Məhkəmə qərarları › İş №2-1(112)-2683/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2683/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2683/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçı Qurbanova (İsmayılova) Elnarə Kamil qızının iştirakı ilə İddiaçı Qurbanova (İsmayılova) Elnarə Kamil qızının cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qurbanova (İsmayılova) Elnarə Kamil qızı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona doğum haqqında təkrar şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 iyul 1978-ci il tarixində Bakı şəhərində doğulmuşdur. O, doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Sonralar mərhum anasından eşitmişdir ki, doğum haqqında şəhadətnaməni Binəqədi rayonu Qeydiyyat şöbəsindən almışdırlar. Onun əlində yalnız AZ SSR məxsus pasport qalmışdır. Lakin həmin pasportu alanda onun 17 yaşı olmuş, hazırda 42 yaşı var, pasportdakı fotoşəkili hazırki real görünüşünə uyğun gəlmir. Pasportda qeyd olunan şəxsin həqiqətən də özü olmasını sübut edə bilmədiyindən doğum haqqında şəhadətnaməni təkrar ala bilmir, hər hansı başqa sənədi yoxdur. 27.10.1998-ci il tarixdə o, rəsmi nikaha daxil olaraq ərinin soyadı - “Qurbanova” soyadını götürmüşdür. Lakin bütün bu illər ərzində şəxsiyyət vəsiqəsi almadığı üçün bu dəyişiklik də rəsmi sənədləşmədə öz əksini tapmamışdır. O, dəfələrlə doğum haqqında şəhadətnaməni təkrar almağa cəhd etsə də bürokratik əngəllərdən qorxmuş, hüquqi savadsızlığı nəticəsində bu işi bitirə bilməmişdir. Hazırda ona izah edilmişdir ki, məhkəmə qaydasında pasportundakı şəxsin özü olduğunu təsdiq edə bilsə doğum haqqında şəhadətnaməni ala bilər. Məhkəmə iclasında iddiaçı Qurbanova (İsmayılova) Elnarə Kamil qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - XXVİ- ЖГ 558602 №-li, 24.03.1995-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon 33-cü Polis Bölməsi tərəfindən verilmiş SSSR-nin vətəndaşına aid pasportun əslindən görünür ki, X4 08.07.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 24.03.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmuş, 30.03.2000-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Binəqədi rayon “Leyla” Nigah Evinin nikah qeydinə əsasən 27.10.1998-ci ildə X10 ilə nikaha daxil olmuşdur. - Bakı şəhəri, Binəqədi rayonu, “Leyla” Nikah Evi tərəfindən verilmiş Vİ-ЖГ 489231 №-li, 27.10.1998-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 23.06.1979-cu il təvəllüdlü X10 ilə 08.07.1978-ci il təvəllüdlü X4 arasında 27 oktyabr 1998-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 593 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 13 saylı Mənzil- Kommunal İstismar sahəsinin 472 №-li, 30.10.2020-ci il tarixli arayışından görünür ki, X2 qəsəbəsi, R.İsmayılov küçəsi, ev 2, mənzil 39 ünvanında qeydiyyatsız yaşayır. - Bakı şəhəri, Binəqədi rayonu, “Leyla” Nikah Evi tərəfindən verilmiş İ-AZ 120607 №li, 17.12.1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X5 olan X8 26.09.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1999-cu ilin 17 dekabr tarixində 1912 № ilə qeyd edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu, “Leyla” Nikah Evi tərəfindən verilmiş AZ-İ 153329 №li, 07.10.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası X5 olan X11 20.11.2002-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2003-cü ilin 07 yanvar tarixində 33 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-554-1221 №-i, 19.01.2021-ci il tarixli məktubdan görünür ki, sorğu edilən 08.07.1978-ci ildə Bakı şəhərində anadan olmuş X1 RPİ-dən 24.03.1995-ci il tarixdə aldığı XXVİ-JQ seriyalı 558602 nömrəli keçmiş SSRİ pasportu ilə həmin tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, qeyd olunan pasportda olan möhürə əsasən 30.03.2000-ci il tarixdə qeydiyyatdan çıxmışdır. E.İsmayılova şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 05/2-7303/13 №-li, 04.12.2020-ci il tarixli məktuba əlavə edilmiş 3072 №-li, 19.09.1978-ci il tarixli doğum haqqında qeydin surətindən görünür ki, X4 08.07.1978-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X3, anası isə X12 qeyd edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin 05/Q-1525/75 №-li, 27.10.2020-ci il tarixli iddiaçıya ünvanlanan məktubdan görünür ki, şəxsiyyəti təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. -71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. -160.1-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitabdakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətlərı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. - 162.1-ci maddəsinə əsəsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. - 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - 9.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. - 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. - 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. - 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; dövlət rüsumunun ödənilməsi barədə sənəd; ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının doğumu barədə tərtib olunmuş 3072 nömrəli, 19.09.1978-ci il tarixli akt qeydinin surəti məhkəməyə təqdim olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçı Qurbanova (İsmayılova) Elnarə Kamil qızına onun adına tərtib edilmiş doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Qurbanova (İsmayılova) Elnarə Kamil qızına onun adına tərtib edilmiş doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar