Məhkəmə qərarları › İş №2-1(112)-2677/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2677/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2677/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” adının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixə qədər (44 günlük vətən müharibəsi dövründə) geniş miqyaslı əks hücum əməliyyatları həyata keçirilən zaman tibb bacısı kimi X3 Mərkəzində yaralı hərbçilərə xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X3 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi hospital kimi fəaliyyət göstərmişdir. Cavabdeh iddia ərizəsinə mahiyyəti üzrə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” publik hüquqi şəxsin 1134-K №-li xx.xx.2020-ci il tarixli əmrinə əsasən, hərbi vəziyyətlə əlaqədar Anestezologiya-reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı İddiaçı Füzuli rayon Diaqnostik Mərkəzinə xx.xx.2020-ci il tarixdən ezam olunmuşdur; Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Füzuli Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 979 nömrəli arayışından görünür ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər X3 Mərkəzində yaralı hərbçilərə tibbi xidmət göstərmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir. Tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı X3 Mərkəzinə xx.xx.2020-ci il tarixdən ezam olunmuşdur və yaralı hərbçilərə tibbi xidmət göstərmişdir. İddiaçı bu hala istinad edərək ona müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir. Cavabdeh isə imtina məktubunda bildirir ki, iddiaçının Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidməti, fəaliyyəti və həmçinin hər hansı döyüş tapşırığının yerinə yetirilməsi barədə təsdiqedici sənədləri mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla, iddia tələbi rədd edilməlidir. Belə ki, Veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının məzmunundan göründüyü kimi, həmin bəndə əsasən o şəxslərə müharibə veteranı adı verilir ki şəxs: 1) ...Füzuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olsun; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olsun; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunsun. İddiaçının hərbi qulluqçu və ya hərbi hissələrin mülki işçisi olmaması, eyni zamanda işin mübahisələndirilməyən halı olduğundan 1-ci və 2-ci bəndləri iddiaçıya aid etmək olmur. 3-cü bəndlə bağlı qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir. Belə ki, iddiaçının Əsasnanənin Qeyd hissəsində təsbit edilmiş döyüş əməliyyatlarının digər təminat növü, yəni tibbi təminat növü hesab edilməsi üçün, onun döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması zəruridir ki, iddiaçı döyüş tapşırığının aparıldığı əraziyə deyil, Füzuli rayonunun döyüş bölgəsindən kənarda, işğaldan azad olunmuş ərazilərdə yerləşməyən “X3 Mərkəzi” publik hüquqi şəxsinə ezam olunmuşdur. Məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adının verilməsinin mahiyyəti ondan ibarətdir ki, şəxsin bilavasitə döyüş tapşırığını yerinə yetirməsi və ya döyüş əməliyyatlarının aparıldığı ərazidə ezam olunması nəticəsində yaralanma, travma və ya digər xəsarətlər alması, həmçinin onun ölümü ilə nəticələnəcəyi təhlükəsi vardır. Bu səbəbdəndir ki, şəxs müharibə veteranı adının verilməsi üçün onun bu növ təhlükələrlə üz-üzə olması, bilavasitə döyüş əməliyyatarında iştirak edən və döyüş tapşırğını icra edən hərbi qulluqçu və ya hərbi orqanların mülki işçisi olması, eyni zamanda hərbi qulluqçu olmasa da, döyüş əməliyyatlarının digər təminatı növü üzrə (hazırkı işdə tibbi təminat) həmin əməliyyaltarın aparıldığı ərazilərdə hərbi qulluqçuların müayinəsi və müalicəsində iştirak etməsi və nəticədə yuxarıda qeyd edilən təhlükələrlə üzüzə olması zəruridir. Baxılan işdə isə, iddiaçının xidmət etdiyi Xəstəxana bu əməliyyatların aparıldığı ərazidən, döyüş bölgəsindən kənarda olmuş, iddiaçının hər hansı yaralanma, xəsarət alma və ya ölüm təhlükəsi olmamışdır. Odur ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçıya müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş dispozitiv şərtlər yerinə yetirilmir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar