Məhkəmə qərarları › İş №2-1(112)-2667/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2667/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2667/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı cavabdehin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsinə dair 15 oktyabr 2020-ci il tarixli, Ə-84- Ş/h-091-20 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə xidmətə qəbul olunması, məcburi iş buraxmaya görə bütün dövr üçün ödəniş edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Polis İdarəsinin 13 avqust 2013-cü il tarixli, Ə 42 ş/h saylı əmrinə əsasən Yasamal rayon Polis İdarəsini polis nəfəri kimi xidmətə qəbul olunmuşdur. Həmin vaxtadan Yasamal rayonu ərazisində xidmət aparmağa başlamışdır. 13 avqust 2020 ci il tarixdə o, manqa komandiri X9, polis serjantı X2 idarə etdiyi xidməti Fiat markalı ** AP *** dövlət nömrə nişanlı maşınla xidmət apararkən, təxmini saat 16:30 radələrində bir qara rəngli Wolkswagen markalı avtobili idarə edən sürücü avtomaşının qabaq faraları ilə onlara işarə etmiş və avtomaşını saxlamağı xahiş etmişdir. Həmin avtomaşını idarə edən sürücü öz avtomaşınını saxlayıb onlara yaxınlaşmışdır. O və manqa komandiri avtomaşından düşmüş, Pünhan Cəbrayılov avtomaşında qalmış, onlar həmin şəxsə özlərini təqdim etmişlər. Həmin şəxsin təxminən 30-35 yaşı olardı, bədəni kök, saçı qırxılmış vəziyyətdə idi. Həmin şəxs onlara müraciət edərək, evini mühafizə elətdirmək niyyətini onlara çatdırmışdır. Bundan sonra, o və manqa komandiri X9 bildirmişlər ki, DİN-nin Mühafizə polisinə müraciət etmək lazımdır. O, yaşadığı evin Yasamal rayonu, Əsəd Əhmədov küç, Albalı Uşaq bağçasının yanında olmasını bildirmişdir. Bundan sonra, həmin şəxs onlara müraciət edərək qeyd etmişdir ki, onlar çox əziyyət çekir, karantin vaxtında çox yorulurlar. Daha sonra həmin şəxs onun da, polis övladı olduğunu, yaxınlarının polis əməkdaşları olduğunu deyərək əlini cibinə salıb onlara nahar etmək üçün öz istəyi ilə pul vermək istəmişdir. O, həmin şəxsə iki dəfə etiraz edib, onlara nahar üçün pul verməsini qəbul etməyəcəyini bildirmişdir. Həmin şəxs təkidlə onlara nahar etmək üçün 30 manat pul vəsaitini onun ovucuna basmış və dərhal oranı tərk etmişdir. Onlar xidmətlərini davam edərək, həmin şəxsin verdiyi pulun 10 manatını xərcləyib dönər almışlar. Xidmətlərini davam edib, 38 saylı tam orta məktəbin yanından keçərkən, olara uşaqlar yaxınlaşıb həmin məktəbin futbol oynayan meydançada 3 nəfərin narkotik vasitə qəbul etmələrini bildirmişlər. O, manqa komandiri İmanov Alı və Cəbrayılov Pünhan həmin yerə yaxınlaşanda həmin narktik vasitə qəbul edən şəxslər qaçmağa başlamışlar. Onlardan birini o, ikincisini Cəbrayılov Pünhan, üçüncüsünü manqa komandiri tuta bilməmiş, o qaçıb getmişdir. Həmin tutduqları iki nəfər şəxsləri xidməti avtomaşının yanına gətirib polis şöbəsinə çatdırıb, təhvil vermək istəmişlər. Lakin xidməti avtomaşının yanına çatanda görmüşlər ki, xidməti avtomaşının hərəkətini üç avtomaşın ilə dairəvi məhdudlaşdırıblar. Eyni zamanda, orada 7 nəfər mülki paltarda olan şəxslərin olmasını görmüşlər. Onu da, qeyd edir ki, onlar yaxınlaşıb yaxaladıqları yerdə narkotik vasitənin istifadəsi üçün şprits, şüşədə su, bir bağlamada təxminən 10 qr çəkidə ağ narkotikə oxşar maddənin pilləkənin üstünda səliqəli qoyulduğunu görmüşlər. Həmin 10 qr ağ rəngli narkotik vasitənin selofan torbasında olmaqla İmanov Alı götürmüşdür ki, aparıb təhvil versin. Həmin 7 nəfərdən mülki geyimdə olan biri vəsiqə göstərmədən, onun polis polkovnikleytenantı olmasını bildirmişdir. O, həmin şəxslərin hansı polis qurumunda, hansı vəzifədə çalışmalarını soruşmuşdur. Onlar heç biri sualına cavab verməmiş və vəsiqələrini də, göstərməmişlər. Lakin, həmin mülki paltarda olan şəxslər cavab vermişlər ki, tərəflərindən tutulmuş şəxslər barəsində onlar tərəfindən əməliyyat təşkil olunub və bu şəxləri Bakı Baş Polis İdarəsinə getməlidirlər. Onlar hər üçü etiraz edib, bildirmişlər ki, onlar tutduqları şəxsləri ərazi üzrə polis şöbəsinə aparmalıdırlar. Bunun ardınca qeyd etmişlər ki, xüsusi göstəriş var, idarə rəhbərliyinin bundan xəbəri olması kimi cavablandırmışlar. Beləliklə də, onlar və tutduqları hər iki şəxs Bakı Baş Polis idarəsinə gətirilmişdir. Onlar Bakı Baş Polis İdarəsinin CAİ-nin rəisinin xidməti otağına gətirilmişlər. CAİ-nin rəisi onlardan tələb etmişdir ki, ciblərində nə varsa, çıxarıb masanın üstünə qoysunlar. Onun cibində 10 manatlq əskinazı, 40 qəpik pul vəsaitini, silah əvəzedici olduğu üçün onları masanın üstünə qoymuşlar. Bundan sonra, CAİnin rəisi yanında digər mülki paltarda, özünün ad, soyadını və rütbəsini, tututduğu vəzifəsini bildirmədən balaca işıqsaçan qurğu ilə onun cibindən çıxan 10 manatlıq əskinazın üzərinə işıqlandırma aparıb üzərində rüşvət sözü yazılmasını görmüşdür. Bundan sonra, o, həmin pul vəsaitinin yuxarıda qeyd etdiyi qaydada və məzmunda danışıqlardan sonra nahar etmək adı ilə öz arzusu və təkidi ilə onlara adı,soyadı məlum olmayan şəxs tərəfindən 5 dəqiqə ərzində danışıb çıxıb getmiş şəxs tərəfindən verilməsini bildirmişdir. Onu da, qeyd edir ki, nahar etmək üçün onlara verilmiş 30 manat pul təhrik etmək qaydasında təkidlə verilmişdir. O və digər onunla xidmətdə olan əməkdaşlar əvvəllər həmin şəxsi görməmişlər, tanımırlar. Ondan pul tələb etmək üçün nə onun, nədə onunla xidmətdə olan digər əməkdaşların həmin şəxsdən pul tələb etmək üçün hər hansı hüquqi əsas olmamışdır. Həmin şəxs hansısa hüquq pozuntusuna, yaxud cinayət əməli törətməsi barədə onların nə məlumatları var idi, nə də, onun cinayət etdiyi, yaxud hansısa hüquq pozuntusunu törədən anda görməmişlər. Bundan başqa onlar bu məsələni təhlil edərkən, artıq müəyyən olunur ki, həmin pul əskinazlarını əvvəlcədən üzərinə rüşvət sözü yazıb qarşısına çıxan xidmət aparan hər-hansı polis ekipajında xidmət edən əməkdaşlara qarşı təhrik etmə qaydasında qanun tələblərini pozmaqla bu cür əməliyyat aparılsın. Tərəfindən “Polis haqqında” Qanun hər-hansı maddəsi, əmri pozulmamışdır. Həmin şəxs könüllü onlara yardım qaydasında nahar etmək üçün təkidlə pul verməsi hər-hansı qanun pozuntusu yaratmır. İşlədiyi 8 il 07 ay 8 gün ərzində hər-hansı intizam tənbehi olmamışdır. Əksinə xidməti nümunəvi qaydada etməklə 3 dəfə təşşəkür, 2 dəfə pul mükafatı ilə təltif olunmuşdur. Buna görə, barəsində çıxarılmış əmr əsassız və qanunsuzdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi ilə əvəz edilməsi, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən qəbul edilmiş, onun daxili işlər orqanından xidmətdən xaric olunmasına dair 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə bütün dövr üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən qəbul edilmiş, onun daxili işlər orqanından xidmətdən xaric olunmasına dair 14 oktyabr 2020-ci il tarixli, Ə441- 039-20 nömrəli əmrin ləğv edilməsinin əsası ilə bağlı bildirmişdir ki, əmr təhrif olunmuşdur. Belə ki, manqa komandiri X9 Bakı Baş Polis İdarəsinin əməkdaşı X5 ilə qeyd etdiyi qaydada danışıqları onunla və İmanov Alı ilə aparan anda onunla birlikdə avtomaşından düşüb, onunla həm o, habelə Alı söhbətləşmişlər maşında oturan Cəbrayılov Pünhan olub. O, avtomaşından düşməyib və Rüstəmov Pərviz ilə söhbətdə iştirak etməyiblər. Ancaq əmrdə Pünhanı təşrif etmə qaydasında maşından düşmüş kimi, Alını isə maşında oturan kimi təsbit olunmuşdur. Əlavə olaraq, Pərviz könüllü zorla 30 manat pulu vəsaitini ovucuna qoyaraq, həmin 30 manatdan 10 manatlıq hər birinə bir dönər, cəmi 3 dönər, hər birinə bir koka-kola, cəmi 3 ədəd sərinləşdirici suları alıb istifadə etmişlər. Daha sonra əmrdə 13.10. 2020-ci il tarixdə “Volkswagen" markalı avtomaşının sürücüsünə heç bir zərurət olmadan yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da, daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdikləri üçün onu daxili işlər orqanından xidmət etməsindən xaric olunmasına dair 14 oktyabr 2020-ci il tarixli, Ə441-039- 20 №-li əmr ilə X5 özü rəsmiləşdirmə aparmışdır. Halbuki, həmin “Volkswagen" markalı avtomaşının sürücüsü Bakı Baş Polis İdarəsinin əməkdaşı X5 olduğu halda, onun qeyriqanuni soyadı, adı, atasının adı, tutduğu vəzifəsi, rütbəsi qeydə alınmamış, eyni zamanda həmin avtomaşının dövlət qeydiyat nömrəsi göstərilməmiş, həmin avtonəqliyyat vasitəsinin hansı hüquqi əsasında istifadə etməsi rəsmiləşdirilməmişdir. Əgər bu əməliyyat qanuni olsa idi, bütün hərəkətlər açıq aydın sənədləşdirilərdi. Adi bir vətəndaş xüsusi qələmdən istifadə edib, pul əskinazın üzərində rüşvət sözünü yazmazdı. Əgər yazıbdırsa, deməli bu əmliyyatınrüşvət sözünün yazan şəxs polis, yaxud digər orqanın əməkdaşıdır. Bu hal onu təsdiq edir ki, X5 bu qanunsuz əməliyyatı həyata keçirmişdir. O, X2, manqa komandiri, polis baş serjantı X9 əvvəllər X3 nə görmüşlər, nə də, tanımırlar. Onu birinci dəfə 13.10.2020-ci il tarixdə görmüşlər, yuxarıda qeyd etdikləri qaydada söhbətləşmişlər. Həmin tarixdə onun hər-nansı inzibati, cinayət, qeyri-qanun hər hansı hərəkətər etməsini görməmişlər, habelə onun bu həcmdə hər-hansı qeyri-qanuni hərəkət etməsi barədə məlumatı digər orqanlardan da, almamışlar. X5 ilə bağlı hər-hansı qanunsuz hərəkətlər barədə məlumatları olsaydı, onlar bununla əlaqədar, onunla hər hansı söhbətləşmə əvvəlcədən aparmalı, bundan sonra Rüsətimov Pərviz gərək onlardan ayırılıb gedib pul əskinazlarının üzərində rüşvət sözünü yazıb, yenidən qayıdıb həmin pul vəsaitinin qeyd etdiyi qaydada təqdim olunmasını təmin etməlidir. X5 onlarla bir dəfə görüşüb, sonra çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Onlar hansısa qanuna zidd hərəkətlər etməmişlər. O əskinazların üzərində əvvəlcədən rüşvət yazıb, zorla pandemiya, habelə komendant rejimində 30 manat verməklə birbaşa qəsdən təhrik etməklə bu əməliyyat həmin polis əməkdaşı həyata keçirmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət bildirilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Yasamal rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan əməkdaşlar inzibati ərazidə malların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınmasına yönəlmiş Yasamal RPİ rəisinin 11.09.2020-ci il tarixli, Ə-239-091-20 nömrəli əmrinin icrasının təmin edilmsinə cəlb olunmalarına baxmayaraq, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət olunması, küçə ticarətinə, avara və dilənçilikləm məşğul olan şəxslərə, antisanitariya və digər bu kimi inzibati xətalara qarşı mübarizə aparmaq əvəzinə fəaliyyətlərini daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verilməsi üzərində qurmuşlar. Belə ki, 13.10.2020-ci il tarixdə, saat 20.00 radələrində Bakı Şəhər BPİ-nin aidiyyəti xidmət əməkdaşları tərəfindən Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində keçirilən tədbirlər zamanı qeyd olunan avtopatrulda xidmət aparan polis nəfərləri İddiaçı və Pünhan Cəbrayılovun heç bir zərurət olmadan maddi vəziyyətinə görə imkanlı təsəvvürü yaradan « Volkswagen » markalı avtomaşının sürücüsünə yaxınlaşaraq polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqdan sonra oradan getmələri müşahidə olunmuşdur. Bakı Şəhər BPİnin 14.10.2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmri ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq, 13.10.2020-ci il tarixdə heç bir zərurət olmadan “Volkswagen” markalı avtomaşının sürücüsünə yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da, daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı İddiaçı və polis kiçik serjantı X2 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan DİN Cinayət Axtarışı İdarəsinin rəisi tərəfindən Bakı şəhəri BPİ-nin rəisinə ünvanlanmış 13.10.2020-ci il tarixli raportdan görünür ki, məruzə edilərək bildirilmişdir ki, Yasamal rayonu ərazisində “X10” ətrafında “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan serjant rütbəli iki polis əməkdaşının nisbətən imkanlı şəxs təsəvvürü yaradan vətəndaşlara yaxınlaşaraq maddi köməyə ehtiyaclarının olmasını bildirib, 5-10 manat pul istəmələri barədə məlumat daxil olmuşdur. Göstəriş əsasında 13.10.2020-ci il tarixdə keçirilmiş tədbirlərə imkanlı təsəvvürü yaradan şəxsin Yasamal rayonu, Yeni Yasamal ərazisində yolun kənarında dayandığı müddət ərzində “Fiad Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı, 58-60 çağırışlı avtopatrulda xidmət aparan Yasamal RPİ PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı və polis nəfəri, polis kiçik serjantı Pünhan Cəbrayılovun həmin şəxsə yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra ondan pul alması müşahidə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin rəisi polis general-mayoru tərəfindən təsdiq edilmiş 14 oktyabr 2020-ci il tarixli “Yasamal RPİ PPXB-nin əməkdaşlarının barəsində aparılmış xidməti təhqiqatın nəticəsinə dair” rəyin surətindən görünür ki, aparılmış xidməti təhqiqatın yoxlaması nəticəsində Yasamal RPİ PPXB-nin polis nəfərləri İddiaçı və Pünhan Cəbrayılovun inzibati ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq, daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verməsi, manqa komandiri Alı İmanovun tabelikdəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə yüksək məsuliyyət hissi ilə yanaşmalarını təmin etmək əvəzinə birlikdə xidmət apardıqları və tabeliyində olan əməkdaşlar tərəfindən yol verilmiş ciddi nöqsanların qarşısını vaxtında almaması, bölük komandiri Vüsal Amanovun tabelikdəki əməkdaşları xidmətə istiqamətləndirərkən lazımi səviyyədə təlimatlandırmaması, eləcə də, onların xidməti fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətməsi, həmçinin xidmət üzrə rəis müavini Ələkbər Tağıyevin kuratoru olduğu xidmət sahəsinin fəaliyyətini DİN-in aidiyyəti əmr və göstərişlərinin tələblərinə uyğun təşkil etməməsi müəyyən edilmişdir. İşdə olan Yasamal RPİ PPXB-nin polis nəfəri, polis kiçik-serjantı X1 izahatından görünür ki, o, izahatında 13.10.2020-ci il tarixdə Yasamal rayonunda avtopatrul ilə xidmət apardığı zaman tanımadığı şəxsin avtomaşının xarici işıqları ilə saxlamağını xahiş etdiyini, avtopatrulu saxlayıb onu manqa komandiri və sürücünün düşüb qeyd edilən avtomaşına yaxınlaşdığını, bir qədər keçdikdən sonra manqa komandirinin avtopatrula qayıtdığını, vətəndaşın nə dediyini soruşduqda mühafizə polisi ilə müqavilə bağlamaqla bağlı suallarının olduğunu, daha sonra polis nəfəri-sürücüsünün avtopatrula əyləşib hərəkəti davam etdirdiyini, manqa komandiri avtopatrulda olmadığı zaman polis nəfəri sürücüsünün həmin avtomaşının sürücüsü tərəfindən ona məcburən nahar etməsi üçün 30 manat pul verməsini bildirdiyini, manqa komandirinin həmin puldan xəbərinin olmadığını, əlavə olaraq 38 nömrəli məktəbin arxasında narkotik vasitənin istifadəsi ilə məşğul olan 2 azyaşlının olması barədə məlumat aldıqlarına görə həmin əraziyə yaxınlaşıb azyaşlıları müəyyən etdiklərini, onları PByə apardıqları zaman Bakı Şəhər BPl-nin əməkdaşları tərəfindən saxlanıldıqlarını, onun və Cahandar adlı əməkdaşın üzərinə baxış zamanı hər ikisinin üzərində “rüşvət” yazılmış yazı olan 10 manatlıq pul əsginazının aşkar edilməsini, qalıq 10 manat ilə yemək aldıqlarını, vətəndaşın qeyd olunan 30 manat pulu onlara könüllü verdiyini, etdiyi nöqsanı səmimi qəbul etdiyini bildirmişdir. İşdə olan Yasamal RPİ PPXB-nin manqa komandiri, polis baş serjantı X7 izahatından görünür ki, o, 13.10.2020-ci il tarixdə Yasamal rayonu, D.Bünyadzadə küçəsində iki azyaşlı şəxsin onlara yaxınlaşıb məktəbin həyətində bir neçə nəfərin narkotik vasitə istifadə etmələri barədə verdiyi məlumatla bağlı həmin şəxsləri tutub 29-cu PŞ-nə aparmaq istədikdə polis əməkdaşlarının onlara yaxınlaşaraq Bakı Şəhər BPİ-nə gətirdiklərini, orada polis nəfərləri Cahandar və Pünhanın üzərinə baxış keçirdikləri zaman şəxsdən üzərində rüşvət yazılmış 10 manat məbləğində pulun aşkar olduğunu, həmin vaxt onların pul almalarının ona aydın olduğunu, hadisədən xəbərdar olmadığını bildirmişdir. İşdə olan Yasamal RPİ PPXB-nin polis nəfəri-sürücü İddiaçı izahatından görünür ki, o, izahatında idarə etdiyi “Fiat Doblo” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı, 58-60 çağırışlı avtopatrulla manqa komandiri Ali İmanovla, polis nəfəri Pünhan Cəbrayılovla xidmət apararkən “Albalı” uşaq bağçasının yaxınlığında bir nəfər şəxsin nömrəsini görmədiyi “Volkswagen” markalı avtomobillə onlara yaxınlaşdığını, evinə mühafizə siqnalının çəkilməsi ilə bağlı məlumat əldə etmək istədiyini, məlumatı verdikdən sonra onlara pul təklif etdiyini, 30 manat məbləğində pulu götürdükdən sonra 10 manatına dönər aldıqları, 10 manatını özündə saxladığını, 10 manatını isə Pünhan Cəbrayılova verdiyini, sonra 2 nəfər şəxsin onlara yaxınlaşıb məktəbin həyətində 3 nəfər şəxsin narkotik vasitədən istifadə etdiyini, onları avtopatrula əyləşdirərkən Bakı şəhər BPİ əməkdaşlarının onlara yaxınlaşdığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli, “Yasamal RPİ PPXB-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri barədə” əmrin surətindən görünür ki, həmin əmrin 1-ci bəndinə əsasən “Polis haqqında” Qanunun, DİN-in 2001-212, 205-130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq inzibati ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmyaraq, 13.10.2020-ci il tarixdə ““Volkswagen” markalı avtomaşının sürücüsünə heç bir zərurət olmadan yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqlı məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da, daxil işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal RPİ PPXB-nın polis nəfərləri, polis serjantı İddiaçı və polis kiçik serjantı X2 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “Yasamal RPİ PPXB-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Belə ki, əmrin verilməsinə əsas olmuş sənədlərdə (izahatlarda), əmrdə göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Eləcə də, İddiaçı tərəfindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsin tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. İddia ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: İ. 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar