Məhkəmə qərarları › İş №2-1(112)-2678/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2678/2020

18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2678/2020 18.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı , Cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin mümükünlük məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə X3 adlı şəxs arasında bağlanmış 10 dekabr 2010-cu il tarixli 012/2010 saylı torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən məhkəmənin hazırlıq icraatının iclasında, həmçinin, iddiaçıya “hüquqi yardım” göstərilməsi məqsədilə məktub ünvanlanaraq izah olunmuşdur ki,”müqavilənin etibarsızlığı” tələbi üzrə iddialara baxılmasının aidiyyəti qaydaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normaları ilə tənzimlənir. Bu səbəbdən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi tövsiyyə olunmuşdur. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 18 may 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən hər hansı prosessual hərəkətlərin pozulmasına yol verilməmiş və aidiyyət qaydalarına riayət edilərək səlahiyyətli məhkəməyə müraciət olunmuşdur. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Poladov iddiaçının iddia tələbinə baxılmasının hazırki məhkəmənin səlahiyyətində olmadığını bildirərək, iddia ərizəsinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvələn, Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüz-lüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Hazırki işin faktiki hallarından məlum olur ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə X3 arasında bağlanmış 10 dekabr 2010-cu il tarixli, 012/2010 saylı icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Mübahisə predmetini təşkil edən müqavilədən görünür ki, Ç.Mustafayev küçəsi adlanan ərazidə 600 m2 torpaq sahəsi bağ bostan bitkilərinin becərilməsi üçün Buzovna Bələdiyyəsi tərəfindən X2 verilmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, əqdin əlamətləri onu inzibati aktlardan fərqləndirməyə imkan verir. Onların hər ikisi də hüquqi akt kateqoriyasına aid edilir. Belə ki, həm əqdlər, həm də inzibati aktlar hüquqi akt hesab edilir. İnzibati aktlar dedikdə, dövlət icra hakimiyyəti orqanlarının qəbul etdikləri fərdi xarakterli qeyri-normativ aktlar başa düşülür. Bu aktlar əqdlərdən fərqli olaraq, inzibati-hüquqi nəticə doğurur. Məsələn, rayon icra hakimiyyəti orqanının qərarı ilə müharibə iştirakçısına mənzil verilir. Əqd isə mülkihüquqi nəticə doğurur. Mübahisənin qeyd olunan predmetindan aşkar göründüyü kimi, iddiaçı tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə X3 arasında bağlanmış 10 dekabr 2010-cu il tarixli, 012/2010 saylı icarəyə verilməsi haqqında mülki müqavilə münasibətlərindən irəli gələn məsələlər və onun doğurduğu nəticələr mübahisələndirilir ki, bunun da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan, inzibati icraat qaydasında baxıla bilən iddia növlərinə uyğunluğu müəyyən edilmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağlanmış əqd (müqavilə) məzmununa və hüquqi təbiətinə görə inzibati akt hesab edilmir. Bu səbəbdən həmin sənədin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin. izah edir ki, “müqavilənin etibarsızlığı” tələbi üzrə iddialara baxılmasının aidiyyət qaydaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar