Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2663/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, MİK 82; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya ailə başçısını itirməyə görə pensiya (pensiyaya əlavələr də daxil olmaqla) təyin edilməsi və həmin pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının vəfat etmiş əri X3 xx.xx.1975ci ildən xx.xx.1990-cı ilədək Mingəçevir şəhər XDS icraiyyə komitəsinin sədri işlədiyi dövr üzrə aylıq vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq nəzərə alınmaqla, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim X.İmanov) Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nərimanov rayon şöbəsi” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsi” ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2114/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-121/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş həmin məhkəməyə qaytarılmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş məhkəmə daxil olduqdan sonra, iş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının xx.xx.2019-cu il tarixdə təqdim etdiyi “vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş pensiya məbləğinin dəyişdirilərək yenidən hesablanıb, müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Həmçinin həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində və iddia tələbinin dəyişdirilməsinə dair ərizədə bildirilmişdir ki, iddiaçının x xxxxxx 2006-cı il tarixli 54-İİİQ nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən pensiya yaşına (yəni 60 yaşa) çatdığından, ailə başçısını itirməyə görə pensiya almaq hüququ var. Onun əri X6 17 il ərzində dövlət qulluqçusu kimi işləmişdir. Əri vəfat etməmişdən son 3 il ərzində dövlət qulluğunda işləməmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ona dövlət qulluqçusu kimi pensiya almağa imkan verir. Belə ki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Yəni ərinin 17 il dövlət qulluğunda işləməsi, ona dövlət qulluqçusu kimi pensiya almaq hüququnu verir, baxmayaraq ki, karyerasının son 3 ilini dövlət qulluqçusu kimi işləməmişdir. Ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.İddiaçı Türmən qızı, xx xxxxxx 2017-ci il tarixli Ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizədə, Azərbaycan Respublikasının müvafiq Qanunları ilə onun 1993-cü il tarixdə vəfat etmiş əri X3 dövlət qulluqçusu pensiyasını almaq hüququnun olmasını əsaslandırmışdır. Lakin, cavabdehin xx xxxxxx 2017-ci il tarixli, xx/xx-5500 nömrəli məktubunda qeyd edilir ki, ona xx xxxxxxx 1995-ci il tarixdən, qüvvədə olan mövcud qanunvericiliyə görə uyğun yaşa görə əmək tensiyası təyin edilmişdir. Həmçinin xx xxxxxx 2017-ci il tarixinə aldığı pensiyanın məbləği 204,23 manat təşkil etdiyi də ayrıca qeyd edilmişdir. Məktubda, DSMF-nin xx xxxxxxx 1996- cı il tarixli Qərarı ilə onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya kəsildiyi barədə məlumat göstərilməyib. Bunlardan əlavə, məktubda ərinin vəfat etdiyi zaman “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməməsinə istinad edərək onun dövlət qulluqçusunun ailə başçısını itirməyə görə pensiya almaq hüququnun olmaması qeyd olunmuşdur. Lakin, pensiyanin təyin edilməsinə dair sənədləri analiz etdikdə o qənaətə gəlmək mümkündür ki, ona yaşa görə deyil, məhz ailə başçısını itirməyə görə 1996-cı il tarixdən pensiya təyin olunub, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.8-ci bəndinə əsasən müəyyən olunmuş əlavələri almamışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.1995-ci il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixə pensiyasının məbləği 215.88 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və Fərmanda nəzərdə tutulan qaydalar 2005-ci ilin sentyabrın 1-dən tətbiq edilir. Dövlət orqanlarında Dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 03 sentyabr tarixli 569 Nə-li Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında Qanun”a əsasən Hakimiyyət səlahiyyəti verilən Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il i tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Məlumat üçün bildirilir ki, həmin qanunlar qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu Dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 faiz miqdarında pul təminatını, müvafiq ixtisas dərəcəsini, il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir. Vətəndaş İddiaçı mərhum əri X6 xx.xx.1993-cü il tarixdə vəfat etdiyi zaman “Dövlət qulluqçularının pensiya təminatı” haqqında qanun qüvvəyə minməmişdir. Qeyd edilən səbəbdən də onun dövlət qulluğunun ailə başçısı itirməyə görə pensiya almaq hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş,lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surətini məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.1995-ci ildən İddiaçı ailə görə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddia tələbindən görünür ki, vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş pensiya məbləğinin dəyişdirilərək yenidən hesablanıb, müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 22.8-ci maddəsinə əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələnin düzgün həll edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun ümumi müddəalarına və bir sıra normalarına açıqlama verilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən Azərbaycan Respublikasında əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində müəyyən kateqoriyadan olan şəxslərə əmək pensiyasının hesablanması zamanı güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, güzəştli qaydada pensiyalar ümumilikdə üç istiqamətdə tətbiq edilir: - birincisi, uşağa qulluğa görə pensiya yaş həddində tətbiq olunan güzəşt; - ikincisi, əmək şəraiti xüsusilə ağır və zərərli sahələrdə çalışanlara yaşa görə verilən güzəşt; - üçüncüsü, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə münasibətdə pensiya yaş həddində və (və ya) pensiya məbləğində nəzərdə tutulan güzəşt. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə güzəştli şərtlərlə pensiyanın hesablanması zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100% həcmində onun pensiyasının sığorta hissəsinə qulluq stajına görə əlavə edilir. Hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına və qanunla əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilən digər şəxslərə pensiya yuxarıda göstərilən şərtlərlə hesablanır. Bu şərtlərlə pensiya hüququnun yaranması üçün əsas 15- 35 il minimum qulluq stajına malik olmaqdır. Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərə münasibətdə hesablanmış pensiya məbləğinin artırılması isə Qanunun 20.14-cü maddəsinə uyğun olaraq şəxsin əmək haqqındakı, təminat xərcliyindəki və ya dövlət məvacibindəki “sonrakı artımlar” nəzərə alınmaqla pensiyasının yenidən hesablanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mərhum ərinin iddia tələbində qeyd edilən əlavələri alması iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 üzrə Mərkəzi Filialına qarşı vəzifə maaşı, 15%-lik əlavə haqq, 30%-lik əlavə haqq və müavinət nəzərə alınmaqla, iddiaçıya təyin olunmuş pensiya məbləğinin dəyişdirilərək yenidən hesablanıb müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2663/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2663/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver