Məhkəmə qərarları › İş №2-1(112)-2660/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2660/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2660/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhər üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, müraciətin (şikayət ərizəsinin) tam ətraflı araşdırılması tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciətin (şikayət ərizəsinin) tam, ətraflı araşdırılması vəzifəsinin cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 201 saylı tam orta məktəbin təlim və tərbiyə üzrə direktor müavini X2 onun atasının iddiaçı qismində, onu isə onun nümayəndəsi olduğu Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-1284/2019 saylı işə həqiqiliyinə şübhə yaradan sənədlər təqdim etmişdir. Sənədlər məhkəməyə xx.xx.2019-cu il tarixində təqdim olunmuşdur. Səbail Rayon Məhkəməsinin icraatında olan bu məhkəmə prosesi üzrə qəbul olunmuş qətnamə qanuni qüvvəyə mindikdən sonra onun bu sənədlərin varlığından xəbəri olmuş və beləliklə aşkar olunmuş fakta hüquqi qiymət verilməsi üçün Bakı şəhər prokurorluğuna şikayət ünvanlamış, onlar da müvafiq olaraq şikayətin araşdırılması üçün, onu aidiyyatı üzrə Nizami rayon prokurorluğuna göndərmişlər. Hal-hazırda bu faktla əlaqəli adıçəkilən idarədə araşdırma gedir. Həmçinin bu əməldə müəllimlərin etika davranış kodeksinin pozulması xüsusatları olduğundan bu məsələ ilə əlaqəli Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən müraciəti (şikayəti) araşdırlması üçün Bakı şəhəri üzrə Təhsil idarəsinə göndərilmişdir. Bakı şəhəri üzrə Təhsil idarəsi xx.xx.2020-ci il tarixdə ona ünvanlanan məktubunda müraciətdə qeyd olunan xüsusatların araşdırılmasının idarənin səlahiyyəti xaricində olduğunu qeyd etmiş və bununla da rəsmi olaraq inzibati şikayətin araşdırlmasından imtina olunmuşdur. Bakı şəhəri üzrə təhsil idarəsinin imtinasını qanunsuz, hüquqa zidd və qeyri-obyektiv hesab edir. Belə ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin vəzifəli şəxslərinin imzası və qurumun möhürü olan sənədin həqiqiliyinə iddiaçının şübhəsi var. Buna səbəb sənədin həqiqiliyini sübüt edən bir sıra rekvizitlərin (sənədin qeydə alındığı nömrə, tarix və sadə formada tərtib olunması) olmaması onun saxta olduğunu düşünməyə əsas yaradır. X8 özü tərtib etməsinə (düzəltməsinə) baxmayaraq ora təhsil idarəsinin müxtəlif əməkdaşlarının imzasını və möhürünü vurmaqla onun Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən tərtib olunmasına dair təəsürat (fikir) yaradıb. Bakı şəhəri üzrə Təhsil idarəsi bu məsələnin həqiqiliyini müəyyən etməkdə maraqlı olmalı idi. Belə ki, sənəddə onun vəzifəli şəxslərinin (əməkdaşlarının) adı qeyd olunub. Amma Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ona ünvanlanan cavab məktubunda heç bir əsaslandırma aparılmadan araşdırmanın aparılmasından imtina olunmuşdur. Hüseynova Svetlana məhkəməyə bu saxta sənədləri təqdim etməklə "Müəllimlərin etik davranış qaydaları haqqında" Qanunun tələblərini pozmuşdur. Göründüyü kimi onun ünvanladığı şikayətin araşdırılması və müvafiq tədbirlərin görülməsinə Bakı şəhəri üzrə Təhsil idarəsi tam məsuliyyət daşısa da, belə səlahiyyətə sahib olmadığını qeyd etməklə üzrərinə düşən öhdəliyi icra etməmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi məhkəməyə təqdim etdiyi etirazda iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri 6 saylı Hüquq məsləhətxanasının müdiri M.İ.Rəhimovun müdafiə etdiyi şəxs Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X1 vətəndaşlar X5 və X4 qarşı “guya törətdiyi” cinayətkar əməlləri haqqında göndərilmiş böhtan xarakterli şikayət ərizələri, heç bir qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı halda, Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən S.Hüseynova barəsində yoxlama aparılmışdır. Bu yoxlama səbəbindən Bakı şəhəri 201 nömrəli tam orta məktəbin kollektivi, şagird heyəti və valideynlər arasında müxtəlif dedi-qodu yaranmış, S.Hüseynovanın ictimai nüfuzuna xələl gətirildiyini hesab etdiyinə görə məhkəməyə müraciət edəcəkləri ilə əlaqədar xx.xx.2018-ci il tarixli (daxilolma: xx.xx.2018-ci il tarixli, 24-393 nömrəli) sorğu məktubu ilə həmin şikayətlərin “əsli ilə düzdür” dərkənarı ilə təsdiq olunmuş surətlərini və bu şikayətlərlə əlaqədar aktının surətini təqdim etməyi Bakı şəhəri üzrə Təhsil idarəsindən xahiş olunmuşdur. Qeyd olunan sorğu məktubuna Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən sorğu müəllifinə iddiaçının “saxta məktub” hesab etdiyi və şikayət ərizəsinə qoşma şəklində əlavə edilmiş 1114-02/10 nömrəli, xx.xx.2018-ci il tarixli məktubun surəti Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq təqdim olunmuş və bu barədə iddiaçıya məktubla rəsmi məlumat verilmişdir. Həmçinin izah olunmuşdur ki, ərizədə qeyd olunan digər xüsusatların araşdırılması Bakı şəhəri üzrə Təhsil idarəsinin səlahiyyətləri xaricindədir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, vətəndaşa şikayət ərizəsində qeyd olunan məsələlər tam araşdırılmış mövcud olan qanunvericiliyə uyğun olaraq ətraflı şəkildə cavab verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər üzrə Təhsil idarəsinin nümayəndəsi X6 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan; Səbail RPİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1987-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçının hazırki tələblə bağlı müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş H-12989/02/18 №li xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, şikayət ərizəsində Bakı şəhəri 201 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X2 tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından saxta sənəd hazırlanaraq məhkəmədə sübut qismində təqdim edilməsinə görə barəsində tədbir görülməsini xahiş etmişdir. Şikayət ərizəsində qoşma şəklində əlavə edilən eyni məzmunlu məktubun surəti Bakı şəhəri 6 saylı Hüquq məsləhətxanasının müdiri M.İ.Rəhimovun xx.xx.2018-ci il tarixli sorğu məktubuna əsasən BŞTİ tərəfindən sorğu müəllifinə təqdim olunmuşdur. Ərizədə qeyd olunan digər xüsusatların araşdırılması Bakı şəhər üzrə Təhsil idarəsinin səlahiyyətləri xaricindədir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İş materiallarından görünür ki, iddiaçının müraciəti cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, araşdırılmaqla, müraciətinə rəsmi qaydada cavab verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, müraciətin (şikayət ərizəsinin) tam ətraflı araşdırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar