Məhkəmə qərarları › İş №2-1(112)-2686/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2686/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2686/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzil növbəsinə götürülmə» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Nizami RİH) qarşı «mənzil növbəsinə götürülmə» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı İİ qrup Çernobıl əlilidir, ailə üzvləri X1, X2 və X3 ilə birlikdə 13 aprel 2011-ci il tarixdən etibarən 31,12 kv.m yaşayış sahəsi olan mənzildə yaşayır. Həmin mənzilin sahəsi kiçik olduğundan, o, «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» AR Qanununun 6-cı maddəsinin 5-ci bəndini rəhbər tutaraq ev növbəsinə gütürülmək üçün 28 aprel 2016-cı il tarixdə ərizə ilə Nizami RİH-ə müraciət etmişdir. Nizami RİH-in 24 may 2016-cı il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına əsasən AR Nazirlər Kabineti rərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası və müvafiq uçot normaları müəyyən edildikdən sonra onun müraciətinə yenidən baxılacaqdır. Lakin bu zaman nəzərə alınmamışdır ki, həmin qərarın 1.3-cü bəndində bu və bu kimi məsələlərin həlli üçün üç ay müddət nəzərdə tutulmuşdur. Bundan sonra, o (iddiaçı), 24 iyun 2019-cu il tarixdə Nizami RİH-ə növbəti dəfə ev növbəsinə götürülməsi üçün ərizə ilə müraciət etmiş və ərizəsinə növbəyə gütürülmək üçün qanunvericiliklə müəyyən olunmuş 31 adda sənəd əlavə etmişdir. Bu dəfə isə, cavabdeh ərizəyə cavab olaraq 17 iyul 2019-cı il tarixli məktubunda heç bir ətraflı izah vermədən Bakı Şəhər XDS-in 1988-ci il 8 aprel tarixli “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12-ci bəndini əsas götürərək ərizədə göstərilən tələbi təmin etməmişdir. Məsələyə tam aydınlıq gətirilməsi məqsədilə iddiaçı 14 avqust 2019-cu il tarixli ərizə ilə üçüncü dəfə Nizami RİH-ə müraciət etmişdir. Bu dəfə cavabdeh ərizəyə cavab olaraq 18 sentyabr 2019-cı il tarixli məktubunda həmin Qaydaların 7.8-ci bəndinə əsaslanaraq onun ev növbəsinə götürülməsindən imtina etmişdir. Həmin ünvanda formal olaraq qeydiyyatda olan digər dörd nəfər (X4, X5, X8 və X6) 11 noyabr 2009-cu il tarixdən əvvəl bu ünvanda yaşamışlar, mülk sahibinin iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 870/2020 saylı iş üzrə 8 iyun 2020-ci il tarixli qətnaməsi ilə qeydiyyatdan çıxarılmışlar. Qeyd olunan qərarın qüvvədə olmaması səbəbindən o (iddiaçı), yenidən 18 avqust 2020ci il tarixli məktubla cavabdehə müraciət edərək qanuni qaydada ev növbəsinə qeydiyyata alınmasını cavabdehdən tələb etmişdir. Cavabdeh isə yenə də mənzil növbəsinə götürülmənin mümkün olmadığını bildirmişdir. İddiaçı arvadı və iki qızı ilə birlikdə yaşayış sahəsi 31,12 kv.m olan mənzildə yaşayırlar. Bu yaşayış sahəsi isə cox kiçikdir və normal yaşayışı təmin etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ailə üzvlərinin hər birinin adına verilmiş arayışlardan da göründüyü kimi, onlardan heç birinin adına başqa yaşayış sahəsi mövcud deyildir. «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» AR Qanununun 6-cı maddəsinin 5-ci bəndinə əsasən əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququna malikdir. AR Mənzil Məcəlləsinin 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin icrası ilə əlaqədar olaraq AR Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Digər tərəfdən, Məcəllənin 49.6-cı maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. Qanunun analogiyası tətbiq edildikdə, xüsusi statusa malik vətəndaşlar üçün yaşayış sahəsinin uçot norması ən azı 16 kv.m-ə bərabər olmalıdır. Beləliklə, yuxarıda göstərilənlərdən görünür ki, o (iddiaçı), Çernobıl əlili kimi yaşayış sahəsinin genişləndirilməsi üçün ərizə ilə Nizami RİH-ə müraciət etməsə sə, cavabdeh müxtəlif bəhanələr gətirərək əsassız olaraq onu mənzil növbəsinə qeydiyyata almaqdan imtina etmiş və bununla da hüquqlarını pozmuşdur. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, iddiaçının yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə ailə üzvləri ilə birlikdə ev növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Nizami RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Nizami RİH-in məhkəməyə ünvanlanmış 30 dekabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar qeyd olunur: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tətbiqi ilə bağlı vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası və müvafiq uçot normaları müəyyən edilmədiyindən, vətəndaşların mənzil növbəsinə qəbul edilməsi ilə bağlı məsələdə qeyri-müəyyənlik yaranmşdır. Yaranmış vəziyyətlə əlaqədar olaraq, AR Ədliyyə Nazirliyinə göndərilmiş sorğuya 5 noyabr 2012-ci il tarixli 3/1961-04 nömrəli cavab məktubunda qaydalar təsdiq olunanadək yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınmasının mümkünsüz olduğu bildirilmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının 28 aprel 2016-cı il tarixdən mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. AR Mənzil Məcəlləsinin 49.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: (53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, (53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Həmin Qanunun 2-ci maddəsinə görə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi ilə bağlı münasibətlər bu Qanunla, «Əmək pensiyaları haqqında», «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1-ci bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, üç ay müddətində həmin Məcəllənin 49.2-ci maddəsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin (1.3.4). AR Nazirlər Kabinetinin «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, İddiaçı yaşadığı mənzilin sahəsi 31,12 kv.m olması və 4 nəfər (özü ilə birlikdə) ailə üzvlərinin hər birinə münasibətdə yaşayış sahəsinin 8 kv.m-dən az təşkil etməsi işin mübahisə olunmayan hallarına aiddir. Eləcə də, nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmaq istəyən şəxs kimi İddiaçı münasibətdə AR Mənzil Məcəlləsinin 53.1-ci maddəsində göstərilən halların mövcudluğu müəyyən edilmir və cavabdeh inzibati orqanın da bununla bağlı dəlilləri mövcud deyil. Cavabdehin imtinasında göstərilən xüsusata gəldikdə isə, məhkəmənin qənaətinə görə “vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası və müvafiq uçot normaları müəyyən edilməməsi” hazırkı iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsindən imtina üçün əsas ola bilməz. Belə uçot norması müəyyən edilmədiyi halda, analoji olaraq, AR Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması kimi müəyyən edilmiş ölçü – “16 kv.m” əsas götürülə bilər. Odur ki, cavabdeh inzibati orqan Nizami RİH-in İddiaçı ilkin müəraciət etdiyi tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsindən imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 28 aprel 2016-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində (mənzil növbəsinə) uçota götürülməsi öhdəliyi Nizami RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 28 aprel 2016-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində (mənzil növbəsinə) uçota götürülməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar