Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2682/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli 4/3-9735 saylı cavab məktubunda bildirmişdir ki, Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 382 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin uçot sənədlərində heç bir məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ümumi hərbi səfərbərlik əsasında 30 sentyabr 2020-ci il tarixində Xəzər rayon Hərbi komissarlığı tərəfindən Silahlı Qüvvələrə çağırılmışdır. 44 günlük müharibə zamanı N nömrəli hərbi hissənin tərkibində Tərtər- Ağdərə istiqamətində gedən döyüş tapşırıqlarında baş atıcı olmuşdur. Hərbi biletində hərbi hissənin siyahısına daxil olma və çıxma tarixləri göstərilmişdir. N nömrəli hərbi hissəyə səfərbərlik əsasında çağrılan 400 nəfər göndərilmiş, onlardan biri də o olmuşdur. Həmçinin hərbi biletində də qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2020-ci il tarixinədək Tərtər-Ağdərə istiqamətində gedən döyüş tapşırıqlarında iştirak temişdir. Müharibə veteranı adı və vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin Müdafiə Nazirliyi tərəfindən müsbət cavab verməyərək, imtina məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin qərargah rəisinin xx.xx.2022-ci il tarixli 2672 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına düşməyi, çıxmağı barədə heç bir məlumat olmadığına görə ona, “’Müharibə veteranı’’ adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Dəfələrlə N nömrəli hərbi hissədə olmuşdur və müraciətini bildirmişdir. Onun adını təltif olunmağa göndərdiklərini bildirmişlər. Həmçinin N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamalov bu barədə rəsmi məktub göndərmişdir. Suqovuşan və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmamışdır. İddiaçı 2016-cı ildə həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissədə 4-cü tabor 10-cu bölüyün tərkibində Tərtər-Ağdərə-Seyidsulan istiqamətində gedən döyüş tapşırıqlarında qumbaraatan vəzifəsində iştirak etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 Nq-İİ Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Komissiyanın 2022-ci, xx.xx.2023-cü il tarixli məktubları ilə İddiaçı imtina olunaraq göstərilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığından və N nömrəli hərbi hissənin məktublarına əsasən, barəsində məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” İddiaçı və nümayəndəsi məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtina cavabından sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabeh müvafiq imtinanın daha tez iddiaçıya təqdim edilməsi barədə sübut təqdim etməmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan iddiaçıya məxsus xx.xx.2015-ci il tarixli, ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı qüvvələrinə çağırılmış, N və N saylı hərbi hissələrdə xidmət etmiş, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 274 №-li əmri əsasında ehtiyata buraxılmışdır. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 8 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 sentyabr 2020-ci il tarixli 088 nömrəli əmrinə əsasən gizir İddiaçı- SHXÇDX-nin Xəzər rayon idarəsindən 05 oktyabr 2020-ci il tarixdən gəlmiş hesab olunmuş və N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə, bütün növ təminatlara qoyulmuş və tamamlama bölüyünə təhkim edilmişdir. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2020-ci il tarixli, 93 nömrəli əmrindən çıxarışdan görünür ki, qismən səfərbərliklə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Mdafiə nazirinin 25 dekabr 2020-ci il 274 nömrəli əmrinə əsasən imtiyazı olan Gizir İddiaçı Azərbaycan Ordusundan Təxris olunduğuna görə 26 dekabr 2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün 1-ci motoatıcı taborun 3-cü motoatıcı bölüyü Xəzər rayon idarəsinə göndərilmişdir. İddiaçı hazırda hərbi biletindəki qeydlərə istinad edərək döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməli, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli;
2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Lakin işdən görünür ki, iddiaçının mübahisəli dövrdə işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində qeyd aparılsa da, bu qeydlər hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmur, həmçinin iddiaçı ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edə bilmir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 051 nömrəli Hərbi Hissənin xx.xx.2024-cü il tarixli, 1208 nömrəli məktubundan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. N nömrəli hərbi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, həmçinin Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməmiş, döyüş əməliyyatlarının heç bir təminat növləri üzrə tapşırıqları yerinə yetirməmişdir. N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2024-cü il tarixli məktubundan isə görünür ki, vətəndaş İddiaçı hərbi biletində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Tərtər-Ağdərə istiqamətində gedən döyüş tapşırığında N nömrəli hərbi hissənin tərkibində könüllü iştirak etməsi ilə bağlı qeydlər aparılmış və möhür vurulmuş, lakin hərbi hissənin əmrlər kitabına salınmamışdır. N nömrəli hərbi hissədə xidmət etmiş və “Vətən müharibəsi”ndə iştirak etmiş hərbi qulluqçuların keçdiyi xidmət yolunun ətraflı araşdırılması istiqamətində işlər davam etdirilir. Gələcək tarixlərdə hər hansı medala layiq olunması üçün məqsədəuyğun hesab edilmiş hərbi qulluqçuların təltif olunması ilə bağlı müvafiq göstəriş olduğu halda müvafiq tədbirlər görüləcəkdir. Həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına və N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 382 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin uçot sənədlərində heç bir məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Göründüyü kimi, işin istinad olunan hallarına əsasən müəyyən edilir ki, Vətən müharibəsi zamanı iddiaçı xidmət keçdiyi N saylı hərbi hissənin daxilində döyüş əməliyyatlarında iştirak etməmiş, döyüş əməliyyatlarının heç bir təminat növləri üzrə tapşırıqları yerinə yetirməmiş, N saylı hərbi hissədə xidmət etməsi barədə hərbi biletindəki qeydlər isə müvafiq hərbi hissənin nizami hissə üzrə əmrləri ilə öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan sənədləri təqdim edə bilmədiyindən, yəni “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova