Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2673/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kəmaləddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pul təminatının ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı, cavabdeh Müdafiə Nazirliyinin üzərində İddiaçı Kəmaləddin oğluna verilmiş xx.xx.2021-ci il tarixli, 4270 saylı pul təminat xərcliyinin düzəldilərək iddiaçının aldığı bütün əlavələrin nəzərə alınaraq tam həcmdə yenidən tərtib olunması, yeni pul təminat xərcliyi əsasında üç illik pul təminatı məbləğində kompensasiya məbləğinin ödənilməmiş hissəsinin və 5 illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Kəmaləddin oğlu xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixə qədər Müdafiə Nazirliyiyinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində müxtəlif hərbi hissələrdə Xüsusi Təyinatlı Kəşfiyyatçı kimi xidmətdə olmuşdur. 2020-ci ildə Vətən Müharibəsində iştirak etmiş, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Xocavənd, Ağdam rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuş, müxtəlif medallarla təltif olunmuşdur. Hadrut uğrunda gedən döyüşlərdə yaralanmış, bu xəsarətlər nəticəsində 3-cü qrup əlillik təyin olunaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra pul təminatına dair arayış tərtib olunaraq 3 illik təminat xərcliyi həcmində kompensasiya məbləği hesabına köçürülmüşdür. Lakin pul təminatında iddiaçının xidmət etdiyi illər ərzində aldığı bütün əlavələr deyil, yalnız vəzifə, hərbi rütbə maaşı, xidmət illərinə görə faiz əlavəsi və ixtisas dərəcəsi göstərilmiş, ümumilikdə 812,1 manat pul təminatı hesablanmışdır. İddiaçının xidmət göstərdiyi sahə kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinə aid olduğu üçün ona xidməti illər zamanı daim bu məbləğdən daha yuxarı məbləğ bank hesabına köçürülmüş, ehtiyata buraxılmamışdan qabaq sonuncu dəfə 2.501,82 manat məvacib almışdır. Hələ xidməti illər zamanı iddiaçı aldığı əmək haqqı barədə aldığı arayışda aylıq məvacibi bütün əlavələrlə birlikdə 1.814,80 manat göstərilmişdir. İddiaçı bütün xidməti illər zamanı pul təminatında aylıq əmək haqqısı xx.xx.2021-ci il tarixli arayışda qeyd olunan 812,1 manatdan çox olmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehə müraciət olunsa da, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə tələbindən icrasından imtina olunmuşdur. Buna görə də iddiaçının xidməti illər zamanı aldığı bütün əlavələrin hesablanaraq pul təminatına düzəliş olunmasına zərurət vardır. Qeyd olunan təminat xərcliyinin düzgün hesablanmaması iddiaçıya ödənilən həm kompensasiya məbləğində, həm də təyin olunan əlilliyə görə əmək pensiyasında öz əksini tapmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən onun vergi və digər tutulmaları tutulduqdan sonra, aylıq əmək haqqı 1.814,80 manat məbləğində olmuşdur.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən N nömrəli hərbi hissədə sabiq hərbi qulluqçusu gizir İddiaçı Kəmaləddin oğlunun tərxis olunana görə onun pul təminatı (Hərbi rütbə maaşı (124,00)+Vəzifə maaşı (515,00)+Xidmət illərinə görə faiz əlavəsi (15%) (95,85) +İxtisas dərəcəsi (15%) (77,25)) 812,10 manatdır.
5. İddiaçı xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığı ərizəyə cavab olaraq xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2 2-ci bəndinə əsasən Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Qanunvericilikdə başqa ödəniş qaydası nəzərdə tutulmadığına görə, iddiaçıya 3 illik pul təminatı məbləğində pul kompensasiyası ərizə ilə təqdim edilmiş “pul təminatı barədə arayış” aəsasən hesablanmış, ödənilməsi barədə qərar qəbul edilərək təqdim edilən bank hesabına köçürüldüyü bildirilmişdir.
6. İddiaçı tərəfindən analoji məhkəmə qərarı kimi təqdim edilmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyasının məbləğinin təminat xərcliyinə uyğun hesablanaraq tam şəkildə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-307/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin 2-1(102)-1009/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarına əsasən cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 307/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmə qərarının 30-cu bəndində məhkəmə müəyyən etmişdir ki, “birinci və apelyasiya instansiyası məhkəməsinin “sərəncamda olduqdan sonra hər hansı vəzifəyə təyin edilməyərək tərxis edilən şəxslərə münasibətdə onların sərəncama çıxarılmazdan əvvəl tutduqları vəzifəyə görə aldıqları maaş və digər başqa əlavələr əsas götürülməklə təminat xərcliyi tərtib olunmalıdır. Çünki şəxsin sərəncama çıxarılması o anlama gəlir ki, o, sərəncamda olduğu müddət ərzində hər hansı konkret vəzifə tutmur. Təminat xərcliyi isə məhz vəzifə maaşı ilə yanaşı, həm də vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. Ona görə də təminat xərcliyi tərtib edilərkən nəzərə alınmalı olan vəzifə maaşı, eləcə də vəzifə maaşından hesablanan əlavələr sərəncamda olunarkən alınan deyil, məhz şəxsin sərəncamdan öncə aktiv fəaliyyət göstərərkən aldığı vəzifə maaşı və həmin vəzifə maaşından hesablanan əlavələrdən ibarət olan məbləğdir. İddiaçının daha az maaşlı vəzifəyə keçirilmədən, sərəncamda saxlanılması isə heç bir halda iddiaçının vəziyyətini ağırlaşdıran hal kimi qəbul edilə bilməz.” kimi hüquqi mövqeyi doğrudur.”
7. İddiaçı tərəfindən analoji məhkəmə qərarı kimi təqdim edilmiş cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “təminat xərcliyinin tərtib edilməsi zamanı nəzərə alınan vəzifə maaşı və əlavələr” tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2150/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarının 26-cı bəndində məhkəmə müəyyən etmişdir ki, “iddiaçıya pensiya hesablanması zamanı onun xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. Belə olan halda, iş üzrə araşdırılmalı məsələ iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Başqa sözlə, iddiaçı xidmətdən xaric edildiyi gün almadığı vəzifə maaşını və digər əlavələri pensiya hesablanmasında tələb edə bilməz. Eyni zamanda, iddiaçı müvəqqəti icra etdiyi vəzifələrə görə əmək haqqına əlavə alıbsa, həmin əlavələri pensiya hesablanması zamanı tələb edə bilər”.
8. İddiaçı tərəfindən təqdim edilmiş kart hesabından çıxarışa əsasən son illər ərzində qeyd edilən məbləğdə əmək haqqı almışdır.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki: -Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq xəsarət (yaralanma, travma, kontuziya) almış xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına 3 illik miqdarında kompensasiyanın ödənilməsinə dair "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı qüvvələrin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 04 may 2000-ci il tarixli 409-3 nömrəli Sərəncamının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin 03 fevral 2014-cü il tarixli 020 nömrəli əmrinə (məxfi olduğu üçün əlavə edilməyib) uyğun olaraq N nömrəli hərbi hissənin, o cümlədən N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin hərbi qulluqçularının vəzifə və hərbi rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə artım əmsalları tətbiq edilir. Bu əmsallar həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların xüsusilə ağır olan hərbi xidmətlərinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövrü ərzində ödənilir. Bu səbəbdən əmsallar daimi xarakter daşımır. Müdafiə nazirinin yuxarıda qeyd edilən əmrinin 3-cü bəndində göstərilir: "Xidməti vəzifələrin icra edilmədiyi dövrlərdə (xəstəlik (bilavasitə xidməti vəzifələrin icrası zamanı zədə, travma alınması səbəbindən hospitalda müalicə müddəti istisna olmaqla), təhsillə bağlı ezamiyyətlər, həbs) hərbi rütbə və vəzifə maaşları üzrə artım əmsalları tətbiq edilmədən ödənilsin”. Cavabdeh bildirir ki, rütbə və vəzifə maaşlarına tətbiq olunan əmsallar daimi deyil, yalnız hərbi qulluqçunun kəşfiyyat subyektinin əməkdaşı qismində xidməti vəzifələrin icra edildiyi dövrdə ödənilir. Xidməti vəzifələrini icra etdiyi dövrlərdə İddiaçı ödənilən hərbi rütbə və vəzifə maaşlarına tətbiq olunan artım əmsalları daimi xarakter daşımadığı üçün qeyd edilən əmsalların təminat xərcliyinə daxil edilməsi qanunsuz və əsassız olduğunu cavabdeh öz etiraz ərizəsində qeyd etmişdir. Təminat xərcliyinə yalnız pul təminatının daimi xarakter daşıyan ödənişləri, o cümlədən: ”hərbi rütbə maaşı; vəzifə maaşı; xidmət illərinə görə faiz əlavəsi; məharət (ixtisas) dərəcəsinə” görə əlavə daxil edilmişdir. - Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı məbləğində sığorta edilmələrinə dair. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılmışdır. "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaedən tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilmişdirlər. Qeyd edilənləri və "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq bildirilir ki, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. Bildirilmişdir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11000 manat məbləğində sığorta edilmişdir. -Pensiya təminatına dair
İddiaçı Kəmaləddin oğlu xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunarkən ona əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5. maddəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın tələblərinə uyğun olaraq hərbi xidmətdən buraxıldığı günə aldığı aşağıda qeyd olunan ödəniş növlərindən ibarət təminat xərcliyi hesablanmışdır: ”vəzifə maaşından; rütbə maaşından; xidmət illərinə görə faiz əlavəsindən vəzifə maaşından hesablanan ixtisas dərəcəsinə görə əlavədən;ərzaq payı əvəzinə verilən pul kompensasiyasından”. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 10-cu maddəsinin 2-ci bəndində hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsinin müəyyən edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Qanunun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 633 nömrəli Fərmanının icrası ilə bağlı qəbul edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında hərbi qulluqçuların aylıq maaşlarına üstəlik verilən pul təminatı növləri göstərilmişdir. İddiaçı Kəmaləddin oğluna pensiya təyin edilməsi üçün məlumat vərəqində göstərilən pul təminatı növləri (təminat xərcliyi) Nazirlər Kabinetinin qeyd edilən Qərarına uyğun tərtib olunmuşdur. Bildirilir ki, hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları, Nazirlər Kabinetinin qeyd edilən Qərarının 2-ci bəndinin tələblərinə uyğun olaraq hazırlanmış Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında" Əsasnamə ilə tənzimlənir. Qeyd edilən Əsasnamənin tələblərinə uyğun olaraq hərbi qulluqçulara aid ödəniş növlərindən yalnız "uzun müddət xidmətə görə verilən faiz əlavəsi" eyni zamanda həm hərbi rütbə, həm də vəzifə maaşlarından, digər əlavələr isə yalnız vəzifə maaşından hesablanır. İddiaçı xidmət müddətində ödənilən rütbə və vəzifə maaşlarına tətbiq olunan artım əmsalları Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında nəzərdə tutulmadığından qeyd edilən artım əmsallarının pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi qanunsuz və əsassız olduğu bildirilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.5. maddəsinin tələblərinə uyğun olaraq təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Bildirilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçularının hərbi rütbə və vəzifə maaşlarına xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının tətbiq edilməsi - bu maaşların bir neçə qat miqdarında olması kimi hesab edilir. Bu səbəbdən də xüsusi təyinatlı kəşfiyyat ixtisaslı hərbi qulluqçular üçün nəzərdə tutulan artım əmsallarının İddiaçı Kəmaləddin oğluna pensiya təyin edilməsi üçün tərtib edilmiş Məlumat vərəqində göstərilən pul təminatı növlərinə (təminat xərcliyinə) daxil edilməsi mümkün deyildir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsindən də göründüyü kimi hərbi qulluqçuların aylıq vəzifə maaşı dedikdə, onların ştat üzrə təsdiq edilmiş bir qat, bir aylıq vəzifə maaşı nəzərdə tutulur. Bildirilmişdir ki, Azərbaycan Ordusunun xüsusi təyinatlılarından başqa, həm də bəzi hərbi hissələrdə xüsusi ağır qulluq şəraitini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən hərbi qulluqçuların aylıq vəzifə və rütbə maaşları müəyyən dövrlərdə bir neçə qat ödənilmişdi. Buna misal olaraq bildirilmişdir ki, hərbi qulluqçuların vəzifə və hərbi rütbə maaşları döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə - üç qat və iki qat, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə - bir qat yarım, xüsusi təyinatlı qüvvələrdə - dörd qatadək, hərbi hava qüvvələrinin uçuş qalxma heyətində və uçuşların təhlükəsizliyini təmin edən vəzifələrdə isə 01 oktyabr 1997-ci il tarixədək beş qatadək olmuşdur. Bir daha qeyd edilmişdir ki, Müdafiə nazirinin əmri ilə bir neçə qat həcmində ödənilən maaşlar müvəqqəti xarakter daşıyır. Pensiya təyin olunarkən həmin qatların nəzərə alınması hərbi qulluqçular arasında onların sosial təminatı sahəsində ədalət prinsipinin pozulması vəziyyətinə gətirib çıxara bilər. Bildirilmişdir ki, bir hərbi qulluqçu uzun müddət (20 il) döyüş şəraitində yerləşən (Xüsusi təyinatlı qüvvələrə daxil olan) hərbi hissədə xidmət edir və xidmətdən buraxılmamışdan bir ay qabaq döyüş şəraitində olmayan (Xüsusi təyinatlı qüvvələrə daxil olmayan) və ya aylıq vəzifə maaşı bir qat olan hərbi hissəyə dəyişdirilərək xidmətdən tərxis edilir. Bu hərbi qulluqçuya pensiya bir qat maaşdan hesablanır. Digər hərbi qulluqçu isə uzun müddət döyüş şəraitində yerləşməyən hərbi hissədə xidmət edir və tərxis olunmamışdan bir ay qabaq döyüş şəraitində yerləşən hərbi hissədən tərxis olunur. Bu hərbi qulluqçuya isə iki və ya üç qat maaşdan pensiya təyin edilməsini digər hərbi qulluqçuya qarşı sosial ədalətsizlik kimi qiymətləndirmək olar. Bildirilmişdir ki, İddiaçı iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. İddiaçı Kamələddin oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul təminatının ödənilməsi” tələbinə dair iddiasını rədd edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə şifahi sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2022 məktubda göstərilir ki, N nömrəli hərbi hissədə xidmət etmiş gizir İddiaçı Kəmaləddin oğlu şəxsi heyətin siyahısından çıxarılan günə onun pul təminatı göstərilən kimi olmuşdur: “Rütbə maaşı – 124 manat, vəzifə maaşı – 515 manat, uzun müddət xidmətə görə faiz əlavəsi (15%) – 95 manat 85 qəpik və məharət dərəcəsi (15%) – 77 manat 25 qəpik”. Həmçinin bununla yanaşı məktubda bildirilir ki, Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmrinə uyğun olaraq gizir İddiaçı Kəmaləddin oğluna vəzifə, rütbə və uzun müddətli xidmətə görə verilən faiz əlavəsinə tətbiq olunan artım əmsalları məcburi dövlət sosial sığorta haqqı tutmaqla xx.xx.2021-ci il tarixədək ödənilmişdir.
11. İddiaçı Kəmaləddin oğlunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "pul təminatının ödənilməsi" barədə iddia tələbinə dair mülahizədə bildirilmişdir ki, hərbi qulluqçuların pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Hərbi qulluqçuların tutduğu vəzifəsinə, xidmət növünə, xidmət müddətinə və hərbi uçot ixtisasına müvafiq olaraq aybaay aldıqları pul təminatına aylıq təminat xərcliyi deyilir. Aylıq təminat xərcliyi (pul təminatı) mütəmadi xarakter daşıyır. Bildirilir ki, üç səbəb var ki, nəyə görə xüsusi təyinatlı hərbi hissələrin hərbi qulluqçularının vəzifə və rütbə maaşlarının 2-ci, 3-cü və 4-cü qatları onların aylıq təminat xərcliyinə (pul təminatına) daxil deyildir: 1) Bildirilir ki, xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin birinci hissəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Bildirilir ki, təminat xərcliyinə yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxildir. İddiaçı tutmuş olduğu xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2019-cu il tarixli 394 nömrəli qərarı ilə (1 nömrəli əlavə) Müdafiə Nazirliyinin gizirləri, miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və qadın hərbi qulluqçuları üçün nəzərdə tutulmuş vəzifə dərəcələrinin 9-cu tarif dərəcəsinə müvafiq olaraq 515 manat miqdarında təsdiq edilmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən hərbi qulluqçulara təminat xərcliyinin verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 04 may 2000-ci il tarixli müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyi tərəfindən "Xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçı"sı vəzifəsinin vəzifə maaşına tətbiq edilən artım əmsalı (dörd qat) yeni vəzifə maaşı təşkil etmir. Müdafə Nazirliyi strukturunda 2060 manat (yəni 515 manat x 4 qat) miqdarında vəzifə maaşı mövcud deyil. Eyni qaydada Nazirlər Kabinetinin 6 sentyabr 2019-cu il tarixli 394 nömrəli qərarı ilə (3 nömrəli əlavə) "gizir" rütbəsinə görə 124 manat miqdarında rütbə maaşı təsdiq edildiyi halda, Müdafə Nazirliyində 424 manat (yəni 124 manat x 4 qat) miqdarında rütbə maaşı yoxdur. Ümumiyyətlə, sözügedən qanunun 40-cı maddəsində "yeni rütbə maaşını təşkil edən bütün artım növləri və əlavələr" ifadəsi yoxdur. 2) Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunun bu maddəsindən də, Nazirlər Kabinetinin 6 sentyabr 2019-cu il tarixli 394 nömrəli qərarından da göründüyü kimi hərbi qulluqçuların aylıq vəzifə maaşı anlayışı, onların ştat üzrə təsdiq edilmiş bir qat, bir aylıq vəzifə maaşı nəzərdə tutulur. İddiaçı, aylıq vəzifə maaşı 515 manat, aylıq rütbə maaşı isə 124 manat təşkil edir. 3) Bildirilir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli Qərarı ilə aşağıda qeyd olunan üstəlik pul təminatı növləri edilmişdir: “zabit vəzifəli heyətə, praporşiklərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi;kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı;dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrinin bitirən məzunlara birdəfəlik verilən pul mükafatı;dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; praporşiklərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xəcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu”. Bildirilir ki, vəzifə və rütbə maaşlarına tətbiq edilən qatlar (əmsallar) Qərarda sadalanan üstəlik pul təminatı növlərinin siyahısında öz əksini tapmamışdır. Mülahizədə qeyd edilir ki, vəzifə və rütbə maaşlarına (əsas pul təminatına) tətbiq edilən qatlar (əmsallar) yeni vəzifə və rütbə maaşı təşkil etmədiyinə, habelə üstəlik pul təminatı növlərinin (pul təminatının əlavə növləri) tərkibinə qatlar (əmsallar) daxil edilmədiyinə görə, bu qatlar (əmsallar) pul təminatı hesab edilmir. Bu qatlar (əmsallar) vəzifə və rütbə maaşlarının sadəcə bir neçə qatıdır. Bundan başqa bildirilir ki, xüsusi təyinatlı hərbi hissələrdə xidmət keçən hərbi qulluqçulardan başqa, döyüş şəraitində yerləşmiş hərbi hissələrdə xidmət keçmiş hərbi qulluqçuların da vəzifə və rütbə maaşları Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən xx.xx.1992-xx.xx.1998-ci illər müddətində 3 qat, xx.xx.1998-xx.xx.2020-ci illər müddətində isə 2 qat ödənilirdi. Hərbi qulluqçulara vəzifə və rütbə maaşlarının bir neçə qat şəklində (məbləğində) ödənilməsi müvəqqəti xarakter daşıyır və yalnız onların xidmət etdiyi dövrdə xidmətin ağır spesifikasına görə ödənilir. Misal üçün mülahizədə qeyd edilir ki: hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) tərxis olunma səbəbindən asılı olaraq bir qat miqdarı nəzərə alınmaqla iki aylıq və ya beş aylıq maaş məbləğində işdənçıxma pulu ödənilir. Bundan başqa, hərbi qulluqçulara istifadə etmədikləri məzuniyyətə görə pul kompensasiyası da onların bir qat vəzifə və rütbə maaşları əsas götürülməklə hesablanaraq ödənilmişdir. Bildirilir ki, İddiaçı Kəmaləddin oğluna "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailələrinə kompensasiya verilməsi Qaydaları"na müvafiq olaraq 3 illik pul təminatı kompensasiyasının bir qat vəzifə və rütbə maaşlarından hesablanaraq ödənilməsi qanuna müvafiqdir.
12. İddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş mülahizədə iddiaçının aldığı əlavələrin pul təminat xərcliyinə daxil edilməməsinə dair 3 səbəb göstərilmişdir. Bildirilik ki, birinci səbəbdə artıq qüvvədə olmayan və 2007-ci ildə ləğv olunmuş qanuna istinad etmiş, həmin qanunun maddələrini bu mübahisəyə tətbiq etməyə çalışmışlar. Hazırki mübahisə üzrə tərəflər arasındakı münasibət 2021-ci ildə yaranmış, həmin qanunun bu mübahisəyə tətbiq olunması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bildirilir ki, ikinci səbəb qismində Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə istinad olunmuşdur. Bu maddəyə əsasən, “təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.” Hazırki iddia tələbi əlavələrin vəzifə maaşı hesab olunmasına dair deyil, yuxarıdakı maddədə qeyd olunduğu kimi vəzifə maaşına əlavələrin pul təminat xərcliyinə aid edilməsinə dairdir. Bildirilir ki, cavabdeh isə bunu bilə-bilə məsələni təhrif etməyə çalışmışdır. İddiaçı da vəzifə maaşının 515, aylıq rütbə maaşının 124 manat olduğunu qəbul və təsdiq edir. Buna dair hər hansı mübahisə yoxdur. Üçüncü səbəb qismində isə Nazirlər Kabinetinin qərarına istinad olunaraq, iddiaçının aldığı əlavələrin bu siyahıda olmadığı qeyd olunmuşdur. Halbuki bu siyahıda “bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə” göstərilmiş, iddiaçının aldığı əlavələr də buna uyğun olmuşdur. Cavabdeh bu əlavənin mahiyyəti və kimlərə verildiyi, hansı normativ akt əsasında iddiaçıya şamil olmamasını əsaslandıra və açıqlaya bilməmişdir. Ümumilikdə, işin mübahisəsiz halıdır ki, iddiaçı xidməti dövrdə vəzifə maaşına əlavələr almışdır. Əgər cavabdehin qeyd etdiyi kimi bu əlavələr Nazirlər Kabinetinin siyahısına əks olunmayıbsa, bu əlavələrin verilməsi də qanunsuz olardı. Bildirilir ki, rəsmi qaydada, bank kartına köçürmə yolu ilə, istisnasız bütün xidməti dövrdə aldığı əlavələrin qanunsuz olmasını iddia etmək tamamilə absurddur. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh bu əlavələrin müvəqqəti xarakter daşıdığını, digər hərbi hissələrin hərbi qulluqçularının da müəyyən dövr ərzində belə əlavələr aldığına istinad etmişdir. Burada fərq ondan ibarətdir ki, iddiaçıya verilən əlavələr hər hansı şərtdən asılı olmamış, hər hansı zaman (xəstəlik, ezamiyyətdə olarkən və s.) verilməsi dayandırılmamış, cavabdehin özünün də qeyd etdiyi kimi bu əlavələrdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Təqdim olunan arayışlardan da göründüyü kimi iddiaçı müxtəlif vaxtlarda ezamiyyətlərdə və təhsillə bağlı kurslarda iştirak etmiş, buna baxmayaraq, əlavələrin verilməsi davam etmişdir. İddiaçıya verilən əlavələr cavabdehin iddia etdiyi kimi müvəqqəti xarakter daşımamışdır. Bildirilir ki, indiki halda iddiaçının sosial təminat hüquqları həm də ona görə pozulur ki, xidməti dövrdə hesablanan 3000 manat əmək haqqından 500 manatdan çox məcburi dövlət sosial sığorta haqqı tutulmuş və iddiaçı təxminən 2500 manat əmək haqqı almışdır. Bu tutulan vəsaitlərin mahiyyəti ondan ibarətdir ki, gələcəkdə həmin vəsaitlər şəxsə pensiya olaraq geri qaytarılsın. Bu halda isə iddiaçı həm böyük miqdarda sosial sığorta haqqı ödəmiş olur, həm də onları pensiya olaraq əldə edə bilmir. Cavabdehin Dövlət Sosial Müdafiə Fondunun cəlb edilməsinə dair vəsatəti ilə bağlı isə qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia tələbi dəyişdirildiyi və sığorta ödənişi tələb olunmadığı üçün həmin vəsatətin təmin olunmasına da ehtiyac qalmamışdır. İddiaçı məhkəməyə əlavə olaraq oxşar tələb üzrə Ali Məhkəmənin 2-1(102)- 2150/2021 saylı qərarı təqdim etmişdir. Həmin işdən də göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi katibi vəzifəsi ilə yanaşı, həmin şöbənin rəisi vəzifəsini 3 ay ərzində müvəqqəti və sonrakı müddətdə, yəni pensiyaya çıxanadək olan dövrdə Akademiya rəhbərliyinin göstərişi əsasında icra etdiyi 2 il 9 ay (xx.xx.2013 - xx.xx.2015-ci il) ərzində aldığı əmək haqqı məbləği nəzərə alınaraq yeni məlumat vərəqinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi barədə olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya məhkəməsini iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Ali Məhkəmə isə apellyasiya məhkəməsinin qərarını ləğv edərək, işi baxılması üçün yenidən apellyasiya instansiyasına göndərmişdir. Apellyasiyası icraatında ikinci məhkəmə prosesi zamanı isə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. Ali məhkəmənin bu işdə mövqeyi bundan ibarət olmuşdur ki, “26. Belə ki, iddiaçıya pensiya hesablanması zamanı onun xidmətdən xaric edildiyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. Belə olan halda, iş üzrə araşdırılmalı məsələ iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Başqa sözlə, iddiaçı xidmətdən xaric edildiyi gün almadığı vəzifə maaşını və digər əlavələri pensiya hesablanmasında tələb edə bilməz. Eyni zamanda, iddiaçı müvəqqəti icra etdiyi vəzifələrə görə əmək haqqına əlavə alıbsa, həmin əlavələri pensiya hesablanması zamanı tələb edə bilər.” Bildirilir ki, Ali Məhkəmənin bu işlər üzrə mövqeyi də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına uyğun olmuşdur.
13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) hərbi qulluqçu statusuna malik bütün şəxslər üçün dövlət icbari şəxsi sığortanın təşkili və həyata keçirilməsinin ümumi qaydalarını və şərtlərini, habelə sığorta haqqının, sığorta məbləğinin, baş vermiş sığorta hadisəsinə uyğun olaraq sığorta məbləğindən ödəniləcək sığorta ödənişinin faiz nisbətlərini təsbit edir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Şirkət arasında, Qanunun qüvvəyə mindiyi vaxtdan etibarən 01 yanvar 2022-ci ilə qədər, hər il tıərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 1 il müddətinə olmaqla, müqavilələr bağlanmış, müqavilələrə əsəsən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının həyata keçirilməsi Qanunla müəyyən edilmiş qayda və şərtlərə uyğun olaraq həyata keçirilmişdir. Nazirliklə Şirkət arasında bağlanmış dövlət icbari şəxsi sığorta müqavilələri yalnız Qanunda təsbit olunmuş müddəalara uyğun olaraq bağlanmış, Nazirliyin bütün hərbi qulluqçu statusuna malik əməkdaşları üçün Nazirlik tərəfindən Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 1%-i, yəni 110 manat sığorta haqqı ödənilmişdir. Buna uyğun olaraq, sığorta olunan 11000 manat məbləğində icbari şəxsi sığorta edilmişdir. Qeyd olunanlara əsasən, bildirilir ki, Şirkətlə Nazirlik arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə hər il üçün yalnız 1 müqavilə bağlandığına və sığorta məbləği 11000 manatla məhdudlaşdığına görə sığorta hadisəsinin baş verdiyi halda sığortaçı tərəfindən yalnız Qanuna və müqaviləyə uyğun olaraq müəyyən edilmiş faiz nisbətlərində sığorta ödənişi verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinin tətbiqi ilə əlaqədar qeyd edilir ki, qeyd olunan maddi hüquq normasının realizə olunması üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaçıya, yəni Şirkətə qanunvericiliyə uyğun olaraq sığorta haqqı ödənilməlidir. Lakin bununla bağlı Şirkətlə Nazirlik arasında müvafiq müqavilə bağlanmamış və müvafiq sığorta haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.3-cü maddəsinə əsasən, bildirilir ki, sığortalı qurum sığorta olunanın xeyrinə bağlamış olduğu icbari sığorta müqaviləsini qanunvericiliklə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağlamışsa, bunun yaratdığı hüquqi nəticələr sığortalı quruma aid edilir.
14. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə iddiaçının müraciətinə cavab olaraq Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının dövlət icbari sığortası Şirkətlə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış müqavilə ilə tənzilmənir. Müdafiə Nazirliyi ilə Şirkət arasında imzalanmış müqaviləyə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası, yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir və bu qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir.
15. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
16. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər.
II. İddianın növü və mümkünlüyü
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İddia tələbi yeni məlumat vərəqinin tərtib olunması hissəsində öhdəliyin icrası haqqında iddia, yeni pul təminatı xərcliyi əsasında üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi və beş illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
21. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
22. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
25. İddia tələbi 3 hissədən ibarətdir: - iddiaçının aldığı bütün əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunması; - yeni pul təminatı xərcliyi əsasında üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi; - beş illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi.
26. Tələbin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbin qeyd edilən hissəsində aylıq əmək haqqının tərkib hissəsi olan vəzifə maaşının artım əmsalları nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunmasını tələb edir.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
28. Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məlumat vərəqinə əsasən, Xüsusi Əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı (9-cu t.d.) xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmış (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə)), xidmət illəri təqvim illəri ilə 09 il 03 ay təşkil etmişdir. Qeyd edilən məlumat vərəqinə əsasən pul təminatı (təminat xərcliyi) 876,10 manat (vəzifə maaşı 515 manat, 1-ci məharət dərəcəsinə görə 15% əlavə 77,25 manat, rütbə maaşı 124 manat, xidmət illərinə görə əlavə 15% olmaqla 95,85 manat, ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat) göstərilmişdir.
29. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.
30. Məhkəmə qeyd edir ki, təminat xərcliyi hesablanarkən vəzifə maaşının artım əmsallarının nəzərə alınmasını əsaslandıran norma yoxdur. Əksinə, qeyd edilən qeyd edilən normaların təhlilinə əsasən pul təminatının tərkibi (təminat xərcliyinə daxil olan pul təminatı növləri) müəyyən olunmuş və təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşına (vəzifə maaşının artım əmsalları uyğun olaraq deyil) və digər əlavələrə uyğun olaraq hesablanmalıdır. Odur ki, vəzifə maaşının artım əmsalları təminat xərcliyinin tərkibinə daxil deyildir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci hissəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: ...“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...
33. Beləliklə, məhkəmə qeyd edir ki, hərbi qulluqçuların vəzifə və rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları (qatlar) xidmətdə olan hərbi qulluqçuların hərbi xidmətinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövründə ödənilir və bu əmsallar (qatlar) daimi xarakter daşımır.
34. Odur ki, həmin əmsallar daimi xarakter daşımadığından və həmin əmsalların təminat xərcliyinə daxil edilməsini əsaslandıran norma müəyyyə edilmədiyindən məhkəmə iddiaçıya vəzifə maaşının artım əmsalları nəzərə alınmaqla yeni məlumat vərəqəsi verilməsinə “qanuni gözləntisi” olduğunu müəyyən etmir.
35. Məhkəmə hesab edir ki, qeyd edilən mövqe iddiaçı tərəfindən təqdim edilmiş məhkəmə qərarlarına əsasən Ali Məhkəmənin mövqeyi ilə hər hansı ziddiyyət təşkil etmir. Əksinə, məhkəmə hesab edir ki, qeyd edilən qərarlarda ifadə edilən hüquqi mövqe də ondan ibarətdir ki, təminat xərcliyi hesablanarkən hazırkı işdə olduğu kimi şəxsin xidmətdən xaric ediliyi günə aldığı aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır. İş üzrə araşdırılmalı məsələ iddiaçının xidmətdən xaric edildiyi gün hansı məbləğdə vəzifə maaşı və digər əlavələri alması halıdır. Qeyd edilən qərarlarda təminat xərcliyi hesablanarkən vəzifə maaşına tətbiq olunan əmsallar (qatlar) araşdırma predmeti olmamışdır.
36. Tələbin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı hazırda yeni artırılmış pul təminatı xərcliyi əsasında üç illik pul təminatı məbləğində kompensasiyanın (fərqin) ödənilməsi tələb edir. Odur ki, tələbin qeyd edilən hissəsinin təmini sırf birinci hissədən asılıdır, birinci hissədə tələb təmin olunmadığından qeyd edilən ikinci hissədə də təmin olunmamalıdır.
37. Tələbin üçüncü hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
38. İddiaçıya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq baş vermiş sığorta hadisəsinə görə 11000 manat sığorta ödənişi ödənmişdir. İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat subyekti olduğu üçün əlavə 5 illik pul təminatı məbləğində sığorta ödənişi məbləğində kompensasiya ödənişi tələb edir. Belə ki, həmin maddəyə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.
39. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 1-ci maddəsinə əsasən həmin Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir.
40. 3 dekabr 2021-ci il tarixli 418-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-4-cü maddələri yeni redaksiyada verilmişdir.
41. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir.
42. Mülki Məcəllədən: 907.1. İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. 907.2. İcbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. 907.3. Sığortalı qismində sığorta etdirməli olan şəxsin, eləcə də sığortaçı qismində sığortalamağa borclu olan sığortaçının müvafiq icbari sığorta müqaviləsini bağlamaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
43. Məhkəmə nəzərə alır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna 3 dekabr 2021-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçu və həmin qanunun məqsədləri üçün sığortaolunan hesab edilirlər.
44. Beləliklə məhkəmə qeyd edir ki, istər “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.11-ci maddəsi, istərsə də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hərbi qulluqçuların, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsinə yönəlib. Odur ki, kəşfiyyat fəaliyyəti subyektləri də (hərbi qulluqçu) kimi həmin (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”) qanunun məqsədlərinə uyğun olaraq sığortaolunan hesab edildiklərindən baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi məhz həmin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənməlidir.
45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva