Məhkəmə qərarları › İş №2-1(112)-2662/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2662/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2662/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq, çıxarışın verilməsi” dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamından 20 avqust 1999cu il tarixli, 096 nömrəli çıxarışa əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, 0547 sahədə yerləşən ümumi sahəsi 0.20 hektar olan torpağın dövlət qeydiyyatına alınaraq, torpağa dair reyestrdən “çıxarışın verilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə Sərəncamdan 20 avqust 1999-cu il tarixli, 096 nömrəli çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli 096 nömrəli Sərəncamı ilə Buzovna tərəvəzçilik- südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və müəssisələrə verilməsi üçün hər ailəyə həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsindən ona 0.20 hektar hesabı ilə torpaq sahəsi verilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin vaxtdan torpaq onun və ailəsinin istifadəsindədir. İstifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, 06.11.2020-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 balansında olan ərazinin ayrıc aktından kənarda yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin istinad və məsafələri qeyd edilməmişdir. Həmçinin, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15.04.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də ona 0.20 hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. İddiaçı cavabdehin imtinasının qanunsuz olduğunu qanunla tələb olunan bütün sənədlərin təqdim edildiyini, artıq torpaq sahəsinin ayrılması isə Abşeron rayon İcra Hakimiyyətinə aid edilməli olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin tərəfindən Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 13.10.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti işlər idarəsinin X2 balansında olan ərazinin ayrıc aktından kənarda yerləşir. Həmçinin, yerləşmə cizgisində torpaq sahəsinin istinad və məsafələri qeyd olunmamışdır. Abşeron Rayon İcra Hakimiyyətinin 15.04.1999-cu il tarixli 096 nömrəli Sərəncamı ilə Buzovna tərəvəzçilik-şüdçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, X3 0.20 ha Torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********05 saylı, 06.11.2020-ci il tarixli məktub ünvanlanmışdır. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.10 ha torpaq sahəsi sovxoz əmri əsasında X1 adına qeydiyyata alınmış və ********** saylı, 07.06.2016cı il tarixli çıxarış verilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında imtinanı müdafiə edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 30 iyun 2016-ci il 1160 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,20 ha hesabı ilə 0547 kodlu torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 21 may 2003-cü il 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 Aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezdineti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0.20 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999-cu il tarixli 096 nömrəli çıxarışın surətindən görünür ki, vətəndaş İddiaçı 0,20 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan respublikası prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K №-li əmrinin nəzərə alınması qərara alınmışdır. İşin obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə sorğu göndərilərək 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətinin, həmçinin 1160 nömrəli 30 iyun 2016-cı il tarixli arayışın verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş olunsa da 30.03.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, ayrılmış torpaq sahəsinə dair təqdim olunmuş sənədlərin əsli bir nüsxədən tərtib olunaraq vətəndaşa təqdim olunmuşdur. Məhkəmə 18 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğu göndərərək Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999cu il tarixli 27/K nömrəli əmrinin təsdiq edilmiş surətinin təqdim edilməsini xahiş etmiş, 12.02.2021-ci il tarixdə daxil olmuş sorğuya cavabda Buzovna südçülük-tərəvəzçilik sovxozunun sənədlərinin saxlanılması üçün Abşeron rayon Dövlət arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamının arxiv çıxarışından görünür ki, Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uşota alınmış tərəvəzçilik –südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin işlər müdiri A.Muradverdiyevin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubunun nəzərə alınması, bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu ayrılması, həmin torpaq Respublika Prezidenti İşlər idarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlik əsasında verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə göndərilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0547 saylı sahədə yerləşən torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 13.10.2020-ci il tarixli ********** nömrəli ərizəyə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 balansında olan ərazi ayrıc aktından kənarda yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin istinad və məsafələri qeyd edilməmişdir. Həmçinin Abşeron rayon İcra Hakimiyyəti başçısının 15.04.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, X3 0.20. hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrılmışdır. Əlavə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 03.05.2021-ci il tarixdə daxil olmuş RX ******* saylı Çıxarışın surətindən görünür ki, Baki şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 33 T ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət əsasında İddiaçı adına rəsmiləşdirilmiş, Hüquq sahibi kimi də sonuncu qeyd edilmişdir. Torpaq sahəsinin ölçüsü 0,1 ha olaraq göstərilmişdir. RX ******* saylı Çıxarışın verilməsinə əsas olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tərəvəzçilik-südçülük sovxozunun 30 oktyabr 2000-ci il tarixli 39/C nömrəli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı əsasında Tərəvəzçilik-Südçülük sovxozunun Həmkarlar təşkilatının 28.10.2000-ci il tarixli 04 saylı protokoluna əsaslanaraq Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 39/S saylı 30.10.2000-ci il tarixli əmrində siyahıda adı 33-cü olan İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli 096 nömrəli Sərəncamı ilə Buzovna tərəvəzçilik- südçülük sovxozunda işlədiyini və mənzil tikintisinə ehtiyacı olan fəhlə və müəssisələrə verilməsi üçün hər ailəyə həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulduğunu, həmin torpaq sahəsindən ona 0.20 hektar hesabı ilə torpaq sahəsi verildiyini qeyd edərək həmin torpaq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın və verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərüffatı müəssisəsinin balansında olan ərazinin aktından kənarda yerləşir və yerləşmə cizgisində torpaq sahəsinin istinad və məsafələri qeyd edilmədiyinə, həmçinin Abşeron rayon İcra Hakimiyyəti başçısının 15.04.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qeyd edilsə də, X3 0.20. hektar torpaq sahəsi sənəd üzrə normadan artıq ayrıldığına istinad edərək, iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Qeyd edilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçı, qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. Belə ki, iş üzrə hərtərəfli araşdırma zamanı iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər müxtəlif orqanlardan tələb edilmiş, lakin həmin sənədlər təqdim edilməmiş, iddiaçının istinad etdiyi sənədlərin arxiv çıxarışlarından görünür ki, Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçının müraciət əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 0.10 ha torpaq sahəsi sovxoz əmri əsasında onun adına qeydiyyata alınmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və torpaq sahəsinin qeydiyyatdan keçirilməsindən cavabdeh inzibati orqanın imtinası əsaslıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar