Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2661/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “ali təhsil (bakalavr) diplomunun nümunəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetində maliyyə-kredit ixtisası üzrə qiyabi ali təhsil pilləsinin məzunu olmuş iddiaçıya ali təhsil (bakalavr) diplomunun nümunəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə Rusiya Federasiyasının Moskva Maliyyə - Hüquq Universitetinin maliyyə - kredit fakültəsinə qəbul olunmuş, bir il təhsil aldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 avqust 1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1996-cı ildə 4 nömrəli qeydi ilə qeydə alınmış “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”yə uyğun olaraq 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Həmin tarixdən Azərbaycan Beynəlxalq Universitetində maliyyə-kredit ixtisası üzrə qiyabi təhsil almış, bütün məqbul və imtahanlarını, o cümlədən dövlət imtahanını müvəffəqiyyətlə vermişdir. İmtahanları bitirdikdən sonra məqbul kitabçasını və borcunun olmaması haqda müvafiq arayışı alıb dekanlığa təhvil vermişdir. 2009-cu ilin oktyabr ayında ona təhsil haqqında diplomun veriləcəyinə dair məlumat verilmişdir. Lakin 2009-cu ilin noyabr-dekabr aylarında dəfələrlə etdiyi müraciətlər zamanı ona diplomun hələ hazır olmadığı haqda məlumat verilmişdir. Lakin sonradan məlum olduğu kimi ABUnun fəaliyyəti dayandırılmış və fəaliyyətinə xitam verilmişdir. Bundan sonra o, dəfələrlə diplomun alınması haqda Təhsil Nazirliyinə və 2013-cü ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər etmişdir. Şikayətinə əsasən onu Korrupsiyaya qarşı Mübarizə İdarəsinə izahat verməyə dəvət etmişlər, lakin işi ilə əlaqədar Bakı şəhərinə gedə bilmədiyi üçün onu Sədərək rayon Prokurorluğuna dəvət edərək orada izahatı alınmışdır. Bundan sonra atası Bakı şəhərində Korrupsiyaya Qarşı Mübarizə idarəsində qəbulda olmuş, diplomun verilməməsinə dair iddiaçının adından şikayət etmişdir. Atasına araşdırmanın davam etdiyi və şikayətinin cavablandırılacağına dair söz verilmişdir. Sonuncu dəfə iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirinə ərizə ilə müraciət etmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, Z- 10120/31-24 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ABU-nun nazirlikdə olan arxivində iddiaçının adına yazılmış diplom aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı öz ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o 2004-cü ildə Rusiya Federasiyasının Moskva Maliyyə-Hüquq Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olmuş və 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. O, 2009-cu ildə ABU-nu bitirmiş, lakin onun adına diplom blankı yazılmamış və ona diplom verilməmişdir. İddiaçıya diplom blankının verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmiş və inzibati orqan xx.xx.2021-ci il tarixli, Z-10120/31-24 saylı məktubla onun adına blankın verilməsindən imtina etmişdir. İddiaçı ABU-da təhsil aldığını nəzərə alaraq, cavabdeh tərəfindən ona diplom blankının verilməsini məhkəmədən tələb etmişdir. İddia tələbinin dəlilləri əsassız və qanunsuz, habelə Təhsil Nazirliyinin imtinası qanuni olduğundan iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 2005-ci ildə Rusiya Federasiyasının Moskva Maliyyə-Hüquq Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Eyni zamanda Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağadır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu halda, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələr sırasına daxil olunması əmrləşdirilə bilərdi. Belə ki, Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli xx-xx-4368/17 saylı məktubunda, köçürülmək istəyən tələbənin sənədlərinin (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyinə göndərilməsi və nazirlik tərəfindən araşdırılıb müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə icazə verilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir. Bunlara görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçının məhkəməyə təqdim etmiş: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ABU-nun nazirlikdə olan arxivində iddiaçının adına yazılmış diplom aşkarlanmamışdır. İddiaçı atası ilə Azərbaycan Beynəlxalq Universiteti arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Universitet iddiaçını müsabiqədən keçəcəyi təqdirdə onu maliyyə kredit ixitasının qiyabi şöbəsinə qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh qurumun struktur bölmələri arasındakı yazışmalardan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin nazirliyə təqdim etdiyi tələb kontingentinə aid məlumat bazasında 2005-ci ildə ABU-ya Təhsil Nazirliyinin razılıgı ilə köçürülən şəxslərin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli 18-18-86/12 saylı məktubu ilə məhkəmə sorgusuna əsasən göndərilmiş Azərbaycan Beynəlxalq Universitetini 2008/2009-cu tədris ilində maliyyə-kredit ixtisası üzrə bitirib X2 imtahanına buraxılan tələbələrin siyahısından görünür ki, İddiaçı adə həmin siyahıda yoxdur. Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2008-ci il tarixli 51 saylı çağırış arayışından görünür ki, universitet tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər iddiaçıya qış imtahan sessiyasında iştirak etmək üçün “Kapital Bank”a təqdim edilməsi üçün arayış verilmişdir. Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2008-ci il tarixli 01 saylı çağırış arayışından görünür ki, universitet tərəfindən xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər iddiaçıya qış imtahan sessiyasında iştirak etmək üçün “Kapital Bank”a təqdim edilməsi üçün arayış verilmişdir. Azərbaycan Beynəlxalq Universitetinin arayışında iddiaçının həmin universitetin maliyyə-kredit fakültəsinin qiyabi şöbəsinin 3-cü kurs tələbəsi olması bildirilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 31-31-24/12 saylı məktubundan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyində mövcud arxivində İddiaçı şəxsi işi aşkarlanmamışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/1323 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı 2002- 2005-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməyi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinasına əsasən ABU-nun nazirlikdə olan arxivində iddiaçının adına yazılmış diplom aşkarlanmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. - 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. - 29.0.9-cü maddəsinə əsasən peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunu müəyyənləşdirmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq olunmuş və 21 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamənin: - 11-ci bəndinə əsasən dövlət ali təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər, həmin tədris müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər. Qeyri-dövlət ali təhsil müəssisələrində vətəndaşlar ödənişli və ödənişsiz təhsil ala bilərlər. Həmin müəssisələrdə ödəniş haqqının miqdarı onların rəhbərliyi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasında ali məktəblərə tələbə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. - 14-cü bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə əsasən: 1.1. Respublika daxilində: 1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. 1.1.2 Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə köçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8-dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmrinə əsasən ali təhsil müəssisələri tələbələrin köçürülmələri dayandırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmrinə əsasən: 1) Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmrinin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “1. Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın”. 2) Köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilsin. 3) Qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrində tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılsın. 4) Təhsil Nazirliyinin müvafiq idarələri əmrdən irəli gələn vəzifələri həyat keçirsinlər. 5) Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutsunlar. Beləliklə işin hallarından göründüyü kimi iddiaçının xarici ölkə təhsil müəssisəsindən qeyri-dövlət müəssisəsi olan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmrinin tələblərinə əməl olunmamış, Təhsil Nazirliyinin müvafiq razılığının alınması işdə olan sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada ali təhsil müəssisəsinə daxil olması, orada təhsil alması və oranı bitirməsi müəyyən edilməmişdir. Cavabdehin məhkəmə sorgusuna əsasən göndərilmiş Azərbaycan Beynəlxalq Universitetini 2008/2009-cu tədris ilində maliyyə-kredit ixtisası üzrə bitirib X2 imtahanına buraxılan tələbələrin siyahısında iddiaçının adı, həmçinin də Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyində mövcud arxivində iddiaçının şəxsi işi aşkarlanmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi təhsil müəssisəsi ilə bağlanmış müqaviləni, verilmiş arayışları isə təhsil müəssisəsinə daxil olmasının və təhsil almasının qanuniliyini təsdiq edən sübut kimi qəbul etmir. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya qanuni əsaslarla qəbul edilmiş, təhsilini başa vurmuş tələbələrlə eyni statusla yanaşılması “İnzibati icraata haqqında” Azərbaycan Respublikası 12.3-ci maddəsinin tələblərinə də zidd ola bilərdi. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Azərbaycan Beynəlxalq Universitetində maliyyə-kredit ixtisası üzrə qiyabi ali təhsil pilləsinin məzunu kimi ali təhsil (bakalavr) diplomunun nümunəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublıikasının Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2661/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2661/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver