Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2677/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-58/6 saylı xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixli vəsatətini təmin edilərək ona qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olmuş, milliyətcə bəluç, dini etiqadına görə müsəlmandır (sünni). 2005-ci ildə Qucranvalada “Public school” adlı məktəbdə 8 sinif natamam orta təhsil almış, 16 yaşında ailə həyatı qurduğuna görə təhsilini davam etdirməmiş, xüsusi peşəsi yoxdur, evində yeməklər bişirib müştərilərə çatdırmaqla məşğul olmuşdur. Ailə vəziyyəti barədə məlumat verərkən iddiaçı evli olduğunu, valideynlərinin və qardaşlarından birinin vəfat etdiyini, 3 qardaş və 4 bacısının Pakistanda yaşadığını, ərinin və 4 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini və hazırda onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, o, 2009-cu ildə 16 yaşında öz istəyi ilə Muhammad İrfanla ailə həyatı qurmuş, dini nikah bağlamışdır. Onların bu nikahından İddiaçı qardaşları narazı olmuş və onları təhdid etməyə başlamış, bir neçə dəfə onlara hücum etmiş, əri Muhammad İrfanı bərk döymüşlər. Təhdidin səbəbini izah edərkən İddiaçı bunu onun bəluç millətindən, ərinin isə pəncablı olması, onun sünni, ərinin isə vəhhabi olması ilə izah etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İddiaçı hesab edir ki, DMX-nın qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin müəyyən faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxsunun, real riskin olub-olmadığını yoxlanılmalıdır. İş üzrə mühüm fakt iddiaçının Pakistanda olarkən 2009-cu ildə 16 yaşında öz istəyi ilə Muhammad İrfanla ailə həyatı qurduğunu, dini nikah bağladığını bildirmişdir. Onların bu nikahından İddiaçı qardaşlarının narazı olduğunu və onları təhdid etməyə başladığını, bir neçə dəfə onlara hücum etdiyini, əri Muhammad İrfanı bərk döydüklərini təhdidin səbəbini izah edərkən İddiaçı bunu özünün bəluç millətindən, ərinin isə pəncablı olması, özünün sünni, ərinin isə vəhhabi olması ilə izah etmişdir. Bu səbəbdən də əri və övladları ilə birlikdə xx.xx.2023-cü ildə Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. İş üzrə mühüm faktlara dair iddiaçının təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. Hüquq tətbiq edən orqan iddiaçının izahatlarının mötəbərliliyini qiymətləndirdikdə güman edilən faktların ağlabatanlığı, iddiaçının izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatı ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlilik o halda müəyyən edilir ki, iddiaçı tərəfindən rabitəli və məcıbul hamıya bəlli olan faktlarla ziddivət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. İddiaçının izahatlarının mötəbərliliyi qiymətləndirilərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmalıdır. İş materialında olan müsahibədən görünür ki, iddiaçı işin mühüm faktları, yəni öz qardaşları tərəfindən ölkəsində təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar iddiaçının işin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, iddiaçının izahatları müfəssəldir, spesifıkdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı əsaslara görə iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023cü il tarixli İQ-58/6 nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Ciddi təhdidlərə qalmalarını iddia etməklərinə baxmayaraq 14 il Pakistanda yaşamış və işləmiş,
2. Edilmiş təhdidlər barədə hüquq mühafizə orqanlarına yazılı müraciət etməmiş, 3. 2015ci il tarixdə Qucranvala şəhərindən Feysalabada köçərək orada iki ildən çox təhdidsiz şəraitdə yaşamış, 4. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, İddiaçı Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-58/6 nömrəli qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, ciddi təhdidlərə qalmalarını iddia etməklərinə baxmayaraq 14 il Pakistanda yaşamış və işləmiş, edilmiş təhdidlər barədə hüquq mühafizə orqanlarına yazılı müraciət etməmiş, 2015-ci il tarixdə Qucranvala şəhərindən Feysalabada köçərək orada iki ildən çox təhdidsiz şəraitdə yaşamış, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1 -ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. -58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşin məhkəmə araşdırması ilə müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı 25 mart 1992-ci il tarixdə doğulmuş, hazırda Bakı şəhəri, Sabunçu raonu, Sabunçu qəsəbəsi, döngə 6 ünvanda müvəqqəti yaşayan İddiaçı ailə üzvləri (əri xx.xx.1986-cı il təvəllüdlü Muhammad İrfan, qızı - xx.xx.2010-cu il təvəllüdlü Hizza İrfan, qızı -xx.xx.2012-ci il təvəllüdlü Esha İrfan, qızı - xx.xx.2016-cı il təvəllüdlü Asima Noor, oğlu -xx.xx.2017-ci il təvəllüdlü Muhammad İbrahim) ilə birlikdə 13 iyun 2023-cü il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və 76-2023 saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı Pakistanda ciddi təhdidlərlə üzləşdiyini qeyd etməsinə baxmayaraq o və ailə üzvləri evlilikdən sonra 14 ərzində Pakistanda yaşayıb işlədiyini bildirmiş, onlara edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan istifadə etməmişdir. Müsahibədə həmçinin iddiaçı iddia ərizəsində göstərilən halları (milliyyətcə baluç, dini etiqadına görə islam (sünni) olduğunu, ölkəsində heç bir sosial qrupa qoşulmadığı, irqi əlamətlərinə, dininə, siyasi əqidəsinə görə təqib olunmadığı, qardaşının təqiblərindən qaçmaq üçün 2015-ci ildə Quçranvala şəhərindən Feysalabad şəhərinə köçdükləri, orada 2 ildən çox müddətə təhdidsiz yaşadıqlarını, sonra iş tapmadıqları üçün normal dolanışıq şəraitinə görə Qucranvala şəhərinə qayıtmalı olduqlarını söyləmişdir. Ərizəçi evlilikdən sonra 14 il ərzində Pakistanda yaşadıqları, lakin qardaşlarının onun nikahından narazı olduqları üçün bir neçə dəfə hücum edərək döydüklərini əsas gətirərək öz ölkəsini tərk etdiyini və qeyd olunan səbəblərdən ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 01 sentyabr 2023-cü il tarixdə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçılar tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçılara münasibətdə əsaslı qərar qəbul etmişdir. İddiaçıların mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədə qardaşları tərəfindən onlara qarşı edilən təhdidlərlə bağlıdır, bununla bağlı münasibətdən narazı olduğu halda hüquqlarının müdafiəsi üçün hüquq-mühafizə orqanlarına müracət edə bilərdi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə və ailədaxili məsələlərə bağlı narahatlıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. İddiaçı vətəndaşı olduğu ölkədə təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə 01 sentyabr 2023-cü il tarixli İQ-58/6 saylı qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən, iddiaçının həmin qərarın ləğv edilməklə qaçqın statusunun verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-cimaddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov