Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2672/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 4914,5 manat məbləğində vergi borcunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 4914,5 manat məbləğində vergi borcunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada vergi hesabatlarını təqdim etmişdir. Lakin 2021-ci ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya qanunsuz və əsassız olaraq 4914,5 manat məbləğində vergi borcu hesablanmışdır. Fiziki şəxs kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıdan 4914,5 manat məbləğində vergi borcunun hesablanmasının özü qanunsuz və əsassızdır. Bu səbəbdən ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada vergi hesabatlarını müntəzəm surətdə vergi orqanlarına təqdim etmişdir. Lakin cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçının hesabatları qəsdnən qəbul edilməmiş və bununda nəticəsində qanunsuz və əsassəz olaraq süni surətdə və şişirdilmiş rəqəmlərlə ona 18.655 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 35.1; 46.2.1 və 46.2.4-cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İddiaçı şəxsi hesab vərəqəsinə işlənmiş 4.914,5 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi borc məbləği iddiaçının özünün təqdim etdiyi bəyannamələr əsasında yaranmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsinə görə iddiaçının tələbi vergi borcunun ləğv edilməsindən ibarətdir. Məhkəmə tərəfindən 28 sentyabr 2021-ci il tarixli məktub ilə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıdan iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilmiş və 20 gün müddət təyin edilmişdir. Lakin iddiaçı məhkəmənin onun üzərinə qoyduğu vəzifəsini yerinə yetirməkdən çəkinmişdir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları 18.01.2021-ci il və 16.03.2022-ci il tarixlərə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 3.3-cü bənədinə görə, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (23.09.2021-ci il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, qanun və məhkəmənin tələblərini yerinə yetirməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 4914,5 manat məbləğində vergi borcunun ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,32, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 4914,5 manat məbləğində vergi borcunun ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2672/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2672/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver