Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2677/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müalicə xərcinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2021-ci il tarixdə Türkiyə Respublikasının “X1” iki dəfə müalicə alınmağı ilə bağlı ödədiyi 75 min (yetmiş beş min) manat pulun, eləcə də 28 min (iyirmi səkkiz min manat) manat məbləğində mənəvi ziyanın ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdən Azərbaycan Ordusunda xidmət etmişdir. Torpaqların işğaldan müdafiə olunması və işğal altda saxlanılan torpaqların azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmiş, döyüşlərdə dəfələrlə yaralanmışdır. Komandanlıq etdiyi tabor döyüşlərdə fərqləndiyinə görə “Hərbi Xidmətlərə Görə” medalı ilə şəxsən təltif olunmuşdur. Vətən müharibəsi iştirakçısıdır. “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur. Fizuli bölgəsinin düşməndən müdafiəsində fəal iştirak etmişdir. Xocavənd bölgəsi istiqamətində hücum əməliyyatı hazırlayaraq həyata keçirmişdir. 2001-ci ildən polkovnik rütbəsini daşıyır. Xidməti vəzifəsini icra edərkən 2017ci ilin sentyabr ayından başlayaraq “No xoçkin Linfa vəzlərinin remisiyası” diqnozu ilə Türkiyə Respublikasında müalicə olunmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək Türkiyə Respublikası “Gülhanə Tədris və Araşdırma” xəstəxanasında öz hesabına müalicə olunmuşdur. Bu müalicələrə getməzdən öncə Azərbaycan Respublikası Müdafiə Nazirinə komanda ilə raportla müraciət edib bildirmişdir ki, öz hesabına Türkiyədə müalicə olunsun və geri qayıtdıqdan sonra müalicəsinə çəkilən xərclər ona nazirlik tərəfindən ödənilməsinə göstəriş verilsin. Tərəfındən yazılan raportların hər ikisinə də Müdafiə Naziri tərəfindən razılıq dərkanarı qoyulmuşdur. Müalicədən geri qayıtdıqdan sonra yuxarı komandanlığa dəfələrlə şifahi müraciət etsə də çeşidli bəhanələr gətirilərək müalicəsinə çəkdiyi xərcin əvəzini ona ödəməkdən imtina etmişdirlər. Bildirmişdir ki, bu pulun 2/3 hissəsindən çoxunu borc götürmüşdür və geri qaytarmalıdır. Nəticədə pul ona ödənilmədiyinə görə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə baş qərargah rəisinə raportlarla müraciət etmişdir. Həmçinin qəbulunda şəxsən olmuşdur, aidiyyəti tibbi sənədlərlə tanış olduqdan Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi, Tibb Baş İdarəsi, İşlər İdarəsinə şifahi göstəriş verilmişdir ki, bu pulun gecikdirmədən ona ödənilməsi təşkil edilsin. Ancaq bu günə qədər ona Türkiyədə müalicəsinə çəkdiyi xərcin ona ödənilməsinə nail ola bilməmişdir. Ona qarşı bu yolverilməz haqsızlıq azmış kimi, hələ bir xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən mətbuata açıqlama verilib ki, guya onun bütün müalicə xərcləri ona ödənilmişdir. Odur ki, məcbur olub şikayətinin təmin olunması üçün məhkəməyə müraciət etmişdir. Türkiyədə sonuncu nazirliklə razılaşdırılmış öz hesabına müalicələri ilə bağlı ödədiyi pulların ümumi məbləği təxmini 75 (yetmiş beş min) min manatdır. Bu pulun böyük hissəsini borc götürdüyünə görə və vaxtında qaytara bilmədiyinə görə bu pulu ona inanıb verənlərin qarşısında hörmətdən düşmüş, yalançı kimi çıxmış, stresslər keçirmiş, nüfuzdan düşmüşdür. Həmçinin son bir ildə bəzi əmtəələrin qiymət qalxımı səbəbindən kreditorlarının sərt qınağına məruz qalır. Bütün bunlar onun üçün mənəvi əzabdır, bunu da günahkarı elə cavabdeh özüdür. Odur ki, hesab edir ki, cavabdeh ona 28 min manat məbləğində mənəvi zərər də ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik İddiaçı 2021-ci ilin 24 fevral və 22 iyun tarixlərində Türkiyyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Tədris və Tədqiqat Xəstəxanasında təcili olaraq müayinəyə və müalicəyə göndərilməsini və qayıdandan sonra xərclənən vəsaitin ödənilməsi barədə komanda üzrə Azərbaycan Respublikasının müdafiə nazirinə raportla müraciət etmişdir. Qeyd olunan raportlara uyğun olaraq Müdafiə naziri tərəfindən İddiaçı Türkiyədə müalicə olunmasına razılıq verilmiş və onun Ankara şəhərinə ezam olunması Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 802 nömrəli və xx.xx.2021-ci il tarixli əmrləri ilə rəsmiləşdirilmişdir. Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Tədris və Tədqiqat Xəstəxanasında müayinə və müalicə olunması ilə əlaqədar ezamiyyət xərcləri, təqdim edilmiş sənədlər əsasında iddiaçıya ödənilmişdir. Müdafiə Nazirliyinin 2021-ci və 2022-ci illər üçün təsdiq olunmuş büdcəsində Azərbaycan Respublikasının vahid büdcə təsnifatının “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması" xərc maddəsi üzrə ayrılmış maliyyə vəsaitləri yalnız dərmanların, sarğı ləvazimatlarının və materiallarının alınması üçün nəzərdə tutulmuşdur. Qeyd olunan xərc maddəsi, eləcə də digər xərc maddələri üzrə hərbi qulluqçulara müayinə və müalicə üçün pul vəsaitinin ödənilməsi nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsini təmin etməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Döyüş hazırlığı və Hərbi təhsil baş İdarəsi Döyüş hazırlığı İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik İddiaçı Baş Qərargah rəisinin müavini-Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinə ünvanladığı 22 iyun 2021-ci il tarixli raportda qeyd etmişdir ki, o, 01 mart - 09 may 2021-ci il tarixlərdə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Gülhanə Tədris və Araşdırma Xəstəxanası”nda müayinə və müalicə olunmuşdur. Xəstəxananın 09 may 2021-ci il tarixli həkimlər qrupunun rəyinə əsasən 05 iyul 2021-ci il tarixdə həmin xəstəxanada müayinə və müalicə olunma məqsədəuyğun hesab olunmuşdur. Qeyd olunanları nəzərə alaraq öz hesabına Türkiyə Respublikasının Ankara şəhərində yerləşən "Gülhanə Təhsil və Araşdırma Xəstəxanası”nda təcili olaraq müayinə və müalicəyə göndərilməsi və qayıtdıqdan sonra xərclənən vəsaitin ödənilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportuna "Gülhanə Təhsil və Araşdırma Xəstəxanası”nın epikrizini əlavə etmişdir. Baş Qərargah rəisinin müavini-Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsini icra edən Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi qarşısında xx.xx.2021-ci il tarixdə polkovnik İddiaçı raportuna əsasən vəsatət qaldırmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı Döyüş hazırlığı və Hərbi təhsil baş İdarəsi Döyüş hazırlığı İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik İddiaçı Baş Qərargah rəisinin müavini-Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinə ünvanladığı 24 fevral 2021ci il tarixli raportda qeyd etmişdir ki, o, 8-17 yanvar 2020-ci il tarixlərdə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Gülhanə Tədris və Araşdırma Xəstəxanası”nda müayinə olunmuşdur. Xəstəxananın 17 yanvar 2020-ci il tarixli epikrizinə əsasən 15 iyun 2020-ci il tarixdə həmin xəstəxanada təkrar müayinə və müalicə olunmalı olsa da pandemiya səbəbindən bu mümkün olmamışdır. 15 fevral 2021-ci il tarixdə Bakı Patologiya Mərkəzində limfa vəzindən götürülmüş təhlillərin nəticəsinə əsasən “hoçkins limfoması, limfositlərlə zəngin variant, EBV (+) pozitiv” və kombinə olunmuş non-kazeifiyə qranulematoz iltihab prosesi (sarkoidoz)" diaqnozu təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq öz hesabına Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Gülhanə Təhsil və Araşdırma Xəstəxanas”nda təcili olaraq müayinə və müalicəyə göndərilməsi və qayıtdıqdan sonra xərclənən vəsaitin ödənilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportuna “Gülhanə Təhsil və Araşdırma Xəstəxanası”nın epikrizinin və Bakı Patologiya Mərkəzindən verilmiş təhlil nəticəsinin surətini əlavə etmişdir. Baş Qərargah rəisinin müavini-Döyüş hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsini icra edən Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi qarşısında xx.xx.2021-ci il tarixdə polkovnik İddiaçı raportuna əsasən vəsatət qaldırmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin Müdafiə Nazirliyinin nümayəndəsinin Türkiyə Respublikasına göndərilməsi haqqında xx.xx.2021-ci il tarixli, 80 nömrəli Əmri ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik İddiaçı Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müayinə və müalicə olunmaq üçün 2021-ci il martın 1-dən müalicə müddəti bitənə qədər Türkiyə Respublikasının Ankara şəhərinə göndərilməsi, Əmrin icrasına nəzarət Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinə tapşırılması, Əmr aidiyyəti üzrə çatdırılması Əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin Müdafiə Nazirliyinin nümayəndəsinin Türkiyə Respublikasına göndərilməsi haqqında xx.xx.2021-ci il tarixli, 266 nömrəli Əmri ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik İddiaçı Gülhane Tədris və Araşdırma Xəstəxanasında müayinə və müalicə olunmaq üçün 2021-ci il iyulun 5-dən müalicə müddəti bitənə qədər Türkiyə Respublikasının Ankara şəhərinə göndərilməsi, Əmrin icrasına nəzarət Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinə tapşırılması, Əmr aidiyyəti üzrə çatdırılması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin İşlər İdraəsinə ünvanladığı 8/717 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş qərargaah rəisinin xx.xx.2022-ci il tarixli 1017 nömrəli dərkənarının icrası ilə bağlı polkovnik İddiaçı müalicə ilə bağlı Türkiyə Respublikasına getməsi ilə əlaqədar sənədlərinin kserosurətlərinin nəqliyyat xərclərinə aid hissəsi ödənilməsi üçür aidiyyəti üzrə Sizə göndərilir. İnzibati icraat materiallarına əlavə edilmiş Silk row travelin 438/04 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, 06 sentyabr 2022-ci il tarixli 4/4280 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı adına 08 iyun 2021-ci il tarixində “Buta Airways” aviaşirkətinin uçuşlarına 05 iyul 2021-ci il tarixinə Bakı - Ankara istiqaməti üzrə J2 -913 nömrəli reysə onlayn vasitəsi ilə əldə edilmiş 771 ********** nömrəli aviabiletə görə 206,86 AZN məbləğin ödənilməsini təsdiq edirik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdrəsinin Hüquq İdarəsinə ünvanladığı 4/797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda bildiilmişdir ki, İddiaçı 2021-ci ildə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müaliə və müayinəyə göndərilməsi ilə bağlı aparılmış ödəmələr Maliyyə və Büdcə İdarəsi rəisinin məktubuna əsasən xx.xx.2022-ci ildə 449,48 manat, xx.xx.2022-ci il tarixdə isə 206,86 manat nəqliyyat xərcinə aid olan hissəsi onun Azərbaycan Beynəıxalq bnkında olan hesabına köçürülmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 3-25-11/2-1231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin 6/1804 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi Müdafiə Nazirliyinin nümayəndələrinin müayinə və müalicə olunmaq məqsədilə Türkiyə Respublikasına göndərilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin əmrlərinin icrası zamanı gediş və qayıdış aviabiletlərinin sifariş verilməsi, xəstənin və onu müşayiət edən şəxslərin qəbul edən ölkəyə gəlmə tarixi, saatı və marşrutu haqqında qarşı tərəfin məlumatlandırılması, müayinə və müalicə müddətində həll edilməsi zərurəti yaranan məsələlərlə bağlı Türkiyə tərəfi ilə Müdafiə Nazirliyinin aidiyyəti strukturlarının əlaqələndirilməsi fəaliyyətlərini həyata keçirir. Müdafiə nazirinin xx.xx.2021 -ci il tarixli və xx.xx.2021-ci il tarixli müvafiq əmrlərinin icrası ilə əlaqədar, İddiaçı Türkiyə Respublikasında öz hesabına müayinə və müalicə olunmasına icazə verildiyi üçün gediş və qayıdış aviabiletləri özü tərəfindən alınmış, onun və müşayiətçisinin Ankara şəhərinə gəlişi barədə zəruri məlumatlar isə qəbul edən tərəfə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən bildirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ünvanlanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 8/3756 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sizin Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Tədris və Tədqiqat Xəstəxanasında 2021-ci ildə müayinə və müalicə xərclərinin ödənilməsi ilə bağlı Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanladığınız müraciətinizə Maliyyə və Büdcə İdarəsində baxılmışdır. Bildiririk ki, ödəniş üçün Maliyyə və Büdcə İdarəsinə sənədlərin əsli deyil surətləri təqdim olunmuşdur. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda maliyyə təsərrüfatının aparılması Qaydaları"nın tələblərinə uyğun olaraq büdcə xərclərinin iqtisadi təsnifatının müvafiq xərc maddəsi üzrə pul vəsaitinin xərclənməsi, yalnız təsdiqedici sənədlərin əslləri əsasında həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, müayinə və müalicə xərclərini təsdiq edən sənədlərin əsilləri tərəfinizdən Maliyyə və Büdcə İdarəsinə təqdim edildikdən sonra qeyd edilən sənədlərə mahiyyəti üzrə baxılacaqdır. İş materiallarına əlavə edilmiş İddiaçı ünvanlanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 8/3689 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Sizin Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Tədris və Tədqiqat Xəstəxanasında 2021-ci ildə müayinə və müalicə xərclərinin ödənilməsi ilə bağlı Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ünvanladığınız müraciətinizə Maliyyə və Büdcə İdarəsində baxılmışdır. Bildiririk ki, ödəniş üçün Maliyyə və Büdcə İdarəsinə sənədlərin əsli deyil surətləri təqdim olunmuşdur. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda maliyyə təsərrüfatının aparılması Qaydalarının tələblərinə . d un olaraq büdcə xərclərinin iqtisadi təsnifatının müvafiq xərc maddəsi üzrə pul vəsaitinin xərclənməsi, yalnız təsdiqedici sənədlərin əslləri əsasında həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, müayinə və müalicə xərclərini təsdiq edən sərədlərin əslləri tərəfinizdən Maliyyə və Büdcə İdarəsinə təqdim edildikdən sonra qeyd edilən sənədlərə mahiyyəti üzrə baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə uyğun olmaqla iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə müayinə və müalicəsi ilə bağlı xərclərin ödənilməsi tələbinə dair ərizələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, iddiaçı ehtiyatda olan polkovnik rütbəsində olmaqla xidmətdə olduğu dövrdə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsini icra edərkən 2021-ci ilin fevral və iyun tarixlərində “hoçkins limfoması, limfositlərlə zəngin variant, EBV (+) pozitiv” və kombinə olunmuş non-kazeifiyə qranulematoz iltihab prosesi (sarkoidoz)" diaqnozuna əsasən Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Tədris və Tədqiqat Xəstəxanasında müayinə və müalicədə olmuşdur. İddiaçı hər iki tarixdə öz hesabına Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Gülhanə Təhsil və Araşdırma Xəstəxanas”nda təcili olaraq müayinə və müalicəyə göndərilməsi və qayıtdıqdan sonra xərclənən vəsaitin ödənilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması ilə bağlı raportla müraciət etmiş, hər iki raport razılaşdırılmışdır. Hazırkı iddiasında iddiaçı öz hesabına ödəyəcəyi xərcin qayıtdıqdan sonra ona geri ödənilməsi ilə bağlı təqdim etdiyi raporta əsasən yuxarı komandanlıq qarşısında vəsatət qaldırıldığını, hər iki raporta Müdafiə Nazirinin imzası ilə dərkənar qoyulduğunu, bununla da xərcin ödəniləcəyi ilə bağlı inzibati orqanın razılıq verdiyinə istinad edərək müayinə və müalicəsinə çəkdiyi 75 min manatın cavabdeh tərəfindən ödənilməsini mübahisələndirir. Məhkəmə hazırkı iş üzrə iddiaçının tələbini iki hüquqi əsasdan qiymətləndirir: -İ. Hərbi qulluqçunun xidmət etdiyi dövrdə xarici ölkədə müayinə və müalicə olması xərclərinin ödənilməsi ilə bağlı qüvvədə olan qanunvericilik normalarının tələblərinə müvafiq olaraq; -İİ. İnzibati orqanın vədinə etimad hüququ baxımından. İ.“Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda, idarə mənsubiyyətindən asılı olmayaraq bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Ordusunun hərbi qulluqçuları müvafiq qaydada tibbi sığorta olunurlar. Bu qanunun tələblərinə uyğun olaraq hərbi qulluqçular xidmətlər zərfi üzrə mülki müalicə müəssisələrinə müraciət edərək orada pulsuz müayinə və müalicə oluna bilərlər. Azərbaycan Respublikasının Prezidentinin 20 fevral 2019-cu il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” Protokolun aşağıdakı maddələrinə əsasən: -1. Bu Protokolun məqsədi 4-cü maddədə qeyd edilən sahələrdə səlahiyyətli orqanların cavabdehlikləri çərçivəsində Tərəflərin riayət etməli olacaqları əsasları müəyyənləşdirmək və əməkdaşlığı inkişaf etdirməkdir.
2. Bu Protokol 4-cü maddədə qeyd edilən sahələrdə şəxsi heyət, material, təchizat, məlumat və təcrübə mübadiləsini əhatə edir.
3. 1. Göndərən Tərəf - bu Protokolun məqsədləri üçün Qəbul edən Tərəfə şəxsi heyət, material və təchizat göndərən tərəfi ifadə edir.
2. Qəbul edən Tərəf - bu Protokolun həyata keçirilməsi məqsədi ilə Göndərən Tərəfin şəxsi heyəti, materialı və təchizatını ölkəsində qəbul edən tərəfi ifadə edir.
6. Xəstələr - Tərəflərin öz imkanları ilə müalicə edə bilmədikləri və ya mükəmməl müayinə tələb edən və qarşılıqlı yazışmalarla digər Tərəfdə müayinə və müalicəsinə imkan təmin edilən hərbi/mülki şəxsləri və onların ailə üzvlərini ifadə edir. -5-ci maddə (İcra və əməkdaşlıq əsasları):
2. Müalicə xidmətləri: a. Qəbul edən Tərəf hər il Göndərən Tərəfin 100 xəstəsinə Qəbul edən Tərəfin milli səhiyyə və maliyyə qanunvericiliyi çərçivəsində ödənişsiz müalicə xidməti göstərə bilər. b. Ödənişsiz müalicə xidməti göstəriləcək Xəstələrin gediş-gəliş xərcləri Göndərən Tərəf tərəfindən ödənilir, iki ölkə arasında planlı kuryer təyyarələri olduğu təqdirdə, yerlərin mövcud vəziyyətinə əsasən Xəstələr və iki müşayiətçi bu kuryer təyyarələrindən ödənişsiz istifadə edə bilər. Lakin Xəstələrin və müşayiətçilərin kuryer təyyarələrindən istifadə etmələri nəticəsində yarana biləcək maddi-mənəvi zərər, əlillik və ya ölüm hallarında hər hansı kompensasiya tələbi irəli sürülmür. c. Ödənişli və ödənişsiz Xəstələrin müayinə və müalicə xidmətləri ilə bağlı xərcləri Qəbul edən Tərəfin milli qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir. d. Ödənişsiz müalicə xidməti göstəriləcək Xəstələrin seçimi Göndərən Tərəfin səlahiyyətli orqanı tərəfindən edilir və Qəbul edən Tərəfin səlahiyyətli orqanı tərəfindən təsdiqlənir. e. Bu Protokol çərçivəsində Göndərən Tərəfin vətəndaşları Qəbul edən Tərəfin tibb müəssisələrinə fərdi olaraq ödəniş müqabilində müraciət edə bilərlər. f. Ödənişsiz müalicə xidməti göstəriləcək Xəstənin müalicəsi sona çatanadək müalicə xərcləri ilə xəstə və iki müşayiətçinin yaşayış və iaşə xərclərini Qəbul edən Tərəfin müəyyənləşdirəcəyi əsaslara uyğun olaraq Qəbul edən Tərəf ödəyir. Digər müşayiətçilərin yaşayış və iaşə xərcləri Qəbul edən Tərəfin müəyyənləşdirəcəyi qiymət tarifinə əsasən müşayiətçilər tərəfindən ödənilir. Beləliklə, sadalanan normalardan görünür ki, hərbi qulluqçunun ölkə daxilində tibbi təminatı, müayinə və müalicə olunması ilə bağlı xərclər büdcə hesabına xidmət yerində hərbi-tibbi idarələrdə, hərbi tibbi idarələr olmadıqda mülki müalicə müəssisələrində ödənişsiz həyata keçirilir. Hərbi qulluqçunun ölkə xaricində müayinə və müalicə olunması ilə bağlı xərclərin ödənilməsi isə tərəf olan ölkələrin hərbi tibb sahəsində əməkdaşlıq haqqında müqavilələri ilə tənzimlənir. Hazırkı iş üzrə iddiaçının müayinə və müalicədə olduğu Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında 2018-ci il dekabrın 19-da Ankara şəhərində hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” Protokol imzalanmışdır. Protokolun yuxarıda sadalanan müddəalarına əsasən konkret halda göndərən tərəf ölkə daxilində öz imkanları ilə müalicə edə bilmədiyi hərbi qulluqçularını hər il say tərkibi maksimum 100 nəfər olmaqla ödənişsiz müalicəyə göndərə bilər. Ödənişsiz müalicə xidməti göstəriləcək hərbi qulluqçuların seçimini aparmaq isə bilavasitə göndərən tərəfin səlahiyyətində qalır. Bundan başqa, göndərən tərəfin hərbi qulluqçuları qəbul edən tərəfin tibb müəssisəsində fərdi olaraq ödənişli əsaslarla da müalicə ala bilərlər. Başqa sözlə, hərbi qulluqçunun Türkiyə Respublikasında ödənişsiz əsaslarla müalicə alması yalnız Müdafiə Nazirliyi vasitəsilə, nazirliyin seçiminə uyğun olaraq hərbi qulluqçunun adı hər il üçün tərtib edilən Türkiyə Respublikasına göndərilən 100 nəfərlik kvotaya (kontenjan) salındığı təqdirdə mümkündür. Sadalanan qanunvericiliklə Müdafiə Nazirliyinin qeyd edilən xəstə kvotasından kənar qaydada hərbi qulluqçunu ödənişsiz əsaslarla müalicə üçün Türkiyə Respublikasına göndərmək və ya onun müalicə və müayinə xərcini dövlət büdcəsi hesabına ödənilməsini təmin etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyindən daxil olmuş 02 aprel 2020-ci il tarixli 15573275-162.02-501 nömrəli məktubunda bildirilmişdir ki, Türkiyə Respublikası Höküməti ilə Azerbaycan Respublikası Höküməti arasında 19 dekabr 2018 il tarixində imzalanmış hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” Protokol əsasında xəstələrin müayinə ve müalicələrinin Türkiyədə aparılması uyğun hesab eidlən xəstələrin müalicələri ödənşsiz olaraq aparılır. Bütün dünyanı təsir altına salan COVİD-19 ilə əlaqədar alınan qərarlarla Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bütün xarici xəstələrin Türkiyəyə qəbulunun müvəqqəti olaraq dayandırılmış, Gülhane Xəstəxanası da daxil olmaqla bütün dövlət xəstəxanalarının COVİD-19 xəstələri xaricində xidmət göstərməsi məhdudlaşdırılmış, təcili hallardan başqa digər əməliyyatlara ara verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış Türkiyə Silahlı Qüvvələr Attaşesinin xx.xx.2021-ci il tarixli, 15573275-162.02-508 nömrəli məktubunda və 15573275-162.02-580 nömrəli xəstə proseduru planında qeyd olunmuşdur ki, 2021-ci ildə illik kvota daxilində yalnız Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların müalicəsi üçün 60 kontenjan ayrılmışdır. Ödənişsiz müalicə xidməti veriləcək xəstələrin seçimi göndərən tərəfin səlahiyyətli qurumu tərəfindən həyata keçirilir və qəbul edən tərəfin səlahiyyətli qurumu tərəfindən təsdiqlənir. Beləliklə, müəyyən olunur ki, 2020-ci il üzrə Azərbaycan Respublikası tərəfindən Türkiyə Respublikası Gülhanə Xəstəxanasında hər il üçün müalicəyə göndəriləcək xəstələrin qəbulu Covid-19 ilə əlaqədar dayandırılmışdır. 2021-ci il üçün isə Azərbaycan Höküməti tərəfindən müalicə üçün Türkiyə Respublikasına göndərilən xəstələrin 60 nəfərlik kvotası nəzərdə tutulmuş və həmin 60 nəfərlik kvota yalnız Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçular üçün ayrılmışdır. Hazırkı iş üzrə iddiaçı 2021-ci ilin mart-may və 2021-ci ilin iyul-avqust aylarında Türkiyə Respublikasında Gülhanə Xəstəxanasında müalicə və müayinə olunması yuxarıda adıçəkilən Hökümətlərarası Protokolun tələblərinə müvafiq olaraq, 2021-ci il üçün Vətən müharibəsi zamanı yaralanmış 60 nəfərlik xəstə kvotası daxilində olmamış və iddiaçının adı Türkiyə Respublikasına ödənişsiz müalicəyə göndəriləcək xəstə kontingentinin siyahısına daxil edilməmişdir. 2021-ci ildən fərqli olaraq iddiaçı 2017-ci il tarixdə kvota daxilində həmin ölkədə ödənişsiz müalicədə olmuşdur. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında “Hodçkin limfoması” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuş, xəstənin sonrakı ixtisaslı müayinə və müalicəsi üçün onun Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasına göndərilməsi və müalicəsini orada davam etdirməsi ilə bağlı Tibb Baş İdarəsi tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və Müdafiə Naziri tərəfindən razılaşdırılmışdır. İddiaçı məhkəmə iclasında izahatında da 2017-ci ildə Türkiyə Respublikası Gülhanə Tədris və Araşdırma Xəstəxanasına kontenjan daxilində getdiyini və müalicəsinin ödənişsiz həyata keçdiyini bildirmişdir. 2017-ci il ərzində müalicə ilə bağlı təqdim edilmiş sənədlərlə hazırkı mübahisələndirilən 2021-ci il ərzində müalicəyə getməsi ilə bağlı sənədləri müqayisəli təhlil etdikdə müəyyən olunur ki, 2017-ci ildən fərqli olaraq iddiaçının 2021-ci il üçün büdcə hesabına Türkiyə Respublikasında ödənişsiz müalicə almaq imkanının hökümətlərarası razılaşmaya uyğun olaraq nəzərdə tutulmamış, 2021-ci il üzrə müalicə xərcləri iddiaçının öz fərdi hesabına aparılmış və nəticə etibarı ilə Müdafiə Nazirliyi tərəfindən həmin xərclərin qarşılanması ilə bağlı qanunvericilikdən irəli gələn hər hansı öhdəliyi mövcud olmamışdır. İİ. İddiaçının iddia tələbində qeyd etdiyi onun öz hesabına aparılmış müalicə xərcinin geri qayıtdıqdan sonra nazirlik tərəfindən ödəniləcəyi barədə raportuna Müdafiə Nazirinin dərkənar qoyması, bununla da inzibati orqanın verdiyi vədi yerinə yetirməli olduğuna münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi inzibati icraatda maraqlı şəxsin inzibati orqanın onun üçün əliverişli inzibati akt qəbul edəcəyi, yaxud müvafiq hərəkət edəcəyi ilə bağlı “vəd”inə etimad hüququ vardır. Lakin bu etimad hüququ o “vəd” lərə münasibətdə tətbiq olunur ki: 1.vəd yazılı formada olsun; 2.vədin qanuni əsası olsun. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın iddiaçının qeyd etdiyi məzmunda –yəni qayıtdıqdan sonra öz hesabına ödənilmiş müalicə xərcinin Müdafiə Nazirliyi tərəfindən büdcə hesabına hərbi qulluqçuya geri ödəniləcəyi ilə bağlı yazılı inzibati aktı yoxdur. Əvvəla, iddiaçının təqdim etdiyi hər iki raport məzmun baxımından ilkin olaraq “müalicə xərcinin ödənilməsi” şərtini deyil, onun öz hesabına Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Gülhanə Təhsil və Araşdırma Xəstəxanasına təcili olaraq müayinə və müalicəyə göndərilməsi üçün “icazə”ni ifadə edir. Qeyd edilən icazə onunla bağlıdır ki, hərbi qulluqçunun bu və ya digər səbəbdən ölkə xaricinə getməsi bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir. Hər iki raport üzrə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli, 80 nömrəli və xx.xx.2021-ci il tarixli, 266 nömrəli “Müdafiə Nazirliyinin nümayəndəsinin Türkiyə Respublikasına göndərilməsi haqqında” əmrləri qəbul edilmiş və hər iki əmrdə iddiaçının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müayinə və müalicə olunmaq üçün müalicə müddəti bitənə qədər Türkiyə Respublikasının Ankara şəhərinə göndərilməsi qeyd edilmiş və əmrlərin icrasına nəzarət Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinə tapşırılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın yazılı şəkildə təqdim etdiyi inzibati aktlarında onun müalicə xərclərinin cavabdehin hesabına qarşılanacağı və yaxud iddiaçıya geri qaytarılacağı ilə bağlı hər hansı vəd öz əksini tapmamışdır. Qeyd edilən əmrlər hərbi qulluqçunun ölkəni tərk etməsinə yol verən rəsmi icazəni ehtiva etmişdir. Təsadüfi deyildir ki, adıçəkilən əmrin icrası əlavə olaraq cavabdehin maliyyə təminat idarəsinə deyil, məhz Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin 6/1804 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda isə bildirilmişdir ki, adıçəkilən Azərbaycan Respublikası müdafiə nazirinin əmrlərinin icrası olaraq İdarə tərəfindən gediş və qayıdış aviabiletlərinin sifariş verilməsi, xəstənin və onu müşayiət edən şəxslərin qəbul edən ölkəyə gəlmə tarixi, saatı və marşrutu haqqında qarşı tərəfin məlumatlandırılması, müayinə və müalicə müddətində həll edilməsi zərurəti yaranan məsələlərlə bağlı Türkiyə tərəfi ilə Müdafiə Nazirliyinin aidiyyəti strukturlarının əlaqələndirilməsi fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş və nəticədə iddiaçının və müşayiətçisinin Ankara şəhərinə gəlişi barədə zəruri məlumatlar qəbul edən tərəfə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən bildirilmişdir. İİQ-nun 64.1-ci maddəsinə əsasən (....) inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, iddiaçı barəsində mövcud olan əmrlər yalnız onun xarici ölkəyə göndərilməsinə icazə verilməsi barədə olmuş və iddiaçının məhz həmin məzmunda inzibati akta (-lar) etimad hüququ yaranmışdır. Hazırkı iş üzrə müalicə xərcinin geri ödəniləcəyi ilə bağlı inzibati orqanın vədi olmadığı kimi, yuxarıda sadalanan qanunvericiliklə də belə bir vədin qanuni əsası da mövcud deyildir. Bundan əlavə, iş üzrə iddiaçı mənəvi zərər çəkdiyini onunla əlaqələndirir ki, müalicə xərci ilə bağlı tərəfindən ödənilmiş məbləğ vaxtında qaytarılmadığına görə borc götürdüyü şəxslər qarşısında hörmətdən, nüfuzdan düşmüş, stresslər keçirmiş, bununla da ona 28 min manat dəyərində mənəvi zərər dəymişdir. Göründüyü kimi iddiaçının mənəvi zərərlə bağlı tələbi bilavasitə birinci tələbindən, yəni müalicə xərcinin ödənilməsi ilə bağlı tələbindən asılıdır. Hazırkı iş üzrə iddiaçının maddi zərərlə bağlı tələbi əsaslı olmadığından və məhkəmə tərəfindən təmin edilmədiyindən mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi də təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müalicə xərcinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova