Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-267/2023 02.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Hazırkı iş üzrə isə iddiaçı onun çatmaq istədiyi məqsədə uyğun olmayan iddia qaldıraraq vergi borcunun hesablanmasına əsas olmuş qərarın qüvvədən düşdüyünü nəzərə almamışdır. Belə ki, iş materiallarında olan 27 noyabr 2020-ci il tarixli qərardan görünür ki, iddiaçı barəsində vergi borcunun hesablanması barədə cavabdeh tərəfindən inzibati akt qəbul edilmişdir. İddiaçı da həmin qərarın ləğvi ilə bağlı iddia qaldırmışdır. Daha sonra isə cavabdeh tərəfindən 06 dekabr 2022-ci il tarixdə yeni qərar qəbul edilərək 27 noyabr 2020-ci il tarixli qərar ləğv edilmişdir. Göründüyü kimi iddianın predmetini təşkil edən inzibati akt cavabdehin qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir ki, bu baxımından onsuz da ləğv edilmiş, heç bir hüquqi nəticə yaratmayan 27 noyabr 2020-ci il tarixli qərarın ləğvinə məhkəmə icraatı gedişində hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddianın predmetini təşkil edən hüquqi nəticəsi olmuş olan inzibati akt ləğv edilərək onun hüquqi nəticələri də aradan qaldırılmış, iddiaçı barəsində yeni qərar qəbul edilmişdir, qüvvədən düşmüş qərarın ləğvinə dair iddianın da mümkünlük şərtlərinin ödənilməməsi aşkar müəyyən edilir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən hüquqi nəticələrə səbəb olan 06 dekabr 2022-ci il tarixli qərar qəbul edilmişdir ki, iddiaçı həmin qərarın ayrıca məhkəmə icraatı qaydasında baxılmaqla mübahisələndirilməsinə dair iddia irəli sürmək hüququna malikdir ki, məhkəmə həmin hüququn iddiaçıya izah edilməsini zəruri hesab edir. Bu səbəbdən də həmin qərarın da tanış olunması, eləcə də zərurət iddiaçı tərəfindən müəyyən ediləcəyi təqdirdə tanış edilməsi üçün qərar iddiaçıya hazırkı qərarın surəti ilə birlikdə iddiaçıya təqdim edilməsi zəruridir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddianın predmeti və əsasının eyni zamanda dəyişdirilərək 06 dekabr 2022-ci il tarixli qərarın ləğvinə yönələn iddiaya dəqiqləşdirilmə edilməsinə də prosessual əsaslar mövcud olmadığından iddianın növbəti mümkünlük şərtinin ödənilməməsinə səbəb olacaq həmin prosessual hərəkətin yerinə yetirilməsi də məqbul hesab edilməməlidir. Belə ki, AR İPM-nin: 54.1. İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Analoji müddəa MPM-nin 53-cü maddəsində də nəzərdə tutulmuşdur ki, həmin müddəanın şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, MPMin 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. Məhkəmə hesab edir ki, 06 dekabr 2022-ci il tarixli qərarın da mübahisələndirilməsi tamamilə yeni iddianın olması anlamına gəlir ki, iddiaçıya hazırkı icraat əvəzinə yeni iddia verilməklə həmin inzibati aktın ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-267/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-267/2023
02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver