Məhkəmə qərarları › İş №2-1(112)-2667/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2667/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2667/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən, 25/1 saylı yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, həmin mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin 560 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olmaqla yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı yaşayış evi arxiv sənədlərinə görə xx.xx.1955-ci ildə tikilmiş, 1998-ci ildən iddiaçıya məxsusdur. Yaşayış evi mənzil kimi xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınsa da, evinin yerləşdiyi torpaq (həyətyanı və tikintialtı) sahəsi dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmamışdır. İddiaçı dəfələrlə evinin həyətyanı və tikintialtı torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması barədə aidiyyəti üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, lakin hər dəfə bir bəhanə ilə imtina cavabı verilmiş, evin yerləşdiyi torpaq sahəsinə dair balanssaxlayıcı təşkilatdan icazə istənilmişdir. Bununla bağlı, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Mədəniyyət küçəsi, 25/1 saylı evin 0,56 ha həyətyanı sahəsinin özəlləşdirilməsinə AR Dövlət Neft Şirkətinin xx.xx.2008-cı il tarixli 22\MQ-1440Mİ nömrəli məktubu ilə razılıq verilmiş, həmir məktubu da idarəyə təqdim etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ünvan 2 1 və 2 saylı mənzillərin fərdi yaşayış evinə keçirilməsi və digər fərdi yaşayış evinə birləşdirilməsi və həmin mənzillərin yerləşdiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq **********35 nömrəl xx.xx.2021-ci il tarixli məktubla bildirilir ki, mənzillərin fərdi yaşayış evinə keçirilməsi və yerləşdikləri torpaq sahəsinin onun adına dövlət reyestrinə alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8-ci maddəsinə və AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların müvafiq sənədlər toplusu təqdim olunmalıdır. O, xx.xx.2021-ci ildə təkrarən cavabdeh inziabti orqana müraciət etdi. Cavabdeh xx.xx.2021-ci il tarixli **********97 saylı məktubla ərizəsini təmin etmədi, imtinaya əsas kimi qeyd etdi ki, istifadədə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Həmçinin, Mənzil Məclləsinin 35.1-ci maddəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1. 8.0.9. 8.0.10-cu maddələrinə istinad edilərək ərizəsi təmin edilməmişdir. Qeyd edir ki, hələ xx.xx.1955-ci ildə Bakı Soveti Bakplan yanında Şəhər Hesab İnventarizasiya Bürosu tərəfindən qeyd olunan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin planda yaşayış evinin və torpaq sahələrinin ölçüləri konkret qeyd edilmişdir. Həmin texniki pasport hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biridir. Bundan əlavə, eynilə onun kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/2 saylı yaşayış evi sonradan rəhbəri olduğunuz İdarə tərəfindən yaşayış ev kimi daşınmaz əmlakın dövlət reyestrində “ev 25B” kimi qeydiyyata alınmış, yeni qaydada Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsiev 79 kimi qeyd edilərək, texniki pasportda qeyd olunan 1110 kv.m torpaq sahəsindən 621,8 kv.m sahə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni, iki mənzilə dair 1110 kv.n torpaq sahəsinin 621,8 kv.m hissəsi artıq xx.xx.2020-cı ildə X3 adına özəlləşmiş, ona aid hissə isə sənədləşdirilmir. Bununla da, Xidmətin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ayrıseçkiliyə məruz qalmış Azərbaycan Respublikasının Konstitusiyasında və “İnzibati İcraat haqqında” Qanunda nəzərdə tutulan bərabərlik, sosial ədalət və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixi Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyani sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyi götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüquqi yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanun istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hesab edir ki, qeyd olunan qanuna uyğun olaraq mülkiyyətində olan fərdi yaşayış evinin həyətyani (tikintialtı) torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlə qeydiyyatına alınmalı və vahid əmlak kimi dövlət reyestrindən çıxarış verilməlidir. Görünüyü kimi, dövlətimiz müvafiq qanunla yaşadığımız evlərin torpaq sahələrini əvəzsiz olaraq mülkiyyətimizə verdiyi, habelə torpaq sahəsi ilə bağlı sənədlər mövcud olduğu halda, 1 saylı Bakı Ərazi İdarəsi əsassız olaraq imtina cavabları verir və hüquqların kobud pozuntusu ilə nəticələn hərəkətlər edirlər. 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri də yaşayış evinə dəfələrlə baxış keçirdib, ona məxsus daşınmaz əmlakın 1 yaşayış evindən ibarət olmaqla, fərdi yaşayış evi olduğunu müəyyən ediblər. Bu yaşayış evi bir talvar altında deyil və ya hansısa digər şəxsir paylı mülkiyyətində deyil. Daşınmaz əmlakın dövlət reyestri xidməti səhvən yaşayış evini mənzil kimi qeydiyyata almışdır kı, bu hal onun deyil, həmin təşkilatın səhvidir. Yəni, bu yaşayış evinin nə ümumi pilləkən meydançası, texniki mərtəbəsi, birdən artıq sahəyə xidmət edən texniki zirzəmisi, nədəki mühəndis qurğusu mövcuddur. Daha sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyatı alınır. 13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsindi yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olar sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Həmin halların heç birisi hazırki iş üzrə müəyyən edilməmiş, cavabdehin məktublarında imtinaya əsas olan hallar əsaslandırılmamışdır.

3. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan imtina onunla əsaslandırılmışdır ki, sənədləri təqdim edilmiş əmlaklar daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilləri fərdi yaşayış evinə keçirilməsi və yerləşdikləri torpaq sahəsinin sizin adınıza dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır. Həmçinin istifadənizdə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançalar, piiləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya, xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya imtina cavabı ünvanlanmışdır.

5. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 142412 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25 nömrəli yaşayış evinin 1 saylı mənzili, İddiaçı adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir.

6. Bakplan yanında Şəhər hesab-inventarizasiya bürosu tərəfindən xx.xx.1955-ci ildə tərtib olunmuş plana əlavə eskplikasiyasına əsasən ünvan 4 saylı fərdi yaşayış evi 1925-ci ildə tikilməklə 1 mərtəbədən və 122,60 kv.m sahədən ibarətdir. Həmin yaşayış evinin tikinti sahəsi 122,60 kv.m, tikintisiz hissəsi isə 987,4 kv.m olmaqla, cəmi 1110 kv.m təşkil edir. - Eskiz layihəsinə əsasən ünvan 4 ünvanda 2 mərtəbəli yaşayış evinin eskiz layihəsi «Layihə və Dizayn» mərkəzi tərəfindən tərtib olunmuşdur.

7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ünvan 4 ünvanda İddiaçı tərəfindən inşa ediləcək yaşayış evinin «Layihə və Dizayn» mərkəzi tərəfindən tərtib edilmiş eskiz lahiyəsinin təsdiq edilməsi Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

8. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı evin 0,56 ha həyətyanı sahəsinin özəlləşdirilməsinə AR Dövlət Neft Şirkətinin xx.xx.2008-ci il tarixli 22\MQ-1440Mİ nömrəli məktubu ilə razılıq verilmişdir.

9. ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********8 qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 25, 2 saylı mənzilə xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24cü bənd).

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. İddia tələbi mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi, torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi ilə bağlıdır.

24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: - 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; - 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;.. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən - iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsi – barədə dəlilləri işdə olan sənədlərlə təkzib olunduğu üçün məhkəmə əsassız hesab edir.

26. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı yaşayış evinin yerləşdiyi 560 kv.m torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, Bakı Soveti Bakplan yanında Şəhər Hesab-İnventarizasiya Bürosu tərəfindən xx.xx.1955-ci ildə qeyd olunan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin planda yaşayış evinin və torpaq sahələrinin ölçüləri konkret qeyd edilmişdir. Həmin texniki pasport hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biridir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sədədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, iddiaçının mülkiyyətində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sözügedən sənədlərin - hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin mötəbərsizliyinə dair cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

27. Cavabdehin imtinasını istisna edən faktiki şərtləri sübuta yetirmədiyini, iş üzrə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar olmadan iddiaçının müraciətindən imtina etdiyini, qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu nəzərə alaraq iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

28. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 227.1 Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

31. İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir.

32. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı ilə bərabər qonşu olan və 2 saylı mənzil kimi qeydə alınmış mənzil mülkiyyətçisinin müraciəti əsasında xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş edərək, 42,7 kv.m olan 2 saylı mənzili Mədəniyyət küçəsi, 25B saylı fərdi yaşayış evi kimi, altındakı ümumi 1110 kv.m torpaq sahəsinin 621 kv.m hissəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

33. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

34. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

35. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

36. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

37. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

39. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, həmin mənzilin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin yerləşdiyi 560 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində xüsusi mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar