Məhkəmə qərarları › İş №2-1(112)-2694/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2694/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2694/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********379600 saylı Qərarının ləğv edilməsi və yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində (zəruri cəlbetmə) cəlb edilmişdir.

3. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “xx.xx.2023-cü il tarixli, **********379600 saylı Qərarın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən “AVANT PARK” Yaşayış kompleksinin 9-cu binasında 9-cu blok, 10-cu mərtəbə, 4 nömrəli 2 otaqlı mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK ilə aralarında bağlanmış 0360 saylı Payçı Müqaviləsinə əsasən “AVANT PARK” Yaşayış kompleksinin 9cu binasında 9-cu blok, 10-cu mərtəbə, 4 nömrəli 2 otaqlı mənzil dəyəri 91356 manat olmaqla tərəfindən əldə edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəfindən 14.356 manat avans ödənilmiş və 77.000 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən MTK-ya 77.000 manat məbləğində pul ödənilərək MTK-ya mənzilə görə olan borcu tam ödənilmişdir. Bundan sonra ƏDV-nin geri alınması ilə bağlı elektron vergi kabinetindən müraciət etməyə cəhdlər etsə də texniki nasazlıq olduğundan bu mümkün olmamışdır. Bununla bağlı Dövlət Vergi Xidmətinə yazılı müraciəti olmuş və ona bildirilmişdir ki, mövcud problemlə bağlı araşdırılma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Eyni zamanda, ərizəni ümumi məlumatlar bölməsində “Qaiməsiz müraciətlər” bölməsindən göndərməyi tövsiyə olunur. Məktubuna göndərilən cavaba uyğun olaraq yenidən müraciət etdikdən sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********379600 saylı Qərarı ilə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi Qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Hesab edir, Dövlət Vergi Xidmətinin məsələ ilə bağlı mövqeyi qanunsuz və ədalətsiz olduğundan, xx.xx.2023-cü il tarixli **********379600 saylı Qərarı ləğv edilməli və ƏDV-nin qaytarılması barədə öhdəlik cavabdeh orqanın üzərinə qoyulmalıdır. Belə ki, inzibati orqanın araşdırmasının nəticəsindən də göründüyü kimi, tərəfindən yaşayış sahəsinin tam məbləği MTK tərəfindən verilmiş elektron qaimə üzrə nağdsız qaydada MTK-nın bank hesabına ödənilmişdir. MTK tərəfindən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının 4-cü bəndinin tələblərinin pozulması onun hüquqlarını məhdudlaşdırmamalıdır. Bundan əlavə, "xxxx" MMC tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 051 saylı məktubun surətindən də görünür ki, onun MTK-ya mənzilin dəyəri olaraq ödədiyi 91.356 manat məbləğində pulun ƏDV məbləği olan 13.935,66 manatı ƏDV olaraq vergi orqanında bəyan edilmiş və ödənilmişdir.

5. İş üzrə üçüncü şəxs olan "xxxx" MTK-yə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianın əsaslı olmasını sübut edən 26 nəfərə ƏDV-nin yekun məbləgindən güzəşt məbləği geri qaytarılmış şəxsləri ilə MTK arasında bağlanmış müqavilələr və digər zəruri sənədlər elektron məhkəmə portalına tərəfindən yerləşdirilmişdir. Qeyd olunan şəxslər də yekun ƏDV məbləğlərinin MTK-nın cari hesablarına ödəməsinə baxmayaraq, cavabdeh tərəfindən ƏDV-nin yekun məbləğlərinin büdcəyə ödənilməsi barədə 26 nəfərə münasibətdə məlumatlı olduğu üçün hər hansı bir risk görülməmiş və ƏDV-nin güzəşti tətbiq olunaraq, həmin vətəndaşlara ƏDV-nin güzəşt məbləginin qaytarılmasının təmin olunması üçün aidiyyəti üzrə məlumatlar göndərilmişdir. İddiaçı iddiasının təmin edilməsi üçün ədalətli qərarın verilməsini xahiş etmişdir.

6. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Həmin Qaydaların 5.5ci bəndinə əsasən, elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

8. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsindən ibarətdir.

11. X1 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Odur ki, iddianın növü öhdəliyin icrası növündə iddiadır.

13. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

14. xx.xx.2022-ci il tarixli 0360 nömrəli payçı müqaviləsinə əsasən İddiaçı ilə "xxxx" MTK-i arasında ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında 9-cu blok, 10-cu mərtəbə, 4 nömrəli 2 otaqlı mənzilin tikilib payçının mülkiyyətinə verilməsinə dair müqavilə bağlanılmışdır.

15. xx.xx.2022-ci il tarixli maliyyə arayışından və “Azərbaycan Beynəlxal Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığıdan, xx.xx.2022-ci il tarixli mədaxil elanından görünür, İddiaçı "xxxx" MTK-nin hesablaşma hesabına 14.356 manat ilkin ödəniş və 77.000 manat mənzilin alınmasına görə pul vəsaiti ödəmişdir.

16. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanlanmış “müraciətinə baxılması haqqında” məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Mövcud problemlə bağlı araşdırma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Ərizənin ümumi məlumatlar bölməsində “Qaiməsiz müraciətlər” bölməsindən göndərilməsi tövsiyə olunmuşdur.

17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********379600 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlarla iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir.

İV. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

19. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.

20. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənilməsi, ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə 90 gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yolverilməməzliyi qeyd olunmuşdur.

21. İşin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.

23. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur.

24. Məhkəmə həm də nəzərə alır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlanma və çatızmazlıqların aradan qaldırılması hüququndan da məhrum olmuşdur.

25. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş (iş materiallarında olan mədaxil qəbzləri ilə sübut olunur) və 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə elektron vergi kabinetindən müraciət etməyə cəhdlər etsə də, texniki nasazlıq olduğundan bu mümkün olmamışdır.

26. İddiaçı məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə yazılı müraciətləri olmuş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, mövcud problemlə bağlı araşdırma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Ərizənin ümumi məlumatlar bölməsində “Qaiməsiz müraciətlər” bölməsindən göndərilməsi tövsiyə olunmuşdur.

27. Göründüyü kimi iddiaçı ondan asılı olmayan səbəblərə görə (cavabdehin sistemində texniki nasazlıq olduğundan) 90 gün müddətində müraciət etməmişdir.

28. Məhkəmə əlavə olaraq qeyd edir ki, üçüncü şəxs "xxxx" MTK tərəfindən məhkəməyə eyni vəziyyətdə olan digər alıcılara münasibətdə ƏDV məbləğinin geri qaytarılmasına dair sübutlar təqdim edilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın hər hansı ağlabatan əsaslandırması yoxdur.

29. Təqdim edilən bank sənədlərinə əsasən mənzilə görə nağdsız ödəniş iddiaçının Azərbaycan Beynəlxalq Bankında olan hesabından həyata keçirilmişdir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası qanunsuz hesab edilməlidir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********379600 saylı qərarı ləğv edilsin. ünvan 2 ünvanında yerləşən “AVANT PARK” yaşayış kompleksinin 9-cu binasında, 9-cu blok, 10-cu mərtəbə, 4 nömrəli 2 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Müştəri Xidmətləri Departamentinə) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar