Məhkəmə qərarları › İş №2-1(112)-2685/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2685/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2685/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona qanunsuz və əsassız olaraq hesablanmış 4382,1 manat məbləğində vergi borcunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 35.1, 46.2.1 və 46.2.4-cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İddiaçı tərəfindən iddia növünə münasibətdə də İnzibati Prosessual Məcəllənin tələblərinə düzgün əməl olunmamışdır. İddia ərizəsinin əvvəlində iddianın Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia olduğu qeyd olunmuşdur. Müvafiq maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Lakin iddiaçının mübahisələndirdiyi borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktın icra olunması nəticəsində yaranmamışdır. İddiaçı şəxsi hesab vərəqəsinə işlənmiş 4382,1 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarları qeyd etməmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən 16872,04 manat vergi borcu olmasına baxmayaraq, iddia ərizəsində silinməsi tələb olunan borcun 4382,1 manat göstərilmiş, lakin həmin borcun yaranma səbəbi, dövrü, vergi növü barədə məlumatlar əks etdirilməmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, məcburetmə və öhdəliyin icrası növündə iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh inzibati orqana iddiaçı tərəfindən iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməmişdir. Eyni zamanda hansı borca dair cavabdehin qərarının mübahisələndirilməsi ilə əlaqədar iddia tələbinin dəqiqləşdiriməsi iddiaçıya təklif edilsə də, qeyd olunan nöqsan aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar