Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2686/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Naradaran bağ massivi, sahəsi 0.12 ha olan 1386 s saylı bağ sahəsini onun adına qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı tərəfindən iddiaçıya 205 nömrəli kooperativdən B/S nömrəli order ilə Nardaran ərazisindən ümumi sahəsi 0.12 ha olan 1386 s nömrəli torpaq sahəsi ayrılmışdır. Yuxarıda qeyd olunan torpaq sahəsini sənədləşdirmək məqsədi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin **********61 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu almışdır. Belə ki, məktubda qeyd olunmuşdur ki, təqdim edilən X3 və istismarı birliyi tərəfindən verilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin 1386 s nömrəli bağ sahəsi digər fiziki şəxslərin adına müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən X3 və istismarı birliyi tərəfindən verilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin 1386 s nömrəli bağ sahəsi digər fiziki şəxslərin adına müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********61 saylı xx.xx.2021-cı il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X5 bağlar sahəsindəki 205 nömrəli kooperativin B/S nömrəli orderinə əsasən İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 mart 1992-ci il tarixli 378 nömrəli qərarına əsasən ona Nardaran bağlar sahəsində 205 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1386 s nömrəli bağ ayrılıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filailının xx.xx.2022-ci il tarixli, N-BA-00252-2022 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli, 2-1(112)-10750/2021 saylı sorğuya cavab olaraq bildiririk ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 378 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin Arxivinə müraciət edilməsi xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 1386 s saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Sorğunuzla əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Nardaran qəsəbəsində yerləşən 1386 s saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 23678 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu, Nardaran ərazisində 0.06 ha torpaq sahəsi olan 1386 s nömrəli bağ X6 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1386 s saylı 0.06 ha ölçüdə bağ sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə X6 adına qeydiyyata alınmışdır. - 05 iyul 2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1386 s saylı 0.06 ha ölçüdə bağ sahəsini X2 mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1386 s saylı 0.06 ha ölçüdə bağ sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1386 s saylı 0.06 ha ölçüdə bağ sahəsini "xxxx" MMC-nin mülkiyyətinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 7-1499/17 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 378 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı Nardaranda bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubu ilə İddiaçı müraciəti ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1386 s saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktı göndərilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, ərizəçi İddiaçı bağ sahəsini kənardan vizual olaraq göstərmiş və bildirmişdir ki, hal-hazırda bağ sahəsindən digər şəxslər istifadə etdikləri üçün bağa daxil ola bilmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, X3 və istismarı birliyi tərəfindən verilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin 1386 s nömrəli bağ sahəsi digər fiziki şəxslərin adına müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı tərəfindən B/S nömrəli order əsasında ona 205 nömrəli kooperativdən Nardaran ərazisində ümumi sahəsi 0.12 ha olan 1386 s nömrəli bağ sahəsinin ayrıldığını əsas götürərərək bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan təqdim edilən order barədə arxivdə məlumatın şakar edilmədiyinə, eyni zamanda həmin nömrəli bağ sahəsinin digər şəxslərin adına dövlət qeydiyyatına alındığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən bağ sahəsinə hüquqların qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1386 s saylı bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd qismində 205 nömrəli kooperativin B/S nömrəli orderini təqdim etmişdir. Qeyd edilən orderin verilməsinə əsas olmuş, yəni bağ sahəsinin ayrılması barədə orderin özündə adıçəkilən Bakı şəhər İcraiyyə Komitəsinin 13 mart 1992-ci il tarixli 378 nömrəli qərarı nə Dövlət Arxivinin Bakı filialında, nə Bakı şəhər İcraiyyə Komitəsinin hüquqi varisi olan Bakı Şəhər İcra Hakimiyyətinin arxivində, nə də bağ təsərrüfatı idarələrinin arxiv saxlayıcısı olan Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrının arxivində aşkar olunmamışdır. Başqa sözlə, iddiaçının iddia etdiyi bağ sahəsinin ona ayrılması barədə ilkin torpaqayırma sənədi müəyyən olunmamışdır. Bağ sahəsinin ayrılması barədə qərar (sərəncam) olmadığı halda isə tək order bağ torpaq sahəsinə hüquqmüəyyənedici sənəd qismində qəbul edilə bilməz. Məhkəmə nəticəyə gələrkən həmçinin o halı da nəzərə alır ki, iddiaçının qeyd etdiyi eyni nömrəli bağ sahəsi Bağlar İdarəsi ilə bağlanmış müqavilə əsasında başqa şəxslərin adlarına dövlət reyestrində qeydiyyata alınmış, Müki Məcəllənin 140-cı maddəsinə əsasən isə həmin qeydlərin qeyri-dəqiqliyi sübuta yetirilməyincə, məzmunlarının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi Bakı şəhər İcraiyyə Komitəsinin 13 mart 1992-ci il tarixli 378 nömrəli qərarı ilə bağ sahəsinin ayrıldığı vaxt qüvvədə olmuş 9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respubliaksının Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Hazırkı iş üzrə cavabdeh orqanın mütəxəssisi tərəfindən keçirilmiş yerli müayinədən də müəyyən olunur ki, iddiaçı mübahisələndirdirilən 1386 s nömrəli 0.12 ha torpaq sahəsini naturada vizual olaraq göstərmişdir, iddiaçının faktiki olaraq istifadəsində bağ sahəsi mövcud deyildir. Başqa sözlə, iddiaçının istinad etdiyi orderin “kökü” olan hüquqmüəyyənedici sənəd olmadığı kimi həm də bağ sahəsi naturada iddiaçıya təhvil verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. İnzibati orqan iddiaçının tələb etdiyi qeydiyyatı qanunvericiliyin tələbinə görə yalnız torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər olduqda apara bilər. Belə sənədlər isə hazırkı iş üzrə müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2686/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2686/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver