Məhkəmə qərarları › İş №2-1(112)-2685/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2685/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2685/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin restrukturizasiya olunması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə arasında xx xxxxxx 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsinin və xx xxxxxx 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsinin restrukturizasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə onun arasında xx xxxxxx 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərti ilə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan “Mercedes Benz C-220” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx xxxxxx 2015-ci il tarixli, 078 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa “xxxx” ASC-nin “Uğur” filialı ilə onun arasında xx xxxxxx 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 4200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqavilələri xx xxxxxx 2015-ci il tarixdə bağlanıldıqdan bir ay sonra yəni, xx xxxxxx 2015-ci il tarixdə birinci dəfə, xx xxxxxx 2015ci il tarixdə isə ikinci dəfə Azərbaycan manatı ABŞ dolları qarşısında ucuzlaşaraq dəyər itirmişdir. Lakin buna baxmayaraq hər ay mütamadi olaraq ödənişlər etmişdir. Bank ləğv prosesinə getdikdən sonra həm də bir müddət sağlamlığımda yaranmış problemlərlə bağlı işsiz olduğuna görə ödəniş edə bilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı qəbul edilərkən, Fərmanın onun kredit müqavilələrinə şamil olunması barədə sistemdən çıxarış əldə etmişdir. Bundan sonra cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət edib ödənilməyən kredit məbləğinin restrukturizasiya olunmasını və yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdeh hər dəfə müraciətinin araşdırılıb ödənilməmiş kredit məbləğinin restrukturizasiya edəcəklərini və yeni kredit müqavilələrinin bağlanılacağını bildirsə də, hər hansısa bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - 078 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, kreditor “xxxx” ASC tərəfindən borcalan İddiaçı illik 22 % olmaqla, 24 ay müddətinə avtomobil alınması üçün 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. - 079 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, kreditor “xxxx” ASC tərəfindən borcalan İddiaçı illik 22 % olmaqla, 24 ay müddətinə şəxsi mənzilin təmiri üçün 4200 ABŞ dolları məbləğində kredit verilmişdir. - Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 2200 (iki min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kredit müqaviləsinin təminatı kimi X1 məxsus olan “Mersedes Benz C-220” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdıliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Hazırda məhkəmə mübahisəsi davam etməkdədir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı kredit müqavilələri üzrə öhdəliklərinin kredit vermiş bankın hazırda ləğvedicisi olan cavabdeh tərəfindən restrukturizasiya olunması barədə məhkəmə qərarının qəbul edilməsini xahiş edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. - 3.2-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətlrəi ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmi və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə istər inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş iddiaçı, istərsə də tələbin ona qarşı irəli sürüldüyü cavabdeh hazırki mübahisə üzrə inzibati orqan olmamaqla hüquqi şəxs olan bankın ləğvedicisidir. Eyni zamanda tərəflər arasında yaranan mübahisə kredit müqaviləsindən irəli gələn mülki mübahisədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquq sahəsində yaranan münasibətlər olmadığından, işin bu cür halında mövcud mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkiblərinə (inzibati orqan olmamalarına) və mübahisənin mahiyyətinə görə inzibati məhkəmə icraatına aid deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddiaçıya mübahisənin mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququna malik olmasını izah edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar