Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-268/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, 67 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,1032 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi 67 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi 67 saylı ev mülkiyyət hüququ əsasında ona məxsus olmuş və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışına əsasən həmin ev 441 nömrəli reyestr kitabının 41393 saylı vərəqində onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Hal-hazırda da o həmin ünvanda qeydiyyatdadır. 17 mart 2014-cü il tarixdə ona məxsus həmin fərdi yaşayış evində yanğın baş vermiş, yanğın zamanı fərdi yaşayış evi və evdə olan əşyalar tamamilə yanmışdır. Bu barədə müvafiq təşkilat tərəfindən 15 aprel 2014-cü il tarixdə yanğın haqqında akt tərtib edilmişdir. Yanğından sonra o Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi ev 67 ünvanında yeni fərdi yaşayış evi inşa etmiş və yeni evin tikintisi üçün Qaradağ rayon İcra Hakimiyyəti aparatı tərəfindən eskiz layihəsi təsdiq edilməklə razılaşdırılmışdır. Halhazırda həmin ünvanda ev inşa edilmişdir və orada yaşayır. Yeni tikilmiş fərdi evin qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət edilsə də ona bildirilmişdir ki, elekrton kadastr məlumatına əsasən ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir və bu səbəbdən də ona məxsus fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsi üzərinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınnması mümkün deyildir. Cavabdeh təşkilatın imtinası tamamilə əsassızdır. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 549 saylı sərəncamında da qeyd edilir ki, Ələt qəsəbəsi Dənizçilər küçəsi (hazırda E.Rəhimov) 67 saylı ev mərhum babası X3 tərəfindən 1957-ci ildə tikdirilmişdir. Həmin sərəncama əsasən Bakı şəhər XDS İK-nin 17 fevral 1969-cu il tarixli “Bakı şəhərində fərdi yaşayış tikintilərinin nizamlanması” barəsində qərarına əsasən mərhum babasına məxsus həmin yaşayış evinin qeydiyyata alınmasına icazə verilmiş, mübahisəli ev vərəsəlik qaydasında onun istifadəsinə keçmişdir. Həmin vaxtdan da torpaq sahəsi və torpaq sahəsinin üzərində inşa edilmiş evdə yaşamışdır. Necə ola bilər ki, rəsmi olaraq qeydiyyata alınmış torpaq sahəsi yanğından sonra Xəzər dənizinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Xəzər dənizi sahilboyundan 20-50 metrlik zolağında olan torpaq sahələri dövlət mülkiyyətində qalmaqla özgəninkiləşdirə bilməz. Onun evi Xəzər dənizi sahilboyundan 200 mertdən artır aralıda yerləşir və bu imtina üçün əsas deyildir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********39 nömrəli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altında olan torpaqlar dövlətin mülkiyyətində olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasıdan imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********25 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2020-ci tarixli ərizə ilə 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2020-ci il tarixli, **********39 nömrəli cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.2.1-ci maddəsinə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, 67 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,1032 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən edilir. İnzibati icraat materialları ilə təqdim olunmuş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı 088213 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Ələt qəsəbəsi Dənizçilər küçəsindəki 67 nömrəli yaşayış evi X4 və X2 adına xüsusi mülkyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli **********98 nömrəli məktubu ilə göndərilmiş İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına dair arxiv sənədlərinin surətindən görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Etibar Rəhimov küçəsində yerləşən sahəsi torpaq sahəsinin olçüsü 0.0108 hektar, fərdi yaşayış evinin sahəsi 66.6 kv.m olan ev 67 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** nömrəsi ilə xx.xx.2018ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, hədiyyə verənlər X5 və X4 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 66.6 kv.m., yaşayış sahəsi 40.8 kv.m., yardımçı sahəsi 25.8 kv.m. olan 3 otaqlı fərdi yaşayış evini tam hissədə hədiyyə alan İddiaçı bağışlamışdırlar. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının fərdi yaşayış evlərinin qeydiyyata alınması barədə xx.xx.1996-cı il tarixli, 549 nömrəli sərəncamında 1.8-ci bənddə X1 Ələt qəsəbəsi Dənizçilər qəsəbəsində yerləşən 1957-ci ildə tikilmiş 67 saylı evi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən 15 aprel 2014-cü il tarixli Yanğın aktında görünür ki, 17 mart 2014-cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Etibar Rəhimov küçəsində yerləşən 67 nömrəli fərdi yaşayış evində baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsinin surəti iddia ərizəsinə əlavə olunmuş, layihə Qaradağ Rayon İcra Hakimiyyəti aparatının memarı N.Səmədov ilə razılaşdırılmış və Qaradağ Rayon İcra Hakimiyyətinin sənədlər üçün ştampı ilə təsdiqlənmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli **********81 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.1032 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2(iki) mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Xəzər dənizin 50 metrlik mühafizə zolağında yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2023-cü il tarixli 10/2118 nömrəli ekspert rəyində bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Ceyhun Axundovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.1032 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2(iki) mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Xəzər dənizinin 50 metrlik mühafizə zolağında yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Qaradağ Rayonu Ələt Qəsəbə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 12/56 nömrəli məktubunda qeyd edilmişdir ki, Ələt qəsəbə sakini İddiaçı müraciətinə əsasən bildirilir ki, ünvan 5 ünvanında ona məxsus olan fərdi yaşayış evi dəniz sahilindən 260 metr məsafədə yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli **********62 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1032,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 2(iki) mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Xəzər dənizinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən əlavə qeyd aparmaq mümkün olmadı. Dənizin mühafizəsi ilə bağlı ətraflı ortofoto görüntüsü iş materiallarına əlavə olunmuşdur. İddiaçı fərdi yaşayış evinin yanmış evin yerində tikildiyini iddia etsə də, evin sökülməsini, yeni evin tikilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl ediməsini təsdiq edən sənədləri, həmçinin mübahisəli torpaq sahəsinə dair onun hüquqlarını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci hissəsinə əsasən müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 46.2-1-ci maddəyə əsasən Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilən normaların təhlili əsasında məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altında olan torpaqlara aiddir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak suların mühafizə zonalarında yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edildiyi qeyd edilmişdir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, 67 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,1032 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7.
Məhkəmə qərarları › İş №2-1(112)-268/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-268/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver