Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2675/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 12.04.2017-ci ildən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı 12.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx xxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş və 1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. İddiaçı 03.05.1982-ci ildə “X17”nin 3 saylı sexinə yapışqançəkən şagirdi peşəsinə işə qəbul edilmişdir. İddiaçı 17.01.1983-cü il tarixdən 31.12.2003-cü il tarixədək kəsici-biçici sahəsində 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi peşəsində işləmişdir. "xxxx" Dövlət Konserninin 04.09.1990-cı il tarixli 321 saylı əmrinə əsasən 10.10.1990-cı ildə “X17” “X9” ilə birləşmiş, Bakı X20 İstehsal edən X2 yaradılmışdır. 13.09.1997-ci il tarixdə 832 saylı Sərəncama əsasən X20 İstehsal Edən X2nin adı dəyişdirilərək "xxxx" ASC olmuşdur. Cavabdeh tərəfindən iddiçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın 27 sentyabr 2019-cu il tarixli məktubunda imtinanın əsası kimi 01.01.2006-cı il tarixədək iddiaçının ümumi əmək stajının 20 ildən az təşkil etdiyi göstərilmişdir. Cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tam əsassızdır. Çünki iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan həm ümumi, həm də xüsusi stajı var. İddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasından və "xxxx" ASC-nin arayışından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixədək 21 il 7 ay 28 gün ümumi stajı yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bölməsinin 26.7-ci bəndi ilə müəyyən edilmiş dəri xammalı biçicisi peşəsi üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Həmçinin, 23 yanvar 2007-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 №-li əlavəsinin 2 №-li Siyahısında (2210800a-17742) göstərilən dəri xammalı biçicisi peşəsi üzrə iddiaçının topladığı xüsusi əmək stajına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyası haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranır. "xxxx" ASC-nin arayışında göstərilir ki, iddiaçı 01.01.1998-ci il tarixdən 31.12.2003-cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar öz hesabına məzuniyyətdə olmuşdur. Cavabdeh orqana təqdim edilən əmək kitabçasından və "xxxx" ASC-nin arayışından görünür ki, iddiaçının həmin müəssisədə 15 il 3 ay 25 gün ümumi və xüsusi stajı yaranmışdır. İddiaçının uşaqları X12 06.10.1998-ci ildə, X16 26.06.2000-ci ildə, X13 02.11.2004-cü ildə doğulmuşdur. İddiaçı uşaqları üç yaşına çatanadək onlara qulluq etməsi ilə əlaqədar işləməmişdir. 01.01.2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ə” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşağa 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət ümumi iş stajına daxil edilir. İddiaçının uşaqlarına qulluq etdiyi qanunla müəyyən edilmiş 6 il də əlavə edilməklə ümumi stajı 20 ildən çox edir. Göründüyü kimi iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün tələb olunan 20 ildən çox ümumi və 10 ildən çox xüsusi stajı var. İddiaçının 52 yaşının tamam olduğu 12.04.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən X5 ünvanlanmış 27.09.2019-cu il tarixli **********5 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 12.06.2017-ci il tarixli 18/33 nömrəli arayışından görünür ki, Zeynalova - İddiaçı 03.05.1982-ci il (Əmr № 43, 03.05.1982-ci il) tarixdən 31.12.2003-ci il (Əmr № 10 KŞ, 01.12.2003-ci il) tarixədək X11 3 saylı sexində müxtəlif peşələrdə işləmişdir. Zeynalova - İddiaçı qızı 17.01.1983-cü il tarixdən 31.12.2003-cü il tarixədək kəsici-biçici sahəsində 5-ci dərəcə ilə dəri xammalı biçicisi peşəsində işləmişdir. Zeynalova - İddiaçı qızı 01.01.1998-ci il tarixdən 31.12.2003cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Konserninin 04.09.1990-cı il tarixli 321 saylı əmrinə əsasən X9 X17 ilə birləşmiş, Bakı X20 İstehsal edən X3 yaradılmışdır. 13.09.1997-ci il tarixdə 832 saylı sərəncama əsasən XTMİE X1 adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.7 bəndi ilə (səh.151, sət.50) Zeynalova - İddiaçı işlədiyi dəri xammalı biçicisi peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququnu verir. Arayış əmrlər kitabı və T-2 şəxsi vərəqəsi əsasında yazılmışdır. İş materiallarında olan Vİ-JQ seriyalı 314471 saylı nikahın bağlanması haqqında şəhadətnamənin, AZ-İİİ seriyalı 633399 nömrəli, AZ-İİİ seriyalı 593424 nömrəli və AZ-İ seriyalı 537215 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X8 ilə X6 16.02.1993-cü ildə nikahlarını bağlamışlar (nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir), onların birgə nikahlarından 06.10.1998-ci ildə X12, 26.06.2000-ci ildə X14 və 02.11.2004-cü ildə X13 adlı övladları doğulmuşdur. İş materiallarında olan iddiaçı Ağayeva (Zeynalova) Ruqiyə Ağasəf qızına məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 03.05.1982-ci ildə X17 3 saylı sexə yapışqan çəkən şagirdi peşəsinə işə qəbul edilmiş, 14.09.1982-ci ildə 2-ci dərəcə verilmiş, 17.01.1983-cü ildə Kəsici-biçici sexinə 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi vəzifəsinə keçirilmiş, 10.10.1990-ci ildə X17 X9 ilə birləşmiş, Bakı X20 istehsal edən X3 yaradılmışdır, 10.09.1997-ci ildə XTMİE X1 adı dəyişdirilərək "xxxx" ASC olmuşdur, 31.12.2003-cü ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin A bəndinə əsasən işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. İddiaçı 03.05.1982-ci ildə X17 3 saylı sexə yapışqan çəkən şagirdi peşəsinə işə qəbul edilmiş, 14.09.1982-ci ildə 2-ci dərəcə verilmiş, 17.01.1983-cü ildə Kəsici-biçici sexinə 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi vəzifəsinə keçirilmiş, 31.12.2003-cü ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin A bəndinə əsasən işdən azad edilmişdir. 10.10.1990-ci ildə X17 X9 ilə birləşmiş, Bakı X20 istehsal edən X3 yaradılmışdır, 10.09.1997-ci ildə XTMİE X1 adı dəyişdirilərək "xxxx" ASC olmuşdur. "xxxx" ASC-nin 12.06.2017-ci il tarixli 18/33 nömrəli arayışına əsasən iddiaçı 01.01.1998-ci il tarixdən 31.12.2003-cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddiaçı 03.05.1982-ci ildən 31.12.2003-cü ilədək "xxxx" ASC-də (X17, daha sonra Bakı X20 istehsal edən X3) işləmişdir, 01.01.1998-ci il tarixdən 31.12.2003-cü il tarixədək isə müəssisədə xammal çatışmazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, X8 ilə İddiaçı 16.02.1993-cü ildə nikahlarını bağlamışlar və onların birgə nikahlarından 06.10.1998-ci ildə X12, 26.06.2000ci ildə X14 və 02.11.2004-cü ildə X13 adlı övladları doğulmuşdur. Göründüyü kimi, iddiaçı 06.10.1998-ci ildən 02.11.2007-ci ilədək 3 nəfər körpə uşağa hər uşaq 3 yaşına çatanadək qulluq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının körpə uşaqlara qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin müddət iş stajına daxil edilməlidir. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin «e» bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq, iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının körpə uşaqlara qulluq etdiyi müddət də sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının 03.05.1982-ci ildən 01.01.1998-ci ilədək ümumi iş stajı (15 il 7 ay 28 gün) və iddiaçının uşaqlara qulluq etdiyi dövr (6 il) nəzərə alındıqda iddiaçının ümumi iş stajı 21 il 07 ay 28 gün təşkil edir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 17.01.1983-cü ildən 01.01.1998-ci ilədək "xxxx" ASC-də (X17, daha sonra Bakı X20 istehsal edən X3) Kəsici-biçici sexində 5-ci dərəcə ilə yaş dəri xammalı biçicisi vəzifəsində işləmişdir (14 il 11 ay 15 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XX bölmə - Yüngül sənaye, 7-ci bənd - Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı («a» fəhlələr), kod 2210800a—17742 - dəri xammalını biçənlər. Həmin peşə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur: Bölmə 26 - Yüngül sənaye, 26.7-ci bənd - Dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı («a» fəhlələr) - dəri xammalını biçənlər. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifə qeyd olunan Siyahılara uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 14 il 11 ay 15 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifənin qeyd olunan Siyahılarda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 12.04.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2675/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2675/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver