Məhkəmə qərarları › İş №2-1(112)-2691/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2691/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2691/2022 08.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona qanunsuz və əsassız olaraq hesablanmış 15538 manat 71 qəpik məbləğində vergi borcunun ləğv edilməsinə dair qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olub və vergi orqanlarına müvafiq qaydada vergi hesabatlarını təqdim edib. Lakin 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq ona 15538 manat 71 qəpik məbləğində vergi borcu hesablanmışdır. Bununla əlaqədar bildirir ki, fiziki şəxs kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən mənə 15538 manat 71 qəpik məbləğində vergi borcunun hesablanmasının özü qanunsuz və əsassızdır. Ona görə ki, o qanunla müəyyən edilmiş qaydada vergi hesabatlarımı müntəzəm surətdə vergi orqanlarına təqdim edib. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq əməkdaşları tərəfindən hesabatları qəsdən qəbul edilməmiş və bunun nəticəsində qanunsuz və əsassız olaraq süni surətdə və şişirdilmiş rəqəmlərlə ona 15538 manat 71 qəpik məbləğində vergi borcu hesablanmışdır.

3. İddiaçının iddia ərizəsində qeyd etdiyi vergi borcu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 23.04.2021-ci il tarixli **********833400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 16.08.2021-ci il tarixli **********440900 saylı "Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərarlarına əsasən yaranmışdır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı tərəfindən iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hər hansı inzibati aktı mübahisələndirilməmiş, şəxsi hesab vərəqəsində olan vergi borcunun ləğv edilməsi tələbi barədə məhkəməyə müraciət edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi vergi borcunun əsası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin müvafiq qərarlarına əsasən yarandığından iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdehlər sırasından çıxarılmalıdır.

4. İddiaçı şəxsi hesab vərəqəsinə işlənmiş vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahisələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərar(lar)ı qeyd etməmişdir.

5. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki, ləğvini tələb etdiyi vergi borcunun yaranmasına əsas olan qərar (inzibati akt) mübahisələndirilməlidir. Bundan əlavə, hazıkı iddia ərizəsində qeyd etdiyi vergi borcunun ləğvi ilə bağlı inzibati orqana müraciəti, həmçinin müraciətinə cavab məktubu təqdim edilməlidir. Həmçinin cavabdeh tərəfindən iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi ilə əvəz edilməsi barədə vəsatət təqdim edilmişdir. Odur ki, məhkəmə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi olmalıdır. İddia tələbinin həmin tələblərə uyğunlaşdırılmamasının onun mümkünsüzlüyünə səbəb olması izah edilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iddiaçı iştirak etməmiş, qeyd edilən hüquqi yardım məktubu iddiaçıya təkrarən göndərilmişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın mümkünlüyü

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

9. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Bununla bağlı iddiaçıya hüquqi marağına uyğun iddianın qaldırılması ilə bağlı təkrarən hüquqi yardım göstərilməsinə baxmayaraq, iddia tələbi dəqiqləşdirilməmişdir.

10. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, o, hüquqi marağına uyğun olaraq aidiyyəti vergi orqanının müvafiq qərarını mübahisələndirə bilər.

11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar