Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2683/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Ahmad Rizwanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ahmad Rizwanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Pakistan İslam Respublikasının vətəndaşı (Pasport: YF1164952), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Ahmad Rizwan qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı Ahmad Rizwan cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq, Xidmətin 22 avqust 2020-ci il tarixli DMX İQ-17/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Xidmətin üzərinə iddiaçı Ahmad Rizwanın 26 may 2022-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan vətəndaşı və Pəncab vilayətinin Lahor şəhərinin sakinidir. Etnik mənsubiyyətinə görə Pəncabidir. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. İddiaçı subaydır. Onun hal-hazırda iki bacısı və dörd qardaşı var. O, X3 tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etmişdir. İddiaçının sözlərinə görə o uzun müddətdir ki, Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxmuşdur. O, 2022-ci ildən Pakistanı tərk etmişdir. 2022-ci ildən Azərbaycana gəlib. 26 may 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmiş, Xidmət onun vəsatətini qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparmışdır. İddiaçı bildirmişdir ki, təqdib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 22 avqust 2022-ci ildə Xidmətin İQ-17/1 saylı qərarı ilə iddiaçının vəsatəti rədd edilmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, iddiaçının iddiaları əsaslı deyil. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı Ahmad Rizwan 26 may 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 38-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhəri yaxınlığında Padri kəndində doğulduğunu, milliyətcə pəncabi, dini etiqadına görə müsəlman (əhmədi) olduğunu, Padr kəndi yaxınlığında orta məktəbdə 8 sinif oxuduğunu, 2012-ci ildə əhmədi təriqətinə mənsub olduğu üçün təhsilini davam etdirə bilmədiyini qeyd etmişdir. Əmək fəaliyyəti barədə danışarkən ərizəçi xüsusi bir peşəsinin olmadığını, dostunun köməyi ilə internetlə bağlı cihazların təmirini öyrəndiyini və 2019-cu ildə bu sahədə 2 ay işlədiyini bildirmişdir (həmçinin ərizəçi subay olduğunu, ailədə ata-anası, dörd qardaş və iki bacısının olduğunu, atası, anası, bir qardaşı və bir bacısı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini, bir qardaşının İtaliyada, digər qardaşının Malayziyada olduğunu, digər iki bacısının evli olduğu üçün Pakistanda qaldığını qeyd etmişdir). Bundan başqa, ərizəçi Pakistanı tərk etmə səbəbi kimi dini etiqadı səbəbindən təhsilini davam etdirə bilməməsini, iş tapa bilməməsini, atasının təqaüdü ilə dolandıqlarını, “əhmədi” olduğu üçün heç kəsin ona iş vermədiyini, “X4” partiyasının üzvlərinin onlardan polisə şikayət etdiklərini, kənddəki evlərini və bəzi əşyalarını sataraq Azərbaycana gəldiklərini bildirmişdir (o, Azərbaycanda qalmaq və daha sonra İtaliyaya getmək üçün onlara köməklik göstərilməsini xahiş etmişdir). İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, təhsil hüququnun məhdudlaşdırılmasını bildirməsinə rəğmən dövlət məktəbində 8 sinif orta təhsil almışdır. Ahmad Rizwan “X4” partiyasının üzvləri tərəfindən polisə şikayət edildiyini qeyd etsə də, onlara qarşı heç bir rəsmi icraata başlanılmamışdır. Bu isə ərizəçinin dövlət tərəfindən təhdid və ya təqib edilmədiyini göstərir. X5 yaşayan qardaşının yanına getmək üçün onlara köməklik göstərilməsi barədə xahişi şəxsin məqsədinin Azərbaycanda qalmaq deyil, İtaliyaya getmək olduğunu müəyyən etmişdir. Ahmad Rizwan müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından göründüyü kimi, iddiaçı, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Ahmad Rizwan 26 may 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 38-2022 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. X7 İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhəri yaxınlığında Padri kəndində doğulduğunu, milliyətcə pəncabi, dini etiqadına görə müsəlman (əhmədi) olduğunu, Padri kəndi yaxınlığında orta məktəbdə 8 sinif oxuduğunu, 2012-cü ildə əhmədi təriqətinə mənsub olduğu üçün təhsilini davam etdirə bilmədiyini qeyd etmişdir. Əmək fəaliyyəti barədə danışarkən ərizəçi xüsusi bir peşəsinin olmadığını, dostunun köməyi ilə internetlə bağlı cihazların təmirini öyrəndiyini və 2019-cu ildə bu sahədə 2 ay işlədiyini bildirmişdir. O, subay olduğunu, ailədə ata-anası, dörd qardaş və iki bacısının olduğunu, atası, anası, bir qardaşı və bir bacısı ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini, bir qardaşının İtaliyada, digər qardaşının Malayziyada olduğunu, digər iki bacısının evli olduğu üçün Pakistanda qaldığını qeyd etmişdir. O, Pakistanı tərk etmə səbəbi kimi dini etiqadı səbəbindən təhsilini davam etdirə bilməməsini, iş tapa bilməməsini, atasının təqaüdü ilə dolandıqlarını, “əhmədi” olduğu üçün heç kəsin ona iş vermədiyini, “X4” partiyasının üzvlərinin onlardan polisə şikayət etdiklərini, kənddəki evlərini və bəzi əşyalarını sataraq Azərbaycana gəldiklərini bildirmişdir. İddiaçı Azərbaycanda qalmaq və daha sonra İtaliyaya getmək üçün onlara köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-17/1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Pakistan İslam Respublikasının vətəndaşı Ahmad Rizwana qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; ... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.
1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.
7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.
9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: İPM-nin: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Ahmad Rizwanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov