Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2694/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri “LCG” vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən iddiaçıya Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ərazisində ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 16 saylı, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən iddiaçıya Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ərazisində ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 16 saylı, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli, 096 №li sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzilə ehtiyacı olan fəhlə və mütəxəsislərə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. Qeyd olunan sərəncama əsasən iddiaçıya fərdi yaşayış evi tikmək məqsədi ilə 0,10 torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən yerdə və naturada ona təhvil verilmişdir. Torpaq sahəsi təhvil verilərkən sxem təqdim edilmiş və ona ayrılmış torpaq sahəsi 16 saylı kodla qeyd edilmişdir. Elə həmin ildən torpaq sahəsini qəbul etmiş və bu günə qədər oradan istifadə edir. Torpaq sahəsinin dövlət reyestrində qeydə alınması məqsədilə cavabdeh ƏMDX yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, cavabdeh inzibati orqan **********17 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə ərizəni təmin etməmiş və ona ayrılmış torpaq sahəsinin elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Kənd Təsərrüfatı Müəssisəsinə ayrılmış ərazidən kənarda yerləşməsini əsas gətirmişdir. İddiaçı qeyd edir ki, onlara ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Kənd Təsərrüfatı Müəssisəsinin mütəxəsisləri tərəfindən yerdə və naturada ayrılaraq təhvil verilmişdir. Lakin hansısa səbəbdən bu gün cavabdeh inzibati orqan torpaq sahəsinin başqa ərazidə yerləşməsini əsassız olaraq əsas gətirir. Hesab edir ki, cavabdeh inzibati orqanın yuxanda qeyd olunan hərəkətləri qanunsuz hesab edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşmişdir. Sözügedən daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m olsa da, faktiki 989 kv.m-dir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********47 nömrəli və xx.xx.2021-ci il tarixli, **********18 saylı cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili K.K.Əliyev iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.R.Rzayeva iddiaya dair etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 776 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı Kənd Təsərrüfatı Müəssisəsi (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Qeyd: Əlavə olunmuş siyahıda sıra nömrəsi 16. Arayış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmaq üçün verilir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 28 nömrəli xx.xx.2003-cü il tarixi əmrindən çıxarışına əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003 il tarixli 02 saylı protokolunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamına əsasən İddiaçı 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun 30 iyun 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmrinin nəzərə alınması, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 ha fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Cavabdehin iddiaçıya üvanladığı xx.xx.2021-ci il tarixli **********76 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan torpaq sahəsində yerləşir və rəyin 7-ci səhifəsindəki sxemdə sarı rəngli cizgi ilə göstərilmişdir. İddiaçı əlavə sübut qismində ona aid həyətyanı torpaq sahəsinin sxemi, onun qonşuluğunda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 31N və 31K nömrəli sahələrin xüsusi mülkiyyət hüququ üzrə mülkiyyətçilərinin adına qeyddiyata alınmasına dair daşınmaz əmlakın dövlət reyertindən müvafiq çıxarışların surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; İşin faktiki hallarına əsasən Bakı şəhəri Abşeron rayon İcra Hakimiyyətinin başçısı tərəfindən iddiaçıya Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsinin ayrılması barədə 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncam verilmişdir. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək həmin torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir, cavabdeh hazırda etirazında imtinanın əsası kimi sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşməsini, onun sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1000 kv.m olsa da, faktiki 989 kv.m olaraq müəyyən edildiyini göstərir. Lakin cavabdeh tərəfindən istinad etdiyi uyğunsuzluğun, torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi və faktiki sahəsinin uyğun gəlməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddia olunan məlumatların həqiqətə uyğun olmaması və ya saxta olması sübuta yetirilməmişdir. Eyni zamanda, torpaq sahəsinə dair mütəxəssis rəyindən də aydın olur ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan torpaq sahəsində yerləşir və sahəsi 0.10 hektardır. Yuxarıda göstərilənlər iddiaçının ərizəsində göstərilən torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuku iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mərhum atasına qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, bu haqda arayışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən iddiaçıya Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ərazisində ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 16 saylı, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Abşeron rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən iddiaçıya Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin ərazisində ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 16 saylı, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2694/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2694/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver