Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2680/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 04 mart 2005-ci il tarixli Bakıxanov Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində yerləşən daş qaraj 02 yanvar 2005-ci ildən İddiaçı müddətsiz istifadəsinə verilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5 ünvanında yerləşən qaraj sökülmüşdür. İddiaçı həmin qarajın sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi, 5 saylı binanın qarşısında mövcud olan qarajların yerləşdiyi torpaq sahəsi bina sakinlərinin ümumi istifadəsindədir. Əlavə bildirirmişdir ki, iddiaçı ilə Bakıxanov bələdiyyəsi arasında bağlanmış 04 mart 2005-ci il tarixli, 4/38 saylı müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa öz əksini tapmışdır”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə 35000 (otuz beş min) manat pul kompensasiya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 2 ünvanında daimi yaşayır. Yaşadığı binanın həyətində istifadəsində daş qarajı var idi. Həmin daş qarajı uzun illər ərzində onun istifadəsində olmuşdur və o, qaraj üçün hər il Bakıxanov Bələdiyyəsinə torpaq vergisi ödəmişdir. Lakin 2023-cü ilin yay aylarında heç bir xəbəri və icazəsi olmadan Bakı şəhəri Cavabdeh göstərişi ilə uzun illər ərzində istifadəsində olan daş qarajını qanunsuz olaraq söküblər. Hesab edir ki, cavabdeh tərəfindən sökülmüş qaraj qanuni əsasla uzun illər ərzində onun istifadəsində olmuşdur. Belə ki, 4/38 nömrəli 04 mart 2005-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi tərəfindən onunla aşağıdakı məzmunda müqavilə bağlanılmışdır: Mövcud qurğunun daş qarajın yerləşdiyi yer Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində əsasən kommunikasiya xəttləri istismarına xəta toxunmadan və yanğın mühafizə qaydalarını qorumağı nəzərə alaraq 02 yanvar 2005-ci ildən torpaq sahəsi müddətsiz onun istifadəsinə verilir. Eyni zamanda müqavilənin 3-cü bəndinə əsasən qurğunun tutduğu sahə 25 kv.m təşkil edir və hər kv.m-nin qiyməti 800 manatdır, bunu nəzərə alaraq sahənin ümumi məbləği 20.000 manat təşkil edir. Buna uyğun olaraq o, hər il istifadəsində olan daş qarajın altında olan torpaq sahəsi üçün müəyyən məbləğdə torpaq vergisi ödəmişdir. Bununla təsdiq olunur ki, ona müddətsiz icarəyə verilən torpaq sahəsinin üzərində olan daş qarajı ona məxsus idi. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etitraz onunla əsaslandırılmışdır ki, bələdiyyə torpaqları mülkiyyət və icarə əsasında verilə bilər. İcarə əsasında verilən torpaq sahələri bələdiyyənin ümumi yığıncağının qərarı və iclas protokolunda öz əksini tapmalıdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpağı özbaşına zəbt edib və qanunsuz istifadə etmişdir. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də, bələdiyyə torpağı dövlət qeydiyyatına alınmış olsun (11 aydan artıq verilmiş torpaqlar). Sənədlərdən görünür ki, iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmamış və zəbt edilmiş torpaq sahəsində tikinti işləri aparılmışdır. İddia edilən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsində əsaslı tikinti işləri aparıla bilməz. Təqdim edilmiş vergiyə cəlb olunma ilə bağlı sənədlər qanunsuzdur. Belə ki, zəbt edilmiş torpaq sahəsi vergiyə cəlb oluna bilməz. Torpaq sahəsi boşaldılmalıdır əks halda məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3-cü maddəsinə əsasən Cavabdeh müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək sahəsində səlahiyyətlidir. Torpaq sahəsi əsassız olaraq iddiaçı tərəfindən zəbt edildiyindən eyni zamanda Bakıxanov bələdiyyəsi ilə aralarında bağlanmış vergiyə cəlb olunma ilə bağlı müqavilənin 5-ci bəndinə əsasən birinci tələbdən torpaq sahəsi boşaldılmalı olduğundan hesab edirlər ki, iddiaçıya kompensasiya ödənilməmələdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı ilə Bakıxanov Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 həyətində yerləşən daş qaraj 02 yanvar 2005-ci ildən iddiaçının müddətsiz istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən aparılmış abadlıq işləri çərçivəsində həmin qaraj sökülmüşdür. İddiaçı qarajın sökülməsinə görə, cavabdehdən 35000 kompensiyasiya tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirir ki, aparılan abadlıq işləri çərçivəsində həyətdə yerləşən qanunsuz tikililər, dəmir və daş qarajlar sökülmüşdür. İddiaçı ilə Bakıxanov bələdiyyəsi arasında bağlanmış müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa qeyd edilib. Cavabdeh həmçinin bildirir ki, bələdiyyə torpaqları mülkiyyət və icarə əsasında verilə bilər. İcarə əsasında verilən torpaq sahələri bələdiyyənin ümumi yığıncağının qərarı və iclas protokolunda öz əksini tapmalıdır. İşdə olan sənədlərdən görünür ki, həmin torpağı özbaşına zəbt edib və qanunsuz istifadə etmişdir. Vətəndaşın torpaq sahəsindən istifadəsi o halda qanuni sayılır ki, dövlət torpağı istərsə də, bələdiyyə torpağı dövlət qeydiyyatına alınmış olsun. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, sökülən qarajın sökülənə kimi iddiaçının sahiblik və istifadəsində olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh abadlıq işləri çərçivəsində həmin qarajın söküldüyünü bildirir. Lakin özbaşına da olsa belə, nə imtina məktubunda, nə iddia ərizəsinə verdiyi etiraz məktubunda, nədəki məhkəmə iclasında nümayəndəsinin izahatında cavabdeh qanunsuz tikilinin sökülməsi ilə bağlı səlahiyyətli olmasını əsaslandıra bilməmişdir. Qanunvericilikdə özbaşına tikililərin sökülməsi ilə bağlı hallar tənzimlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə, 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, özbaşına tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: Maddə 95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 № li Fərmanı: Bənd 4.10. həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; Göründüyü kimi, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Digər hallarda isə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edir. Cavabdeh ümumiyyətlə, özbaşına tikilinin sökülməsində səlahiyyətli qurum deyildir. Cavabdehin iddiaçının həmin torpağı özbaşına zəbt etməsi, bələdiyyə qərarının mötəbərliliyi ilə bağlı etirazının dəlillərinə qiymət verərək məhkəmə qeyd edir ki, əvvəla həmin qarajın iddiaçının uzun müddətdir sahiblik və istifadəsində olması işin mübahisələndirilməyən halıdır. İddiaçının mülkiyyət hüququ qeydə alınmasa belə iddiaçı sahibliyin müdafiəsi ilə bağlı qadağan edilmiş özbaşınalıqdan müdafiə hüququ var. Belə ki, Mülki Məcəllənin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Digər tərəfdən qeyd edilən bələdiyyə sənədləri hər hansı bir qurum, o cümlədən cavabdeh və ya Bakıxanov Bələdiyyəsi tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, həmin sənədlərin mötəbərliliyi prezumpsiyası qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmçinin yuxarıda qeyd edildiyi kimi, torpaq sahəsinin özbaşına zəbt olunduğu halda belə, cavabdeh bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görə bilərdi (məhkəmədə iddia qaldırmaq, müvafiq aidiyyəti qurumlara xidməti məktublar göndərmək və s.). İddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin 5-ci bəndində torpaq sahəsinin birinci tələbdən boşaldılması ilə bağlı müddəa qeyd edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu müddəa, cavabdehə səlahiyyəti olmadığı halda həmin qarajın sökülməsi hüququ vermir. Bu müddəa iddiaçı ilə Bələdiyyə arasında bağlanmış müqavilənin şərtidir və belə bir tələblə yalnız Bələdiyyə çıxış edə bilərdi. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, Məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli 9/918-10/965 №-li rəyində qeyd edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 5, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 25 m2 olan qaraja yaxın ərazilərdə yerləşən analoji qarajın mövcud orta bazar dəyəri təqribən 19500,00 (25 x 780,00 man) manat müəyyən edilir. Ekespert rəyi kifayət qədər əsaslandırılmış, analoji əmlaklarla bağlı müqayisəli təhqiqat aparılaraq rəy verilmişdir. İddiaçı tərəf həmin məbləğin az olması, əslində qarajın qiymətinin daha yüksək olmasını qeyd etsə də, xx.xx.2023-cü il tarixdən icraatda olan işlə bağlı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, bu barədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə isə, aparılmış ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxararaq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Baxılan işdə iddiaçının zərərə məruz qalması, yəni sahiblik və istifadəsində olan qarajın sökülməsi, eyni zamanda bu qarajın cavabdehin qanunsuz hərəkətləri nəticəsində sökülməsi və zərərlə, cavabdehin hərəkəti arasında səbəbli əlaqənin olması sübuta yetirilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək ekspert rəyində göstərilən məbləğdə, yəni 19500,00 (on doqquz min beş yüz manat 00 qəpik) manat kompensasiya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən sökülmüş daş qarajın əvəzinə İddiaçı 19500,00 (on doqquz min beş yüz manat 00 qəpik) manat kompensasiya ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov