Məhkəmə qərarları › İş №2-1(112)-2678/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2678/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2678/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı “sərəncama dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 04 saylı sərəncamında 1 nəfər (tək özü) sözlərinin “bacısı ilə birlikdə” sözləri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması məqsədilə iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaya cavab verməli olan şəxsin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Bak şəhəri Xətai rayon İcra Hakimiyyətinin cavabdeh qismində qəbul edilməsini, iddia tələbinin Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 04 saylı sərəncamına dəyişiklik edilərək “1 nəfər (tək özü)” sözlərinin “özü və bacısı (baxıcı)” sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Birinci Qarabağ müharibəsində onurğa sütunundan yaralanmış, İ dərəcəli əlil olmuşdur. Müharibə Əlili kimi mənzillə təmin olunmaqdan ötrü güzəştli mənzil növbəsinə götürülmüş, tək bir adam kimi qediyyata alınmışdır. Əslində isə İ qruplar ikinci nəfərin köməyi olmadan yaşaya bilmədiyi üçün onlar tək adam kimi qeydiyyata götürülməməlidir. İddiaçının bacısı ona baxmışdır, o da əlil olduğundan və rəsmi surətdə baxıcısı olduğu üçün ona verilən tək otaqdan imtina etməli olmuşdur. İddiaçıya hər dəfə bir otaqlı mənzil təklif olunur. O isə ruhanidir və bacısı da onunla birlikdə yaşayır. Məsələ ilə bağlı dəfələrlə cavabdeh qurumun qəbulunda olmuş, onlar məsələni müsbət qarşılasa da, icra edə bilmədiyini demiş və bunu Xətai İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il, 04 saylı Sərəncamında “1 nəfər (tək özü)” yazılması ilə əsaslandırmışlar. Sonuncu dəfə rəsmi ərizə ilə müraciət etmiş, ona şifahi məlumat vermişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının 2022-2023-cü illər ərzində İcra Hakimiyyətinə rəsmi müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 04 nömrəli sərəncamından görünür ki, İddiaçı Bakı şəhəri, Xəlai rayonu, Zığ yolu küçəsində 15 saylı yataqxananın 1/9 saylı mənzilində qeydiyyatdadır. Vət. İddiaçı təqdim etdiyi xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən о, İ qrup Qarabağ Müharibəsi əlildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-90/2016 saylı, 21 aprel 2016-cı il tarixli Qərarı ilə X2 30 mart 2011-ci il tarixdən 1 qrup Qarabağ Müharibəsi əili kimi mənzil növbəsinə alınması barədə Sərəncam verilməsi vəzifəsi Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Buna görə də, həmin sərəncamla İddiaçı 1 nəfər (tək özü) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınması, 1 qrup Qarabağ Müharibəsi əlili kimi güzəştli siyahıya daxil edilməsi və onun növbəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən xx.xx.2011-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. İddiaçı hazırda bu sərəncamda yalnız onun adının qeyd edildiyini, lakin onunla birlikdə baxıcısı olan bacısı, Ş.Hüseynovanın yaşadığını bildirməklə, onun adının da sərəncama daxil edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı onun barəsində qəbul edilmiş inzibati akta dəyişiklik edilməsini xahiş etsə də, bu iddia mübahisələndirmə deyil, məcburetmə haqqında iddiaya uyğun gəlir. Belə ki, İPMin 2.2.2-ci maddəsinə əsasən əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı hazırda cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə ona verilmiş hüquqların artırılmasını, yəni 1-ci qrup Qarabağ müharibəsi əlili kimi tək onun deyil, bacısı Şahzadə Hüseynovanın da mənzil növbəsinə alınmasını xahiş edir, hansı ki, bununla o, mənzillə təmin edilərkən 1 deyil, 2 otaqlı mənzillə təmin edilmək məqsədi güdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qəbul edilməsini xahiş etdiyi inzibati akt onun üçün əlverişli nəticə yaratmaq xüsusiyyətinə malik olacağından, hazırkı iddia məcburetmə haqqında iddiadır. Lakin iş materialları ilə müəyyən edilir ki, hazırkı halda iddiaçı belə bir tələblə məhkəməyə qədər cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə olan halda aydındır ki, iddiaçının hazırkı məzmunda tələbi mümkün sayıla və məhkəmədə baxıla bilməz. Çünki məcburetmə haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də məcburetmə haqqında iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək əldə etmək istədiyi hüquqla bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqana müvafiq hüququn əldə edilməsi ilə bağlı müraciət edib etməməsidir. İddiaçı iddia ərizəsində müvafiq tələblə cavabehə müraciət etdiyini bildirsə də, bununla bağlı sübutu nə məhkəməyə təqdim etmiş, nə də iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh də məhkəməyə ünvanladığı məktubda iddiaçının hazırkı məzmunda tələblə cavabehə müraciət etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar