Məhkəmə qərarları › İş №2-1(112)-2679/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2679/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2679/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 qızı və X10 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Quliyeva(Mirzəzadə) Roza Telman qızının qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə icraata qəbul edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 tərəfindən tikilmişdir. Onlar ailəliklə həmin evdə yaşayırdılar. Oğlu X1 (Mirzəzadə) Roza Telman qızı ilə xx.xx.2015-ci ildəə rəsmi nikaha daxil olaraq evlənmişlər.Birgə nikahdan xx.xx.2016-cı il tarixdə X3, xx.xx.2018-ci ildə X7 doğulmuşdur. Sonradan onlar arasında münasibətlər korlanmış, Roza Quliyeva uşaqlar ilə birlikdə evi tərk etmişlər. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X11 qeydiyyatdadır. Sonradan həmin evə Quliyeva (Mirzəzadə) Roza Telman qızı və onun oğlu X7 qeydiyyata alınmışlar. Quliyeva (Mirzəzadə) Roza Telman qızı bu evi tərk edəndən bir müddət sonra evə köçürülmə ilə əlaqədar Nərimanov rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 evə köçürülmə barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Bu qətnamədən də kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-3930/2019 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr tarixli qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanmışdır. Quliyeva (Mirzəzadə) Roza Telman qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinin imtina olunması preyudisial xarakter aldı. Quliyeva (Mirzəzadə) Roza Telman qızının həmin evə heç bir hüququ olmadığı halda onun bu evə yaşayış hüququ itirilmiş hesab edilməklə o bu evdən qeydiyyatdan çıxarılmalıdır.Quliyeva (Mirzəzadə) Roza Telman qızının qeydiyyatdan çıxarılması ilə bağlı İddiaçı2 tərəfindən Nərimanov rayon Polis İdarəsinə müraciət edilmiş, xx.xx.2019-cu il tarixli 07826810M saylı məktubuna əsasən ərizə təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2679/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı “Quliyeva(Mirzəzadə) Roza Telman qızının evə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Quliyeva(Mirzəzadə) Roza Telman qızı 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilmələrini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 və 3-cü şəxs Quliyeva (Mirzəzadə) Roza Telman qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə İddiaçı2, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin mahiyyətinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2020-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı1 qızı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, PYUA 38/10, ev47B ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxs Quliyeva (Mirzəzadə) Roza Telman qızının həmin evdən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının formal olması ilə əsaslandırırlar. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1 xx xxxxxx 2016-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3930/2019 saylı xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş-2(005)-3595/2018 saylı mülki iş) iddiaçı X8nın cavabdeh İddiaçı1 və X5 qarşı uşaqla birlikdə mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov), (sədrlik edən, məruzəçi), X.Sarıyev və E.Şamayev, 2(103)-12522/2018 saylı mülki iş ) hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X8nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0781451M saylı məktubdan görünür ki, iddiaçıya üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətinin müsbət həll olunmasının yalnız məhkəmə qətnaməsi əsasında mümkün olduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin ətraflı araşdırılması zamanı məlum olur ki, 3-cü şəxs X8 ilə iddiaçıların X2 arasında nikah məhkəmə yolu ilə pozulmuşdur. Həmçinin, tərəflər arasında gedən mülki mübahisələrin nəticəsindən də məlum olur ki, 3-cü şəxsin qeydiyyatdan çıxarılması tələb olunan evin özbaşına tikili olması, bununla da 3-cü şəxsin həmin ünvana istifadə hüququ tanınmaması, 3-cü şəxsin həmin tikilinin alınmasına, təmirinə və ya yaxşılaşdırılmasına hər hansı şəkildə vəsait xərclənməməsi müəyyən olunduğundan, nəticədə evə köçürülmə tələbi təmin edilmədiyindən, hazırda onun həmin ünvanda qeydiyyatda olması formal xarakter daşıyır. 3-cü şəxs Quliyeva (Mirzəzadə) Roza Telman qızının həmin ünvanda qeydiyyatda olması həmin evi öz hesabına almış, tikmiş, yaxşılaşdırmış və orada qeydiyyatda olan şəxslərin hüquqlarını pozur. Belə olan halda inzibati orqan əsassız olaraq iddiaçıların tələblərinin yerinə yetirilməsindən imtina etmişdir. Beləliklə, hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, sözüedən ünvanda yerləşən ev özbaşına tikili olsa da, iddiaçılar həmin evdə qeydiyyatda olmaqla evə münasibətdə sahibliyi həyata keçirirlər, 3-cü şəxsin oradakı qeydiyyatı isə formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üçüncü şəxsin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı1 qızının və İddiaçı2 hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Quliyeva (Mirzəzadə) Roza Telman qızı ünvan 1 saylı evdən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10, ev 47B saylı evdən üçüncü şəxs Quliyeva (Mirzəzadə) Roza Telman qızının qeydiyyatdan çıxarılması vəzifəsi Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar