Məhkəmə qərarları › İş №2-1(112)-267/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-267/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-267/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinə (üçüncü şəxs X8) qarşı “tikintinin dayandırılması barədə qərarın qəbul edilməsi və s.” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanında həyata keçirilən qanunsuz tikinti ilə bağlı qanuna müvafiq araşdırılmaların aparılması və lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evinə bitişik torpaq sahəsində (ünvan: Mərdəkan qəs., sahə 49T; mülkiyyətçi-X8) tikinti işlərinin, digər qanunsuzluqlarla yanaşı həmçinin müvafiq qaydada təsdiqlənmiş layihə olmadan binanın (bundan sora- “Bina”) bu ilin mart ayından inşa edilməsi barədə (özbaşına tikinti) cavabdehlərə məlumat verilməsindən sonra, ancaq 05 may tarixində (yəni,tikinti başlanandan 2 ay sonra) həmin layihə tərtib edildi və iddiaçıya təqdim olundu. Layihə, buna dair müvafiq dövlət lisenziyası olan müəssisə tərəfindən əsasən qanunvericiliyin normalarına uyğun tərtib edilib, lakin Şəhərsalma və Tikinti Məcəlləsinin 80.6-cı maddəsinin və AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 NQ-U Qərarın 4.2-1-ci bəndinin tələblərinə zidd olaraq layihə Xəzər RİH tərəfindən Tikintilərin Dövlət Reyestrinə təqdim edilməyib və burada qeydiyyatdan keçməyib. İnşa edilən binanın əsas xarici göstəriciləri (uzunluğu, eni, hündürlüyü) bütövlüklə dəyişdirilib və layihənin baş planı üzrə müvafiq göstəricilərdən köklü surətdə fərqlənir; layihə üzrə binanın uzunluğu 11600 mm olduğu halda,faktiki olaraq bu ölçü 13300 mm təşkil edir; layihə üzrə binanın eni 9700 mm olduğu halda, faktiki olaraq bu ölçü 10500 mm təşkil edir; layihə üzrə binanın birinci mərtəbəsinin hündürlüyü (“0” səviyyədən) 2,7 metr olduğu halda, faktiki olaraq bu ölçü 4,0 metr təşkil edir. Binanın bütün xarici ölçülərinin layihədən tamamilə fərqli olduğu kimi onun faktiki daxili parametrləri də bütövlüklə layihədən fərqlənir. Binanın xarici divarları və tikinti sahəsinin hasarı ilə olan faktiki ara məsafələr (hər üç qonşu tərəfdən 1000 mm) layihə üzrə nəzərdə tutulmuş 1200 mm-lik müvafiq minimal göstəricidən də azdır - halbuki, hətta bu minimal rəqəm də divara vurulan suvaq-döşəmələri və dam örtüyünün çıxıntılarını nəzərə almır. Binanın birinci mərtəbəsi kimi, onun 2-ci mərtəbəsinin hündürlüyü artıq 1800 mm ölçüdə inşa edilib. Halbuki layihəyə əsasən bu göstərici 600 mm olmalıdır. Bununla da binanın çöl divarının hazırki ümumi hündürlüyü faktiki olaraq 5,8 metr təşkil edir (hələ dam örtüyünün hündürlüyünü də nəzərə almayaraq) və belə olan halda hər üç qonşunun hasarları ilə minimal ara məsafə ən azı 1740 mm təşkil etməlidir (hazırda 1000 mm). Binanın inşası buna səlahiyyətləri olmayan şəxslər tərəfindən həyata keçirilir. AR Şəhəralma və Tikinti Məcəlləsinin 49,51 -52-ci maddələrinin mütləq tələblərinə zidd olaraq tikinti üçün podrat müqaviləsi və işçilərdə tikinti-quraşdırma peşə sahəsində peşəkarlıq sertifikatları olmadan, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və fərdi sahibkarlıqla məşqul olmaq üçün xüsusi razılıq (lisenziya) almadan AR ŞTM-nin 48.1-ci və 80.4-cü maddələrinin mütləq tələblərinə zidd qaydada,binanın inşası bu ilin mart ayının ortalarında başlanılıb - halbuki, tikintiyə dair layihə bunlar tərəfindən tikinti başlanıldan 2 ay sonra alınıb. Binanın xarici divarlarından ərazinin sərhədinə qədər minimal ara məsafələrinin qanunla nəzərdə tutulmuş ölçüdə saxlanılmaması və tikintidə işləyən şəxslərin buna dair müvafiq dövlət icazəsi olmadığı üçün, insanların həyat və sağlamlığı üçün real təhlükələr yaradılır. Beləliklə,sadalanan faktlaran aşağıdakılar müəyyən olunur: mart ayında başlayan bu tikinti müvafiq qaydada təsdiq olunmuş layihə olmadan başlanılıb; binanın bütün faktiki xarici və daxili ölçüləri, təsdiq olunmuş layihədəki göstəricilərdən köklü surətdə fərqlənir; binanın inşası zamanı onun hündürlüyü qanunsuz qaydada xeyli artırılır, qonşu sahələri ilə minimal təhlükəsizlik ara məsafələri isə, əksinə, qanunsuz qaydada kiçildilir; binanın inşası tikinti-quraşdırılma işlərinə dair peşə sertifikatları olmayan və müvafiq dövlət qeydiyyatı (lisenziyası) olmayan şəxslər tərəfindən həyata keçirilir. Cavabdeh Bakı şəhər Cavabdeh2 tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, Azərbaycan Respublikası Prezidentinin 17.01 2014cü il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, Nazirliyin Tikintidə X6 Agentliyi və Tikintidə X6 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Həmin Qaydalara görə mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti- quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5- ci maddəsinin tələbinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. ‘'Azərbaycan Respublikasının ŞəhərsaLma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il, 29 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10-cu bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı dedikdə Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, Mənzil Məcəlləsinin 24 və 27-ci maddələrinə əsasən, yaşa ış sahəsinin yenicən qurulması (yenidən planlaşdırılması) müvafiq yerli icra hakimiyyəti orqanının qərarı əsasında aparılmalıdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsi liyə X10 tərəfindən yalnız məlumatlandırma icraatı çərçivəsində vəha tikintisinə İcazƏ verilmiş obyektlər barədə yerli icra hakimiyyətinin müvafiq məlumatı əsasında tikinti-quraşdırma işlərinin aparılmasına dövlət nəzarəti həyata keçirilir. Belə ki, Məcəllənin 80-cı maddəsinin tələbləri insanlar üçün fərdi yaşayış evlərinin tikintisinə aiddir. Həmin maddənin tələblərinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan ərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Tikintiyə X6 Agentliyi tərəfindən tərtib olunmuşdur: xx.xx.2022-ci il tarixli 0016 №-li göstəriş vətəndaşa təqdim olunmuşdur. Həmin Göstərişdə 30 gün müddətində qanunvericiliyin tələblərinə uyğun qaydada layihənin razılaşdırılması və tikinti işlərinin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmasının təmin edilməsinə dair X7 göstəriş verilmişdir. Bu pozuntular aradan qaldırlmadıqda vətəndaşı inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Agenlik tərəfindən xx.xx.2022-ci il tarixli, MN N°0881977 “inzibati xəta haqqında Protokol” və ona əsasən tərtib edilmiş MN NQ0896018 “inzibati tənbeh vermə haqqında Qərar” tərtib edilmiş və X7 təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1187/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən qanunsuz tikili işlərinin dayandırılması barədə qərar çıxarılması, tərtib edilmiş rəsmi sənədlərdən sonra (akt, göstəriş, protokol) burada qanunsuz tikinti işlərini davam etdirən şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunması üçün lazımi hərəkətlər edilməsi, müraciətlərinə qanunauyğun qaydada tam və əsaslandırılmış rəsmi cavab verilməsi, Bakı şəhəri Cavabdeh2 tərəfindən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə tikintinin dayandırılması üçün məhkəməyə, AR FHN-nə müraciət edilməsi, irad olmadığı halda isə AR FHN-nə müvafiq məlumat göndərilməsi, təsdiq edilmiş layihənin qeydiyyatdan keçirilməsi, tikintiyə nəzarət edilməsi, tikinti işlərinin sifarişçi tərəfindən dayandırılmasının yazılı qaydada tövsiyə edilməsi və aşkar olunmuş pozuntular barədə AR FHN-nə və məhkəməyə müraciət edilməsi, ona ünvanlanmış müraciətlərin qanunamüvafiq qaydada cavablandırılmasına”dair iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. İdiaçı İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respubllikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi tərəfindən qanunsuz tikinti işlərinin dayandırılması və təqsirkar şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün lazımi hərəkətlərin edilməsi, Cavabdeh2 tərəfindən layihənin qeydiyyatdan keçirilməsi, tikintiyə nəzarət edilməsi, tikinti işlərinin sifarişçi tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edilməsi və aşkar olunmuş pozuntular barədə FHN-ə və məhkəməyə müraciət edilməsi, ona ünvanlanmış müraciətlərinin qanunamüvafiq qaydada cavablandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1187/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı olan hissədə “Təsdiq edilmiş layihənin RİH-də qeydiyyatdan keçirilməsi və tikinti barədə məlumatın AR FHN-nə təqdim olunması (yeni rəsmiləşdirilməsi); tikintiyə nəzarət edilməsi, tikinti norma və qaydalarına riayət edilməməsi aşkar olunduğuna görə tikinti işlərinin sifarişçi tərəfindən dayandırılmasının yazılı qaydada tövsiyə edilməsi, görülmüş tədbirlər barədə iddiaçının müraciətinə qanunvericiliyə uyğun qaydada tam və əsaslı rəsmi cavab verilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Bakı şəhər Cavabdeh2nə qarşı hissədə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən:

1. qanunsuz tikili işlərinin dayandırılması barədə qərar çıxarılması;

2. tərtib edilmiş rəsmi sənədlərdən sonra (akt, göstəriş, protokol) burada qanunsuz tikinti işlərini davam etdirən şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunması üçün lazımi hərəkətlər edilməsi;

3. müraciətlərinə qanunauyğun qaydada tam və əsaslandırılmış rəsmi cavab verilməsindən ibarətdir. İş materiallarında olan sənədlərdən görünür ki: RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X4 və X9 paylı mülkiyyətindədir. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına Memarlıq-planlaşdırma bölməsi eskiz layihəsi tərtib olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2022-ci il tarixli, 0016 №-li göstərişə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T-də fərdi yaşayış evinin tikintisi ilə bağlı əlaqədar müəyyən olunmuşdur ki, layihədən kənarlaşaraq tikinti-quraşdırma işləri aparılır. Pozuntuların aradan qaldırılması üçün göstəriş: Şəhərsalma və tikinti məcəlləsinin 92.1.1-ci maddəsinin tələblərinə uyğun layihənin müvafiq qaydada razılaşdırılması və tikinti işlərin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmasının təmin edilməsidir. Həmin pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 49T saylı sahədə inşa olunmuş fərdi yaşayış evinin tikintisinin dayandırılmaması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0016 saylı göstərişə əməl olunmadığına görə X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 iyun 2022-ci il tarixli, MİHO/2.1.1- 2-2022-2363 nömrəli məktubunda qeyd olunmuşdur ki, yerində baxış zamanı X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındaki 0,03 ha torpaq sahəsi ara məsafəsi saxlanılmadan 100 km.m-ə yaxın ölçüdə 2 mərtəbəli fərdi yaşayış evinin inşası müşahidə olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 Başçısı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1090 nömrəli məktubdan görünür ki, qeyd olunan əraziyə Cavabdeh2 Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən baxış keçirilmişidr. Baxış zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılması üçün torpaq sahəsinə və tikintiyə dair hüquqmüəyyənedici sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, məktubda qeyd olunan ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən vətəndaş X5 adına qeydiyyata alınaraq çıxarışa əsasən X5 adına qeydiyyata alınaraq mülkiyyətindədir. Vətəndaş S.M.Orucova mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq bir mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edir. Təkrarən baxış zamanı tikinti işlərinin dayandırıldığı və ərizədə qeyd olunan məsələ ilə bağlı hal-hazırda məhkəmə prosesinin dava etdiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının müraciəti nəzərə alınaraq cavabdeh tərəfindən üçüncü şəxsin tikinti zamanı yol verilmiş pozuntuların aradan qaldırılması barədə qəbul edilmişdir. İddiaçı hazırda bu qərarla razılaşmayaraq, həmçinin tikintinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: - Maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; - maddə 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. - maddə 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.10. həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması” Qaydasının: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. 2.1. Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir: 2.1.1. tikinti işlərinin tikintiyə dair icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 2.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 2.1.3. şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə zidd olaraq, uyğunluq sertifikatı olmayan tikinti materiallarından və məmulatlarından istifadə edildikdə; 2.1.4. Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və ya sertifikatı olmayan şəxslər tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə işlərinə cəlb edildikdə. 3.1. Tikinti işləri həyata keçirilərkən aşağıdakı pozuntular aşkar olunduqda, texniki baxış aktı tərtib edilir və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir: 3.1.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 3.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, 3.1.3. bu Qaydanın 2.1.1-ci yarımbəndində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı Göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 (dörd) ay müddətində aradan qaldırılmadıqda; 3.1.4. bu Qaydanın 2.1.2-ci yarımbəndində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı Göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 (altı) ay müddətində aradan qaldırılmadıqda; 3.1.5. bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı Göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 (bir) ay müddətində aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik çərçivəsində tikinti fəaliyyətləri ilə bağlı hüquqi tənzimləmələr bir neçə mühüm prinsipə əsaslanır. Bu prinsiplərdən biri də tikinti işlərində normativ tələblərə uyğunluğun təmin edilməsidir. Belə ki, hər hansı tikinti fəaliyyətinin qanunvericilikdən irəli gələn tələbləri pozması hallarında ya tikintinin icrası dərhal dayandırılmalı, ya da mövcud uyğunsuzluğun aradan qaldırılması məqsədilə qanunla müəyyən edilmiş qaydada göstəriş verilməlidir. Hər iki halda, tikintinin dayandırılması və ya göstərişin verilməsi üçün qanunvericiliklə tələb olunan əsaslandırılmış sənədlərin mövcudluğu vacibdir. İşdən görünür ki, iddiaçının müraciəti əsasında cavabdeh üçüncü şəxs tərəfinən aparılan tikinti işləri dayandırılmadan yol verilən pozuntuların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Qanunverici bu göstərişdən sonra tikintinin dayandırılması barədə qərarın qəbul edilməsini o zaman müəyyən edir ki, şəxs həmin göstərişə əməl etmir. Lakin iş materialları ilə bu hal öz təsdiqini tapmır. Çünki istər iddiaçı, istərsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında öz izahatında üçüncü şəxs tərəfindən mübahisəli ünvanda aparılan tikintinin ümumiyyətlə dayandırıldığını bildirmişlər. Göründüyü kimi, cavabdeh üçüncü şəxsə tikinti işlərini dayandırmadan yol verilən pozuntuların aradan qaldırılması üçün vaxt versə də, üçüncü şəxs tərəfindən mübahisəli tikinti tam dayandırılmışdır. Belə olan halda, aydındır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilməsi üçün tələb olunan şərtlər hazırkı iş üzrə mövcud deyil. Bundan əlavə, iddiaçının digər tələbi cavabdeh orqanın müraciətə düzgün cavab vermədiyi iddiasıdır. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh orqan iddiaçının ərizəsinə qanunvericilikdə nəzərdə tutulan müddət və qaydada cavab vermişdir. Beləliklə, Nəticə etibarilə, məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar