Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-268/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, 3-cü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinə qarşı 3-cü şəxs X11 işə cəlb edilməklə hasarın bərpa edilib, əvvəlki vəziyyətinə qaytarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinə və Bakı şəhəri Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin rəisi X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu 45 saylı Mənzil İstismar Sahəsinin və sahənin rəisi X2 onun evinin hasarını sökməkdən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, 45 saylı Mənzil İstismar sahəsinin və sahənin rəisi X2 üzərinə qeyd edilən hasarın bərpa edilib əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ev mülkiyyət hüququ əsasında ona məxsusdur. 05 yanvar 2019-cu ildə ünvan 1 ünvanda yerləşən, onun mülkiyyətində olan evin ona məxsus həyətinin, Buxta küçəsi tərəfdən, ona məxsus olan, kubikdən çəkilmiş hasarı 45 saylı Mənzil İstismar Sahəsinin rəisi Fuad Abdurrəhimovun tapşırığı və rəhbərliyi ilə abadlaşdırma adı ilə sökülmüşdür. Lakin, abadlaşma aparılmamış, hasar bərpa edilməmişdir. Bununla bağlı, F.Abdurəihimova müraciət etmiş və hasarın bərpa edilməsini xahiş etmişdir. Lakin, müraciətinə cavab verilməmişdir. Göstərdiyi evin həyəti və hasarı 30 ildən artıq, 1988-ci ildən onun qanuni sahibliyindədir. 15-30 yanvar 2019-cu il tarixlərdə onunla həmin evdə yaşayan oğlu Emin Abbasov, F.Abdurrəhimova bir neçə dəfə müraciət etmiş, abadlıq işlərinin nə vaxt aparacılacağı, hasarın nə vaxt tbərpa oluancağını soruşmuşdur. F.Abdurəhimovun cavabından məlum olmuşdur ki, abadlıq işi aparılmayacaq və hasar bərpa edilməyəcəkdir. 45 saylı Mənzil İstismar Sahəsinin rəisi Fuad Abdurrəhimov onun mülkiyyət və sahiblik hüququnu pozmuşdur. Həmin səbəbdən evinin həyəti Buxta küçəsi tərəfdən açıq, hasarsız qalmışdır. Hasarın bərpası xeyli maliyyə vəsaiti tələb edir, hasarın bərpasına onun maddi imkanı da, yoxdur. O, 45 saylı Mənzil İstismar Sahəsinin və sahənin rəisi F.Abdurrəhimovun onun müraicəti ilə bağlı hər hansı qanunsuz qərar qəbul etməsindən, yaxud onun müraciəti ilə bağlı hər hansı qanunsuz hərəkətlər etməsindən şikayət etmir. O, 45 saylı Mənzil İstismar Sahəsinin və sahənin rəisi F.Abdurrəhimovun ona qarşı qannunsuz hərəkətlər etməsindən, həyətin hasarını qanunsuz sökməsindən, həmin hərəkətləri ilə onun mülkiyyət və sahiblik hüququnu pozmasından və ona maddi ziyan vurmasından şikayət edir. Qanun onun üzərinə orqanın və vəzifəli şəxsin qanunsuz hərəkətlərindən qanunsuz hərəkətə yol vermiş şəxsə müraciət etmək vəzifəsini qoymur. Hərəkətlərinin qanuni olmasını orqan və ya həmin orqanın rəhbəri, yəni vəzifəli şəxs sübut etməlidir. Onun bununla bağlı, birbaşa məhkəməyə müraciət etmək hüququ var. Qanunsuz hərəkətdən həmin qanunsuzluğa yol vermiş orqana və ya vəzifəli şəxsə şikayət etmək ən azı mənasızdır. Buna baxmayaraq, hərəkətlərinin qanunsuz olması ilə bağlı 45 saylı Mənzil İstismar Sahəsinin rəisinə 18 yanvar və 01 fevral 2019-cu il tarixli ərizələrlə müraicət etmişdir. Lakin, 45 saylı Mənzil İstismar Sahəsi və sahənin rəisi F.Abdurrəhimov bunu qanuni əsaslarla etməsini təsdiq edən hər-hansı sənədi ona təqdim etməmiş, onun müraciətinə belə cavab verməmişdir. 45 saylı Mənzil İstismar Sahəsi və sahənin rəisi Fuad Abdurrəhimov həmin hərəkətləri ilə onun mülkiyyət və sahiblik hüququnu pozmuşdur. Həmin səbəbdən evinin həyəti Buxta küçəsi tərəfdən açıq, hasarsız qalmışdır. Hasarın bərpası xeyli maliyyə vəsaiti tələb edir, həmin hərəkət ona maddi ziyan vurmuşdur. Hasarın bərpasına onun maddi imkanı da, yoxdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən daş hasarın yenidən bərpası, hansı materialdan, hansı hündürlükdə (təhlükəsizlik baxımından) olması onların səlahiyyətləri daxilində deyildir. İddiaçının iddia ərizəsində göstərdiyi daş hasarın ona heç bir aidiyyatı yoxdur və onun şəxsi mülkiyyətində deyil. Daş hasar, arxa tərəfi maili torpaq qatından, bir qat kubik daşından Buxta küçəsinin sağ tərəfindən küçə boyu tikilmişdir. İddia ərizəsində göstərilən daş hasar onlar tərəfindən sökülməyib və hal-hazırda həmin daş hasar mövcuddur. Belə ki, həmin daş hasarın yuxarı hissəsi qabağa əyildiyi və qəzalı vəziyyətə düşdüyü üçün hasarın yuxarı hissəsinin bəzi yerləri uçulmuşdur. Bəzi daşların isə hər an uçmaq təhlükəsi var idi. Bu da, ensiz, səkisi olmayan Buxta küçəsindən istifadə edən avtomobil sahiblərinin və piyadaların həyatı üçün təhlükə yaratdığına görə Səbail rayon İcra Hakimiyyətinin 2 saylı Ərazi Nümayəndəliyinin iştirakı ilə daş hasar təhlükəsiz vəziyyətə gətirilmişdir. Hasarın normal 2.3 m hündürlükdə olan hissəsi isə yerində qalmışdır. Mövcud hasarın uçulmuş hissəsinin yenidən bərpası, hansı materialdan və hansı hündürlükdə olması Fövqəladə Hallar Nazirliyinin və İcra Hakimiyyətinin razılığı əsasında aparılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı ilə X11 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbi Səbail rayonu 45 saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi X3 münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, liter A, 1 mərtəbəli, yaşayış otaqlarının sayı 5, yaşayış sahəsi 74.6 kv.m, yardmçı sahəsi 26.3 kv.m, ümum isahəsi 100.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Torpaq sahəsinin ölçüsü 0.01191 ha olmaqla, dövlət mülkiyyətindədir. Daşınmaz əmlaka dair mülkiyyət hüquqları 06.08.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mülkiyyət sahibi İddiaçı olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş 28.08.2013-cü il tarixli texniki pasportun surətindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi, 0.02179 ha, tikinti altı sahəsi 0.01217 ha, digər sahələr 0.00962 ha-dır. İşdə olan 27.12.2017-ci il tarixli, X1 baş geoloqu, Ekspedisiyanın Abşeron hidrogeoloji, mühəndis-geoloji və ekzogen geoloji proseslərin öyrənilməsi dəstəsinin rəisi və dəstənin İ dərəcəli texnik-hidrogeoloqu tərəfindən imzalanaraq tərtib edilmiş “ünvan 3 ünvanı ərazisində mühəndis-geoloji şəraiti haqqında arayışdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Ağayeva rahilə Əşrəf qızı tərəfindən daxil olmuş QX/634 saylı, 05.12.2017-ci il tarixli müraciətin icrası il əlaqədar Milli Geoloji Kəşfiyyat Xidmətinin X1 mütəxəssisləri Rafiq Həsənov və Elnur Kərimov tərəfindən 19.12.2017-ci il tarixində ünvan 3 ünvanının yerləşdiyi ərazidə mühəndis-geoloji araşdırmalar aparılmış və aşağıdakılar müəyyən edilmişdir. Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən, geomorfoloji cəhətdən Badamdar yaylasının şərq yamacı zolağına daxil olan bu ərazinin geoloji quruluşunda Orta Abşeron mərtəbəsinin detrituslu əhəngdaşları, müxtəlif dənəli qumlar və qumlu gillərin qeyri-bərabər növbələşməsindən ibarət süxur kompelksi intişar tapmışdır. Bu kompleks Holosen yaşlı, eluvial-delüvial mənşəli, tərkibində çaqıl-çınqıllar, qum və gilcə qarışığı olan antropogen mənşəli tökmə torpaqla örtülmüşdür. Bayıl qəsəbəsinin cənub-qərb hissəsi olan bu ərazi yüksək mailiyə malikdir vəburada uzun illər öncə terrasabənzər, pilləvari formada yamacın kəsilməsi həyata keçirilmişdir. Odur ki, bu ərazidə mütəmadi olaraq ekzogen-geoloji proseslər inkişaf etmişdir. O cümlədən, Buxta döngəsi 1, ev 9 ünvanının yerləşdiyi ərazidə də (40020’31’’, 49050’09’’ koordinatlarında) təbii və texnogen amillərin təsirindən uqun və çökmə prosesləri baş vermişdir. Baxış zamanı sözügedən ərazidə uçqun prosesinin əlamətləri, torpaq qatında müxtəlif ölçülü və istiqamətli çatlar, deformasiyalar müşahidə olunur. İşdə olan 45 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 nömrəli, 14.01.2020-ci il tarixli məktubdan görünür ki, məhkəmənin tövsiyyə və iddiaçının razılığı ilə tərəflərindən hasarın uçulmuş yuxarı hisəssi yüngül konstruksiyadan (dəmir şiferdən) quraşdırılmışdır. İşdə olan 45 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən məhkəməyə ünvanlanmış 66 nömrəli, 01.06.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı İbrahim Məmmədov küçəsi, ev 11/9 ünvanındakı daş hasarın MKİS tərəfindən sökülməsi barədə iddiası əsassızdır. Belə ki, iddia edilən Buxta küçəsi boyu tikilmiş daş hasar sökülməmişdir və hal-hazırda mövcuddur. Hasarın yuxarı hisəssi uçub dağılmış, səkisiz və ensiz Buxta küçəsinə tökülmüşdür. Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Güləhmədovun göstərişi və iştirakı ilə küçəyə tökülmüş daşlar tərəflərindən küçədən təmizlənmişdir. İddiaçı xahişi ilə, daş hasarın uçulan yuxarı hissəsi yüngül konstruksiyalı dəmir şiferlə quraşdırılmışdır. Hasarda hərhansı tikinti işlərinin görülməsi MKİS-in səlahiyyəti daxilində deyildir. Məhkəmə tərəfindən iş üzrə mübahisəli ünvanda yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən evin hasarı ensiz, səkisi olmayan, avtomobil sahiblərinin və piyadaların istifadəsində olan Buxta küçəsində yerləşir və hasarın bir hissəsi yüngül dəmir konstruksiya ilə bərpa edilmişdir. İş üzrə mübahisəli ünvanda yerli baxış keçirilərkən şahid qismində dindirilmiş X5 öz izahatında bildirmişdir ki, bu hadisə təxminən 2 il, 2 il yarım olar ki, baş vermişdir. O, neçə dəfə, qonşusu Eminə demişdir ki, hasar qəzalı vəziyyətdədir, sökmək lazımdır. Ona görə ki, ordan keçmək olmurdu. O, uşağa deyirdi ki, sol tərəfdən keçin. O hasar bir gün aşmalı idi. Hətta o, bununla bağlı, dəfələrlə cavabdehə müraciət etmişdir ki, həmin hasarı düzəltsinlər, o hasar bir gün aşacaq. Nəhayət, həmin hasar aşdı. O, cavabdehin nümayəndələri tərəfindən hasarın sökülməsi görməmişdir, hasarın aşmış olduğunu görmüş və yalnız gördüyü, cavabdehin nümayəndələri tərəfindən yolun aşmış hasarın daşlarından təmizlənməsi olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən ünvanın yerləşdiyi ərazi ümumiyyətlə, təbii və texnogen amillərin təsirindən uçqun və çökmə prosesləri baş verən zonada yerləşir. Hasarın cavabdehin nümayəndələri tərəfindən söküldüyü məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə təbii və texnogen amillərin təsirindən uçqun və çökmə prosesləri baş verən sözügedən ünvanda hasar uçmuş, uçulandan sonra, hasarın aşması nəticəsində küçəyə tökülən daşların yığılmasında cavabdehin nümayəndələri iştirak edərək, köməklik etmişlər. Hətta, məhkəmənin mübahisənin barışıq yolu ilə həll edilməsi barədə təklifindən sonra, sözügedən hasarın yuxarı hissəsi yüngül konstruksiya (dəmir şiferdən) ilə iddiaçıya kömək məqsədilə bərpa edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus əmlaka zərər yetirilməsi, iddiaçının hər-hansı hüquqlarına müdaxilə və məhdudlaşdırma öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə, təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-268/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-268/2021
28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver