernobil hadisələrində iştirak etmişdir. Bunun nəticəsində ona ikinci qrup əlillik verilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 213 saylı, 18 iyul 2013-cü il tarixli sərəncamı ilə o və onun ailə üzvləri mənzil növbəsindən çıxarılmış və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanında yerləşən 12a saylı mənzil ona ayrılmışdır. O və onun ailə üzvləri həmin mənzilə qeydiyyata alınmaq üçün Səbail Rayon Polis İdarəsinə müraciət etmişlər. Lakin mənzilin çıxarışı olmadığından öz mənzilinə onun qeydiyyata alınması mümkün olmamışdır. Bu səbəbdən o, cavabdehə müraciət edərək həmin mənzilə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, İddiaçı mənzil verilməsi haqqında Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 213 nömrəli sərəncam 18.07.2013-cü il tarixdə verilmişdir. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Bununla bağlı iddiaçıya 17.08.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.10.2020-ci il tarixli, **********67 saylı imtina məktubunda qeyd edilir: ünvan 3 saylı evin, 12a mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 31,08.2020-ci il tarixli ərizənizə və sənəd surətlərinə tərəfimizdən baxılmışdır. Aparılan araşdırma zamanı vətəndaş İddiaçı qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən 213 saylı sərəncamın 18.07.2013-cü il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.08.2021-ci il tarixli, **********24 saylı imtina məktubunda qeyd edilir: ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsi ilə göndərilmiş ********** nömrəli, 11.08.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd edilən məsələ ilə bağlı müraciətinizə 03.06.2017-ci il tarixli **********68 və 12.09.2018-ci il tarixli, **********64 nömrəli, 05.10.2020-ci il tarixli, **********67 nömrəli məktublarla cavab verilmişdir və həmin məktublarda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21.10.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 18.03.2013-cü il tarixli 3 nömrəli protokolundan çıxarışın təsdiq edilmiş surətində qeyd edilir: ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda dayanan, İddiaçı 25.09.1989-cu ildə mənzil uçotuna götürülüb. 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu) Bakı şəhəri, Ö.F.Neymanzadə küçəsi ev 4-də 1 otaqdan ibarət 19,0 kv.m yaşayış sahəsi olan 3 №-li mənzildə qeydiyyatdadırlar və orada da yaşayırlar. Mənzil özəldir. İddiaçı Çernobl əlilidir. İddiaçı qeydiyyatda olduqları və yaşadıqları özəl mənzil nəzərə alınmaqla ünvan 3 ünvanında giriş 2, mərtəbə 1, 1 otaqdan ibarət 14,94 kv.m yaşayış sahəsi olan 12a saylı mənzil təklif edildi. O, təklif edilən mənzilə köçməyə razı olduğunu bildirdi və razılığını yazılı ərizəsi ilə təsdiq etdi. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanında yerləşən 3 mərtəbəli evin 2-ci giriş, 1-ci mərtəbəsində 1 otaqdan ibarət 14,94 kv.m yaşayış sahəsi olan 12a nömrəli mənzilin İddiaçı 3 nəfərdən ibarət (özü, arvadı, oğlu) aşağıdakı ailə tərkibinə verilməsi (Özü - İddiaçı - 1961-ci il təvəllüdlü, arvadı - X4 - 1963cü il təvəllüdlü, oğlu - X3 - 1991-ci il təvəllüdlü), İddiaçı mənzil uçotundan çıxarılması, mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədi ilə mənzil uçot qovluğunun Səbail rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivin Bakı filialı tərəfindən 02.02.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında» Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 213 saylı 18 iyul 2013-cü il tarixli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, 1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri, mənzil növbəsinin addanada keçirilməsi, mənzil növbəsinin köçürülməsi, ilinin dəyişdirilməsi və bərpa edilməsi” barədə (pr. № 2, 3, 4, 6, 9, 10, 11, 13, 15 saylı) protokol qərarlarından çıxarışların təsdiq edilməsi ... 10. İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, həyal yoldaşı, oğlu) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, giriş 2, mərtəbə 1, yaşayış sahəsi 14,94 kv.m olan 1 otaqlı, 12a saylı mənzilinin ayrılması və mənzil növbəsindən çıxarılmaları qərara alınmışdır (İddiaçı - 1961-ci il təvəllüdlü - özü, X4 - 1963-cü ıl təvəllüdlü - həyat yoldaşı, - X5 -1991-ci il təvəllüdlü – oğlu). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş 17.12.2021-ci il tarixli arayışından (mənzil növbəsi barədə) görünür ki, vətəndaş İddiaçı SOCAR üzrə 25.09.1989-cu ildən 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu) mənzil uçotunda olduğu üçün SOCAR rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 18.03.2013-cü il tarixli 3 saylı birgə protokolu ilə ünvan 4 ünvanındakı yaşayış binasından yaşayış sahəsi 14,94 kv.m olan 1 otaqlı 12a nömrəli mənzillə təmin edilmiş və mənzil uçotundan çıxarılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 18.03.2013-cü il tarixli 3 nömrəli protokoluna əsasən ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda dayanan İddiaçı 25.09.1989-cu ildə mənzil uçotuna götürülmüşdür, İddiaçı qeydiyyatda olduqları və yaşadıqları özəl mənzil nəzərə alınmaqla ünvan 3 ünvanında giriş 2, mərtəbə 1, 1 otaqdan ibarət 14,94 kv.m yaşayış sahəsi olan 12a saylı mənzil təklif edilmişdir, o, təklif edilən mənzilə köçməyə razı olduğunu yazılı ərizəsi ilə bildirmişdir, bundan sonra Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanında yerləşən 3 mərtəbəli evin 2-ci giriş, 1-ci mərtəbəsində 1 otaqdan ibarət 14,94 kv.m yaşayış sahəsi olan 12a nömrəli mənzilin İddiaçı 3 nəfərdən ibarət (özü, arvadı, oğlu) ailə tərkibinə verilməsi, İddiaçı mənzil uçotundan çıxarılması, mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədi ilə mənzil uçot qovluğunun Səbail rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Daha sonra «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında» Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 213 saylı 18 iyul 2013-cü il tarixli Sərəncamına əsasən İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, həyal yoldaşı, oğlu) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, giriş 2, mərtəbə 1, yaşayış sahəsi 14,94 kv.m olan 1 otaqlı, 12a saylı mənzilinin ayrılması və mənzil növbəsindən çıxarılmaları qərara alınmışdır. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına qeyd olunan mənzilə dair Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 213 saylı sərəncamın 18.07.2013-cü il tarixdə verildiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sərəncam 18.07.2013-cü il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - 01.10.2009-cu ilədək yaranmışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mənzil uçot siyahısında olmuş, 25.09.1989-cu ildə mənzil uçotuna götürülmüş, onun qeydiyyatda olduğu və yaşadığı mənzil nəzərə alınmaqla bölgüsü aparılan qeyd olunan mənzil təklif edilmişdir, o, bu mənzilə köçməyə yazılı razılığını bildirmiş, bundan sonra həmin mənzil iddiaçıya ayrılmış və o, mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3 ünvanında yerləşən 12a saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar