Məhkəmə qərarları › İş №2-1(112)-2694/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2694/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2694/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (Cəbrayıl rayonu, Xələfli kəndində qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunanadək müvəqqəti olaraq kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mənzil ilə təmin olunanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, 17 iyul 1999-cu il tarixdə Binəqədi rayon hərbi komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 17 iyul 1999-cu il tarixdən 10 yanvar 2001ci il tarixə kımı müddətli həqiqi hərbi xidmət, 10 yanvar 2001-ci ildən 15 may 2020-ci il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Hərbi Dəniz Qüvvələri Komandanının 26 fevral 2020-ci il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun, arvadının adına hər hansı bir daşınmaz əmlak (torpaq sahəsi, qeyri yaşayış sahəsi, mənzil və s) yoxdur. Atasına məxsus mənzildə qeydiyyatdadırlar. Yaşayış yeri yoxdur, 09 iyun 2019-cu il tarixli mülkiyyətçi, kirayə verən X18 ilə aralarında bağlanmış kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili aylıq 350 manat olmaqla iddiaçıya kirayəyə vermişdir. Ailə tərkibi 4 nəfərdən ibarətdir (özü, həyat yoldaşı Aidə Mehdiyevə, oğluSəid Mehdiyev və Sənan Mehdizadə). Binəqədi Rayon icra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməyi və mənzil ilə təmin olunana kimi müvəqqəti mənzil kirayəsi xərciərinin ödənilməsinə köməklik göstərilməsi barədə müraciət etsə də, Binəqədi Rayon icra Hakimiyyəti Başçısının 15 oktyabr 2020-ci il tarixli 118 saylı sərəncamı ilə mənzil növbəsinə götürülməyi qərara alınmış, lakin mənzil ilə təmin edilənədək müvəqqəti kirayə pulunun ödənilməsi ilə bağlı hissədə imtina olunmuşdur. Hesab edir ki, cavadehin qərarı əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəmə ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, ehtiyatda olan hərbi qulluqçu kimi onun mənzillə təmin olunmasını və yaşayış sahəsilə təmin olunanadək ona kirayə haqqı ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 118 saylı 15.10.2021 -ci il tarixli Sərəncamına əsasən iddiaçının xahişi qismən təmin edilərək, “Ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi” yaşayaış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. İddiaçı tərxis olunmasının əsasları (Xidmət müddəti başa çatdığına görə) “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından göründüyü kimi bu şərtlərlə (xidmət müddəti başa çatdığına görə) ehtiyata və ya istefaya buraxılmış şəxslər nəzərdə tutulmamışdır. Bu baxımdan iddiaçının yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin müsbət həlli mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından göründüyü kimi bu şərtlərlə (öz arzusu ilə) ehtiyata və ya istefaya buraxılmış şəxslər nəzərdə tutulmamışdır. Qeyd olunanlardan əlavə Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında ehtiyata və ya istefaya buraxılmış şəxslərə yaşayış sahəsilə təmin edilənədək kirayə haqqının ödənilməsi o halda ödənilməsini nəzərdə tutur ki, 6 ay ərzində mənzillə təmin edilməsi mümkün olmasın. Bu halda isə iddiaçıya kirayə haqqının ödənilməməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki hazırlıq icraatı iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya dair yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 15 oktyabr 2020-ci il tarixli Sərəncamdan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı Aidə Mehdiyeva, oğulları Səid və Sənan Mehdizadə) Bakı şəhəri, ünvan 3 ünvanda-atası X1 evində qeydiyyatdadırlar. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu qismində həqiqi hərbi xidmət keçmişdir və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.1-ci maddəsinə əsasən (xidmət müddəti başa çatdığına görə) Hərbi Dəniz Qüvvələri komandanının 26.02.2020-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır (AR SHXÇ üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin 25.08.2020-ci il tarixli 362 saylı arayışı). Qeyd olunanlara, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı və 6.8-ci bəndlərinə əsaslanaraq Vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı Aidə Mehdiyeva, oğulları Səid və Sənan Mehdizadə) ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi yaşayış yeri üzrə Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə götürülsün. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.1-ci maddəsi ilə ehtiyata buraxılmış şəxsin (xidmət müddəti başa çatdığına görə) kateqoriyası nəzərdə tutulmadığından vətəndaş İddiaçı kirayə haqqının ödənilməsindən imtina olunsun. Vətəndaş İddiaçı ehtiyatda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsi ilə təmin olunacaq ailələrin siyahısına daxil edilsin. Vətəndaş İddiaçı Sərəncamdan narazı qaldığı halda məhkəməyə və ya yuxarı instansiya 30 gün müddətində şikayət vermə hüququnun olması nəzərinə çatdırılsın. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 25 avqust 2020-ci il tarixli 362 nömrəli arayışdan görünür ki, arayış 1981-ci il təvəllüdllü, ehtiyatda olan baş çavuş İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən 17.07.1999-cu il tarixdə Binəqədi rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 17.07.1999-cu il tarixdən 10.01.2001-ci il tarixə kimi müddətli həqiqi hərbi xidmət, 10.01.2001-ci il tarixdən 15.05.2020-ci il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.1 -ci maddəsinə ( xidmət müddəti başa çatdığına görə) əsasən Hərbi Dəniz Qüvvələri komandanının 26.02.2020-ci il tarixli 08 əç saylı əmrilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 15.05.2020-ci il tarixdə SHXÇDX-nin Binəqədi rayon idarəsində hərbi qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 17.07.1999-cu il tarixdən 15.05.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Hərbi Dəniz Qüvvələri komandanının 26.02.2020-ci il tarixli 08 №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.1-ci maddəsin əsasən (xidməti başa çatdığına görə) ehtiyata buraxılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X14 30.12.2008-ci ildə nikaha daxil olmuşlar. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 21.08.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, 28.09.1986-cı il təvəllüdlü X11, 09.03.2011-ci il təvəllüdlü X5, 09.11.1951-ci il təvəllüdlü X2, 21.09.2004-cü il təvəllüdlü X3, 10.10.1960-cı il təvəllüdlü X6, 25.08.1979-cu il təvəllüdlü X7, 17.02.2009-cu il təvəllüdlü X9 ünvan 4 ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilən 25 avqust 2020-ci il tarixli, 3171 №li arayışdan görünür ki, arayış ehtiyatda olan baş çavuş İddiaçı ondan ötrü verilmişdir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən 25 avqust 2020-ci il tarixli arayışdan görünür ki, arayış, İddiaçı, X4 ondan ötrü verilmişdir ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat sistemində məlumat yoxdur. Arayış Yasamal rayon İcra Hakimiyyətinə təqdim olunmaq üçün verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən 25 avqust 2020-ci il tarixli arayışdan görünür ki, arayış, X8 ondan ötrü verilmişdir ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat sistemində məlumat yoxdur. Arayış Yasamal rayon İcra Hakimiyyətinə təqdim olunmaq üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanlanan 25 noyabr 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan X18 ilə İddiaçı arasında bağlanmış 09 iyun 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X18 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 45.2 kv.metr iki otaqlı mənzili 09.06.2022-ci il tarixədək kirayə vermişdir. İş materiallarından görünür ki, həqiqətən də iddiaçı ehtiyata buraxıldığı zaman 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının Nazirlər Kabinetinin müvafiq qərarında Azərbaycan Respublikası Qanunun 41.0.1-ci maddəsi ilə ehtiyata buraxılmış şəxsin (xidmət müddəti başa çatdığına görə) kateqoriyası nəzərdə tutulmadığı əsası ilə kirayə haqqının ödənilməsi barədə müraciəti müsbət həll etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi düzgün tətbiq edilmədiyindən iddia təmin edilməlidir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, həmin norma öz arzusu ilə xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li 06.08.2012-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı mənzillə təmin edilənədək kirayə xərclərinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı mənzillə təmin edilənədək kirayə xərclərinin ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar