Məhkəmə qərarları › İş №2-1(112)-2676/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2676/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2676/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış onun xüsusi mülkiyyətindədir. Həmin əmlak ondan əvvəl ilkin olaraq Bakı şəhəri, Qaradağ rayonu,m Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 3, 1 saylı mənzil olaraq xx.xx.1998-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 45 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci tarixli 4Ə-1/87 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən xx.xx.2001-ci il tarixdə onun adına qeydiyyatdan keçmişdir. Qeyd olunan mənzil bir mərtəbəli iki mənzilli binanın 1-ci mənzili idi. Mənzil alınarkən iki mənzilin arası qonşu tərəflər və yol tərəf hasarlı və içərisində meyvə ağacları əkilmiş idi. Mənzilin dənizə yaxın ərazidə və zirzəmisiz olması səbəbindən divarlarında nəmişlik və çatlar, tavanında qopmalar əmələ gəldiyi üçün xx.xx.2008-ci il tarixli məktubla mənzilin öz hesabına sökülüb yenidən inşa edilməsinə icazə verilməsi üçün Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişdir və xx.xx.2008-ci il tarixli X-19 saylı razılıq məktubu almışdır. Mənzil sökülüb yenidən tikildikdən sonra Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 151 saylı xx.xx.2010-cu il tarixli sərəncamına, razılaşdırılmış eskiz layihəyə əsasən ünvan 3 ünvanı təyin edilərək xx.xx.2011-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilmişdir. Həmin çıxarışda əmlakın növü, mənzil deyil, fərdi yaşayış evi kimi qeyd olunmuş, ümumi sahəsi 258 kvadrat metr göstərilmiş, torpaq sahəsinin ölçüsü 0,02108 ha, mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü “istifadədə” kimi qeyd olunmuşdur. Ona məxsus fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki pasportu”nda torpaq sahəsinin miqyaslı planı əks olunmuş,"Torpaq sahəsi haqqında məlumat" cədvəlində faktiki sahə 0,06000 ha, tikintialtı sahə 0,02108 ha, digər sahələr 0,03892 ha kimi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək ünvan 4 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Ərizəyə cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda "Müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakınn dövlət reyestri haqqında “ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi qeyd olunmuşdur.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evi ilkin olaraq mənzil kimi qeydiyyata alınmış, hal-hazırda da bir qonşusu mənzildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi(vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 3b fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 0.02108 ha sahəsi olan dövlət mülkiyyəti torpağı üzərində inşa olunmuş 2 mərtəbəli, 6 otaqlı ümumi sahəsi 258.0 kv.m, yaşayış sahəsi 134.7 kv.m olan **********92-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 14043 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********51 nömrəli məktubunda bildirilmişdir ki, müvafiq torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. “Sahil qəsəbəsi ünvanında tikilmiş fərdi yaşayış evinin istismara qəbul” Aktına əsasən İcra Hakimiyyəti nümayəndələri tərəfindən İddiaçı tikdirdiyi yaşayış evinə baxış keçirildi. Fərdi yaşayış evinin ümumi sahəsi 525.63 kv.m, yaşayış sahəsi 136.45 kv.m-dir. Vətəndaş İddiaçı tikdirdiyi yaşayış evinin istismara qəbul edilməsi qərara alınmışdır. -Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli X-19 nömrəli məktubunda göstərilmişdir ki, Araşdırma zamanı müəyyən edildi ki, yaşayış evi uzun müddət istismarda olduğundan əsaslı divarlarda çatlar əmələ gəlmiş və yaşayış üçün təhlükəlidir. Göstərilən faktı nəzərə alaraq köhnə yaşayış evinin ölçülərini dəyişməyərək öz vəsaitiniz hesabına yenidən inşa edilməsinə rayon İcra Hakimiyyəti etiraz etmir. -Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 151 nömrəli Sərəncamına əsasən Bakı şəhər XDS İK-nin 14 may 1987-ci il tarixli 13/235 saylı qərarına müvafiq olaraq: Vətəndaş İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli X-19 saylı razılıq məktubuna əsasən Sahil qəsəbəsi E.Quliyev küçəsi 3 saylı ünvanda 600,0 kv.m. torpaq sahəsində tikdirdiyi 6 otaqdan ibarət yaşayış sahəsi 136,45 m², köməkçi sahəsi 123,34 m², açıq eyvan sahəsi 77,7 m², zirzəmi sahəsi 81,7 m², mansard sahəsi 106,44 m², olan yaşayış evi sənədləşdirilib qeydiyyata alınması; 2. Qaradağ rayon İHB-nın sərəncamından çıxarış qeydiyyat vəsiqəsi və texniki pasportda dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.25024-cü il tarixli 3- 48-2F/2-X-3341-8-3685/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Bakı şəhərində fərdi yaşayış binalarına mülkiyyət hüquqlarının qeydiyyatı qaydasının müəyyən edilməsi haqqında” xx.xx.1987-ci il tarixli 13/235 nömrəli Qərara əsasən Bakı Şəhər Şurası İcraiyyə Komitəsi qeyd edir ki, son illərdə fərdi tikinti işləri Bakıda mənzil probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə verib. Rayon şuralarının icra komitələri və onların mənzil-kommunal xidmət orqanları, ümumiyyətlə, vətəndaşların müraciətlərinə operativ şəkildə baxır və kifayət qədər əsas olduqda, şəxsi mülkiyyət hüququ altında yaşayış binasının tikintisi üçün torpaq sahələrinin ayrılması ilə bağlı onların müraciətlərini təmin edir, tikinti materiallarının qanuni alınmasında köməklik göstərir və şəxsi mülkiyyət hüququ altında yaşayış binalarının saxlanmasına nəzarəti bir qədər gücləndirib. Rayon şurasının icra komitələri fərdi yaşayış binalarının müəyyən edilmiş müddətlərdə tikintisinə ardıcıl və effektiv nəzarət həyata keçirmir və ya bu cür tikililərin mövcud standart layihələrə uyğun olaraq ciddi şəkildə tikilməsini təmin etmir. Yaşayış binaları çox vaxt müəyyən edilmiş maksimum standartları pozan ölçülərdə tikilir. Rayon şurasının icra komitələri tərəfindən icazə verilən ərazilərdən əlavə torpaq sahələrinin icazəsiz zəbt edilməsi, standart layihələrdə nəzərdə tutulmayan yardımçı tikililərin, kommunal otaqların və qarajların tikintisi, eləcə də binanın baxımsız qalması halları istisna deyil. Yuxarıda qeyd olunan və digər əhəmiyyətli çatışmazlıqlar mənzil tikintisində və vətəndaşların şəxsi mülkiyyət hüququ ilə tikilmiş evlərin saxlanılmasında aşkar edildikdə, rayon X5 icra komitələri ev təsərrüfatlarının qanuni qeydiyyatı ilə bağlı konkret qərarlar qəbul etmir ki, bu da onların Bakı Şəhər Şurası İcraiyyə Komitəsinin nəzdindəki Texniki İnventarlaşdırma Bürosunda qanuni qeydiyyatının vaxtında keçirilməsinə mənfi təsir göstərir. -xx.xx.2001-ci il tarixli Dəyişmə Müqaviləsinə əsasən X2 ünvan 7 ünvanında yerləşən 2 otaqlı 24 kv.m sahəsi olan evi İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı isə ünvan 8 ünvanında yerləşən mənzili X1 mülkiyyətinə vermişdir. -xx.xx.2011-ci il tarixli 11/3195 nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsü 0.06 ha, tikinti altı sahəsi 0.02108 ha, digər sahə 0.03892 ha təşkil edir. **********92-10301 reyestr nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 258.00 kv.m, yaşayış sahəsi 134.70 kv.m, köməkçi sahəsi 123.30 kv.m, mansard 106.10 kv.m, zirzəmisi 136.60 kv.m, açıq eyvan 80.00 kv.m, tikinti altı sahə 210.80 kv.m, həcmi 2197.00 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********36 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə tərtib olunmuş Plana əsasən torpaq sahəsinin sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi 0.0647 ha, tikinti altı sahəsi 0.02189 ha, digər sahə 0.03/811 ha təşkil edir. Yaqşayış evinin texniki göstəricilərinə əsasən yaşayış evi 2 mərtəbli 6 otaqlı olmaqla, ümumi sahəsi 258.0 kv.m, yaşayış sahəsi 134.7 kv.m, köməkçi sahəsi 123.3 kv.m, mansard 106.1 kv.m, zirzəmi 136.6 kv.m, açıq eyvan 80.0 kv.m, tikinti altı sahə 210.8 kv.m, həcmi 2197.0 təşkil edir. -ÖM seriyalı 078833 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 3 saylı evin 24.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestri kitabında 63-cü səhifəsində 30/12389 nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-2137/2025 nömrəli məktubu ilə təqdim edilmiş Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, Torpaq sahəsi hüquqmüəyyənedici sənəd-Qaradağ rayon İHB xx.xx.2010-cu il tarixli sərəncama əsasən 0.06 ha, faktiki olaraq 0.0647 ha təşkil edir. A tikilisi 2 mərtəbəli bağ evi hüquqmüəyyənedici sənd ürə 258.0 kv.m, faktiki olaraq da 258.0 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/6-14-483/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -ÖM seriyalı 065946 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 3 saylı evin 1 saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 01 saylı reyestr kitabında 63-cü səhifəsində 30/77 qeydəalma nömrəsi ilə tarixsiz qeydiyyat aparılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 16682/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Sahil qəsəbəsi ünvanda tikilmiş fərdi yaşayış evinin istismara qəbul” Aktına əsasən Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaş İddiaçı tikdirdiyi yaşayış evinə baxış keçirildi. Qaradağ rayon İHB-nın xx.xx.2008-ci il NX-19 nömrəli qərarına əsasən vətəndaş İddiaçı tikdirdiyi yaşayış evi istismara qəbul edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********51 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən 38 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətlə əlaqədar bildiririk ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.8-ci bəndinə əsasən (16 iyul 2025-ci il tarixli 444 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmişdir) 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə). Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanlarının qərarları həmin qərarlarda göstərilmiş ölçüdə torpaq sahəsinə dai mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab olunur. İşdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 3, 1 saylı mənzil ilkin olaraq X1 adına qeydiyyatdan keçmiş, vəsiqədə qeydiyyat tarixi göstərilməmişdir. Daha sonra Bakı şəhəri 45 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixli 40-1/87 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2001-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 151 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamına, Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli X-19 nömrəli məktuba, razılaşdırılmış eskiz layihəyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, 3b saylı mənzilin yerində fərdi yaşayı evinin inşa edilməsi öz təsdiqini tapmış və 6 otaqdan ibarət yaşayış sahəsi 136,45 m², köməkçi sahəsi 123,34 m², açıq eyvan sahəsi 77,7 m², zirzəmi sahəsi 81,7 m², mansard sahəsi 106,44 m² olan yaşayış evi sənədləşdirilib qeydiyyata alınması qərara alınmış, həmin evə dair fərdi yaşayış evi ünvanı təyin edilərək xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən sərəncamda mənzilin yerinə tikilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmiş, eyni zamanda cavabdeh tərəfindən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda da torpaq sahəsinin ölçüsü 0.06 ha olaraq qeyd edilmişdir. Başqa sözlə, mülkyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü mənzilin yerində fərdi yaşayış evinin inşa olunması və həmin evin qeydiyyata alınması barədə yerli icra hakimiyyətinin səəncamında göstərildiyi kimi 600 kv.m olmaqla iddiaçının istifadəsində olduğu qeyd edilmiş, hazırda həmin sərəncam qüvvədə olmaqla iddiaçmının faktiki istifadəsində 600 kv.m torpaq sahəsi mövcuddur və adıçəkilən sərəncam Fərmanla təsdiq edilmiş siyahının 2.8-ci bəndinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar