Məhkəmə qərarları › İş №2-1(112)-2691/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2691/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2691/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli, **********481900 nömrəli elektron ərizəsi üzrə ƏDV məbləğinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli digər qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iddia tələbi aşağıdakı məzmunda dəqiqləşdirilmişdir: “Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 mart 2023-cü il tarixli **********289200 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarının ləğv edərək əlavə dəyər vergisinin yekun məbləği 5051,70 manat barədə məlumatın müvəkkil banka göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin.” Məhkəmənin qərardadı ilə "xxxx" MTK (bundan sonra – üçüncü şəxs) adi cəlbetmə qaydasında hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Goranboy rayon Qarasüleymanlı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə ipoteka krediti vasitəsilə ev almaq məqsədilə üçüncü şəxsə müraciət etmişdir. Üçüncü şəxslə bağlanan xx.xx.2022-ci il tarixli, 0350 saylı Payçı müqaviləsinə əsasən üçüncü şəxs Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 241 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 4 saylı, 2 otaqlı mənzili tikib, payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 110389 manat təşkil edir. İddiaçı müqavilənin ilkin ödənişi kimi 20 faiz, yəni 22389 manat məbləğində avans ödəniş etmişdir. Mənzilin qalıq ödənişi 88000 manat təşkil etmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, AVP- 045 saylı kredit müqaviləsinə əsasən bankdan 88000 manat kredit alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ƏDV-nin qaytarılması üçün elektron qaydada cavabdehə müraciət göndərmişdir. xx.xx.2023-cü il tarixdə onun elektron kabinetinə cavabdeh tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar göndərilmişdir. Həmin qərara əsasən alıcı tərəfindən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilmədiyi üçün ƏDVnin qaytarılmasından imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş uyğunsuzluğu müəyyən etmək üçün iddiaçı üçüncü şəxsin satış ofisinə müraciət etmişdir. Orada ona bildiriblər ki, əlavə dəyər vergisi ödənilmiş, sadəcə olaraq göstərilən Fərmanda qeyd edildiyi kimi ayrıca ƏDV-nin depozit hesabına deyil, yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil) eyni hesaba ödənilib. Yaranmış bu problemlərdən sonra artıq cari satışlarda ƏDV məbləğini ƏDV-nin depozit hesabına ödəyirlər. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehə şəxsən müraciət edərək yaranmış məsələni aydınlaşdırmağı xahiş etmişdir. Cavabdein əməkdaşı heç bir qanunsuzluğun olmadığını, qərardan şikayət edə biləcəyini bildirmişdir. Göründüyü kimi, yaranmış vəziyyət üçüncü şəxslə cavabdeh arasında yaranmış problemdir. Üçüncü şəxsin səhvi ucbatından, iddiaçıya ƏDV məbləğinin ödənilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş və ərizəyə müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. İddiaçı müraciətinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) onun tərəfindən satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********088400 nömrəli qərar qəbul edilmişdir. Əlavə dəyər vergisinin qaytarılmasından imtina barədə qərar iddiaçıya göndərilmişdir. Göründüyü kimi, iddiaçının müraciətinin araşdırılmasının nəticəsi üzrə qəbul edilən qərar qanuni və əsaslı olmuşdur. Odur ki, iddia ərizəsində göstərilənlər qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, iddiaçı tərəfindən mənzillə bağlı ƏDV mənzilin dəyəri ilə birlikdə ödənilib. Həmin ƏDV isə üçüncü şəxs tərəfindən dövlət büdcəsinə ödənilib. Belə olan halda cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0350 nömrəli payçı müqaviləsindən görünür ki, üçüncü şəxs pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 4 nömrəli, 2 otaqlı mənzili tikib və payçının (iddiaçının) mülkiyyətinə verməyi öhdəsinə götürür. İddiaçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 4 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin üçüncü şəxsə ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 110389 manat təşkil edir. Müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 20%-ni təşkil etməklə, iddiaçı müqavilə imzalandıqda dərhal 22389 manat məbləğində öncədən MTK-ya avans ödəniş edir. İddiaçı müqavilənin ümumi dəyərinin qalıq 88000 manat məbləğində pul vəsaitini aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 04 iyul 2022-ci il tarixli, AVP-045 nömrəli kredit müqaviləsinə əsasən bank iddiaçıya 120 ay müddətində (xx.xx.2032-ci il tarixədək) 88000 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% (on ) faiz ödəmək şərtilə kredit verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı Saziş çərçivəsində Bakı şəhəri, A.M.Şərifzadə küçəsi 241 inşa olunan, bina 9, mərtəbə 8, ümumi sahəsi 76.13 kv.m olan 2 otaqlı 4 nömrəli mənzilin alınması qeyd olunmuşdur. İlkin ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən aldığı mənzilə görə 22389 manat məbləğində pul vəsaiti üçüncü şəxsin "xxxx" ASC-də bank hesabına ödənilmişdir. Üçüncü şəxsin "xxxx" ASC-yə ünvanlanmış 01 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 01 iyul 2022-ci il tarixli, 0350 saylı payçı müqaviləsinə əsasən 9-cu bina, 9-cu blok, 8-ci mərtəbə, 4 saylı, 2 otaqlı, 76.13 kv.metr olan mənzilinin pay dəyərinin bir hissəsi, 22389 manat məbləğində ilkin ödəniş şəklində iddiaçı tərəfindən ödənilmişdir. Mənzilin qalıq ödənişi 88 000 manat təşkil edir. Cavabdeh tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli, **********289200 nömrəli qərardan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğvini və cavabdehin üzərinə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ödədiyi məbləğə hesablanmış ƏDV-nin geri qaytarılması ilə bağlı müraciətin müvəkkil banka yönləndirilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia tələbi xx.xx.2023-cü il tarixli qərarın ləğvi ilə bağlı olsa da mahiyyətcə öhdəliyin icrası ilə bağlıdır. Çünki həmin qərar iddiaçının hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş bir qərar deyil və yalnız iddiaçının müraciəti əsasında ona verilmiş imtinadan ibarətdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (165.6.). Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1). Alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır (2.0.2. ). Satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir (2.0.3. ). Operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir (2.0.4.). Müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır (2.0.6. ). Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir (4.1.). Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı (5.1.). Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur (5.4.). Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir (5.5.). Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər (5.6.). Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır (5.7.). İşdən görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə bağlanmış və iddiaçı həmin mənzilin dəyərini əlavə dəyər vergisi (bundan sonra - ƏDV) ilə birlikdə üçüncü şəxsin hesabına keçirmişdir. Bundan sonra iddiaçı ödənilmiş ƏDV-nin geri qaytarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina barədə qərar qəbul etmişdir. İmtinaya əsas kimi isə cavabdeh iddiaçı tərəfindən ƏDV-nin üçüncü şəxsin ƏDV hesabına keçirilmədiyini qeyd etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən alınan mənzilin dəyəri ilə yanaşı ƏDV-nin də üçüncü şəxsin hesabına ödənilməsi işin mübahisəsiz halıdır. Üçüncü şəxsin nümayəndəsi də məhkəmə iclasında həmin halı təsdiq etmişdir. Eyni zamanda həmin hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Üçüncü şəxs bina tikintisi ilə məşğul olan hüquqi şəxsdir və məlum məsələdir ki, hesablaşmalar zamanı vəsaitin hansı hesaba ödənilməsi iddiaçının iradəsindən asılı olmamışdır. Eyni zamanda üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında 2022-ci il üçün vergi orqanına təqdim edilmiş bəyannamələrdə həmin vəsaitin də bəyan edildiyi və ƏDV-nin ödənildiyi qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin təqsiri ucbatından iddiaçı tərəfindən vəsaitin səhv hesaba ödənilməsi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin müddəalarına formal olaraq əsaslanmaqla iddiaçıya imtina verilməsi onun hüquqlarının əsassız pozulmasına gətirib çıxarar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 mart 2023-cü il tarixli, **********289200 saylı qərarı ləğv edilsin. İddiaçı ödənilməli əlavə dəyər vergisinin yekun məbləği olan 5051 (beş min əlli bir) manat 70 (yetmiş) qəpik vəsait barədə məlumatın müvəkkil banka göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar