Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2668/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı statusu verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Daxili Qoşunların Baş İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili Qoşunların Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdehlər Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Qeyd 2” hissəsi nəzərə alınaraq İddiaçının müraciətinə baxılması üçün sənədlərinin aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyət üzrə idarəsində yavər vəzifəsində xidmət etmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 286 nömrəli əmri ilə işğaldan azad olunmuş Füzuli rayonuna ezam olunmuş və xx.xx.2020-ci il tarixli, 287 nömrəli əmri ilə Füzuli rayonundan qayıtmış hesab edilmişdir. Lakin həmin müddətdə o, döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsi ilə bağlı X1 müvafiq sənədlərlə müraciət edilmişdir. Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-23/2-M-482xx/xx/2023 saylı məktubu ilə iddiaçıya imtina verilmişdir. İmtina məktubunda iddiaçının döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və orqanlara döyüş tapşırığını və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmadığından, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının verilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdehin imtinası qanunsuzdur və iddiaçıya müharibə veteranı ststusu verilməlidir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının verilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək rütbəli bir zabitin yavəri olmuşdur. “Vətən müharibəsi” gedən dövrdə o, hərbi əməliyyatlar aparılan ərazilərə ezam olunmuş və yavəri olduğu yüksək rütbəli zabitlə birlikdə həmin ərazilərdə olmuş və bütün növ döyüş tapşırıqlarını yerinə yetirmişdir. Onun yavəri olduğu həmin zabitə müharibə veteranı adı verilib. Lakin, ona həmin ad verilməyib. Bununla bağlı müraciət edəndə isə artıq müəyyən olunmuş siyahının dolduğu üçün onun adının həmin siyahıya salınmasının mümkün olmadığı bildirilib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iş materiallarında olan əmrlərdən də görünür ki, iddiaçı döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün döyüş bölgələrinə ezam edilmişdir. Bu isə ona müharibə veteranı adı verilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək rütbəli bir zabitin yavəri olmuşdur. “Vətən müharibəsi” dövründə o həmin zabitlə birlikdə döyüş əməliyyatı aparılan ərazilərə ezam olunsa da, konkret olaraq hər hansı hərbi hissəyə ezam olunmamış və döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu səbəbdən nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müraciətinə baxılmasının nəticələrinə dair xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, müraciətlə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3- 13-14-5/2-1933/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-13-14-5/2-3263/2023 nömrəli məktublarına əsasən müəyyən olunmuşdur ki, Daxili Qoşunların tərkibində müddətli və həqiqi hərbi xidmət keçmiş sabiq hərbi qulluqçu gizir İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-cü il tarixli 286 nömrəli əmri ilə işğaldan azad olunmuş Füzuli rayonuna getmiş hesab edilmiş, lakin həmin müddətdə o, döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməmişdir. Vətəndaş R.Musayevanın müraciəti ilə əlaqədar İdarədə izahatı alınmış sabiq hərbi qulluqçu İddiaçı sözügedən Baş İdarədə xidmət etdiyi dövrdə 2020-ci ilin oktyabr-noyabr ayları ərzində ali rəhbər heyətin yavəri qismində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına, Şuşa şəhərinə və Fladrut qəsəbəsinə ezam olunsa da, aktiv döyüş əməliyyatlarında iştirak etmədiyini, əsas tələbinin ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsindən ibarət olduğunu bildirmişdir. Beləliklə, vətəndaş İddiaçı döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməsi müəyyən edilmədiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Cavabdeh tərəfindən iddiaçıya dair tərtib edilmiş məlumatda göstərilmişdir ki, ehtiyyatda olan gizir İddiaçı xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olub, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 8, mənzil 33-də yaşayır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılmış, Daxili Qoşunların Baş İdarəsinin şəxsi heyət üzrə idarəsində yavər vəzifəsində xidmət etmişdir, ailəlidir. Müəyyən olunmuşdur ki, gizir İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən xx.xx.2020-ci il tarixdən N saylı hərbi hissəyə gəlmiş hesab edilmişdir. xx.xx.2020-ci il tarixli, 286 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən xx.xx.2020-ci il tarixdə Füzuli rayonuna gedərək qazan təminatına daxil edilmiş və xx.xx.2020-ci il tarixli 287 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən Füzuli rayonundan qayıtmış hesab edilmişdir. xx.xx.2020ci il tarixli 288 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən 10-xx.xx.2020-ci il tarixlərdə Füzuli rayonuna gedərək qazan təminatına daxil edilmiş və xx.xx.2020-ci il tarixdə Füzuli rayonundan qayıtmışdır. xx.xx.2023-cü il tarilxi, 221 nömrəli arxiv arayışında göstərilmişdir ki, Arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də gizir İddiaçı Daxili Qoşunların tərkibində müddətli və həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 1. N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli, 82 №-li əmrilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsindən gəlmiş çağırışçılarm siyahısında “əsgər” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, tədris bölüyündə atıcı vəzifəsinə təyin edilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 2. Daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2013-cü il tarixli, 94 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli, 127 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 3. N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli, 124 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 4. N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli, 243 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə göndərilmişdir (əmrdə atasının adı Xudaverdi kimi qeyd edilmişdir); 5.Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2015-ci il tarixli, 44 №-li ş/h üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsindən ehtiyatdan gəlmiş hesab edilərək “kiçik gizir” hərbi rütbəsi verilməklə dayaq rabitə qovşağının 2-ci taqımının 2-ci səyyar rabitə manqasında operator vəzifəsinə təyin edilmişdir; 6. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli, 48 №-li ş/h üzrə əmrilə dayaq rabitə qovşağının 2-ci taqımının 2-ci səyyar rabitə manqasında operator vəzifəsindən azad edilib, 1-ci taqımın 2-ci manqasında texnik vəzifəsinə təyin edilmişdir; 7. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2017-ci il tarixli, 52 №-li ş/h üzrə əmrilə növbəti “gizir” hərbi rütbəsi verilmişdir; 8. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli, 70 №-li ş/h üzrə əmrilə dayaq rabitə qovşağının 1-ci taqımının 2-ci manqasında texnik vəzifəsindən azad edilib, DQBİ-nin qərargahında yavər vəzifəsinə təyin edilmişdir;
9. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 126 №-li n/h üzrə əmrilə N oktyabr 2020-ci il tarixdən N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir; 10. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 138 №-li n/h üzrə əmrilə 11 noyabr 2020-ci il tarixdən N saylı hərbi hissədən Şuşa şəhərinə ezam edilmişdir; 11. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 141 №-li n/h üzrə əmrilə 18 noyabr 2020ci il tarixdən Şuşa şəhərindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. Qeyd: Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının 2021-ci ildən və hərbi hissə komandirlərinin 2016-cı ildən sonrakı dövrü əhatə edən əmrləri arxivə təhvil verilmədiyi üçün sonrakı xidməti barədə hər hansı məlumatın verilməsi mümkün deyildir. N saylı Hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən iddiaçı barəsində tərtib edilmiş 06 dekabr 2023-cü il tarixli arayışında göstərilmişdir ki, ehtiyatda olan gizir İddiaçı Vətən müharibəsində yerinə yetirdiyi tapşırıqlara dair və digər əmrdən çıxarışlar toplanmışdır. Belə ki, İddiaçı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli ş/h üzrə əmrlərinə əsasən xx.xx.2020-ci il tarixindən N saylı hərbi hissəyə gəlmiş hesab edilmişdir. Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 286 nömrəli ş/h üzrə əmrlərinə əsasən xx.xx.2020-ci il tarixdən Fizuli rayona gedərək qazan təminatına daxil edilmiş və xx.xx.2020-ci il tarixdə Fizuli rayonundan gələrək N saylı hərbi hissənin qazan təminatına daxil edilmişdir. Hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 288 nömrəli ş/h üzrə əmrlərinə əsasən 10-xx.xx.2020-ci il tarixlərdə Fizuli rayona gedərək qazan təminatında olmuşdur. xx.xx.2020-ci il tarixdə Fizuli rayonundan gələrək Daxili Qoşunların Baş İdarəsinə getmiş hesab edilmişdir. N saylı Hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli, 262 saylı əmrindən çıxarışa əsasən, xidməti zərurətlə əlaqədar müvəqqəti ezam olunaraq Daxili Qoşunların Baş İdarəsindən, N və N saylı hərbi hissələrdən gəlmiş və N oktyabr 2020-ci il tarixdən hərbi hissəyə gəlmiş hesab edilmiş hərbi qulluqçular siyahısında iddiaçının adı göstərilmişdir. N saylı Hərbi hissə komandirinin 08 noyabr 2020-ci il tarixli, 286 saylı əmrindən çıxarışa əsasən, Daxili Qoşunların Baş İdarəsindən müvəqqəti ezam gəlmiş gizir İddiaçı xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə 08 noyabr 2020-ci il tarixdə Fizuli rayonuna getmiş hesab edilmiş və Fizuli rayonu üzrə qazan təminatına daxil edilmişdir. N saylı Hərbi hissə komandirinin N noyabr 2020-ci il tarixli, 287 saylı əmrindən çıxarışa əsasən, xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Fizuli rayonuna getmiş Daxili Qoşunların Baş İdarəsinin və N saylı hərbi hissənin N noyabr 2020-ci il tarixdə Fizuli rayonundan gəlmiş hesab edilmiş və Fizuli rayonu üzrə qazan təminatından çıxarılaraq hərbi hissənin qazan təminatına daxil edilmiş hərbi qulluqçular siyahısında iddiaçının adı göstərilmişdir. N saylı Hərbi hissə komandirinin N noyabr 2020-ci il tarixli, 288 saylı əmrindən çıxarışa əsasən, xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Daxili Qoşunların Baş İdarəsinin və N saylı hərbi hissənin N noyabr 2020-ci il tarixdə Fizuli rayonuna getmiş hesab edilmiş və Fizuli rayonu üzrə qazan təminatına daxil edilmiş hərbi qulluqçular siyahısında iddiaçının adı göstərilmişdir. N saylı Hərbi hissə komandirinin 17 noyabr 2020-ci il tarixli, 295 saylı əmrindən çıxarışa əsasən, xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Fizuli rayonuna getmiş Daxili Qoşunların Baş İdarəsində xidmət edən gizir İddiaçı 17 noyabr 2020-ci il tarixdən Fizuli rayonundan gələrək Daxili Qoşunların Baş İdarəsinə getmiş hesab edilmiş və Fizuli rayonu üzrə quru ərzaq payından çıxarılmışdır. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən təqdim edilmiş iddiaçının şəxsi işinin təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaya dair yazılı münasibətdə göstərilən əsaslar qeyd edilmişdir.
Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir.
İddianın mümkünlüyü:
İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin iddiaçının tələbindən imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir.
İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi:
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin bəndin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, ikinci Qarabağ müharibəsində iştirakı ilə əlaqədar şəxsə müharibə veteranı adı verilməsi üçün həmin şəxs 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hərbi qulluqçu və ya hərbi hissənin mülki personalı kimi hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş olmalı və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Daxili Qoşunların tərkibində müddətli və həqiqi hərbi xidmət keçmiş sabiq hərbi qulluqçu olan iddiaçı hərbi əməliyyatların getdiyi dövrdə, yəni 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində N oktyabr 2020-ci il tarixində döyüş aparılan ərazilərə, həmçinin 08-N noyabr tarixlərində isə Füzuli rayonu ərazisinə ezam edilmişdir. Ezamiyyət barədə əmrlərdə yalnız iddiaçının Füzuli rayonun ezam edilməsi göstərilmiş, onun hansısa döyüşən hərbi hissəyə ezam olunması barədə heç bir göstəriş olmamışdır. İddiaçı öz izahatında da xidmət etdiyi dövrdə 2020-ci ilin oktyabr-noyabr ayları ərzində yüksək rütbəli zabitin yavəri qismində Füzuli rayonunda, o cümlədən döyüş əməliyyatları aparılan ərazilərə ezam olunaraq getdiyini bildirmişdir. Yuxarıda qeyd olunan “Qaydalar”ın müddəalarından da görünür ki, şəxsə müharibə veteranı adının verilməsi üçün o, müharibə aparılan ərazidə yerləşən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş olmalı, yaxud döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olmalıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə N saylı hərbi hissə komandirinin əmrləri ilə Füzuli rayonuna ezam olunsa da, döyüş təminatı ilə bağlı tapşırıqların icrasına və döyüş əməliyyatlarına cəlb edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının verilməsi mümkün olmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı statusu verilməsi üçün sənədlərin göndərilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Emin Abdullayev