Məhkəmə qərarları › İş №2-1(112)-266/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-266/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-266/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Qubadlı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil)cavabdehin nümayəndəsi Rzazadə Nicat Cavanşir oğlunun (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir), üçüncü şəxs X2(Xaçmaz rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, işləmir) iştirakı ilə, iddiaçı Nurəliyev Rəcəb Rza oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” barədə iddia tələbi üzrə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, X6 cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (indiki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi ünvanında yerləşən 269J saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1994-cü ilə dair sərəncamlar kitablarında olan 862 nömrəli, 15.06.1994-cü il tarixli “Bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” sərəncamından çıxarışda Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02.06.1988-ci il tarixli, 195 nömrəli qərarına əsasən iddiaçıya 89 nömrəli bağ tikinti kooperativinin tərkibində Göradil qəsəbəsində 269j nömrəli bağ sahəsi ayrılmışdır. Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 nömrəli orderdən də görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 15.06.1994-cü il tarixli, 862 nömrəli qərarına əsasən iddiaçıya Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269j nömrəli bağ sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.08.2017-ci il tarixli, 2-1(81)-3849/2017 nömrəli qərardadından görünür ki, iddiaçı qonşuları X7, X4 və X13 ilə bərabər "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli, 2930 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planı”na əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Biləcəri, Corat, Sumqayıt istiqamətində Corat- Goradil hissəsində avtomobil yolunun tikintisi altına düşən iddiaçılara məxsus torpaqların dövlət ehtiyacları üçün alınmasına görə onlara vurulmuş maddi və mənəvi ziyanınəllərindən alınmış torpaqların hər bir 100 kv.m. görə 6000 manat, uçurulmuş hasarların hər bir kv.m.görə 20 manat, darvazaların hər birinə görə 1000 manat məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bu da onu göstərir ki, o 2017-ci ildə mülkiyyətçi kimi pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 27.02.2020-ci ildə ünvan 2i ünvanında yerləşən 269j nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinə qanunsuz imtina cavabı verilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi əsasında uyğunsuzluq vardır. Belə ki, 269j nömrəli bağ sahəsinə heç bir adiyyəti yoxdur. Həmçinin, göstərilən sahə Fövqəİadə Hallar Nazirliyinin adına verilmiş kadastr planı ilə üst-üstə düşür. Eyni zamanda, göstərilən sahə üzrə X4 tərəfindən 384p nömrəli bağ sahəsi kimi müraciət edilmişdir. Bundan əlavə torpaq sahəsi sənədlə 1200.0 kv.m. olsa da, faktiki 1175.0 kv.m. təşkil edir və təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m. torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. Bununla bağlı iddiaçıya 25.12.2019-cu il tarixli cavab ünvanlanmışdır. Həmçinin, bildirilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-658/2018 nömrəli inzibati iş üzrə, İddiaçı, cavabdeh isə "xxxx" ASC olmaqla, müvafiq torpaq sahəsinə dair 1 saylı Bakı Ərazi İdarəsinə sorğu daxil olmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rzazadə məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs M. Abdullayev məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 384p və 269j saylı bağ sahələri üzrə istifadə hüquqları hal-hazırda ona məxsusdur, bağ sahəsinin yerləşdiyi yerdə hər hansı bir sanatoriy yoxdur, cavabdehin etirazı əsassız olduğundan iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini, üçüncü şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Cavabdehin 19.03.2020-ci il tarixli imtina məktubuna əsasən ərizədə göstərilmiş bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən sahəyə digər fiziki şəxs tərəfindən müraciət edilmişdir. Eyni zamanda bildirilmişdir ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 384p nömrəli bağ digər fiziki şəxsin adına təkrarlanır və bağ sahəsinə dair İdarə tərəfindən təqdim edilmiş arxiv arayışında bağ sahəsinin nömrəsi 384p olduğu halda İdarənin arxivində saxlanan nüsxədə bağ sahəsinin nömrəsi 384n kimi qeyd edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən ümumi əraziyə digər hüquqi şəxsin adına ləğv edilmiş DTXK tərəfindən kadastr planı verilmiş və sözügedən sahə həmin kadastr planı ilə üst-üstə düşür. Göstərilən əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 №li orderə əsasən Nurəliyev Rəcəb Rza oğluna Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nöməli qərarına əsasən Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269J nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01.12.2016-cı il tarixli arxiv arayşına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1994-cü il tarixli sərəncamlar kitabında aşağıdakı sərəncam vardır: “sərəncam №862 (çıxarış, 15.06.1994-cü il “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda (bağ məsələləri üzrə komissiya yığıncağının 14.06.1994-cü il tarixli 59 nömrəli protokolu). Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14.06.1988-ci il, 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №li qərarlarına əsasən: 3.Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın: 3.40.Nurəliyev Rəcəb Rza o. Göradil BTK №89, bağ 269j.” Cavabdehin 15.07.2020-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərə əsasən 89 nömrəli BTK nəzdindəki bağların sxematik xəritəsi və iddiaçının adına verilmiş 40 nömrəli orderin surətləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 18.01.2021-ci il tarixli məktubuna əsasən idarənin elektron kadastr baza məlumatlarına əsasən mövcud vəziyyətdə göstərilən torpaq sahəsinin 2/3 hissəsi Fövqəladə Hallar Nazirliyinin adına verilmiş **********1531 nömrəli kadastr planının baza məlumatı ilə və vətəndaşlar Əliyev Rail Mehdi oğlunun, Nağıyev Rövşən Tanrıverdi oğlunun, Rzayev Rasim Rahib oğlunun müraciətləri ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29.07.2021-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 0/4592 nömrəli, 03.11.2021-cil tarixli rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron bazasında araşdırma aparılmış, ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli, 22.05.2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra orqanlarının nəzdində olan Bağ təsərrüfat idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Reyestri Xidmətinə təhvil verildiyindən yerli icra orqanlarının nəzdində olan Bağ təsərrüfat idarələrinin bağ sahələri barədə Daşınmız Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətində və Xidmətin nəzdində olan Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzində bağlar barədə məlumat yoxdur. İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 862 nömrəli, 15.06.1994-cü il tarixli sərəncamı ilə ayrılmış və hazırda istifadəsində olan Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində yerləşən 0,12 hektar torpaq sahəsinin koordinatlarını (sahə sərhədləri) qeyd edilən sənəd üzrə müəyyən etmək mümkün olmamışdır, lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi Göradil bağlar sahəsində hazırda istifadəsində olan torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Yuxarıda qeyd edildiyi kimi bağların, eləcə də sözügedən bağ sahəsinin arxiv sənədlərinin olmaması, bağların sxematik xəritəsindən müraciətlə təqdim edilmiş hissəsində koordinat, miqyas, hər-hansı istinad nöqtəsindən məsafənin göstərilməsi olan sxem olmadığı üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 862 nömrəli, 15.06.1994-cü il tarixli sərəncamı ilə ayrılmış və hazırda iddiaçının istifadəsində olan Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan 269j bağ sahəsinin sxematik xəritəyə əsasən (sənəd üzrə) harada yerləşməsini və həmin bağ sahəsinin məhz bağların bölgüsünə dair sxematik xəritəyə uyğun naturada yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi və naturada göstərdiyi Göradil bağlar sahəsində hazırda istifadəsində olan torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron kadastr bazasında araşdırma aparılmış, həmin bağ sahəsinə hər hansı hüquqi və fiziki şəxsə torpaq sahəsinin verilməsi və qeydiyyatdan keçməsi və hər hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat aşkar edilməmişdir. Mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron kadastr bazasında araşdırma aparılmış, elektron bazada bu torpaq sahəsinə Fövqəladə Hallar Nazirliyinin adına kadastr planının verilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən isə həm kadastr planının təqdim edilməməsi səbəbindən İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 862 nömrəli, 15.06.1994-cü il tarixli sərəncamı ilə ayrılmış və hazırda iddiaçının istifadəsində olan Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində yerləşən 0,12 hektar torpaq sahəsinin koordinatları ilə Fövqəladə Hallar Nazirliyinin adına kadastr planının üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır, ekspertiza rəyində həmçinin qeyd edilmişdir ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair məlumatların əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatları baza məlumatları ilə müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Cavabdehin 07.10.2021-ci il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən torpaq sahəsinin plan və ölçüsü qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə 600000 kv metr sahəsi olan sanatoriya kompleksinin tikintisi üçün daimi istifadəyə ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 348 nömrəli, 27.11.2006-cı il tarixli sərəncamına əsasən Fatmayi- Göradil massivinin şimal hissəsində yerləşən Azərbaycan Respublikası Sərhəd Qoşunları sanatoriyasına bitişik 6,0 ha torpaq sahəsi sanatoriya kompleksinin layihələndirilməsi üçün Azərbaycan Respublikasınıın Fövqəladə Hallar Naziriyinin daimi istifadəsinə verilmişdir, məktuba Göradil sahəsində yerləşən bağ sahələrinin sxemi də əlavə edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 №li orderə əsasən və Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nöməli qərarına əsasən Nurəliyev Rəcəb Rza oğluna Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 269J nömrəli bağ ayrılmışdır, iddiaçı qeyd edilən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir, odur ki, hazırda iddiaçı qeyd edilən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilmişdir, yəni özəlləşdirilmişdir. Həmin Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; İşin faktiki hallarına əsasən iddiaçı Bağlar Təsərrüfatı İdarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən verilmiş 40 №li orderə əsasən və Bakı şəhər İcra Hakimiyyətinin 15 iyun 1994-cü il tarixli, 862 nöməli qərarına əsasən sahəsi 0,12 ha olan 269j saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnu əldə etmişdir, odur ki, yuxarıda qeyd edilən normalara əsasən iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin etirazında göstərilən əsaslara (sözügedən sahəyə digər fiziki şəxs tərəfindən müraciət edilmişdir, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 384p nömrəli bağ digər fiziki şəxsin adına təkrarlanır və bağ sahəsinə dair İdarə tərəfindən təqdim edilmiş arxiv arayışında bağ sahəsinin nömrəsi 384p olduğu halda İdarənin arxivində saxlanan nüsxədə bağ sahəsinin nömrəsi 384n kimi qeyd edilmişdir, elektron kadastr məlumat bazasına əsasən göstərilən ümumi əraziyə digər hüquqi şəxsin adına ləğv edilmiş DTXK tərəfindən kadastr planı verilmiş və sözügedən sahə həmin kadastr planı ilə üst-üstə düşür) gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin etirazı ziddiyyətli və məntiqə uyğun deyildir, belə ki, əvvəla qeyd edilən sahə ilə əlaqədar müraciət edən şəxsin hüquqmüəyyənedici sənədləri, həqiqətən də müraciət etməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir, digər tərəfdən əgər cavabdehin göstərdiyi kimi iddiaçıya ayrılmış torpaq sahəsinin nömrəsi sxematik xəritədə mövcud deyildirsə o zaman cavabdeh tərəfindən bağ sahəsinin 384 n olması və iddiaçının bağ sahəsinin koordinatları ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaqların eyni olmasının hansı koordinatlar əsasında müəyyən edilməsi aydın deyildir, bu səbəbdən də məhkəmə həmin dəlili əsaslı hesab etmir, eyni zamanda təqdim edilmiş mütəxəssis rəyinə və ekspertiza rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi Göradil bağlar sahəsində hazırda istifadəsində olan torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsə torpaq sahəsinin verilməsi və qeydiyyatdan keçməsi və hər hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat aşkar edilməmişdir, mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron bazada bu torpaq sahəsinə Fövqəladə Hallar Nazirliyinin adına kadastr planının verilməsi barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə kadastr planının təqdim edilməməsi səbəbindən İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 862 nömrəli, 15.06.1994-cü il tarixli sərəncamı ilə ayrılmış və hazırda iddiaçının istifadəsində olan Göradil bağlar sahəsində 89 nömrəli BTK nəzdində yerləşən 0,12 hektar torpaq sahəsin koordinatları ilə Fövqəladə Hallar Nazirliyinin adına tərtib olunmuş kadastr planındakı torpağın üst-üstə düşüb-düşməməsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə o halı da qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş Göradil bağ sahələrinin sxematik xəritəsində Fövqəladə Hallar Nazirliyinin adına torpaq sahəsi qeyd edilməmişdir, habelə iddiaçının iddia etdiyi torpaq sahəsinə dair başqa hər hansı bir hüquqi və fiziki şəxsin adına hüquqmüəyyənedici sənədlərin mövcud olması və ya hər hansı bir məhkəmə mübahisəsinin icraatda olmasına dair sübutlar da cavabdeh tərəfindən təqdim edilməmiş, belə bir sübutlar haqqında məlumat məhkəməyə verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilən əsasların iddiaçıya münasibətdə heç biri mövcud deyildir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi ünvanında yerləşən 269J saylı bağ sahəsi üzərində iddiaçı Nurəliyev Rəcəb Rza oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi ünvanında yerləşən 269J saylı bağ sahəsi üzərində iddiaçı Nurəliyev Rəcəb Rza oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X5, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************), köçürülsün. Məhkəmənin 19.05.2021-ci il tarixli məktubu əsasında mütəxəssis rəyinin tərtib edilməsi ilə bağlı iddiaçı Nurəliyev Rəcəb Rza oğlu tərəfindən ”Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə ödənilmiş 311 manat məbləğinin əvəzi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq iddiaçı Nurəliyev Rəcəb Rza oğlunun xeyrinə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar