Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2684/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 17 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2020-ci ildə, ********** №-li VÖEN-lə qeydiyyatdan keçərək hüquqi ünvanı ünvan 1. Hüquqi şəxsin qanuni təmsilçisi X3 olmuş, o, xx.xx.2023-cü il tarixdə ölmüşdür. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********747200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 618094.05 manat əlavə mənfəət vergisi hesablanmışdır. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4, X1 İddiaçı MMC-nin nizamnamə kapitalındakı payını miras əmlak kimi qəbul etmişdir. MMC-nin qanuni təmsilçisi X4 olmuş və bu barədə Nizamnaməyə dəyişiklik edilərək hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********747200 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın çıxarılmasına səbəb kimi 2021-ci il üzrə ixrac əməliyyatlarından yaranmış 18422821,70 manat debitor borc satışdankənar gəlirə cəlb edilməli olduğu halda, 2022-ci il hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 216-cı sətir məlumatları boş göstərilməsi qeyd edilmişdir. Bu barədə qeyd etmək lazımdır ki, MMC tərəfindən 2022-ci il ərzində hər hansı bir əməliyyat aparılmamışdır. Həmin qərarın hesablanması üçün lazımlı olan məlumatlar vergi orqanı tərəfindən haradan əldə edildiyi və ya hansı əsaslarla qəbul edildiyi məlum olmamışdır. Vergi orqanı tərəfindən həmin hesablamalara əsas kimi götürülmüş sübutlar barədə məlumat verilməmişdir. 2022-ci il ərzində hər hansı əməliyyatın aparılmaması həmin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsinə əsas verir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2021-ci il ərzində kassa metodu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ixrac əməliyyatına əsasən 18422821,70 debitor borc qalığının olduğu, həmin il üzrə xərc bazasının tam qaydada bəyannamədə əks etdirildiyi, nəticədə kreditor qalığın olmadığı müəyyən edilmiş, lakin Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində vergi uçotunun dəyişməsindən yaranan satışdankənar gəlir məbləği əks etdirilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********040100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 3684564,34 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********953200 nömrəli Qərar qəbul olunmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixdə aparılan kameral vergi yoxlaması zamanı Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə gəlirə əsasən ********.41 manat (18422821,70/6*5) xərc müəyyən edilərək 614094.06 manat (18422821,70- ********.41)x20%) vergi məbləği hesablanmışdır. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 618094.05 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********747200 nömrəli Qərar qəbul olunmuşdur. İddia ərizəsində qeyd edilənlərlə bağlı bildirilir ki, uçot-baza məlumatlarına əsasən 2021-ci üzrə iddiaçı tərəfindən ********.7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən isə 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1,445,000.0 manat məbləğində malların təqdim edilməsindən gəlir göstərilmişdir. Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisinin gəlirləri vergi orqanı tərəfindən təsdiq edilmiş və (19,867,821.7- 1,445,000.0)=18,422,821.7 manat məbləğ kameral vergi yoxlaması ilə vergi ödəyicisinin debitor borclarına aid edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün əvvəlinə aktivlərin dəyəri 18,181,321.9 manat qeyd edilsə də, debitor borcun məbləği göstərilməmiş və malların təqdim edilməsindən gəlirin 0.00 manat qeyd edilmişdir. Qeyd edilənləri və vergi ödəyicisi tərəfindən bəyannamənin hesablama metodu ilə təqdim edildiyini nəzərə alaraq (19,867,821.7-1,445,000.0)=18,422,821.7 manat məbləğ vergi ödəyicisinin gəlirləri kimi qiymətləndirilməlidir. Buna əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən MMC-nin təsisçisi X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan qardaşı - X4 müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak MMC-də olan nizamnamə kapitalının məbləği 10 manat 00 qəpik (on manat sıfır qəpik), nizamnamə kapitalındakı faizi 100 % olan paydan ibarətdir. Hüquqi şəxsin qanuni təmsilçisinin dəyişməsi ilə bağlı dövlət reyestrində qeydiyyat xx.xx.2023-cü il tarixdə aparılmışdır. Göründüyü kimi iddiaçı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi xx.xx.2023-cü il tarixdə iddia qaldırmaqla qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Əks halda səlahiyyətli olmayan şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə qərardab verilən iddia mümkün sayılmayacaqdı. Hazırkı iddia tələbinin verilməsi üçün hüquqi şəxsin ölən qanuni təmsilçisinin dəyişməsi zəruri idi. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 618094.05 manat əlavə məfəət vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh mübahisələndirilən qərarın qəbulu kimi o hala istinad edir ki, 2021-ci üzrə iddiaçı tərəfindən ********.7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən isə 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 1,445,000.0 manat məbləğində malların təqdim edilməsindən gəlir göstərilmişdir. Təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisinin gəlirləri vergi orqanı tərəfindən təsdiq edilmiş və (19,867,821.7- 1,445,000.0)=18,422,821.7 manat məbləğ kameral vergi yoxlaması ilə vergi ödəyicisinin debitor borclarına aid edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün əvvəlinə aktivlərin dəyəri 18,181,321.9 manat qeyd edilsə də, debitor borcun məbləği göstərilməmiş və malların təqdim edilməsindən gəlirin 0.00 manat qeyd edilmişdir. Qeyd edilənləri və vergi ödəyicisi tərəfindən bəyannamənin hesablama metodu ilə təqdim edildiyini nəzərə alaraq (19,867,821.7-1,445,000.0)=18,422,821.7 manat məbləğ vergi ödəyicisinin gəlirləri kimi qiymətləndirilməlidir. xx.xx.2022-ci il tarixdə aparılan kameral vergi yoxlaması zamanı Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə gəlirə əsasən ********.41 manat (18422821,70/6*5) xərc müəyyən edilərək 614094.06 manat (18422821,70- ********.41)x20%) vergi məbləği hesablanmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2024-cü il tarixli 9/2914 №-li ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, 2021-ci il üzrə iddiaçı tərəfindən 19.867.821,7 manat dəyərində ixrac əməliyyatları həyata keçirilmiş və 2021-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən 1.445.000,0 manat məbləğində gəlir, gəlirdən çıxılan xərci isə 1440139,00 manat məbləğində göstərilmişdir.Yəni kassa metoduna uyğun olaraq daxil olmuş pul vəsaitinə görə gəlir və həmin gəlirə görə çəkilmiş xərclər nəzərə alınmışdır. Vergi orqanının dəqiqləşdirilmiş kameral mənfəət bəyannamsində isə gəlirdən çıxılan xərc 1415003,93 manat məbləğində göstərilmişdir.19.867.821,7 manat dəyərində ixrac əməliyyatlarının 18,181,321.9 manatı isə debitor borc kimi göstərilərək növbəti ilə keçirilmişdir.Eyni zamanda qeyd edilir ki, tədim edilmiş iş materiallarında da vergi ödəyicisinə ixrac olunmuş mallara görə 2021-ci ildə pul vəsaitinin daxil olması ilə bağlı sənədlər mövcud deyildir. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə 2022- ci il üzrə Vergi Məcəlləsinin 134-cü və 135-ci maddəsinin tələbləri nəzərə alınmaqla mənfəət vergisi hesablanmışdır. Belə ki, vergi orqanı tərəfindən 18422821,70 manat gəlir müəyyən olunmuş lakin xərc sənədləri olmadığından gəlirinə Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilməklə 15352351,41 manat (18422821,70/6*5) xərc müəyyən edilmiş və 614094.06 manat (18422821,70- 15352351,41)x20%) vergi məbləği hesablanmışdır. Bununla bağlı bildirilir ki, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş iş materiallarında vergi ödəyicisinin 2022-ci ilə dair gəliri və xərcləri üzrə sənədləri öz əksini tapmışdır. Təqdim edilmiş sənədlər (bank çıxarışları, elektron alış aktları, qərarlar, bəyannamələr və 1 ədəd disk (bəyannamələr, ixrac dair əməliiyarları, şəxsi hesab vərəqəsini və vergi orqanının qərarını özündə əks etdirən) və s.)) nəzərə alınmaqla və Vergi Məcəlləsinin 130-136-cı maddəsinin tələblərinə əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2022-ci il üzrə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği müəyyən olunmur, o cümlədən: Ümumi gəlir-------------------- 19857824,85 manat; Ümumi xərclər----------------- 20647929,52 manat; Göründüyü kimi, müəssisənin 2022-ci il üzrə xərci əldə etdiyi gəlirindən çox olmuşdur. Göstərilənlərdən əlavə qeyd edilir ki, 2021-ci il üzrə daxil olmuş pul vəsaiti— 1500,00 manat məbləğində (hesabın möhkəmləndirilməsi və təsisçidən daxil olmuş pul vəsaiti), 2022-ci il üzrə daxil olmuş pul vəsaiti isə 19857824,85 manat məbləğində olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən 2021-ci il və 2022-ci illər üçün MMC-nin xərcləri isə yuxarıda da göstərildiyi kimi 20647929,52 manat məbləğində olmuşdur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin: Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının mənfəətini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Maddə 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Maddə 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Maddə 130.5. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Maddə 131. Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır.[854] Maddə 132.2. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Maddə 133. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı 133.1. Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. 133.2. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. 133.3. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. 133.4. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, aparılmış ekspertiza tədqiqatı nətiəsində iddiaçının 2022-ci il üzrə xərcinin əldə etdiyi gəlirindən çox olmasə, nəticədə mənfəət əldə etməməsi müəyyən edilmişdir. Ekspert rəyinin mötəbərliliyin şübhə altına alacaq hallar müəyyən edilməmişdir. Məhkəmə cavabdehin eskert rəyinin mötəbərliliyi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, ekspertiza tətdiqatı zamanı hər iki tərəfin nümayəndlərinin ekspsertiza aparılmasında iştirakı təmin edilmiş, hər iki tərəfə sübutların ekspertə təqdim edilməsinə şərait yaradılmışdır. Ekspert rəy verərək təqdim edilən sənədlərə istinad etmiş və rəy əsaslandırılmışdır. Odur ki, cavabdehin ekspert rəyinin mötəbərliliyi ilə bağlı qeyd etdiləri dəlillərin əsası yoxdur. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı hissədə ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********747200 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2684/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2684/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver