Məhkəmə qərarları › İş №2-1(112)-2671/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2671/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2671/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı Anatoliyeviçin, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Anatoliyeviçin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilə mülkiyyət hüququnun qeydiyyatında və texniki pasportda dəyişiklik edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Anatoliyeviç cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilə mülkiyyət hüququnun qeydiyyatında və texniki pasportda dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Anatoliyeviç ailəsi ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılıov prospekti, 62 saylı evin 3 saylı mənzilində yaşayır. Həmin mənzil ona 19 iyul 2022-ci il tarixində nənəsi X5 tərəfindən bağışlama müqaviləsi əsasında hədiyyə verilmişdir. Mənzilin keçmiş qeydiyyat vəsiqəsi 8 yanvar 1994-cü il tarixdə nənəsi X2 adına verilmişdir. 3 mart 1994-cü il tarixdə isə nənəsinin adına həmin evin texniki posportu verilmişdir. 1994-cü ilin texniki posportuna əsasən həmin ünvanındakı ev 54.3 kv/m təşkil edirdi və həmin texniki posport evin faktiki ölçüləri ilə uyğun gəlirdi. İddiaçı 19 iyul 2022-ci il tarixli bağışlanma müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək evə dair öz adına reyestrdən çıxarış və texniki pasport almışdır. Beləliklə, 26 iyul 2022-ci il tarixdə iddiaçının adına yeni ********** saylı reyestrdən çıxarış və yeni texniki posport verilmişdir. Həmin çıxarışdan görünür ki, onun evinin ölçüsü 54,3 kv.m əvəzinə 32,12 kv.m yazılmışdır. Yeni texniki posportan isə görünür ki, həmin sənəddə əvvəlki texniki posportda göstərilən və faktiki olan bəzi tikililər əks olunmamışdır. Bu səbəbdən də iddiaçı 10 avqust 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək yaranan yalnışlığın aradan qaldırılmasını və evin yenidən ölçülərək faktiki ölçüdə, yəni əvvəlki texniki posportdakı ölçüdə yeni texniki posportun verilməsini tələb etmişdir. Təxminən 15 avqust 2022-ci il tarixdən Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı gələrək onun evinə baxış keçirmiş və bütün əmlakı ölçərək köhnə texniki posportla eyni ölçüdə olduğunu təsdiqləmiş, yeni texniki posportda evin ölçüsünün səhv yazıldığının şahidi olmuş və buraxılmış səhvin aradan qaldırılacağını bildirmişdir. Lakin 13 sentyabr 2022-ci il tarixdə iddiaçının ünvanına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış müraciətinin cavabı daxil olmuşdur. Xidmətin 8 sentyabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətlə əlaqədar aparılmış araşdırma zamanı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin 19 iyul 2022-ci il tarixdə ünvan 2 ofisində bağlanmış “daşınmaz əmlakın bağışlanması müqaviləsi" əsasında onun adına rəsmiləşdirilərək verilmiş 26 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın qanunvericiliyə uyğun verilməsi müəyyən edilmişdir. Halbuki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilən müraciət əsasında həmin İdarənin əməkdaşı gələrək evi yenidən ölçmüş və yalnışlıqla evin sahəsinin əskik yazıldığını bildirmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin onun müraciətinə verdiyi 8 sentyabr 2022-ci il tarixli N**********95 saylı cavabında evinə gələrək evi ölçən əməkdaşın araşdırmasının nəticəsi yazılmamış və yeni sənədlərdəki səhvlik aradan qaldırılmamışdır. Həmçinin ilk dəfə 26 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ona verilən zaman ev ölçülməmiş, faktiki ölçüləri və köhnə texniki posportdakı ölçüləri nəzərə alınmamışdır. Nəticədə iddiaçının bir vətəndaş kimi hüquqları pozulmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasdən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onlan aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən evin ölçüləri azaldılmış texniki posportun və çıxarışın ləğv olunması, həmin evin ölçüləri və sxeminin 3 mart 1994-cü il tarixli texniki posporta və sxemə uyğun olaraq yeni texniki posportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarədə mövcud olan arxiv sənədlərinə əsasən mənzilin ümumi sahəsi 32,12 kv.m-dir və faktiki mövcud olan əlavə sahəyə dair iddiaçı tərəfindən hüquq müəyyənedici sənədlər əlavə edilməmişdir. Müvafiq daşınmaz əmlaka arxiv sənədlərinə uyğun olaraq iddiaçının adına ********** qeydiyyat nömrəli 26 iyul 2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 25 iyul 2022-ci il tarixli 04/16476 inventar nömrəli texniki pasport verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və «“Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, İPM-in 35.1ci maddəsini rəhbər tutaraq iddianın mümkün sayılmaması məhkımədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı Anatoliyeviç iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Balaxanıneft Neft və Qaz Çıxarma İdarəsinin 16 dekabr 1993-cü il tarixli 23 nömrəli qərarının surətindən görünür ki, həmin aktla qərara alınmışdır ki, Bakıxanov qəsəbəsi, Neftçi küçəsi, 62 nömrəli evin 3 nömrəli mənzili X4 xüsusi mülkiyyət kimi əvəzsiz verilsin və ümumi sahəsi 32,12 kv.m olan mənzilin balansdan çıxarılması tapşırılmışdır. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, həmin tarixdə hədiyyə verən X5 ilə hadiyyə alan İddiaçı Anatoliyeviç arasında daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılıov prospekti, 62 saylı evin ümumi sahəsi 32,12 kv.m olan 1 otaqlı 3 saylı mənzilini hədiyyə alana bağışlamışdır. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılıov prospekti, 62 saylı evin 3 saylı mənzilinə dair 3 mart 1994-cü il tarixdə X5 adına tərtib edilmiş texniki pasportun surətindən görünür ki, həmin ünvandakı mənzil 3 otaqdan ibarətdir və onun ümumi sahəsi 54,3 kb.m təşkil edir. İş materiallarında olan Bakı ŞİH Aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 8 yanvar 1994-cü il tarixli “qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Neftçi küçəsi, 52 saylı evin 3 sayll mənzili X2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publuk hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İbrahimov prospekti, 62 saylı evin 32,12 kv.m ümumi sahəsi olan 3 saylı mənzilinə İddiaçı Anatoliyeviçin mülkiyyət hüquqları 26 iyul 2022-ci il tarixdə qeydiyyata alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 63-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı bəndinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq qurumun vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Odur ki, cavabdehin “iddianın mümkünsüzlüyü barədə” vəsatəti əsassızdır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Sabunçu rayonu əraziusində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, mövcud qanunvericilik normaları daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələri, habelə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş yaşayış sahələri üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələrini daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatı üçün əsaslar sırasında müəyyən etmişdir. Hazırkı işin hallarına görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılıov prospekti, 62 saylı evin 3 saylı mənzili İddiaçı Anatoliyeviçin mülkiyyətinə 19 iyul 2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş bağışlanma müqaviləsi əsasında keçmişdir və sözügedən müqavilədə mənzilin 1 otaqdan ibarət olduğu və ümumi sahəsinin 32,12 kv.m təşkil etdiyi göstərilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Anatoliyeviç Bakıxanov qəsəbəsi, Nazim İsmayılıov prospekti, 62 saylı evin 1 otaqdn ibarət olan sahəsi 32,12 kv.m təşkil 3 saylı mənzilin mülkiyyətçisidir. Verilmiş yeni yexniki pasporta əsaəsn mənzil bir otaqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin mənzilin əvvəlki mülkiyyətçisi X2 adına tərtib edilmiş 3 mart 1994-cü il tarixli texniki pasportunda ölçüsü 54,3 kv.m göstərilsə də, otaqların sayı 3 qeyd olunmuşdur. Bundan başqa, vaxtilə mənzilin balanssaxlayıcısı kimi çıxış etmiş Balaxanıneft NQÇİ-nin 16 dekabr 1993-cü il tarixli qərarında da mənzilin ölçüsü 32,12 kv.m ölçüdə əks olunmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciəti üzrə reyestrdə mənzilə hüququnun qeydiyyatının və texniki pasportun tərtibinin müvafiq ölçüdə aparılmasından (dəyişiklik edilməsindən) imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Anatoliyeviçin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilə mülkiyyət hüququnun qeydiyyatında və texniki pasportda dəyişiklik edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Anatoliyeviçin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilə mülkiyyət hüququnun qeydiyyatında və texniki pasportda dəyişiklik edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar